Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1046/2025 04.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi (açar söz: lizinq müqaviləsi, öhdəliyin verilməsi, lizinq müqaviləsinə xitam verilərkən hesablaşma) Hakimlər Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Bayramlı Dəniz Natiq qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2- 2(113)-745/2025 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyən etdi: İşin halları
1. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən 1 ədəd “X6” markalı (ban: SALRA2BN6JA054139) avtomobil iddiaçının xüsusi mülkiyyətindədir.
2. İddiaçı (lizinq verən) ilə X3 (lizinq alan) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X5i müqaviləsinə görə lizinq verən lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə əlavə 2-də qeyd olunmuş, ətralı təsviri verilmiş əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və lizinq alanın xahişi əsasında lizinq vasitəsi ilə lizinq haqqı müqabilində Azərbayca Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq lizinq alanın istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
3. Müqavilənin 2.1-ci bəndinə görə əmlak lizinq alana lizinq verən tərəfindən 36 (otuz altı) ay müddətinə lizinqə verilir.
4. Müqavilənin 3.1-ci bəndinə görə qiymətin 24650 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləğin 89250 manat hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir.
5. Müqavilənin 22.2-ci bəndinə görə lizinq verən əmlakı təhvil-təslimdən əvvəl təftiş etdirməyə haqlıdır; əgər təftiş nəticəsində hər hansı qüsur və ya ziyan yaxud texniki, iqtisadi və kommersiya əlaqəli pisləşmə aşkar edilərsə (təbii köhnəlmə nəzərə alınmaqla) Lizinq verən onun düzəldilməsini və ya belə ziyanın ödənilməsini Lizinq alandan tələb edə bilər və göstərilənlər yerinə yetirilməyincə Əmlakı təhvil götürməmək hüququndadır.
6. xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X5i müqaviləsinə əlavə 2-də lizinq obyektinin xüsusiyyətləri göstərilmişdir.
7. İddiaçı ASC, X3 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir.
8. İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2022-ci il tarixli, CL/M 138-1/22 saylı müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürür, o isə bunu qəbul edir. "xxxx" MMC razılaşır ki, Cavabdeh2 xx.xx.2022-ci il tarixli, 138/22 saylı X5i müqaviləsi üzrə bütün lizinq ödənişlərini (o cümlədən, lakin bununla məhdudlaşmayaraq, lizinq haqlarını, cərimələri, gecikmə faizini, sığorta haqqlarını, hərhansı zərəri və s.) tam ödədikdən sonra lizinq obyekti olan X6 markalı minik avtomobilini (ban nömrəsi: SALRA2BN6JA054139, mühərrik: sm3; rəngi: Ağ; buraxılış ili: 2018) mülkiyyət hüququ Cavabdeh2 keçəcəkdir.
9. xx.xx.2023-cü il tarixli, CL/M-138-2/23 nömrəli təhvil təslim aktına görə 1 ədəd “X6” markalı (ban: SALRA2BN6JA054139) avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
10. Cavabdeh ərizə ilə xx.xx.2023-cü il tarixdə iddiaçıya müraciət edərək ödənişləri edə bilmədiyi üçün müqaviləyə xitam verilməsini, lizinq obyektinin ondan təhvil alınmasını iddiaçıdan xahiş etmişdir.
11. Müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyinə görə İddiaçı ASC-yə məxsus “X6” markalı nəqliyyat vasitəsinə dəymiş zərərin məbləği 15300 manat təşkil edir.
12. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, CVN/M 41-134/25 saylı rəyin nəticə hissəsinə görə İddiaçı ASC-nin mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X6” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə materiallarda olan xx.xx.2023-cü il tarixli rəydə (i.v 45-47) göstərilmiş zərərin dəydiyi müəyyən edilir. Bununla belə monitorinq zamanı müəyyən edilmişdir ki, hesablanmış ehtiyat hissələrinin dəyəri 2023-cü il qiymətləri ilə uyğunluq təşkil etmir. X7” ASC-nin mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X6” markalı, 4JGED7FB5GA007263 ban nömrəli, ** JD *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin aradan qaldırılması üçün tələb edilən təmir-bərpa işlərinin (material və usta haqqı daxil olmaqla) 2023-cü il üçün orta bazar dəyəri 13195 manat təşkil edir. Birinci instansiya məhkəməsindəki icraat:
13. İddiaçı ASC (bundan sonra – iddiaçı) Cavabdeh2 (bundan sonra – cavabdeh) qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31 may 2022-ci il tarixli, 138-22 saylı Daxili Lizinqi müqaviləsinə və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi, lizinq alandan Lizinq predmetinin təhvil verildiyi tarixə-xx.xx.2023-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 8537,26 manat əsas, 6955,33 manat lizinq mükafatı, 2189,46 manat cərimə borcu, 15300 manat dəymiş zərər olmaqla, cəmi 33518,05 manat borcun, vəkil xidmətlərinə görə ödənilmiş 500 xidmət haqqı, 191 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC ilə X3 arasında imzalanmış 31 may 2022-ci il tarixli, 138-22 saylı Daxili Lizinq müqaviləsinə əsasən, “X4” markalı, ** JD *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cəmi 89250 (səksən doqquz min iyi yüz əlli) manata 36 aylıq müddətinə illik 23 %-lə lizinq alanın istifadəsinə verilmişdir. İddiaçı QSC, X3 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-cİ il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürür, o isə bunu qəbul edir, lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir. İddiaçı QSC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan yuxarıda qeyd edilən müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürür, o isə bunu qəbul edir, Lizinq verən isə bunu təsdiq etmişdir. Eyni zamanda lizinq predmeti olan nəqliyyat vasitəsi də sonuncunun müvəqqəti istifadəsinə verilmişdir Sözügedən “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən yeni lizinq alan Cavabdeh2 bu öhdəlikləri qəbul etmişdir. Lakin bir müddət sonra Cavabdeh2 müqavilə üzrə öhdəliklərini icra etməkdən imtina etmişdir. Bununla bağlı lizinq verən onu dəfələrlə həm yazılı, həm şifahi, həm də elektron qaydada xəbərdar etmişdir. Artıq lizinq alan öhdəliklərini vaxtında və lazımınca icra etmədiyindən, tərəfə müqavilənin xitamına dair bildiriş həm poçt vasitəsi ilə, həm də elektron mühasibatçılıq kabineti vasitəsi ilə göndərilmişdir. xx.xx.2023-cü il tarixində lizinq alan Cavabdeh2 könüllü olaraq lizinq verənə ərizə ilə müraciət edərək isə lizinq predmetini lizinq verənə təhvil vermişdir. Eyni zamandan həmin tarixdən lizinq müqaviləsinə də xitam verilmişdir. Lakin lizinq predmeti olan nəqliyyat vasitəsi ondan təhvil alınan zaman ona 15300 manat maddi zərər dəydiyi də müəyyən edilmişdir. Həmçinin həmin tarixə lizinq alanın xx.xx.2023-cü il tarixli, CL/M 138-2/23 saylı müqavilə üzrə lizinq verənə 8537,26 manat əsas, 6955,33 manat lizinq mükafatı, 2189,46 manat cərimə borcu olmuşdur. Eyni zamanda artıq mübahisəni danışıqlar yolu ilə həll edə bilmədikləri üçün tərəflərindən bu məsələnin məhkəmə qaydasında həll edilməsi, iddia ərizəsinin hazırlanması, məhkəmədə iddianın müdafiə edilməsi üçün Arbitrium Vəkil Bürosunun üzvü Vəkil1 ilə də 500 (beş yüz) manat məbləğində vəkil xidmətlərinin göstərilməsinə dair müqavilə bağlamışlar.
15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-745/2025 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, 31 may 2022-ci il tarixli, 138-22 saylı X5 müqaviləsi və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”nin ləğv edilməsi, Cavabdeh2 8537,26 manat əsas borc, 6955,33 manat lizinq mükafatı, 420 manat cərimə, dəymiş zərərin əvəzi qismində 13195 manat pul, 500 manat hüquqi yardıma görə xərc, 177,32 manat dövlət rüsumu, ümumilikdə 29784,91 manat məbləğində pulun tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddia ərizəsi verilərkən ödənilmiş 13,68 manat dövlət rüsumunun İddiaçı ASCnin özünə aid edilməsi, Cavabdeh2 aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 manat ekspertiza xərci tutularaq "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir.
16. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan 09.2022-ci il tarixli, CL/M 138-1/22 saylı müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürmüşdür. Lizinq verən (iddiaçı) həmin müqavilə ilə öz üzərinə düşən öhdəlikləri icra edərək lizinq obyektini müqavilənin şərtlərinə uyğun şəkildə cavabdehə təhvil vermiş, lakin cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəlikləri tam icra etməmiş, 8537,26 manat əsas borc, 6955,33 manat mükafat borcu hazırkı günədək iddiaçıya ödənilməmişdir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməlidir.
17. Dəbbə puluna münasibətdə məhkəmə hesab etmişdir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda, məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 420 manat müəyyən edilməlidir.
18. Məhkəmə araşdırması zamanı cavabdehin lizinq müqaviləsi üzrə öz öhdəliklərini lazımınca icra etməməsi müəyyən edildiyindən, iddia tələbi bu hissədə də təmin edilməli, xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli lizinq müqaviləsi və xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə” ləğv edilməlidir.
19. Bundan əlavə, iddiaçı lizinq obyektinə vurulmuş zərərin əvəzi qismində 15300 manat pulun tutulmasını da xahiş etmişdir. iddiaçının mülkiyyətində olan 2018-ci il buraxılışlı, “X6” markalı avtomobil xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli lizinq müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə cavabdehin sahiblik və istifadəsinə tam işlək və saz vəziyyətdə verilmiş, nəqliyyat vasitəsinin cavabdehin sahiblik və istifadəsində olduğu müddət ərzində avtomobilə zərər dəymiş, həmin zərərin mövcudluğunu cavabdeh əvvəlki məhkəmə iclasındakı izahatında təsdiq etmiş, zərərin mövcudluğu iş üzrə aparılmış məhkəmə-qiymətləndirici ekspertizası ilə də öz təsdiqini tapmış və zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən çəkilməli olan xərcin məbləğinin 13195 manat olması müstəqil qiymətləndirici tərəfindən müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən əsaslıdır, cavabdehdən lizinq predmetinə dəymiş zərərin əvəzi qismində 13195 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir.
20. Birinci instansiya məhkəməsi gəlidiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 421.1, 422.1, 462.1, 467, 747.1, 748-1.1, 748-1.4, 748-1.12.4, 1096.1 və 1096.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 14.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
21. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddianın (qismən) təmin edildiyi hissədə qanunsuz və əsassız olduğundan ləğv edilməsi və həmin hissədə İddiaçı ASC-nin iddia tələblərinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə mühüm əhəmiyyətli faktiki halları hərtərəfli və obyektiv araşdırmamış, nəticədə səhv və ədalətsiz qətnamə qəbul etmişdir. Məhkəmə delikt üzrə təqsir prezumpsiyasına dair müddəaları sadalamaqla kifayətlənmiş, lakin cavabdehin avtomobilə necə və hansı əsasla zərər vurduğunu, habelə onun təqsirli olub-olmadığını müəyyən etməmişdir. Cavabdeh sözügedən avtomobili heç vaxt görməmiş, həmin avtomobil onun faktiki istifadəsində və sahibliyində olmamışdır; təhvil-təslim aktı yalnız sənəd üzərində tərtib edilmiş, avtomobil faktiki olaraq ona verilməmişdir. Məhkəmə isə qətnaməsində guya avtomobilin cavabdehə saz vəziyyətdə verildiyini və cavabdehin zərərin mövcudluğunu təsdiq etdiyini göstərmiş, halbuki cavabdeh belə izahat verməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı və lizinq müqaviləsi formal xarakter daşıyır, real münasibətləri əks etdirmir və tərəflər arasında faktiki olaraq belə münasibətlər mövcud olmamışdır. Avtomobil başqa şəxslərin istifadəsində olmuş, müqavilə və əlavələri görüntü üçün bağlanmışdır. Bu səbəbdən həmin sənədlərə əsaslanaraq iddianın təmin edilməsi qanunsuzdur. İddiaçının öz ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə lizinq müqaviləsinə xitam verilmişdir. Bu halda artıq xitam olunmuş müqaviləyə yenidən xitam verilməsi barədə iddia qaldırılması əsassızdır. İddiaçı avtomobilin cavabdehdən təhvil alındığını və 15.300 manat zərər müəyyən edildiyini bildirsə də, avtomobil faktiki olaraq cavabdehin istifadəsində olmamışdır. Bu baxımdan, cavabdehin istifadəsində olmayan avtomobilə onun tərəfindən necə zərər vurulmasının mümkün olduğu sual altındadır. Bundan əlavə, iş üzrə məhkəmə-qiymətləndirici ekspertiza avtomobilə dəyən zərəri yalnız fotoşəkillər əsasında müəyyən etmiş, avtomobilə yerində baxış keçirilməmişdir. Məhkəmə müqavilənin uydurma əqd olub-olmamasını və tərəflərin həqiqi iradə ifadəsini araşdırmamış, Mülki Məcəllənin 324.5-ci maddəsinin tələblərini tətbiq etməmiş, bağlanmış sənədlərin başqa əqdi pərdələyib-pərdələmədiyini qiymətləndirməmişdir. Nəticədə, maddi və prosessual hüquq normaları pozulmaqla iddia təmin edilmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
23. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etmişdir.
24. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə proseslərindən ikisində iştirak etsə də, sonuncu məhkəmə prosesində iştirak etməmişdir. İştirak etdiyi məhkəmə prosesində nəqliyyat vasitəsinin ona lizinqə verilməsi barədə qeyd etmişdir ki, lizinq müqaviləsi onun adına rəsmiləşdirilsə də, faktiki olaraq nəqliyyat vasitəsi digər şəxsin istifadəsində olduğunu bildirmişdir. Bundan başqa, iş materiallarında cavabdehin özünün əlyazması ilə xx.xx.2024-cü il tarixli ərizə də vardır. Ərizəyə əsasən, cavabdeh lizinq müqaviləsi üzrə öhdəliklərini icra edə bilmədiyinə görə lizinq predmetini geri qaytarmaq barədə qeyd etmiş və nəqliyyat vasitəsini geri qaytarmışdır. Hesablanmış borc məbləği də həmin tarixədək hesablanmışdır. Bundan başqa, nəqliyyat vasitəsinə vurulmuş zərərin dəqiq hesablanması üçün ekspertiza təyin edilmiş, müstəqil qiymətləndirici tərəfindən nəqliyyat vasitəsinə dəymiş zərər müəyyən edilmişdir. Məhkəmə çəkişmə prinsipini nəzərə alaraq, cavabdehin məhkəmədə iştirakını təmin etmək üçün 3 dəfə hazırlıq, 4 dəfə baxış iclasını təxirə salmışdır. Həmin iclaslardan isə cəmi ikisində cavabdeh iştirak etmişdir. Məhkəmə prosesində isə müqavilələrə və nəqliyyat vasitəsinin təhvil alınması və təhvil verilməsi barədə aktlara özünün imza atdığını bildirmişdir. Hesab edir ki, məhkəmə işə obyektiv baxaraq, hərtərəfli araşdırma apararaq, yekun qərar qəbul etmişdir. Odur ki əsassız apellyasiya şikayətinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş edir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
25. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
26. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə prosesinin onların iştirakı olmadan keçirilməsini və cavabdehin apellyasiya şikayətinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
27. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. -442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. -522.1-ci maddəsinə görə kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. -524-cü maddəsinə əsasən, öhdəliyi qəbul etmiş şəxs kreditorla əvvəlki borclunun hüquq münasibətlərindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilər. O, əvvəlki borcluya mənsub tələbi hesaba ala bilməz. Öhdəliyi qəbul etmiş şəxs öhdəlik qəbul edənlə əvvəlki borclu arasında olan, öhdəliyin verilməsinin əsasında duran hüquq münasibətindən irəli gələn etirazları kreditora qarşı irəli sürə bilməz. -747.1-ci maddəsinə görə lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. -748-1.1-ci maddəsinə əsasən lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. -748-1.8-ci maddəsinə görə lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. -748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. -750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
32. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia qismən təmin edildiyindən və həmin qətnamə cavabdeh tərəfindən iddianın təmin edilmiş hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslığı həmin hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.
34. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı (lizinq verən) ilə X3 (lizinq alan) arasında xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli X5i müqaviləsi bağlanmış, daha sonra İddiaçı ASC, X3 və "xxxx" MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli, CL/M 138-1/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan xx.xx.2022-ci il tarixli, 138-22 nömrəli müqavilə üzrə öhdəliklərini "xxxx" MMC-yə ötürmüş, bundan sonra isə İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə əsasən, lizinq alan 09.2022-ci il tarixli, CL/M 138-1/22 saylı müqavilə üzrə öhdəliklərini Cavabdeh2 ötürmüşdür.
35. Hazırda iddiaçı xx.xx.2022-ci il tarixli, 138-22 saylı Daxili lizinq müqaviləsinə və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi, lizinq alandan lizinq predmetinin təhvil verildiyi tarixə-xx.xx.2023-cü il tarixinə Daxili lizinq müqaviləsi üzrə 8537,26 manat əsas, 6955,33 manat lizinq mükafatı, 2189,46 manat cərimə borcu, 15300 manat dəymiş zərər olmaqla, cəmi 33518,05 manat borcun, vəkil xidmətlərinə görə ödənilmiş 500 xidmət haqqı, 191 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb edir.
36. Məhkəmə kollegiyası, ilk növbədə, xx.xx.2022-ci il tarixli, 138-22 saylı Daxili lizinq müqaviləsinə və İddiaçı ASC, "xxxx" MMC və Cavabdeh2 arasında bağlanmış xx.xx.2023-cü il tarixli, CL/M 138-2/22 saylı “Öhdəliklərin verilməsi haqqında müqavilə”yə xitam verilməsi tələbinə münasibətdə qeyd edir ki, Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
37. Cavabdeh xx.xx.2023-cü il tarixdə ərizə ilə iddiaçıya müraciət edərək, avtomobilin ödənişlərini edə bilmədiyi üçün xx.xx.2022-ci il tarixli, 138-22 saylı Daxili lizinq müqaviləsinə xitam verilməsini və lizinq obyektinin ondan təhvil alınmasını xahiş etmişdir. İddiaçı da avtomobilin geri qaytarıldığını təsdiq etmiş və borc məbləği həmin tarixədək hesablanmışdır.
38. Göründüyü kimi, tərəflərin qarşılıqlı razılığı ilə lizinq müqaviləsinə xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Xitam verilmiş, yəni mövcud olmayan müqavilənin ləğv edilməsi isə mümkün deyildir. Buna görə də həmin hissədə iddia rədd edilməlidir.
39. İddianın daxili lizinq müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə əsas və mükafat borcunun tutulması hissəsinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin hissədə iddiasını lizinq obyekti olan avtomobilin xx.xx.2023-cü il tarixdə lizinq verənə təhvil verilməsi və belə olan halda həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini cavabdehdən tələb etmək hüququnun olması ilə əsaslandırmışdır. Cavabdeh isə avtomobilin faktiki olaraq ona təhvil verilmədiyini, ümumiyyətlə həmin avtomobilin heç vaxt onun istifadəsində olmadığını, lizinq müqaviləsinin formal bağlandığını bildirmişdir.
