Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-104/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Şirinovun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənov və X3 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1, Cavabdehin direktoru Mamed Aliyev, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e- 2-2(113)-2833/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdə 200.000 manat əsas, 10.000 manat dəbbə, 495 manat dövlət rüsumu, cəmi 210.495 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2833/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh MMC-dən ƏDV xaric 63.500 manat məbləğində borc, dövlət rüsumunun əvəzi olaraq 150 məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2833/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MM 385.2-ci maddə ilə bağlı dəlil - Müqavilənin hər bir tərəfi qarşı tərəfin hüquqlarına hörmətlə yanaşmalı, öhdəliklərinin icrasını həyata keçirilməsinə qayğı göstərməlidir. Lakin İddiaçı MMC müqavilənin icrasında maraqlı olmadığı üçün və əsassız varlanma arzusunda olduğu üçün 200000 AZN tələblə məhkəməyə müraciət etmiş, istər hakim tərəfindən istər onlar tərəfindən nə qədər konteyner təhvil verilməsi və eyni zamanda 3 dəfə ödəniş edilməsi ilə bağlı iddiaçıya verilən suallara müxtəlif bəhanələrlə ya cavablandırmaması və ya ziddiyyətli cavablar verilməsi iddiaçının əsassız varlanma niyyətini göstərir. MM 425.1-ci maddə ilə bağlı dəlil - "xxxx" MMC öz öhdəliyini icra edərkən vicdanlılığın tamam əksi olan davranışlar sərgiləmişdir. Video görüntülər, şəkillərlə və şahid ifadəsi təhvil təslim aktları ola ola hər hansı malın onlara verilməməsini iddia etməsi, 3 dəfə müxtəlif vaxtlarda ödəniş etməsi və bunu aralarındakı inama bağlaması absurddur. Məhkəmə sübutları obyektiv, qərəzsiz və ədalətli qiymətləndirməli olduğu halda burada tərəfindən təqdim olunmuş sübutlara qərəzli mövqe nümayiş edilmiş, eləcə də videogörüntü şəkil əsaslı sübut kimi qəbul edilməmiş və əgər həmin sübutlara şübhə ilə yanaşılırsa da Qubadlıda yerində baxış da təyin edilməmişdir, video görüntüdəki konteynerlərin cavabdeh tərəfindən əgər verilməyibsə kimin tərəfindən təhvil verildiyi araşdırılmamışdır. Məhkəmə sübutların düzgün qiymətləndirilməsi işini həyata keçirə bilməmişdir. Yəni məhkəmə öz daxili inam və qanunvericiliyin tələblərini rəhbər tutaraq işin hallarını, sübutları qiymətləndirməli idi. Bu işdə isə hər proses formal şəkildə baş tutmuş, öncədən formalaşmış mövqe və sübutların öncədən qiymətləndirilməsi halı mövcud oluduğuna görə şahid ifadələrinin həqiqiliyi, tərəfindən təqdim edilmiş videogörüntülər, şəkillər düzgün, obyektiv və ədalətli şəkildə tədqiq olunmamışdır. Eyni zamanda məhkəmə qətnaməsində şahid ifadələri məhkəmədə şahidlərin çıxış etdiyi şəkildə qeyd olunmamışdır. Belə ki, qətnamədə şahidin 44 ədəd konteynerin “X7” MMC adından Horadizdən Laçına göndərildiyini, 40 ədəd konteynerin isə Cavabdeh MMC adından Qubadlıya, 3 ədəd isə Hadruta göndərildiyini, Cavabdeh MMCnin adından aralarında olan işgüzar münasibətlər və kömək məqsədilə göndərdiyini bildirdiyi qeyd edilmişdir. Lakin şahid Azlift şirkəti tərəfindən 40 ədəd konteynerin Cavabdeh MMC adından Qubadlıya daşındığını bildirmiş, qalan konteynerlərin isə verilən suala cavabında bildirmişdir ki, manipulyator vasitəsilə daşındığını və buna bilavasitə şahidlik etdiyini və hətta həmin konteynerləri özü yüklədiyini bildirmişdir. Hətta sonuncu konteyner təhvil verildiyində videogörüntüdə şahid Əliyev İlkinin səsi ilə sonuncu konteyner təhvil verildi deyə bildirmişdi. Lakin Məhkəmə bu halları aydınlaşdırmadan şahid ifadəsini yalnız 40 ədəd konteynerin iddiaçıya verilməsi kimi qiymətləndirərək səhv nəticəyə gəlmiş, sübutları iddiaçının xeyrinə təhrif etmişdir. Birinci instansiya Məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Müqavilənin 4.3-cü bəndinə əsasən alıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə təhvil alındığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir. Əvvəla xx.xx.2023-cü il tarixli, EBDP seriyalı, 126790 saylı Elektron qaimənin iddiaçının özü tərəfindən təsdiqlənməsi və xx.xx.2023-cü il tarixli, EBDT seriyalı, 764698 saylı elektron qaiməyə etirazın bildirilməməsi və eləcə də xx.xx.2023-cü il tarixdə sonuncu ödəniş (40000 AZN) edilməsi tərəfindən malların tam şəkildə verilməsini özlüyündə müəyyən edir. Müqavilənin 4.3-cü bəndinə əsasən də elektron qaimə malların qəbul edilmə anı hesab edilir. Lakin bu hallar məhkəmə tərəfindən müəyyən edilsə də nədənsə nəzərə alınmamışdır. İddiaçı isə bu halı formal şəkildə belə əsaslandırır ki, guya onda cavabdehə qarşı inam yarandığından ödəniş etmişdir. Məhkəmə isə bu cür formal əsaslandırmaya göz yummuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
6. Məhkəmə iclasında iştirak edən cavabdehin direktoru Mamed Aliyev nümayəndəsi və cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdilər.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
9. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
10. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
11. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
12. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
14. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.
15. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.
16. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
17. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
20. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
23. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, Cavabdeh MMC (satıcı) ilə İddiaçı Mühəndislik” MMC (alıcı) arasında 10 iyul 2023-cü il tarixli MR/05/23 saylı alqısatqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı MMC tərəfindən həmin müqavilə üzrə Cavabdeh MMC-yə ƏDV xaric 200.000 manat məbləğində pul vəsaiti ödənilmiş, Cavabdeh MMC tərəfindən isə İddiaçı MMC-yə cəmi ƏDV xaric 216.000 manat dəyərində konteynerlərin təqdim edilməsinə dair elektron qaimələr göndərilmişdir. Hazırda İddiaçı MMC tərəfindən 200.000 manat məbləğində avans ödənilsə də, Cavabdeh MMC müqavilə üzrə öhdəliklərini lazımi qaydada icra etmədiyini təqdim edilməsi nəzərdə tutulan konteynerlərin yalnız bir qisminin qüsurlu şəkildə onlara verildiyini əsas göstərərək müqavilə üzrə ödənilmiş 200.000 manat məbləğində pul vəsaitinin qaytarılmasını və həmin borca illik 5%-lə hesablanmış faizlərin tutulmasını xahiş etmişdir. Cavabdeh elektron qaimələrdə göstərilmiş konteynerlərin iddiaçıya təqdim edilməklə müqavilə üzrə öhdəliklərin tərəfindən tam icra edildiyini iddia etmiş və iddianın rədd edilməsini xahiş etmişdir.
24. Məhkəmə qeyd etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərinin tərəfindən icra edilməsini sübuta yetirmək üçün 67 ədəd konteynerlərin "xxxx" QSC tərəfindən Horadizdən (Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi ərazidən) Laçın rayonu Bəylik kəndinə, Qubadlı rayonuna və Hadruta çatdırılması barədə xidmət aktlarını məhkəməyə təqdim etmişdir. Həmin aktlara münasibətdə qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı hər iki tərəf mübahisəli müqaviləyə əsasən konteynerlərin iddiaçının Qubadlı rayonunda yerləşən bazasına təqdim edilməsinin nəzərdə tutulduğunu, yəni başqa ərazilərə (Laçın rayonu, Bəylik kəndi və Hadrut) təqdim edilmiş konteynerlərin hazırkı mübahisəyə aidiyyətlərinin olmadığını, o cümlədən Laçın rayonu Bəylik kəndinə çatdırılmış konteynerlərin ümumiyyətlə Cavabdeh MMC tərəfindən deyil, digər şirkət - “X7” MMC tərəfindən təqdim edildiyini təsdiq etmişlər. Bununla yanaşı cavabdeh tərəf məhkəmədə verdiyi izahatında iddiaçıya konteynerlərin 2023-cü ilin sentyabr-2023-cü ilin dekabr aylarında təqdim edildiyini, 2023-cü ilin dekabrında Horadizdəki fəaliyyətlərini dayandırdıqlarını, belə olan halda iş materiallarına əlavə edilmiş 2024-cü ilin aprel ayında Qubadlıya təqdim edilmiş konteynerlərə dair aktların da hazırkı mübahisəyə aidiyyətinin olmadığını etiraf etmişlər. Bundan əlavə cavabdehin qanuni təmsilçisi məhkəmədə verildiyi izahatında Hadruta göndərilmiş konteynerlərin də mübahisəli elektron qaimələrə əsasən təqdim edilməli olan konteynerlərə aid olmadıqlarını bildirmişdir.
25. Beləliklə, məhkəməyə 67 ədəd konteynerlərin daşınmasına dair aktlar təqdim edilsə də, həmin aktlardan hazırkı mübahisəyə aid olmayan aktları çıxdıqda (20 ədəd Laçına təqdim edilmiş konteynerlər, 2024-cü ilin aprelində Qubadlıya təqdim edilmiş 5 ədəd konteyner və Hadruta təqdim edilmiş 3 ədəd konteyner) müəyyən edilir ki, iş materiallarında mübahisəli müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya cəmi 39 ədəd konteynerin təqdim edilməsinə dair aktlar mövcuddur. Digər tərəfdən cavabdeh iddiaçıya evakuator vasitəsilə də konteynerlərin təqdim edildiyini iddia etsə də, həmin halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Belə ki, təqdim edilmiş fotoşəkillərdə evakuator vasitəsilə konteynerlərin daşınması öz əksini tapsa da, həmin şəkillərə əsasən neçə ədəd konteynerlərin, kim tərəfindən, nə vaxt göndərilməsini müəyyən etmək qeyri-mümkündür. Təqdim edilmiş konteynerlərin növünə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçının qanuni təmsilçisi cavabdeh tərəfindən təqdim edilmiş konteynerlərin yataqxana konteynerləri olmasını bildirmişdir. Cavabdeh isə tərəfindən başqa növ konteynerlərin təqdim edilməsi faktını sübuta yetirə bilməmişdir.
26. İşin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən iddiaçıya mübahisəli elektron qaimələrə əsasən cəmi 39 ədəd yataqxana konteynerlərin təqdim edilməsi (EBDP seriyalı 126790 saylı elektron qaiməyə əsasən hər birinin ƏDV xaric dəyəri 3500 manatdır) öz təsdiqini tapır. Təqdim edilmiş konteynerlərdə qüsurların mövcud olması, həmin qüsurları öz hesablarına düzəltmələri barədə iddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı həmin halları (o cümlədən cavabdehin konteynerlərdə mövcud qüsurlarla bağlı iddiaçıya irad bildirməsi, həmin qüsurların aradan qaldırılmasını təklif etməsi və s.) təsdiq edən mötəbər sübutları təqdim edə bilməmişdir. Odur ki, həmin dəlillər məhkəmə tərəfindən əsaslı hesab edilməmişdir. İşin yuxarıda göstərilən halları ilə cavabdeh tərəfindən iddiaçıya elektron qaiməyə əsasən hər birinin dəyəri ƏDV xaric 3500, ümumilikdə dəyərləri ƏDV xaric 136.500 manat olan yataqxana konteynerlərinin təqdim edilməsi öz təsdiqini tapmışdır. Odur ki, iddiaçı tərəfindən ödənilmiş ƏDV xaric 63.500 manat (200.000-136.500) məbləğində qabaqcadan ödənişin müqabilində iddiaçı tərəfindən malların təqdim edilmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddiaçı Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin qabaqcadan ödənişin qaytarılmasını tələb etməkdə haqlıdır.
27. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin borcun 5%-i -10.000 manat məbləğində dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, iddiaçı tələb etdiyi məbləği “dəbbə pulu” adlandırsa da, həmin hissədə tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 445.7-ci maddəsinə istinad etmişdir. Odur ki, mübahisəli müqavilədə satıcı tərəfindən öhdəliklərinin lazımi qaydada icra edilməməsinə görə dəbbə pulunun nəzərə tutulmadığını da nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddiaçının “dəbbə pulu” adlandırdığı məbləğ Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş pul öhdəliyinin icrasının gecikdirilməsinə görə tutulan faizlərdir. Həmin tələblə bağlı məhkəmə qeyd etmişdir ki, hazırkı halda cavabdehin satıcı qismində müqavilə üzrə öhdəliyi malların təqdim edilməsindən ibarət olmuş, yəni pul öhdəliyi olmamışdır. Odur ki, həmin öhdəliyinin icra edilməməsinə görə Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş faizlərin hesablanması istisna edilir. Faizlərin tutulması hissəsində də iddia əsassız olduğundan rədd edilməlidir.
28. Göründüyü kimi məhkəmə sübutları mümkünlük, aidlik və mötəbərlilik meyarları üzrə düzgün qiymətləndirmiş, tərəflər arasında işin faktiki hallarını sübutlara əsasən müəyyən etmiş, həmin hallara dair düzgün normaları tətbiq etmiş, nəticə olaraq əsaslı və qanuni qənaətə gəlmişdir.
29. Cavabdeh müqavilə üzrə öhdəliklərinin tərəfindən icra edilməsini sübuta yetirmək üçün 67 ədəd konteynerlərin "xxxx" QSC tərəfindən Horadizdən (Cavabdeh MMC-nin fəaliyyət göstərdiyi ərazidən) Laçın rayonu Bəylik kəndinə, Qubadlı rayonuna və Hadruta çatdırılması barədə xidmət aktlarını məhkəməyə təqdim etmişdir.
30. Cavabdehin bu aktları təqdim etməsi tərəflər arasında təhvil-təslimin bu formasının seçilməsini göstərir. Tərəflər arasında bağlanmış müqavilənin 4.3-cü bəndinə əsasən alıcı və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən malın qaimə faktura və ya elektron-qaimə və ya təhvil-təslim aktı ilə təhvil alındığı an malın təhvil verilmə və qəbul edilmə anı hesab edilir. Göründüyü kimi təhvil-təslimin üsulları bir neçə variantda təsbit edilmişdir. Tərəflər arasında işgüzar praktika ilə təhvil-təslim aktının seçilməsi və istifadə edilməsi müəyyən edilmişdir.
31. İş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər qismən təsdiq edilmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.
32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2833/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.