Məhkəmə qərarları › İş №2-2(103)-1042/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1042/2024

29.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1042/2024 29.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1576/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi İşin halları:

1. Cavabdeh MMC tərəfindən İddiaçı ASC-yə EBBQ 460321 nömrəli xx.xx.2022-ci il tarixli (11487,21 manat), EBBS 079267 nömrəli xx.xx.2022-ci il tarixli (7430,08 manat), EBBS 079313 nömrəli xx.xx.2022-ci il tarixli (9442,08 manat), EBBS 079301 nömrəli xx.xx.2022-ci il tarixli (7572,44 manat), EBBS 079288 nömrəli xx.xx.2022-ci il tarixli (5053,61 manat), EBBQ 460177 nömrəli xx.xx.2022-ci il tarixli (11380.07 manat) malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar göndərilmişdir.

2. xx.xx.2022-ci il tarixli 001AZ**********3 nömrəli ödəniş tapşırığı ilə İddiaçı ASC tərəfindən Cavabdeh MMC-yə 01/2022 saylı müqavilə və xx.xx.2022-ci il tarixli 1 saylı Əlavə razılaşmaya əsasən 100000 manat pul köçürülmüşdür.

3. xx.xx.2022-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı ASC özünə məxsus ƏDV sub-uçot hesabından Cavabdeh MMC-nin hesabına 21.02.22-ci il tarixli RAxx-xx/2022 saylı müqavilə və 21.01.22-ci il tarixli 1 nömrəli əlavə razılaşmaya əsasən 18000 manat ƏDV ödənişi etmişdir.

Birinci instansiya məhkəməsindəki icraat:

4. İddiaçı ASC Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında xx.xx.2022-ci il tarixində bağlanmış RAxx-xx/2022 saylı alqı-satqı müqaviləsi üzrə ödənilmiş 65.634,51 manat məbləğində vəsaitin və ödənilmiş 287 manat dövlət rüsumunun, ümumilikdə 65.921,51 manat məbləğində vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC şirkəti 2003-cü ildə təsis edilmiş və xx.xx.2003-cü il tarixində ********** eyniləşdirmə nömrəsi ilə dövlət qeydiyyata alınmışdır. Şirkətin ilk adı "xxxx" MMC olmuşdur. Sonrakı illər ərzində şirkətin adı və hüquqi forması bir neçə dəfə dəyişilmişdir. Şirkətin əsas fəaliyyət istiqaməti isə maye oksigen və metal məmulatları emalından və onların satışını həyata keçirməkdən ibarətdir. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun olaraq bağladığı müqavilələrdən biri də cavabdeh ilə xx.xx.2022-ci il tarixində imzaladığı RAxx-xx/2022 saylı alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı sifariş edilmiş malları (qara metal qırıntıları) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə aldığı malları lazımi qaydada qəbul etməyi və onların dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Qeyd edilən müqavilə üzrə tərəflər arasında əldə edilən razılığa əsasən müvafiq sifariş üzrə Alıcı tərəfindən məhsulların qiymətinin əvvəlcədən avans formasında ödənilməsi razılaşdırılmışdır. Bu baxımdan Alıcı tərəfindən Satıcıya xx.xx.2022-ci il tarixindən ümumilikdə 118 000 AZN ödəniş (100 000 AZN əsas məbləğ və 18 000 ƏDV) bank köçürməsi yolu köçürülmüşdür. Avans məbləğinin köçürülməsindən sonra Satıcı tərəfindən sifarişin yalnız bir qismi təhvil verilmişdir. Belə ki, 2022-ci ilin Yanvar və Fevral ayları ərzində Satıcı tərəfindən Alıcıya ümumilikdə 52 365,49 AZN dəyərində metal qırıntısı təhvil verilmişdir. Bundan sonra Satıcı Alıcıya daha 65 634,51 AZN dəyərində məhsul təhvil verməli idi. Lakin, qeyd edilən tarixdən indiyə qədər bu məhsullar təhvil verilməmişdir, nə də müvafiq məbləğ Alıcının hesabına geri qaytarılmışdır. Ödənilmiş avansın qalıq məbləğinin, yəni 65 634,51 AZN-in iddiaçıya geri qaytarılması ilə bağlı tərəflərindən cavabdehə xx.xx.2023-cü il tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərilmişdir. Pretenziya məktubunu qəbul etdikdən sonra cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1576/2024 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh MMC-dən 65634,51 manat məbləğində pul, ödənilmiş 287 manat dövlət rüsumu, ümumilikdə 65921,51 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.

7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 118000 manat vəsaitin qarşılığında ümumilikdə 52365,49 manat dəyərində mal təhvil verilmişdir. 17. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə təhvil verilməli malları vaxtında iddiaçıya verdiyini, 10000 manat ödənişi geri qaytardığını, qalıq borcunun 7000 manat olduğunu iddia edir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir.. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, alqı-satqı müqaviləsi üzrə malların əksər hissəsinin təhvil verildiyini, habelə iddiaçıya ödənilmiş vəsaitdən 10000 manat vəsaitin geri qaytarıldığını cavabdeh sübut etməlidir. Cavabdeh alqı-satqı müqaviləsi üzrə malların təhvil verildiyini, habelə 10000 manat vəsaitin geri qaytarıldığını təsdiq edən belə bir sənəd təqdim edə bilmir. Cavabdehin təqdim etdiyi şahidlər isə ifadələrində alqı-satqı müqaviləsi üzrə malların iddiaçıya təhvil verildiyini bildirsələr də, lakin həmin malların konkret olaraq kimə, hansı ünvana, hansı şəraitdə təhvil verilməsi, eləcə də hansı tarixdə təhvil verilməsi, habelə təhvil verilmiş malların həcmi ilə bağlı konkret heç bir məlumat verə bilməmiş, yalnız çox ümumi olan ifadələr işlətmişlər. Eyni zamanda müəyyən olunmuşdur ki, həmin şahidlərdən biri (Z.Zamanov) hazırkı mübahisənin nəticələrinə münasibətdə birbaşa (cavabdehin təsisçisi olmaqla) maraqlı olan şəxsdir. Beləliklə də cavabdehin təqdim etdiyi şahidlərin ifadələri kifayət qədər güclü, aydın və konkret olmadığından, eləcə də təkzibolunmazlıqla bağlı tələbə cavab vermədiyindən, bu ifadələr alqı-satqı müqaviləsi üzrə malların təhvil verilməsi öhdəliyinin icrasını təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Cavabdeh bununla bağlı başqa sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi avans pulun qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir.

8. Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti verərək şikayətin təmin edilməsini, qətnaməsinin tam ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC müqavilə üzrə öz öhdəliklərini vicdanlılıq prinsipi çərçivəsində yerinə yetirmişdir və iddiaçının tələbi əsassızdır. Belə ki, cavabdeh müqavilə üzrə öz öhdəliklərini icra edərək müqavilə üzrə təhvil verilməli malları vaxtında iddiaçıya vermiş, 10000 manat ödənişi geri qaytarmış, qalıq borc isə 7000 manat təşkil etmişdir. Lakin iddiaçı əsassız olaraq 65634,51 manat ödənilməsini tələb etmişdir. İddiaçının tələbinin əsassız olduğunu sübut edən hallardan biri iki il müddətində hərəkətsizlik göstərməsidir. Əgər həqiqətən İddiaçı ASC-in iddia etdiyi kimi 2022-ci ilin Fevral ayından sonra məhsul təhvil verilməmişdirsə, iddiaçının keçən iki il müddətində heç bir tədbir görməməsi, yalnız xx.xx.2023-cü il tarixində elektron kargüzarlıq sistemi vasitəsilə pretenziya məktubu göndərməsi ağlabatan deyildir. Həmçinin mütləq qaydada qeyd olunmalıdır ki, qarşı tərəf müqaviləni məhkəməyə təqdim etməmişdir. Belə ki, iddianı sübut etmək iddiaçının üzərinə düşür. Eyni zamanda tərəflərin öhdəliklərinin hansı taridən başlaması və hansı tarixdə bitməsi də məhkəmə iclasında araşdırılmamış və qərəzli qətnamə qəbul edilmişdir. Yuxarıda qeyd olunanlar bir daha sübut edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qərəzli xarakter daşımaqla bərabər, cavabdehin hüquqlarının pozulmasına səbəb olur. .

Məhkəmə icraatı iştirakçılarının izahatları:

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə şikayətin təmin edilməsini, qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

11. İddiaçı məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq:

12. Mülki Məcəllənin: -567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 599.3-cü maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

13. Mülki Prosessual Məcəllənin:

-77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.

Apellyasiya baxışının hədləri

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

15. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

16. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi, iddianın rədd edilməsi xahiş edilmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, qətnamə bütövlükdə mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC (alıcı) ilə Cavabdeh MMC (satıcı) arasında şifahi alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı tərəfindən cavabdehə ƏDV daxil 118.000 manat məbləğində avans ödənilmiş, lakin avansın müqabilində cavabdeh tərəfindən yalnız ƏDV daxil 52 365,49 manat məbləğində metal qırıntısı təqdim edilmişdir. Hazırda iddiaçı 65.921,51 manat məbləğində avansın müqabilində malların təqdim edilmədiyi əsas göstərərək həmin avansın qaytarılmasını tələb edir.

19. Cavabdeh iddiaya etirazının əsası kimi mübahisəli avansın müqabilində malların təqdim edilməsinə istinad etmiş, lakin malların alıcıya verilməsini sübuta yetirə bilməmişdir.

20. Odur ki, məhkəmə kollegiyası Cavabdeh MMC-nin 65.921,51 manat məbləğində avansın müqabilində İddiaçı ASC-yə malları təqdim etmədiyini, belə olan halda isə İddiaçı ASC-nin Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən həmin avansın qaytarılmasını tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, avansın qaytarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

21. Avans məbləğindən 10.000 manat məbləğində pul vəsaitini iddiaçıya qaytarılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh həmin halı təsdiq edən sübutları təqdim etməmişdir. Odur ki, həmin dəlillər əsassızdır.

22. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və dəyişdirilməsi üçün əsas ola bilməz.

23. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-1576/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Leyla Əliyeva

Hakimlər: Təranə Mahmudova

Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar