Məhkəmə qərarları › İş №2-2(103)-104/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-104/2023

15.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-104/2023 15.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin Maraqlı şəxs ölkədən gütmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair iş üzrə çıxarılmış Bakı Kommersiya Məhkəməsinin 18 oktyabr 2022-ci il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. Hüquqi şəxs haqqında məlumatdan və “Elektron məhkəmə” informasiya sistemindən əldə olunmuş əmək müqaviləsi məlumatlarından görünür ki, "xxxx" MMC-nin icra orqanının rəhbəri – icraçı direktoru Maraqlı şəxsdur.

2. "xxxx" MMC-nin (VÖEN: **********) xx.xx.2022-ci il tarixə çap olunan şəxsi hesab vərəqəsindən görünür ki, onun dövlət büdcəsinə olan borcu 1292,63 manat, Dövlət Sosial Müdafiə Fonduna olan borcu 4411,57 manat (dövlət sosial sığorta haqqı üzrə borc 3505,86 manat, faiz üzrə 905,71 manat), İşsizlikdən Sığorta Fonduna olan borcu 11,59 manat, İcbari Tibbi Sığorta Fonduna olan borcu isə 22,55 manat təşkil edir.

3. Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə iclasında tədqiq edilərək sübut qismində elektron iş materiallarına əlavə edilmiş mədaxil qəbzlərinin surətindən görünür ki: - ********* nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidmətinə xx.xx.2022-ci il tarixdə 111213 (hüquqi şəxslərin mənfəət (gəlir) vergisi- digər hüquqi şəxslər üzrə mənfəət vergisi) büdcə təsnifat kodu üzrə üzrə 1293 manat məbləğində ödəniş edilmişdir. - ********* nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə xx.xx.2022-ci il tarixdə 125300 (muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar- sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə üzrə 500 manat məbləğində ödəniş edilmişdir. - ********* nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə xx.xx.2022-ci il tarixdə 125300 (muzdla işləməyənlərin fərdi sahibkarlıq fəaliyyəti üzrə ödənilən sosial ayırmalar- sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar) büdcə təsnifat kodu üzrə üzrə 405 manat məbləğində ödəniş edilmişdir. - ********* nömrəli mədaxil qəbzinə əsasən "xxxx" MMC-nin (VÖEN: **********) tərəfindən Dövlət Vergi Xidməti-DSMF-nin Mərkəzi Sosial Sığorta və Fərdi Uçot İdarəsinə xx.xx.2022-ci il tarixdə 121111 (işəgötürənlərin əməyin ödənişi fonduna hesablanan sosial ayırmaları-hüquqi şəxslər üzrə) büdcə təsnifat kodu üzrə üzrə 3505,86 manat məbləğində ödəniş edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıaq İş üzrə Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra "xxxx" MMC) dövlət büdcəsinə olan 1265,77 manat, Dövlət Sosial Müdafiə Fonduna olan 4334,44 manat, İşsizlikdən Sığorta Fonduna olan 11,59 manat, İcbari Tibbi Sığorta Fonduna olan 22,54 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin nömrəsi – AA4515106) barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə 1265,77 manat məbləğində (o cümlədən vergilər üzrə 789,85 manat, faizlər üzrə 375,92 manat, maliyyə sanksiyası üzrə 100 manat), Dövlət Sosial Müdafiə Fonduna 4334,44 manat, İcbari Tibbi Sığorta Fonduna 22,54 manat, İşsizlikdən Sığorta Fonduna 11,59 manat olmaqla, ümumilikdə, 5634,34 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fondlara ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2021-ci il tarixli **********941600, xx.xx.2021-ci il tarixli **********299300, xx.xx.2021-ci il tarixli **********298600, xx.xx.2021-ci il tarixli **********297900 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5974/2022 saylı qətnaməsi ilə (hakim Nərmin Əhmədova) ərizə rədd edilmişdir.

7. Məhkəmə qeyd etmişdir ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə üzrə məhkəmə icraatının başlanılmasının əsas şərti (ödənilməmiş) vergi borcunun (o cümlədən məcburi dövlət sosial sığorta haqqı, işsizlikdən sığorta haqqı, icbari tibbi sığorta haqqı üzrə yaranmış borcun) mövcud olmasıdır. Belə olan halda, bu icraat çərçivəsində məhkəmə vergi borcunun olub-olmaması, borcun maraqlı şəxsə aid olub-olmaması məsələlərini müəyyən etmək üçün müvafiq çərçivədə araşdırma aparmalıdır.

8. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, hazırkı icraat üçün qanunverici tərəfindən müəyyən edilmiş dar çərçivədə vergi borcunun mübahisələndirilməsi, borcun (borc məbləğinin) əsaslı olub-olmaması məsələlərinin araşdırılmasına yol verilmir.

9. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC-nin (VÖEN: **********) dövlət büdcəsinə və Dövlət Sosial Müdafiə Fonduna borcu qalmamış, İcbari Tibbi Sığorta Fonduna və İşsizlikdən Sığorta Fonduna isə 34,13 manat borcu qalmışdır.

