Məhkəmə qərarları › İş №2-2(103)-1043/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1043/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1043/2022 29.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-352/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İşin mübahisəsiz halları ondan ibarətdir ki, lizinq verən "xxxx" ASC ilə lizinq alan Cavabdeh arasında xx.xx.2016-cı il tarixli 673-L/16 nömrəli, xx.xx.2016-cı il tarixli 2939-GL/16 nömrəli və xx.xx.2018-ci il tarixli 712-L/18 nömrəli lizinq müqavilələri bağlanmışdır. Həmin müqavilələrə əsasən lizinq verən ümumi dəyəri müvafiq olaraq 54200 manat, 2160 manat, 192000 manat olan kənd təsərrüfatı texnikalarını satış dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə ödəniş qrafikinə uyğun şəkildə ödəmək şərti ilə 3 il müddətinə lizinq alana lizinqə vermişdir.

2. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanından irəli gələrək "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

3. İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli 673-L/16 nömrəli müqavilə üzrə 417 manat gecikdirilmiş borcun və hesablanmış 36,28 manat cərimə borcunun, xx.xx.2016-cı il tarixli 2939-GL/16 nömrəli müqavilə üzrə 1140 manat gecikdirilmiş borcun və hesablanmış 971,28 manat cərimə borcunun, xx.xx.2018-ci il tarixli 712-L/18 nömrəli müqavilə üzrə 45178 manat gecikdirilmiş borcun və hesablanmış 26537,41 manat cərimə borcunun və hüquqi yardımla bağlı 350 manat, cəmi 74629,97 manat pul vəsaitinin Cavabdeh tutularaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2018-ci il tarixli 335-L/18 nömrəli müqaviləyə dair maliyyə arayışlarının tərtib edildiyi xx.xx.2021-ci il tarixə xx.xx.2016-cı il tarixli 673-L/16 nömrəli müqavilə üzrə 417 manat gecikdirilmiş borcu və hesablanmış 36,28 manat cərimə borcu, xx.xx.2016cı il tarixli 2939-GL/16 nömrəli müqavilə üzrə 1140 manat gecikdirilmiş borcu və hesablanmış 971,28 manat cərimə borcunu, eləcə də xx.xx.2018-cİ il tarixli 712- L/18 nömrəli müqavilə üzrə 45178 manat gecikdirilmiş borcu və müvafiq olaraq hesablanmış 26537,41 manat cərimə borcu yaranmışdır.

5. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-352/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2016-cı il tarixli 673- L/16 saylı müqavilə üzrə 417 (dörd yüz on yeddi) manat məbləğində əsas borcun, 36,28 manat (otuz altı manat iyirmi səkkiz qəpik) məbləğində dəbbə pulunun; xx.xx.2016-cı il tarixli 2939-GL/16 saylı müqavilə üzrə 1140 (bir min yüz qırx) manat məbləğində əsas borcun, 100 (bir yüz) manat məbləğində dəbbə pulunun; xx.xx.2018-ci il tarixli 712-L/18 saylı müqavilə üzrə 45178 (qırx beş min yüz yetmiş səkkiz) manat məbləğində əsas borcun, 4000 (dörd min) manat məbləğində dəbbə pulunun, cəmi 50871,28 manat (əlli min səkkiz yüz yetmiş bir manat iyirmi səkkiz qəpik) məbləğində pulun, vəkil xidmətlərinə çəkilmiş xərclərin əvəzi olaraq 250 (iki yüz əlli) və mediasiya xərclərinin əvəzi olaraq 300 (üç yüz) manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi və qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.

7. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apelyasiya şikayətinin dəlilləri

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmamışdır. Məhkəmədə iştirak etəsəydi, iş üzrə borc məbləğinin dəqiq müəyyən edilməsi üçün iş üzrə məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini tələb edərdi. Borcun dəqiq məbləğini müəyyən etmək üçün ekspertiza təyin edilməli olduğu halda, işə baxan məhkəmə bunu etməmişdir. Bundan başqa sözügedən texnikanı lizinqə götürdükdən sonra 20000 manat, daha sonra isə 5000 manat pul ödəmişdir. Pandemiya dövründə işlərinin olmayacağını bilərək iddiaçıya ərizə ilə müraciət edərək, texnikanı geri götürmələrini xahiş etmişdir. Lakin iddiaçı agentlik onun ərizəsini nəzərə almamış və ona əlavə olaraq faiz və cərimə hesablamışdır. Həmin ərizə iddiaçı agentlikdə kredit sənədlərinin arasındadır. Pandemiya ilə əlaqədar iş olmadığından texnika işləməmiş və bu səbəbdən ödənişləri gecikdirmişdir. Şərh olunanlardan görünür ki, iddiaçı təşkilata 25.000 manat pul ödəmişdir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətini müdafiə etdi.

11. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir.

TƏTBİQ EDİLƏN HÜQUQ

12. Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.

13. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

14. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ

15. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

16. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

17. Belə ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 747.1-ci maddəsi təşkil edir.

18. İş materiallarından da müəyyən olunur ki, cavabdeh müqavilə öhdəliklərini lazımınca icra etməyərək, lizinq ödənişlərini tam ödəməmişdir.

19. Çünki Mülki Məcəllənin 747.1-ci maddəsinin dispozisiya şərtlərinə görə muzd ödəmək öhdəliyi lizinq alan cavabdehə aid olduğuna görə bu halı sübut etmək vəzifəsi də ona aiddir. Lakin o, bununla bağlı heç bir sübut təqdim etməmişdir.

20. Eyni zamanda iddiaçı tərəfindən təqdim edilən xx.xx.2021-ci il tarixli maliyyə arayışları və cərimələrin hesablanması qrafiki (həmin sənədlərdə cavabdehin ödənişləri, gecikdirilən məbləğlər və gecikmə günlərinin sayı əks olunmuşdur) ilə təsdiq olunur ki, xx.xx.2016-cı il tarixli 673-L/16 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 417 manat, xx.xx.2016-cı il tarixli 2939-GL/16 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 1140 manat, xx.xx.2018-ci il tarixli 712-L/18 saylı lizinq müqaviləsi üzrə yaranmış borcun məbləği 45178 manat təşkil edir.

21. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı lizinq ödənişləri üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və həmin hissədə iddia tam təmin edilməlidir.

22. Dəbbə puluna dair kollegiya qeyd edir ki, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinin mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır.

23. İşin hallarını, yəni lizinq müqaviləsinin bağlanılması və müqavilənin bitmə tarixlərini müqayisə edərək, həmçinin əsas borcun məbləğinin və iddiaçının məhkəməyə müraciət etdiyi tarixi nəzərə alaraq kollegiya belə nəticəyə gəlir ki, iddiaçı yuxarıda qeyd olunan lizinq müqavilələrinə müvafiq olaraq 36,28 manat, 100 manat və 4000 manat məbləğində dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır.

24. Apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, cavabdeh məhkəmənin ilk hazırlıq iclasında iştirak etmiş, sonra məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə qəbzini də imzalamışdır. Sonrakı məhkəmə iclasları barədə də bildirişlər cavabdehin qeydiyyat ünvanına göndərilmişdir. Hətta sonuncu məhkəmə iclasından əvvəl cavabdeh məhkəməyə teleqram vurmuşdur. Borcun düzgün hesablanmaması ilə bağlı dəlillər isə əsaslandırılmayıb və iş üzrə məhkəmə ekspertizasının təyin edilməsi üçün əsaslar mövcud deyil. Belə ki, kredit müqavilələrindən fərqli olaraq lizinq müqaviləsi üzrə ödənişlər sabit məbləğdən ibarətdir və ödənişlərin vaxtında aparılıb-aparılmamasından asılı deyil. Yəni ödənişlərin gecikdirilməsi cəmi ödənilməli olan məbləğin artmasına səbəb olmur (dəbbə pulu istisna olmaqla). Hazırki işdə də iddiaçının istinad etdiyi hallar tərəflər arasında bağlanmış müqavilələrin şərtləri, həmin müqavilələrdə əks olunan ödəniş cədvəlləri, iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışları və cərimələrin hesablanması qrafiki (həmin qrafikdə gecikdirilən məbləğlər və gecikmə günlərin sayı dəqiq qeyd olunmuşdur) ilə təsdiq olunur. Cavabdeh isə borcun düzgün hesablanmadığını bildirsə də, bunu təsdiq edən hər hansı sübutu, o cümlədən iddiaçının təqdim etdiyi sənədlərin şübhə altına alınmasına əsas verən ilkin sübutları təqdim etməmişdir. Dəbbə puluna dair isə qeyd olunur ki, Mülki Məcəllənin 467-ci maddəsi tənasübsüz surətdə yüksək olan dəbbə pulunun tam silinməsi deyil, azaldılması imkanını nəzərdə tutmuşdur ki, hazırki məhkəmə tərəfindən həmin məbləğ azaldılmışdır.

25. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

26. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-352/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar