Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1047/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı və qarantiya müqavilələri, öhdəliyin icra olunmaması, ziyanın ödənilməsi, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 iştirakı ilə İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “ziyanın və cərimənin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 14 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı MMC (Sifarişçi) ilə "xxxx" MMC (İcraçı) arasında 10 oktyabr 2022-ci il tarixdə A-SA-487/22 nömrəli satınalma müqaviləsi bağlanmışdır.
2. Həmin müqaviləyə görə:
- Bənd 2.1. Tərəflər təsdiq edirlər ki, Sifarişçi əlavədə miqdarı göstərilmiş 1 (bir) ədəd 70 (yetmiş) tonluq avtokranın satın alınması üçün İcraçının 309 999,99 AZN (üç yüz doqquz min doqquz yüz doxsan doqquz manat, doxsan doqquz qəpik) manat məbləğində tender təklifini qəbul etmişdir. - Bənd 2.2. İcraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında Sifarişçiyə satın alınan əlavədə miqdarı göstərilmiş təzə 70 (yetmiş) tonluq avtokran, marka XCMG QY70KH təhvil verilməsini öhdəsinə götürür. Göndərilmiş mallar (yerinə yetirilmiş işlər və ya göstərilmiş xidmətlər) icraçının tender təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. - Bənd 2.3. Sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İcraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. - Bənd 2.4. Qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, müqavilənin məbləği dəyişilməz qalır. - Bənd 2.5. Aşağıdakı sənədlər bu müqavilənin ayırılmaz tərkib hissəsi hesab olunur: icraçının tender təklifi və qiymət cədvəlləri; müqavilənin xüsusi şərtləri (müqavilənin şərtlərini dəqiqləşdirən sənəd); texniki şərtlər (çertyojlar, cizgilər, layihələr), icraçının tender təklifini təsdiq edən əsaslandırıcı sənədlər; tender təklifinin aksept edilməsi barədə bildiriş. - Bənd 5.1. İcraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. - Bənd 5.2. İcraçı müqavilənin icraçı ilə bağlı olan bütün şərtləri, tələbləri və buna aid məlumatları öyrəndikdən sonra müqaviləni imzalayır, icraçının bu cür şərtləri, tələbləri və məlumatları bilməməsi onu müqavilə üzrə götürdüyü öhdəliklərdən azad etmir. - Bənd 5.3. İcraçı müqavilənin icrası ilə bağlı müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş icazələrin, lisenziyaların və müvafiq razılaşmaların alınmasını təmin edir. - Bənd 5.4. Sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların İcraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. - Bənd 5.5. Sifarişçi müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş hüquqi və təşkilati məsələlərin həllini, müqavilənin icrasına başlanılması üçün müvafiq dövlət orqanlarından (qurumlarından) icazələrin ("Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.7-ci maddəsinin tələbləri nəzərə alınmaqla) alınması tələb olunduğu təqdirdə, Sifarişçi belə icazələrin müqavilənin icrasına başlanılana qədər əldə olunmasını təmin edir. - Bənd 5.6. Sifarişçi müqavilənin icrası ilə bağlı bütün məlumatların dəqiqliyinə və İcraçıya vaxtında çatdırılmasına təminat verir. - Bənd 8. Sifarişçi Azərbaycan Respublikasının ərazisindən kənarda satılan alınan malların göndərilməsinə dair tələblərini Paris Ticarət Palatası tərəfindən nəşr edilən və qüvvədə olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq Qaydaları “İnkoterms”in şərtlərinə uyğun olaraq müəyyənləşdirir. Bu barədə məlumat müqavilənin xüsusi şərtlərində göstərilir. Azərbaycan Respublikasının ərazisi daxilində malların göndərilməsinə dair tələblər və şərtlər Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq müəyyənləşdirilir və bu barədə məlumatlar müqavilənin xüsusi şərtlərinə öz əksini tapmalıdır. - Bənd 9.4. Malların son təyinat məntəqəsinə daşınmasını təmin edən nəqliyyat vasitələrinin növü icraçı tərəfindən müəyyənləşdirilir. - Bənd 13.1. Müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) Sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, İcraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır. - Bənd 13.2. Sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün icraçı tərəfindən Sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir, icraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini Sifarişçiyə təqdim etməlidir, icraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. - Bənd 13.3. Müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) Sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə İcraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində Sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ İcraçıya ödənilir. - Bənd 13.4. Müqavilə icraçı və ya Sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. - Bənd 14.1. İcraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.9-3-cü maddəsi nəzərə alınmaqla, satınalma müqaviləsinin yerinə yetirilməsinin təminatının məbləği müqavilənin ümumi məbləğinin 2 faizi həcmində müəyyən olunur. Müqavilənin yerinə yetirilməsinin təminatının qüvvədəolma müddəti satınalma müqaviləsinin yerinə yetirilməsi müddətindən (tələb olunduğu halda texniki təminat müddəti daxil olmaqla) 30 bank günü çox olmalıdır. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. - Bənd 14.2. Müqavilə sifarişçi və icraçı tərəfindən imzalandığı andan qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Tenderin əsas şərtlər toplusunda müqavilənin Sifarişçinin yuxarı idarəetmə orqanı tərəfindən təsdiq olunması nəzərdə tutulmuşdursa, müqavilə həmin orqanın təsdiqinədək qüvvəyə minmir. - Bənd 14.3. Müqavilənin icrası müqavilənin xüsusi şərtlərində göstərilmiş müddət ərzində və Sifarişçi tərəfindən təsdiq olunmuş qrafiklər əsasında aparılır. Qrafiklər yalnız tərəflərin yazılı razılığı əsasında dəyişilə bilər. Bu hallarda İcraçının müqavilə üzrə öhdəlikləri və müqavilənin icra müddəti dəyişilmir. - Bənd 14.4. Tərəflər Müqavilədə yer almayan, ancaq müvafiq satınalma müsabiqəsinin əsas şərtlər toplusunda göstərilmiş bütün digər müddəaları qəbul edir. - Bənd 20.1. İcraçı müqaviləni (və ya onun hər hansı hissəsini) tenderin əsas şərtlər toplusunda müəyyən olunmuş qaydada və müddət ərzində yerinə yetirmədikdə (gecikdirildikdə) və aşkar olunmuş qüsurları vaxtında aradan qaldırmadıqda, digər hüquqlara ziyan vurmadan Sifarişçi yerinə yetirilməmiş (gecikdirilmiş) hər gün üçün müqavilə qiymətinin 1 (bir) faizi miqdarında cərimə sanksiyası (qarşısıalınmaz qüvvənin təsiri istisna olmaqla) tətbiq edir. - Bənd 20.3. Cərimələrin məbləğinin yuxarı həddi müqavilənin xüsusi şərtlərində göstərilir və bu məbləğ müqavilənin qiymətinin 50 faizindən çox olmamalıdır. Cərimələrin məbləği müəyyənləşdirilmiş maksimuma çatdıqdan sonra Sifarişçi müqaviləni ləğv edə bilər. - Bənd 21.1. Müqavilənin icrasına qarşısıalınmaz qüvvə təsir göstərərsə, İcraçı müqavilənin yerinə yetirilməsi təminatından məhrum olunmadan, cərimələrin ödənilməsindən azad edilir və müqavilənin pozulması üçün məsuliyyət daşımır. - Bənd 21.2. Qarşısıalınmaz qüvvədən təsirinə Sifarişçi və İcraçı tərəfindən nəzarət edilməyən, onların səhvi və ya laqeydliyi nəticəsində baş verməyən, qabaqcadan nəzərdə tutulması mümkün olmayan hadisələr aid edilir. Bunlara müharibələr və ya inqilablar, daşqınlar, epidemiyalar, epizootiyalar, karantinlər, embarqolar, dövlət və hökumət qərarları və bu kimi digər hallar aid edilir. - Bənd 21.3. İcraçı qarşısıalınmaz qüvvənin təsiri barədə və yaranma səbəbləri haqqında yazılı məlumatı yubanmadan Sifarişçiyə göndərilməlidir. Əgər Sifarişçidən digər yazılı təlimat daxil olmayıbsa, İcraçı öz imkanları daxilində qarşısıalınmaz qüvvənin təsirindən asılı olmayan müqavilə öhdəliklərinin yerinə yetirilməsini davam etməli və qarşısıalınmaz qüvvənin təsirindən asılı olan müqavilə öhdəliklərinin yerinə yetirilməsi üçün alternativ üsullar axtarmalıdır.
3. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiqlənmişdir.
4. 10 oktyabr 2022-ci il tarixli A-SA-487/22 saylı müqavilənin 1 saylı Əlavəsinə görə:
- Bənd 2.2. Mal əlavə imzalandıqdan sonra 90 gün ərzində çatdırılmalıdır. - Bənd 2.4. Malların təhvil verdiyi yer: Gəncə şəh., Yevlax şosesi 53.
5. İddiaçı MMC-nin hüquq departamentinin məhkəmə mübahisələri üzrə şöbəsinin müdürü Sabir Qəniyev (mailto:sabir.qaniyev@azeraluminium.comElektron ünvan 1) tərəfindən Cavabdeh MMC-nin rəhbərləyinə (mailto:ozkan.cakar42@gmail.comElektron ünvan 2) 09 mart 2023-cü il tarixdə ünvanlanan email yazışmasında müqavilə üzrə öhdəliklərin xx.xx.2023-cü il tarixədək yerinə yetirilməsini xahiş olunmuş, həmin tarixə qədər malların təqdim edilməyəcəyi təqdirdə müqaviləyə əsasən müqavilə məbləğinin 2% faizi həcmində təqdim olunmuş “Müqavilənin yerinə yetirilməsi haqqında” bank təminatının (6200) manat, eləcə də müqavilənin 20-ci bəndinə əsasən hesablanmış cərimələrin tələb edəcəyi bildirilmişdir.
6. "xxxx" ASC tərəfindən 24 yanvar 2023-cü il tarixdə İddiaçı MMC-yə 22 noyabr 2023-cü il tarixə qədər etibarlı olan Cavabdeh MMC-nin adından 10 oktyabr 2022-ci il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı ümumilikdə 6200 manata qədər olan bank təminatı verilmişdir.
7. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ünvanlanan xx.xx.2023-cü il tarixli pretenziya məktubunda, xx.xx.2023-cü il tarixədək tərəflər arasında bağlanmış müqaviləyə əsasən malların təqdim edilməsi xahiş olunmuşdur.
8. İddiaçı MMC ilə fiziki şəxs X6 arasında aşağıdakı müqavilələr bağlanmışdır:
- 15 mart 2022-ci il tarixli X-037 saylı müqavilənin 4 saylı əlavəsinə görə 300 manat məbləğində 16 tonluq avtokranın icarəsi və anod prosesləri sexinin əsaslı təmir edilmiş çənəli xırdalıyıcısının yerinə quraşdırılması üçün; - 17 avqust 2022-ci il tarixli X-115 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən 3910 manat məbləğində 10 və 16 tonluq kran vasitəsilə müxtəlif təyinatlı yüklərin yüklənib-boşaldılması, eləcə də 30 padyom 22 ton çəkili konteynerin yüklənməsi üçün; - 28 sentyabr 2023-cü il tarixli XA-046/23 saylı müqavilə üzrə 4104 manat məbləğində 70 tonluq kran ilə ərazidə işlər və 10 (on) iş günü ərzində hər biri 54 (əlli dörd) manatdan hesablanmaqla, 76 “podyom” konteyner yüklənməsinin həyata keçirilməsi.
9. İddiaçı MMC ilə “X3 Limited” MMC arasında 25 iyul 2023-cü il tarixli XA-SA- 016/23 saylı müqavilənin 1 saylı əlavəsinə əsasən 114 000 manat məbləğində, 70 tonluq avtokranın icarəsi barədə müqavilə bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
10. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 10 oktyabr 2022-ci il tarixli A-SA-487/22 nömrəli müqavilə üzrə cavabdehdən 312 306,99 manat borcun və 602,31 manat məbləğində dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış dövlət satınalması müqaviləsi ilə cavabdeh tərəfindən ona yeni və istifadəyə yararlı, dövlətin müəyyən etdiyi ekoloji standartlara (AVRO-4) uyğun 70 tonluq avtokranın (XCMG QY70KH) təchiz edilməsi (alıcının ünvanında) nəzərdə tutulmuş, lakin avtokran bu günədək təhvil verilməmişdir. Müqavilə şərtlərinə əsasən avtokran alıcıya yerində təhvil verilməli olmasına baxmayraq, satıcı tərəfindən xaricdən alınmış həmin qüsurlu mal hesab olunan avtokran ekoloji standartlara uyğun olmadığından gömrük orqanları tərəfindən gömrük ərazisində saxlanılmışdır. Satıcı bir neçə dəfə ona ödəniş edilməsini və bundan sonra avtokranın gömrük ərazisindən çıxarılması barədə şifahi müraciət etmiş, lakin avadanlığın dövlətin ekoloji standartlarına uyğun və yeni olmaması, habelə dövlət satınalması müqaviləsinin şərtlərinə zidd olması səbəbindən satıcının müraciəti müsbət cavablandırılmamışdır. Qeyd olunanlarla bağlı cavabdehə çoxsaylı müraciətlər edilməsinə baxmayaraq, sonuncu tərəfindən məsələnin həlli istiqamətində hər hansı addım atılmamış, dolayısı ilə müqavilə öhdəliklərinin pozuntusuna yol verilmişdir. Bunlar onu deməyə əsas verir ki, iddiaçı müqavilə şərtləri, həmçinin Azərbaycan Respublikasının mülki qanunvericiliyinin tələbələrini gözlədiyi halda cavabdeh öhdəliklərini icra etməməklə özünün mülki məsuliyyətinin yaranmasını labüd etmişdir. Hazırda təhvil verilməli avtokranın əvəzində iddiaçının ərazisində icarəyə götürülmüş avtokran istismar edilir ki, bu da onun əlavə xərclər çəkməsinə səbəb olur. Həmin əlavə xərclərin məbləği 157 306 manat təşkil edir. Həmçinin qeyd olunmalıdır ki, müqavilənin 20-ci bəndinə əsasən, cərimə məbləği artıq yuxarı həddinə çataraq 154 999,99 manat təşkil edir. Beləliklə, cavabdeh öz üzərinə düşən öhdəliyi etməməklə müqavilənin 2-ci və 5-ci bəndlərinin, müqavilənin əlavəsinin 2.2-ci bəndinin, habelə Mülki Məcəllənin 386.1, 387.2, 399.1, 399.2, 425.1, 427.3, 442-ci maddələrinin tələblərini pozmuşdur.
12. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdeh tərəfindən öhdəliyinin icra edilməməsi nəticəsində iddiaçıya vurulmuş 157 306 manat məbləğində zərərin və müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilməməsinə görə tətbiq olunan 154 999,99 manat məbləğində cərimənin (dəbbə pulunun), habelə ödənilmiş 602,31 manat məbləğində dövlət rüsumunun, ümumilikdə 10 iyun 2024-cü il tarixə formalaşmış 312 908,30 manat məbləğində vəsaitin İddiaçı MMCnin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Cavabdehin nümayəndəsi (vəkili) iddia tələbinə etiraz edərək iddianın əsassız olduğunu bildirmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddia ərizəsində xaricdən alınmış 70 tonluq avtokranın (XCMG QY70KH qüsurlu mal olduğu qeyd olunsa da, bunu təsdiq edəcək hər hansı sənəd (qüsur aktı, ekspert rəyi) iddia ərizəsinə əlavə edilməmişdir. Bundan başqa müqavilənin predmeti olan 70 tonluq avtokranın (XCMG QY70KH) AVRO-4 ekoloji standartına uyğun olması barədə nə müqavilədə, nə də müqavilənin əsas şərtlər toplusunda heç bir qeyd mövcud deyil. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 yanvar 2014-cü il tarixli 2 nömrəli Qərarına və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1ci maddəsinə görə ağır texnika hesab edilən 70 tonluq avtokran barədə AVRO-4 ekoloji standartının tələbi qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə olduğu təqdirdə isə müqavilə üzrə alıcıya təqdim edilən malı qüsurlu hesab etmək olmaz. Digər tərəfdən cavabdeh müvafiq kranı xaricdən satın almamışdan öncə həmin kran barədə məlumatları iddiaçının nümayəndəsinə yoxlamaq üçün təqdim etmiş, o da öz növbəsində həmin kranı ala biləcəyini təsdiq etdikdən sonra ödəniş edərək həmin kranı almışdır. Bundan başqa, cavabdeh qeyd edir ki, müqavilənin icrası ilə bağlı ondan aslı olmayan səbəblərə görə baş vermişdir. Belə ki, müqavilə üzrə kran gömrük orqanları tərəfindən saxlanılmış və bugünədək cavabdehə təhvil verilməmişdir. Bununla bağlı cavabdeh iddiaçıya dəfələrlə müraciət etmiş, lakin iddiaçı bununla bağlı hər hansı köməklik göstərməmişdir. Digər tərəfdən cavabdeh öz üzərinə düşən vəzifələri yerinə yetirərək, müqavilənin icrası ilə bağlı yaranan problemlər barədə iddiaçını məlumatlandırmış, o cümlədən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli X-SA-148/22 nömrəli satınalma müqaviləsi əsasında 50 tonluq kranı təmir edərək 1 il zəmanətlə iddiaçının istifadəsinə təqdim etmişdir. Bu baxımdan, iddiaçı alternativ yollardan istifadə etməyərək məsuliyyətsiz davranaraq məhz cavabdehin hesabına əsassız varlanmaq istəməkdədir. Bununla da cavabdehin onsuz da gömrük orqanı tərəfindən hüquqlarının pozulduğu bir vaxtda onun vəziyyətini daha da qəlizləşdirmək istəməkdədir. Eyni zamanda, iddiaçı 154 999,99 manat məbləğində cərimə məbləğini dövlət satınalma müqaviləsinə əsasən tərəflərin görmədiyi qarşısıalınmaz qüvvə olduğuna görə tələb edə bilməz. Belə ki, 09 noyabr 2022-ci il tarixdən 03 may 2023-cü il tarixinə kimi cavabdeh texnikanın Çindən gəmiyə yüklənib yola salınmasını gözləmişdir. Daha sonra Rusiya-Ukrayna müharibəsindən irəli gələrək Qara dəniz sahili minalandığı üçün öncədən sifariş gələcəyi liman olaraq bilinən Poti limanına gəmilərin gəlməsi qeyri-mümkün olduğundan, əlavə xərc və vaxt itirərək İran İslam Respublikası üzərindən icra edilməsi məcburiyyətində qalınmışdır. Bu baxımdan cavabdeh hesab edir ki, o, üzərinə düşən öhdəliyi icra etmiş lakin ondan asılı olmayan səbəbdən öhdəliyin tam icrası mümkün olmamışdır”.
14. Məhkəmənin 14 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 15 000 (on beş min) manat məbləğində dəbbə pulunun və dövlət rüsumunun əvəzi olaraq 135 manatın tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
15.1. Məhkəmə cavabdehin etirazında müharibə səbəbi ilə malların gecikdirilməsi dəlilini əsassız hesab edir. Belə ki, kütləvi informasiya vasitələrindən və digər xəbər qaynaqlarından da aydın olduğu kimi Rus-Ukrayna müharibəsi 2022-ci ilin fevral ayında başladığı, yəni tərəflər arasında müqavilə bağlandığı tarixdən 7 ay əvvələ təsadüf etdiyi və həmin müharibə nəticəsində hansı risklərin yarandığı halları cavabdeh şirkətə daha öncələrdən məlum olmuşdur. Cavabdeh şirkət sahibkarlıq fəaliyyəti ilə məşğul olan qurum, ölkə hüduqlarından kənardan məhsulların çatdırılmasını həyata keçirən şirkət kimi də bu halları daha öncədən ona məlum olmuş və bu kimi riskləri müqavilə bağlanmadan öncə də nəzərə ala biləcəyi halda nəzərə almamışdır. Bundan başqa cavabdeh tərəfindən işə əlavə edilmiş ödəniş qəbzlərindən də göründüyü kimi müqavilə avtokranın alındığı şirkətlə noyabr ayında bağlansa da, ödəniş yanvar 2023-ü il tarixində həyata keçirilmişdir. Digər tərəfdən, məhkəmə onu da qeyd edir ki, malın Poti limanından gətirilməsi cavabdehin öz istəyi olmuşdur və araşdırma zamanı müəyyən etmişdir ki, həmin limandan mal daşınması böyük xərclərə səbəb olacağı üçün həmin imkandan istifadə etməmişdir. Yəni, əgər Rus-Ukrayna müharibəsi və dənizin minalanması qəflətən, cavabdehin müqavilənin icrası üçün avtokranı Poti limanına artıq yola saldıqdan sonra baş vermiş olsaydı, məhkəmə o halda bu halı fors-major halı kimi qəbul edə bilərdi. Lakin, məhkəmə bir daha da vurğulayır ki, cavabdeh nəticə etibarı ilə heç həmin istiqaməti (limanı) seçməmiş, yarıyolda qalmamış ki, indi də arqument irəli sürsün ki, müharibənin başlanması səbəbindən avtokran yarıyolda qalıb, əksinə, öz xərclərini/imkanlarını giymətləndirərək tamam başqa yol xəritəsi, liman seçərək avtokranı yola salmışdır. 15.2. Cavabdehin ona sifariş verilmiş malın hansı vasitə ilə (hansı nəqliyyat vasitəsi ilə, hansı yol istiqaməti ilə, hansı limandan, hansı daşıma şirkəti ilə, hansı xərclər müqabilində və sair) sifarişçiyə təhvil verilməsi şərtləri müqavilədə nəzərdə tutulmamışdır və icraçının birbaşa öz seçiminə və məsuliyyətinə aid edilən məsələlər idi və buna dair mümkün gözlənilən risklər də onun öhdəliyində olmuş, iddiaçının (sifarişçinin) buna dair hər hansı məsuliyyəti və ya dözümlülük göstərilməsi şərti müqavilə ilə tənzimlənməmişdir. 15.3. Cavabdeh MMC-nin gecikmə olmasına dair “iddiaçı qurumu mütəmadi məlumatlandırdıqları üçün əslində məsuliyyətdən azad edilməli olduğu” dəlilini də məhkəmə əsassız hesab edir.Belə ki, iddiaçı şirkət tərəfindən cavabdeh MMC-yə çatdırılma ilə bağlı gecikmə olması səbəbi ilə ünvanlanmış məktuba cavabda gecikmə səbəbləri qeyd olunmuşdur. Eyni zamanda, iddiaçı qurum çatdırılmanın gecikdirilməsi ilə bağlı dəfələrlə cavabdehə müraciət etmiş, o cümlədən güzəşt edərək xx.xx.2023-cü il tarixində təhvil verilməli avtokranın xx.xx.2023-cü il tarixinə kimi təhvil verilməsini xahiş edərək müqavilə üzrə cavabdehin öhdəliklərinin icrasına əlavə 12 aya yaxın müddət ərzində imkanını yaratmış. 15.4. Bundan əlavə, iş materiallarından və cavabdehin verdiyi izahatından məlum olur ki, avtokran ölkə ərazisinə 2023-cü ilin iyul ayında artıq gətirilmişdir (iddiaçı isə müqavilə şərtlərinə əsasən xx.xx.2023-cü il tarixində təqdim edilməli olan avtokranı xx.xx.2023-cü il tarixinə kimi təqdim edilməsini gözləmiş və tələb etmişdir). Lakin buna baxmayaraq cavabdeh tərəf yenə də səhlənkarlıq/etinasızlıq göstərərək gömrük sərhədində yaranmış problemli məsələlərini vaxtında həll etməmiş və yalnız hazırki iddianın araşdırmasının sonuncu ayında (yəni yalnız xx.xx.2024-cü il tarixdə) Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bu hal bir daha cavabdehin müqavilə şərtlərinə etinasız yanasmasının göstəricisidir. 15.5. Qeyd olunanlardan göründüyü kimi müqavilə üzrə öhdəliklər fors-major hallardan deyil, cavabdeh tərəfin səhlankarlığı ucbatından baş verdiyindən məhkəmə iddiaçının cərimə məbləğinin tutulması tələbini əsaslı hesab edir. Belə olan halda məhkəmə, tələb olunan 154 999,9 manat dəbbə pulunun 309 999,99 manat məbləğə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 15 000 manat məbləğində müəyyən edilməlidir. 15.6. Bundan başqa iddiaçı cavabdehin ona 157 306 manat zərərin vurulduğunu bildirir, sübut qismində isə fiziki və hüquqi şəxlərlə bağladığı avtokranın icarə müqavilələrini və onlara dair edilmiş ödənişləri/invoysları əlavə etmiş və həmin məbləğin də cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qanunsuz və əsassız olduğundan təmin edilməməlidir. 15.7. İddiaçı MMC-nin ona dəymiş zərərə iş materiallarına əlavə edilmiş sübutların bir qismi cavabdehlə bağlanan müqavilə tarixindən öncəki tarixlərə aid olduğundan, onlara dair hər hansı dəyərləndirmə aparılmasını zəruri hesab etmir. 15.8. Digər tərəfdən, müqavilə şərtlərinə əsasən iddiaçıya bank qarantiyası olaraq 7020 manat dəyərində bank zəmanəti məktubu təqdim edilmişdir. Və müqavilə şərtinə əsasən İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Beləliklə, müqavilənin cavabdeh tərəfindən icra edilməməsi mübahisə edilməyən haldır, lakin tərəflər razılaşıblar ki, dəyən ziyan müəyyən edildiyi halda yalnız müqavilənin yerinə yetirilməsi təminatından ödənilməlidir. 15.9. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cavabdeh müqavilə öhdəliklərini xx.xx.2023-cü il tarixində icra etməli idi, lakin icra etməmiş, iddiaçı isə müqaviləyə xitam vermək imkanı olduğu halda müqavilədən vaxtında imtina etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi dəymiş ziyan hissəsində qanunsuz və əsassız olduğundan təmin edilməməlidir.
16. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 385-ci, 386-cı, 442-ci, 443.1-ci, 448.1-ci, 567-ci, 568.1-ci və 579.1-ci maddələrinə istinad etmişdir.
17. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, məhkəmənin dəbbə pulu, qarantiya müqaviləsi və müqavilənin xitam verilməsi ilə bağlı əsassız nəticəyə gəlməsi arqumentləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinə qarşı etiraz
18. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahatlar
19. İddiaçının məhkəmə iclaslarında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi isə iddia tələbinə etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
20. Maddə 10.1. Sahibkarlıq fəaliyyətinin hər hansı sahəsində təşəkkül tapan və geniş tətbiq edilən, qanunvericilikdə nəzərdə tutulmayan davranış qaydası, hansısa aktda qeyd edilib-edilmədiyindən asılı olmayaraq, işgüzar adət sayılır.
21. Maddə 10.2. Qanunvericiliyə və ya müqaviləyə zidd olan işgüzar adətlər tətbiq edilmir.
22. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
23. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
24. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
25. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
26. Maddə 460.1. Öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər.
27. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
28. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
29. Maddə 478. Qarantiyaya əsasən qarant (bank, digər kredit təşkilatı və ya sığorta təşkilatı) digər şəxsin (prinsipalın) xahişi ilə prinsipalın kreditoruna (benefisiara) qarantiya öhdəliyinin şərtlərinə uyğun olaraq benefisiar pul məbləğinin ödənilməsi barədə yazılı tələb təqdim etdikdə həmin məbləği ödəyəcəyi barədə yazılı öhdəlik verir.
30. Maddə 480. Qarantın benefisiar qarşısında qarantiya ilə nəzərdə tutulan öhdəliyi müstəqil öhdəlikdir və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.
31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 569.2. Əgər alqı-satqı müqaviləsinin icrası müddətinin pozulduğu halda alıcının ona marağının itməsi müqavilədən aydın şəkildə irəli gəlirsə, belə müqavilə qəti müəyyənləşdirilmiş müddətədək icra edilmək şərti ilə bağlanmış sayılır. Satıcı müqavilədə müəyyənləşdirilmiş müddət çatanadək və ya müddət keçdikdən sonra həmin müqaviləni yalnız alıcının razılığı ilə icra edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
37. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
38. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
Apellyasiya baxışının həddi
39. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
40. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
41. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
42. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi əsaslı olaraq müqavilə üzrə öhdəliklərin pozulmasının fors-major hallardan deyil, cavabdehin səhlənkarlığına görə baş verdiyi nəticəsinə gəlmişdir.
43. Belə ki, müqaviləyə görə (§ 2, bənd 12, müqavilənin 8-ci bəndi) tərəflər malın göndərilməsinə dair tələbləri “İnkoterms”in şərtlərinə uyğun olaraq müəyyənləşdirmişlər - “İnkoterms” şərtləri isə beynəlxalq kommersiya münasibətlərində, o cümlədən Azərbaycan Respublikasında geniş şəkildə istifadə edilən işgüzar adətlərdir. Formalaşmış məhkəmə təcrübəsində də vurğulanır ki, adətən bu qəbildən olan müqavilələrdə tərəflər “İncoterms” şərtləri ilə yanaşı, həmin qaydaların müvafiq növü üzrə də razılığa gəlirlər.1
44. Hazırkı mübahisə üzrə tərəflər “İncoterms” şərtlərinin hansı növü üzrə razılaşdıqlarını xüsusi olaraq göstərməsələr də, məhkəmə kollegiyası müqavilənin şərtlərini (§ 2, bəndlər 5.3 və 9.4) və tərəflərin müqavilədən sonrakı hərəkətlərini şərh
1 Ali Məhkəmə iş № 2-2(102)-162/2021 § 37 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2021/3_162+14.04.2021.pdf) ; İş № 2-2(102)-131/21 § 1 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2021/3_131+17.03.2021.pdf); İş № 2-2(102)-39/2021 § 66 (https://sc.supremecourt.gov.az/storage/Iqtisad/2021/3_39+02.02.2021.pdf ) edərək hesab edir ki, müvafiq növ “İncoterms – DDP” hesab edilməlidir. “İncoterms – DDP” növündə satıcı malın son təyinat nöqtəsinə qədər çatdırılmasını həyata keçirir və bunun üçün nəqliyyat vasitəsini də seçir. Eyni zamanda, “İncoterms” şərtlərinin bu növündə bütün malın gömrük prosedurundan keçirilməsi də məhz satıcının üzərində olur. Bu baxımdan hazırkı mübahisə üzrə cavabdehin, kranın göndərilməsi və gömrük prosedurları ilə bağlı məsuliyyət daşıdığı şübhəsizdir.
45. Bununla belə kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının “ziyanın ödənilməsi” tələbinə qiymət verərkən bank qarantiya müqaviləsinin mahiyyətini və müqaviləyə iddiaçı tərəfindən xitam verilməməsinin hüquqi nəticələrini yanlış qiymətləndirmiş, bu səbəblə qətnaməni düzgün əsaslandırmamış, gəldiyi müvafiq nəticəni işin halları və tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir.
46. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur.
47. Apellyasiya şikayətinin dəlillərini və iş materiallarını bu kontekstdə araşdıran kollegiya hesab edir ki, şikayət qismən təmin olunaraq qətnamə ləğv olunmalı, iddia tələbinin qismən təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
48. Belə ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.
49. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.
50. İddiaçının irəli sürdüyü faktiki hallar ondan ibarətdir ki, cavabdeh öhdəliyini pozaraq kranı ona göndərməmiş, buna görə planladığı işləri yerinə yetirə bilməmiş, həmin kranın əvəzində başqa bir kranı icarəyə götürmüş, beləliklə cavabdeh tərəfindən kranın göndərilməməsi nəticəsində zərər çəkmişdir.
51. Məhkəmə kollegiyası, müqavilə üzrə zərərin bank təminatı ilə məhdudlaşdığı arqumenti ilə razılaşmır - belə ki, bank tərəfindən cavabdehin öhdəliyi ilə bağlı təqdim edilmiş təminat mahiyyət etibarilə bank qarantiya müqaviləsi olduğundan, Mülki Məcəllənin məhz həmin münasibətləri tənzimləyən normaları (§ 26, 29, 30) tətbiq edilməlidir.
52. Həmin normaların əlaqəli təhlili göstərir ki, bank qarantiyası müqaviləsi öhdəliklərin icrasının təmin edilməsi üsullarından biri olmaqla yanaşı, müstəqil xarakter daşıyır və icrasının təminatı üçün verildiyi əsas öhdəlikdən, hətta qarantiyada bu öhdəliyə istinad edilsə belə, asılı deyildir.
53. Məhkəmə kollegiyası bu kontekstdə bank qarantiyası müqaviləsinin ikili təbiətini izah etməyi zəruri hesab edir.
54. Bank qarantiya müqaviləsi ilk növbədə öhdəliyin icrasının təmin edilməsi üsullarından biridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında göstərilmişdir ki, bu institutun məqsədi ondan ibarətdir ki, kreditor öhdəliyin icra olunmasında və öhdəliyin icra olunmaması halında tələb etmək hüququ yaranan zərərin müəyyən edilməsində maraqlıdır. Nəhayət kreditor maraqlıdır ki, borclu, öhdəliklərin icra olunmaması və ya lazımınca icra olunmaması halında onun üçün əlverişli olmayan nəticələrə səbəb olma qorxusu ilə öhdəlikləri vaxtında icra etsin. Eyni zamanda, göstərilən bütün üsullar borcluya təsir səviyyəsinə və borcluya öhdəliyi lazımi şəkildə icra etdirmək məqsədinə nail olmaq metoduna görə bir-birindən fərqlənirlər. Bu səbəbdən də kreditor tərəfindən öhdəliyin icra olunması üsulu borclunun gələcək davranışından asılı olaraq seçilir. Bununla əlaqədar olaraq, öhdəliyin icra olunmasının bu və ya digər üsulunun xüsusiyyətlərini və bu üsulun konkret şəraitə tətbiq olunma imkanlarını nəzərə almaq böyük əhəmiyyət kəsb edir.
55. Beləliklə, kreditorun bu cür tədbirləri müqaviləyə əlavə etməkdə məqsədi borclunu intizamlandırmaqla, gələcəkdə müqavilənin icra olunmaması halında öz hüquqlarını səmərəli şəkildə qorumaqdan ibarətdir.
56. Digər tərəfdən bank qarantiya müqaviləsi müstəqil xarakter daşıyır və əsas öhdəlikdən aslı deyildir. Bu münasibətlərin müstəqil xarakter daşıması onun qarantın (bank və ya kredit təşkilatı) benefesiar qarşısında öhdəliyi olmasında büruzə verir. Başqa sözlə, bu müqavilədə əsas münasibətlər qarantla benefesiar arasındadır və bu müqavilənin icrası əsas öhdəlikdən deyil, müqavilənin öz şərtlərində müəyyən edilən müddəalardan aslıdır.
57. Göründüyü kimi birinci instansiya məhkəməsi, bank təminatı ilə bağlı əsaslandırmasında bank qarantiyası ilə əlaqədar müddəaları düzgün tətbiq etməmişdir. Tərəflər arasında bağlanmış müqavilədə (§ 2, bənd 14.1) “...sifarişçiyə dəyən ziyan müqavilənin yerinə yetirilməsi təminatından ödənməlidir” müddəası iddiaçının zərər tələbinin məhz təminat üsulu ilə məhdudlaşdırılması kimi təfsir edilə bilməz. Belə ki, müqavilənin təminat üsulu bank qarantiya müqaviləsi olduğundan, onun məqsədi müqavilə üzrə ziyanı tam şəkildə əhatə etmək deyil. Bu müddəanin məqsədi iddiaçının öz risklərini minimallaşdırmaq xarakteri daşıyır. Bu baxımdan, müqaviləyə görə bank təminatının məbləği (§ 2, bənd 14.1) 2 faiz həcmində olmaqla, yalnız 6200 manatla (§ 6) məhdudlaşmışdır.
58. İşin faktiki halları və qanunvericiliyin birgə təhlili onu göstərir ki, bank təminatının məqsədi öhdəliyin lazımınca icrasını təmin etməkdir və müqavilə üzrə zərərin məbləği təminatla məhdudlaşa bilməz.
59. Məhkəmə kollegiyası müqaviləyə iddiaçı tərəfindən xitam verilməməsinin hüquqi nəticələri üzrə müvafiq əsaslandırma ilə də razılaşmır (§ 15, bənd 15.9). Belə ki, tərəflər arasında alqı-satqı müqaviləsinin icrası ilə bağlı konkret müddətlər müəyyənləşdirildiyi hallarda belə, müqavilənin icrası həmin müddətdən sonra da yerinə yetirilə bilər. Buna nümunə olaraq onu demək olar ki, alıcının razılığı ilə satıcı müqavilədə müəyyənləşdirilmiş müddət keçdikdən sonra həmin müqaviləni alıcının razılığı ilə icra edə bilər (§ 31).
60. Hazırkı halda müqavilənin qüvvədə olma müddəti 09 oktyabr 2023-cü il (§ 2, bənd 14.2), malların təhvil verilmə müddəti isə 08 yanvar 2023-cü il (§ 4) kimi müəyyənləşdirilmişdir. Belə olduğu təqdirdə iddiaçı 09 oktyabr 2023-cü il tarixədək müqavilənin icrasını gözləməkdə haqlı idi. Bu baxımdan iddiaçının, müqavilənin icrasının davam etdirilməsi ilə bağlı müddəti 15 mart 2023-cü (§ 5) ilə qədər uzatması ağlabatandır. Bundan sonra iddiaçı tərəfdən artıq pretenziya məktubu verilmiş (§ 7) və müqavilənin son olaraq 30 dekabr 2023-cü il tarixinə qədər icra edilməsi xahiş olunmuşdur.
61. Göstərilənlərə baxmayaraq məhkəmə kollegiyası, iddiaçı tərəfindən zərərlə bağlı sübut təqdim edilmədiyindən, onun tələbini əsaslı hesab etmir. Belə ki, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə onu irəli sürən şəxsin üzərinə düşür və məhz iddiaçı, iddiasını əsaslandırdığı faktiki halların mövcudluğunu sübuta yetirməlidir.
62. Sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib- verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir (§ 32, 33,34).
63. Mülki-prosessual qanunvericiliyin sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair müəyyənləşdirdiyi prinsip (§ 33) baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı, cavabdehin ona 157 306 manat məbləğində ziyan vurduğunu və həmin ziyanı ödəməli olduğunu sübut edə bilməmişdir.
64. İddiaçının ona dəydiyini iddia etdiyi zərərlə bağlı iş materiallarına əlavə edilmiş sübutların bir qismi (fərdi sahibkarla işlərin görülməsi barədə) cavabdehlə bağlanan müqavilə tarixindən öncəki tarixlərə aid olduğundan, kollegiya onlara dair hər hansı dəyərləndirmə aparılmasını zəruri hesab etmir. İşdən görünür ki, yalnız bir müqavilə (§ 8) tərəflər arasında bağlanmış müqavilədən sonra imzalanmışdır, həmin müqavilə isə sadəcə iddiaçının göstərdiyi ərazidə kranla işlərin görülməsini sübut edir və özlüyündə hər hansı məbləğin tələb edilməsi üçün əsas ola bilməz.
65. İddiaçı həmçinin, zərərlə bağlı iddia tələbində 70 tonluq kranın icarəyə götürülməsi barədə 25 iyul 2023-cü il tarixli (§ 9) müqavilə üzrə çəkdiyi xərci əsas gətirmişdir.
66. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının cavabdehi 09 oktyabr 2023-cü ilə qədər gözləmək haqqı olduğu kimi də, cavabdehin də oxşar hüququ var.
67. Belə ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır.
68. Bu baxımdan kollegiya hesab edir ki, hər nə qədər cavabdeh 08 yanvar 2023-cü il tarixinə qədər malları təqdim etməsə də, 09 oktyabr 2023-cü ilə qədər müqavilə qüvvədə olduğundan iddiaçının onu gözləmək vəzifəsi var idi. Odur ki, iddiaçı zərərlə bağlı hər hansı dəlil təqdim etmədiyindən müvafiq tələbi də əsaslı hesab edilə bilməz.
69. İddiaçının “öhdəliyin icra edilməməsinə görə tətbiq olunan 154 999,99 manat məbləğində cərimənin (dəbbə pulunun) tutulması” tələbinə münasibətdə kollegiya qeyd edir ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki qanunvericiliyə görə, borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
70. İşin hallarını, xüsusilə də cavabdehin öhdəliyini gecikdirdiyi günlərin sayını və cərimə məbləğinin əsas tələbə nisbətini nəzərə alaraq kollegiya hesab edir ki, cavabdehdən tutulmalı cərimə 15 000 (on beş min) manat məbləğində müəyyənləşdirilməlidir.
71. İddiaçının ödədiyi dövlət rüsumunun 135 manat hissəsi cavabdehdən alınıb ona ödənilməli, apellyasiya şikayəti ödənilmiş rüsum məbləği isə iddiaçının özünə aid edilməlidir. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.
72. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2954/2024 saylı iş üzrə 14 avqust 2024-cü il tarixli qətnaməsi ləğv olunsun və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “ziyanın və cərimənin ödənilməsi” tələbi qismən edilsin. Cavabdeh MMC-dən 15 000 (on beş min) manat dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 135 (yüz otuz beş) manat tutulub İddiaçı MMC-nə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Apellyasiya şikayəti üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid edilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov
Hakimlər Təranə Mahmudova
Leyla Əliyeva