40. İş materiallarından da görünür ki, xx.xx.2023-cü il tarixli, CL/M-138-2/23 nömrəli təhvil-təslim aktına görə 1 ədəd “X6” markalı (ban: SALRA2BN6JA054139) avtomobil iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
41. Lakin iş materiallarından görünür ki, iddia tələbi xx.xx.2022-ci il tarixli, 138-22 saylı Daxili lizinq müqaviləsinə əsaslanır. Həmin müqavilənin 3.1-ci maddəsinin tələbinə görə, avtomaşının sənədləri alıcıya verildikdən sonra 24650 AZN məbləğində avans ödənilməli, qalan 89250 AZN isə tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməli idi.
42. Avtomobil lizinq verən tərəfindən əldə edilmiş və cavabdehə lizinqə verilmişdir. Lizinq məbləği müqavilədə göstərildiyi kimi, 89250 manat təşkil etmişdir. Göründüyü kimi, müqavilə şərtlərinə uyğun olaraq avtomobilin dəyərinin 24650 manat hissəsi avans ödənişi olaraq X3 tərəfindən ödənilmişdir.
43. Cavabdeh2 lizinq müqaviləsi üzrə öhdəliyi məhz ondan əvvəlki borcluların öhdəliklərinin verilməsi nəticəsində yarandığından, öhdəliyin ona verildiyi anda öhdəliyinin həcmi əvvəlki borclunun öhdəliyindən artıq ola bilməzdi. Həmçinin, müqavilənin adı öhdəliyin verilməsi olsa da, müqavilənin məzmununda əvvəlki borclunun özünün lizinq müqaviləsindən irəli gələn bütün hüquq və vəzifələrini cavabdehə ötürdüyü göstərilmişdir. Bu isə, cavabdehin lizinq müqaviləsindən irəli gələn öhdəlikləri icra etmək vəzifəsi ilə yanaşı, həm də həmin müqavilədən irəli gələn hüquqlara malik olduğunu göstərir.
44. Lizinq müqaviləsi lazımi qaydada icra edilsə idi, cavabdeh bütün ödənişləri etdikdən sonra lizinq predmeti, yəni avtomobil onun mülkiyyətinə keçəcəkdi. Lakin lizinq müqaviləsinin şərtləri cavabdeh tərəfindən pozulduğundan lizinq predmeti iddiaçıya qaytarılmışdır və onun mülkiyyətindədir. Halbuki, avtomobilin mövcud dəyərinə lizinq alanın qabaqcadan avans kimi ödədiyi 24650 manat pul da daxildir. Həmin pulun əvvəlki borclulara və ya cavabdehə qaytarılmasına dair iddiaçı tərəfindən heç bir sübut təqdim edilməmiş, hətta belə bir faktın mövcudluğu da iddia edilməmişdir. Deməli, lizinq müqaviləsi ləğv edilərkən həmin pul məbləği qarşılıqlı hesablaşmaya daxil edilməli idi.
45. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 750-ci maddəsinə əsasən, lizinq alanın təqsiri ilə müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən yalnız icra ilə bağlı real mənafelərinə uyğun tələblər irəli sürə bilər və tələb müəyyən edilərkən lizinq əmlakının qalıq dəyəri, habelə qənaət edilmiş xərclər nəzərə alınmalıdır. Hazırkı işdə lizinq predmeti lizinq verənə qaytarılmış və onun mülkiyyətində qalmışdır. İş materialları ilə müəyyən edilir ki, lizinq alan tərəfindən birbaşa satıcıya ödənilmiş 24.650 manat məbləğ lizinq predmetinin alış dəyərinin tərkib hissəsini təşkil etmiş və əmlakın dəyərinin formalaşmasında iştirak etmişdir. Müqaviləyə xitam verildikdən və əmlak lizinq verənə qaytarıldıqdan sonra həmin məbləğ də əmlakın tərkibində lizinq verənin sərəncamında qalmışdır. Bu şəraitdə göstərilən məbləğ qarşılıqlı hesablaşmada nəzərə alınmadan cavabdehdən əlavə 15.492,59 manat borcun tutulması Mülki Məcəllənin 750-ci maddəsinin mənasına uyğun hesab edilə bilməz. Belə yanaşma lizinq verənin faktiki tələb həddini aşan iqtisadi üstünlük əldə etməsinə və əsassız varlanmasına səbəb olar.
46. İddianın avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həmin hissədə iddia tələbini lizinq predmeti olan avtomobili cavabdehdən təhvil alan zaman ona 15300 manat maddi zərər dəyməsinin müəyyən edilməsi ilə əsaslandırmışdır. Göründüyü kimi, həmin tələb mahiyyət etibarilə lizinq alan tərəfindən lizinq müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində lizinq verənə dəymiş zərərin əvəzinin ödənilməsindən ibarətdir. Odur ki, birinci növbədə avtomobilə zərər vurulmasının avtomobilin lizinq müqaviləsinə əsasən lizinq alanın istifadəsində və sahibliyində olduğu dövrdə baş veribverməməsi araşdırılmalıdır.
47. Lizinq predmeti olmuş avtomobil xx.xx.2023-cü il tarixində lizinq verənə təhvil verilmiş, eyni zamanda avtomobil geri qaytarılarkən onda zədə və qüsurların olması hər hansı sənəddə göstərilməmişdir. İddiaçı tərəfindən avtomobilin qiymətləndirilməsi isə xx.xx.2023-cü il tarixdə aparılmışdır. Halbuki, lizinq müqaviləsinin 22.2-ci bəndində lizinq alanın qaytarılan əmlakı təhvil almazdan əvvəl onu təftiş etmək, hər hansı qüsur, ziyan, yaxud pisləşmə aşkar edərsə, onun düzəldilməsini və ya ziyanın ödənilməsini tələb etmək, göstərilənlər yerinə yetirilməyincə əmlakı təhvil almamaq hüququ təsbit edilmişdir.
48. Avtomobil xx.xx.2023-cü il tarixdən etibarən iddiaçının sahibliyində olduğu halda avtomobilin qiymətləndirilməsi 4 ay sonra həyata keçirilmişdir. Qiymətləndirməyə dair hesabatdan da görünür ki, müstəqil ekspert Əhməd Talıblı ilə İddiaçı ASC arasında imzalanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən qiymətləndirmə həyata keçirilmişdir.
49. Avtomobilin təhvil verilməsi zamanı iddiaçının lizinq müqaviləsinin 22.2-ci bəndi ilə nəzərdə tutulmuş hüququndan istifadə etməməsi sübutetmə yükünü cavabdehin xeyrinə dəyişir. Dörd ay sonra aşkar edilmiş zərərin məhz avtomobilin cavabdehin istifadəsində və sahibliyində olduğu dövrdə yaranmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşsə də, iddiaçı tərəfdən bununla bağlı sübut təqdim edilməmişdir.
50. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
51. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
52. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən ona məxsus avtomobilə 15300 manat maddi ziyan dəyməsi bildirilmiş, lakin həmin ziyanın cavabdehin hərəkətləri nəticəsində olmasına dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddia tələbi qeyd edilən hissədə də sübuta yetirilmədiyindən, birinci instansiya məhkəməsi avtomobilə dəymiş zərərin ödənilməsi hissəsində iddianı (qismən) təmin etməkdə haqlı olmamışdır.
53. Birinci instansiya məhkəməsi isə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, iş üçün əhəmiyyətli olan halların sübut edilməməsinə baxmayaraq iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir.
54. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 745/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı ASCnin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməməlidir.
55. Məhkəmə xərclərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddia təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 191 manat məbləğində dövlət rüsumu, 500 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərc iddiaçının özünə aid edilməli, həmçinin cavabdehin apellyasiya şikayəti təmin edildiyindən həmin şikayət verilərkən ödənilmiş 90 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilməli, aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilməlidir.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 385, 392, 393, 402.1, 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-745/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı ASC-nin Cavabdeh2 qarşı “müqavilənin ləğv edilməsi və pul” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş 191 (yüz doxsan bir) manat məbləğində dövlət rüsumu və 500 (beş yüz) manat hüquqi yardıma görə xərc iddiaçının özünə aid edilsin. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsinə görə ödənilmiş 90 (doxsan) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçıdan tutularaq cavabdehə ödənilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 200 (iki yüz) manat ekspertiza xərci iddiaçıdan tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.