10. Məhkəmə hesab etmişdir ki, hazırkı halda maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması demokratik cəmiyyətdə zəruri – mütənasib deyil. Belə ki, şəxsin ölkədən getmək hüququnu məhdudlaşdırmaq üçün borcun həcmi, onun sabitliyi və ya proqnozlaşdırıla bilən dinamik artımı, yəni müəyyənliyi və vergi ödəyicisinin borc məbləği barədə lazımınca xəbərdar edilməsi, onun mübahisəyə qədərki davranışları, müvafiq borcların vaxtı-vaxtında ödənilməsi kimi halları, bu məcburiyyət tədbiri tətbiq edilmədən müvafiq borcların ödənilməsi imkanları kimi şərtləri nəzərə almaq mütənasibliyin əsas tələblərindəndir. Əks yanaşma onunla nəticələnər ki, şəxsin konstitusion vəzifəsi ilə konstitusion hüququ arasında balans pozular və konstitusion hüqunun mahiyyəti dəyişər, həmçinin dövlətin və başqa şəxslərin mənafeləri ilə maraqlı şəxsin individual mənafeləri arasında mütənasiblik pozular ki, bu da demokratik cəmiyyətin tolerantlıq, plüralizm kimi dəyərlərinə ziddir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

11. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5974/2022 nömrəli qətnaməsinin ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin edilməməsi barədə qətnamə qəbul edərkən "xxxx" MMC-nin (VÖEN: **********) borcu üzrə edilən ödənişləri nəzərə alaraq qətnamədə cəmiyyətin cəmi 34,13 manat qalıq borcunun mövcud olduğunu göstərməklə Baş İdarənin həmin şəxs barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsini rədd etmişdir. Qeyd olunmalıdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsini nəzərdən keçirdikdə ümumilikdə 413,82 manat borc məbləği hələ də qalmaqda davam edir.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.

14. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir.

15. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsi- əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsi- əsasən hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 1.4-cü maddə- Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur; 16.1.1-ci maddə- qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir; 23.1.15-3-cü maddə- vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; 24.0.2-1-ci maddə- vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 77.3-cü maddəsinə əsasən Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 9.1-ci maddə- hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır; 9.2-ci maddə- dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.1-ci maddə- Məhdud Məsuliyyətli Cəmiyyətin təsis sənədlərində edilən hər bir dəyişiklik (yenidən təşkil nəticəsində dəyişiklik halları istisna olmaqla), eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin elektron qaydada dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edilə bilər. Dəyişiklik bu Qanunun 5-1.5-ci və 11.3-cü maddələrinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 3 gün müddətində dəyişikliyi qeydiyyata alır; 9-1.3-cü maddə- qanuni təmsilçi (qanuni təmsilçilər) dəyişikliyinin qeydiyyata alınması zamanı ərizə həm təsisçi (təsisçilər), həm də qanuni təmsilçinin (qanuni təmsilçilərin) gücləndirilmiş elektron imzası ilə təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edikdikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair 4 saylı protokolun: -2-ci maddəsinin 2-ci hissəsinə əsasən hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. -2-ci maddəsinin 3-cü hissəsinə əsasən bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi (bundan sonra AİHM) bir sıra qərarlarında qeyd etmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (Battista İtaliyaya qarşı iş üzrə 2 dekabr 2014-cü il tarixli, § 37; Stamose Bolqarıstana qarşı iş üzrə 27 noyabr 2012-ci il tarixli, § 30; Bartik Rusiyaya qarşı iş üzrə 21 dekabr 2006-cı il tarixli, § 46 Qərarlar). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Klark Qordon Morrisin (X2) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 26 may 2017-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsində təsbit edilmiş hüquqlar insan azadlığının mühüm elementi olmaqla şəxsin inkişafı üçün vacib şərtdir. Onların əsassız məhdudlaşdırılması isə şəxsin digər konstitusiya hüquq və azadlıqlarının pozulmasına səbəb ola bilər. Bu hüquqların vacibliyinə baxmayaraq, onlar mütləq deyil və məhdudlaşdırıla bilər. Konstitusiyada bu hüquqlara dair məhdudiyyətlərin hədləri dəqiq müəyyən olunmuşdur. Belə ki, onların məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 16.Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

17. Məhkəmə apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

18. İşin hallarından görünür ki, vergi orqanı xx.xx.2022-ci il tarixdə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə ərizə ilə məhkəmə müraciət edərkən "xxxx" MMC-nin dövlət büdcəsinə borcları olsa da məhkəmədə işə baxılanədək həmin borclar ödənilmiş və borc azalmışdır.

19. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixdə çap edilmiş şəxsi vərəqəsindən görünür ki, ödəniləcək vergi borcu qalmamışdır. Həmin şəxsi vərəqədən məcburi dövlət sosial sığorta haqqı üzrə 397,68 manat qalıq peniya borcunun qaldığı görünsə də, ərizədən görünür ki, vergi orqanı hüquqi şəöxsin DSMF-na olan cəmi 4334,44 manat borcuna görə maraqlı şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılmasını xahiş etmiş, şəxsi vərəqəyə əsasən hüquqi şəxs tərəfindən məcburi dövlət sosial sığorta haqları üzrə xx.xx.2022-xx.xx.2022-ci il tarixlərdə cəmi 4410,86 manat ödəniş edilmişdir. Yəni ödənilmiş məbləğ ərizədə qeyd edilən məbləğdən çox olduğundan müəyyən olunur ki, vergi orqanı apellyasiya şikayətində qeyd edilmiş 413,82 manat borcun bir hissəsi olan 382,57 manat məcburi dövlət sosial sığorta haqqı üzrə peniya borcunu ərizədə məhdudiyyətin tətbiq edilməsinə əsas olan borc kimi göstərməmişdir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən ərizənin rədd edilməsi qanuni və əsaslı olmuşdur.

20. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin təqdim etdiyi mədaxil qəbzinə əsasən müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə hüquqi şəxs tərəfindən DSMF-na olan 383,57 manat borc da ödənilmişdir.

21. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizənin təmin edilməsi hüquqa müdaxilənin demokratik cəmiyyətdə zərurət meyarına mütənasib olmadığından apellyasiya şikayəti əsassızdır.

22. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23 Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X1 üzrə Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5974/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar