Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1040/2021 30.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Hüseynov Azər Soltanhəmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3902/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış 05.12.2019-cu il tarixli 13022 nömrəli xidmət müqaviləsinin ləğv edilməsi, cavabdehdən onun хеyrinə ödənilməmiş 2.780 manat xidmət haqqı və 6.171,1 manat məbləğdə cərimə borcu olmaqla, ümumilikdə cəmi 8.951,1 manat məbləğdə borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 30.07.2021-ci il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Qərardadın əsaslarına görə, iddiaçı qanunvericiliyin imperativ göstərişinə əməl etmədən, bilavasitə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı yuxarıda göstərilən iddia tələbi ilə məhkəməyə müraciət etməzdən əvvəl cavabdehə xidmət müqaviləsinin ləğv edilməsi barədə təklif irəli sürməmişdir. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 09.08.2021-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin əsaslarına görə, iddiaçı tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilərək məhkəməyə müraciət edilmişdir. Belə ki, iddiaçı 09 iyul 2021-ci il tarixdə cavabdehə müqavilə üzrə yaranmış borcun 3 gün ərzində ödənilmədiyi təqdirdə aidiyyəti orqanlara müraciət ediləcəyi barədə xəbərdarlıq məktubu göndərilsə də, cavabdehdən təkliflə bağlı hər hansı cavab alınmamışdır. Göründüyü kimi, iddiaçı tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehə pretenziya göndərildikdən və məktubda qeyd edilən vaxt, hətta daha uzun müddət keçdikdən sonra mübahisənin həlli üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. MPM-in 150.0.7-ci maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. İddiaçı qanunvericiliyin qeyd olunan imperativ göstərişlərinə əməl etmədən birbaşa məhkəməyə müraciət etmişdir, onun cavabdehə 09 iyul 2021-ci il tarixli xəbərdarlığı isə Mülki Məcəllənin 423.2-ci maddəsində təsbit olunan təklifi ehtiva etmir. MPM-in 152.1.6-ci maddəsinə görə, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır (MPM-in 398.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 263, 264, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3902/2021 nömrəli iş üzrə 30 iyul 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaç İddiaçı QSC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Vüsalə Baxışova Azər Hüseynov
Məhkəmə qərarları › İş №2-2(103)-1040/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1040/2021
30.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver