Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-105/2022 19.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı kommersiya mübahisəsi üzrə (açar sözlər: alqı-satqı müqaviləsi, pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Mehdiyev Emin Əlixan oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin (bundan sonra - cavabdeh) vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı1 MMC-nin (bundan sonra - iddiaçı) cavabdehə qarşı pul tələbinə dair ilk, cavabdehin iddiaçıya qarşı pul tələbi barədə qarşılıqlı iddia ərizələri ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ
1. 08 avqust 2018-ci il tarixli 025 nömrəli Malların alqı-satqısı barədə müqaviləyə görə, Satıcı (iddiaçı) tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyat hissələrinin Alıcıya (cavabdehə) satılmasını, cavabdeh tərəfindən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər.
2. 08 avqust 2018-ci il tarixli müqavilənin şərtlərinə görə: - 3.1. Bu müqavilənin mövzusunda bəhs edilən razılaşmalar üzrə alqı-satqısı həyata keçirilənədək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyat hissələrinin haqqı Satıcı tərəfindən təqdim ediləcək hesab-faktura və qaimə-fakturalar əsasında 30 təqvim günü ərzində Alıcı tərəfindən köçürmə yolu ilə Satıcıya ödənilir; - 4.1.1. Mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin Alıcı tərəfindən edilən sifariş əsasında 15 iş günü ərzində təhvil-qəbul sənədi əsasında Alıcıya təhvil vermək Satıcının vəzifəsidir; - 4.2.1. Bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrini təhvil-qəbul sənədi əsasında Satıcıdan qəbul etmək və qəbul etdiyi mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin haqqını bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş qaydada ödəyir; - 5.2. Satıcı bu müqavilədə bəhs edilən mühərrik, sənaye, sürtkü və digər avtomobil ehtiyat hissələrinin Alıcıya təhvil verilməsini üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən cəmi məbləğin 0,1%-i miqdarında Satıcıya cərimə ödəyir; - 5.4. Bu müqavilənin 5.2-5.3-cü bəndlərində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 faizindən artıq ola bilməz.
3. İşdə olan, 2018-ci il 26 oktyabr tarixli EAAN 111128 nömrəli, 2018-ci il 9 avqust tarixli EAAL 248788 nömrəli, 2019-cu il 20 iyun tarixli EAAW 070193 nömrəli, 2019-cu il 2 oktyabr tarixli EBAA 637125 nömrəli, 2019-cu il 3 oktyabr tarixli EBAA 721074 nömrəli elektron qaimələrə əsasən, iddiaçı tərəfindən müvafiq olaraq 109.046,24 manat, 80.426,51 manat, 90.516,14 manat, 10.373 manat, 59.106,68 manat olmaqla, cəmi 349.468,57 manat dəyərdə mal cavabdehə satılmışdır.
4. 2018-ci il 21 avqust tarixli 01 nömrəli, 2018-ci il 26 oktyabr tarixli 01 nömrəli, 2019-cu il 30 yanvar tarixli 01 nömrəli, 2019-cu il 29 iyul tarixli 01 nömrəli ödəniş tapşırıqlarına, 2018-ci il 17 avqust tarixli **********175865 nömrəli, 2018-ci il 10 sentyabr tarixli **********225460 nömrəli, 2019-cu il 28 yanvar tarixli **********618390 nömrəli Köçürmənin aparılması haqqında bildirişlərə görə, cavabdeh tərəfindən iddiaçının hesabına müvafiq olaraq 65.000 manat, 3.158,06 manat, 73.000 manat, 29.600 manat, 12.000,45 manat, 268 manat və 16.634,17 manat olmaqla, cəmi 204.988,68 manat pul ödənilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı ilk iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 144.479,89 (ƏDV daxil) manat əsas borcun, 7.223,99 manat cərimə pulunun və 30 manat dövlət rüsumunun, cəmi 151.733,88 manat pulun tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. Cavabdeh də iddiaçıya qarşı məhkəməyə qarşılıqlı iddia ərizəsi təqdim edərək, ilk iddianın rədd edilməsi, iddiaçıdan 204.988,68 manat və 55.550 ABŞ dolları məbləğdə pul vəsaitinin (ödənildiyi gün üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə ilə manatla), eyni zamanda 16.971,184 manat faiz borcunun və 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə ilk iddia qismən təmin edilmiş, cavabdehdən 144.479.89 (ƏDV daxil) manat əsas borcun, 3.000 manat cərimə pulunun tutularaq iddiaçıya ödənilməsi, ilk iddia üzrə ödənilmiş 30 manat məbləğdə dövlət rüsumunun 29,16 manat məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 0,84 manat məbləğinin isə iddiaçıya aid edilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi qət edilmişdir.
8. Qətnamənin əsaslarına görə, “Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, tərəflər arasında 08 avqust 2018-ci il tarixli 025 saylı Malların alqı-satqısı barədə müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı1 tərəfindən sifarişlərdə əks etdiriləcək mühərrik, sənaye, sürtkü yağları və digər avtomobil ehtiyyat hissələrinin Cavabdehnə satılmasını, Cavabdeh tərəfindən isə həmin mallar qəbul edilərək, haqqının ödənilməsini öhdələrinə götürmüşlər. İddiaçı1 tərəfindən müvafiq olaraq 109046,24 manat, 80426,51 manat, 90516,14 manat, 10373 manat, 59106,68 manat olmaqla, cəmi 349468,57 manat dəyərində mal Cavabdehnə satılmış, Cavabdeh tərəfindən İddiaçı1 hesabına müvafiq olaraq 65000 manat, 3158,06 manat, 73000 manat, 29600 manat, 12000,45 manat, 268 manat və 16634,17 manat olmaqla, cəmi 204988,68 manat pul ödənilmişdir. Cavabdeh İddiaçı1nə alqısatqı müqaviləsinə əsasən 144479,89 manat borcu qalmışdır.”
9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443, 448, 467, 600-cü maddələrinə istinadla əsaslandırmışdır.
b) Apellyasiya instansiyası məhkəməsində icraat
10. Bakı Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(103)-202/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
c) Kassasiya instansiyası məhkəməsində icraat
11. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti vermişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 2-2(102)- 395/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi qismən - 2019-cu il 2 və 3 oktyabr tarixli qaimələr üzrə yarandığı bildirilən 69.479,68 manat borc hissəsində ləğv edilərək, qalan hissədə dəyişdirilmədən saxlanılmış, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Ali Məhkəmənin qərarında göstərilmişdir: “58. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq belə qənaətə gəlir ki, SO tərəfindən alqı-satqı müqaviləsi üzrə malların alıcıya təhvil verilmədiyinə dair AM-in dəlilləri əsaslı deyildir.
59. Bununla yanaşı, məhkəmə kollegiyası bəzi elektron qaimə fakturaların müqavilənin müddəti başa çatdıqdan sonra göndərildiyinin, habelə müqavilənin tələbləri pozulmaqla tərtib olunduğunun məhkəmə tərəfindən nəzərə alınmamasına dair kassatorun dəlilləri (bax yuxarıda §§ 27-28) ilə razılaşır.
60. İşin materiallarından görünür ki (İİİ cild, i/v 44), AM-in mühasibi Sergey Qaranin 2019-cu il 30 iyul tarixində elektron poçt vasitəsilə tərəflər arasında bağlanmış müqavilənin daha bir il müddətinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir.
61. Apellyasiya instansiyası məhkəməsinin 2021-ci il 21 aprel tarixli iclasında iştirak edən SOnun nümayəndəsi və vəkili ona bu barədə verilən suala cavab olaraq “Bizə belə məktub gəlməyib” deməklə (İİİ cild, i/v 217) kifayətlənmişdir.
62. Lakin apellyasiya instansiyası məhkəməsi bununla əlaqədar araşdırma və qiymətləndirmə aparmadan belə qənaətə gəlmişdir ki, müqavilənin qüvvəsi 2019-cu il 1 avqust tarixinədək müəyyən edilmiş, müddət bitdikdən sonra tərəflərdən hər hansı biri digər tərəfə müqaviləyə xitam vermək niyyətində olması ilə əlaqədar müraciət etmədiyindən 2.2-ci bəndə əsasən müqavilənin qüvvəsi bir il uzadılmışdır.
63. Halbuki bu faktın aydınlaşdırılması işin həlli üçün mühüm əhəmiyyət kəsb edir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən görünür ki, SO tərəfindən AM-ə göndərilmiş və hazırkı mübahisənin predmetini təşkil edən ümumilikdə 5 elektron qaimədən 2-si (EBAA seriyalı 637125 saylı və EBAA seriyalı 721074 saylı elektron qaimələr) məhz 2019-cu il 2 və 3 oktyabr tarixlərində, yəni müqavilənin qüvvəsinin bitdiyi SO tərəfindən iddia olunan 2019-cu il 1 avqust tarixindən sonra göndərilmişdir.
64. Onu da qeyd etmək lazımdır ki, elə apellyasiya instansiyası məhkəməsinin özü tərəfindən müəyyən olunmuşdur ki, məhz sözügedən iki elektron qaimə istisna olmaqla AM satıcının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir.
65. Bu halın özü də SO-nun təşəbbüsü ilə müqavilənin müddətinin 2019-cu il 1 avqust tarixində bitdiyinə dəlalət edir. İstənilən halda işin materillarından bunun əksinin təsdiq olunması görünmür.
66. Bundan başqa, digər üç elektron qaimədən fərqli olaraq, sözügedən iki elektron qaimənin üzərində “Əsas” qeydinin qarşısında “müqaviləyə əsasən” qeydi yazılmış, “Əlavə qeydlər” qeydinin qarşısında isə ümumiyyətlə heç nə yazılmamışdır.
67. Bu isə həmin elektron qaimələrin yuxarıda qeyd olunanlarla yanaşı, habelə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmədiyini də təsdiq edir.
68. Ən azından, həmin Qaydaların 2.6-cı bəndinin (bax yuxarıda § 39) tələblərinə görə, elektron qaimə-faktura malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr, təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.
69. Bu o anlama gəlir ki, elektron qaimə-faktura tərtib olunarkən bu fakturanın verilməsi üçün əsas olmuş müqavilənin və ya digər sənədlərin rekvizitlərinin konkret göstərilməsi zəruridir.
70. Bu faktın özü də, yəni 3 elektron qaimədən fərqli olaraq, müqavilə müddəti bitdiyi bildirilən tarixdən sonra göndərilmiş 2 elektron qaimə üzərində konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmaması onların mötəbərliyinə əsaslı şübhələr yaradır.
71. Lakin apellyasiya instansiyası məhkəməsi işin həlli üçün mühüm əhəmiyyət kəsb edən bu halları digər hallarla qarşılıqlı əlaqədə (kompleks şəkildə) araşdırmamış, təhlil etməmiş, qiymətləndirməmiş, bununla da MPM-in 88-ci maddəsinin (bax yuxarıda § 37) tələblərini pozmuş, nəticədə kifayət qədər əsaslandırılmamış qətnamə qəbul etmişdir.
72. Digər üç elektron qaimənin müqavilənin və qanunvericiliyin tələblərinin pozulması ilə tərtib olunmasına dair dəlillərə gəldikdə isə, məhkəmə kollegiyası bununla bağlı ayrıca hüquqi qiymətləndirmə aparmağa prosessual qənaət prinsipi baxımından lüzum görmür. Belə ki, yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiya məhkəməsinin malların təhvil alınmasının öz təsdiqini tapmasına dair gəldiyi nəticə ilə məhkəmə kollegiyası müqavilə müddətində göndərilmiş digər üç elektron qaiməyə (2018-ci il 9 avqust tarixli EAAL seriyalı 248788 saylı, 2018-ci il 26 oktyabr tarixli EAAN seriyalı 111128 saylı, 2019-cu il 20 iyun tarixli EAAW seriyalı 070193 saylı elektron qaimələr) münasibətdə razılaşır.”
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin olunmasını xahiş etmişdir.
15. Şikayətin dəlillərinə görə, işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, satılması nəzərdə tutulan nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinə görə ilkin olaraq 204.988,68 manat məbləğdə pul vəsaiti iddiaçıya köçürülmə yolu ilə ödənilmişdir. Malların dəyərini təşkil edən pul vəsaitindən 55.550 ABŞ dolları isə Bank "xxxx" ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verilmişdir. Bank "xxxx" ASC-dən çıxarılan 55.550 ABŞ dollarına dair bank qəbzi mövcuddur. Eyni zamanda Bank "xxxx" ASC-nin əməkdaşları 55.550 ABŞ dollarının iddiaçıya nağd şəkildə verilməsinin şahidi olmuşlar. Bundan başqa, pulun verildiyi İman Cəfərovla WhatsApp danışıqları və yazışmaları ilə də təsdiqini tapır. Həmçinin, Bank "xxxx" ASC-dən çıxarılmış 55.550 ABŞ dollarının həmin bankda İddiaçı1 MMC-yə nağd şəkildə verilməsini Bankın müşayət kameralarından çıxarışlar etməklə də təsdiq etmək mümkündür. İddiaçı iddia tələbində də həmin pulu almış kimi hesab edib və həmin pulu bizdən tələb etmir. Lakin birinci instansiya məhkəməsinin işə qərəzli mövqeyi nəticəsində 55.550 ABŞ dollarının Bank "xxxx" ASC-dən çıxarılaraq həmin bankda nağd şəkildə verildiyinin təsdiq edilməsi üçün Bankın əməkdaşları şahid qismində dindirilmələri məqsədilə məhkəməyə dəvət edilməmişdir və ümumiyyətcə bu tələbi araşdırmamışdır. Bununla yanaşı, 55.550 ABŞ dollarının həmin bankda cavabdeh tərəfindən iddiaçıya nağd şəkildə verilməsini Bankın müşayiət kameralarından çıxarışlar etməklə təsdiq etmək mümkün olduğu halda, kameralardan çıxarışların məhkəməyə təqdim edilməsi Bank "xxxx" ASC-dən tələb edilməmişdir. Bundan başqa, tərəflər arasında bağlanmış müqavilənin 4.1.1-ci bəndinə uyğun olaraq qeyd olunan mallar satıcı tərəfindən 15 iş günü ərzində Alıcıya təhvil verilmədiyindən, SOCAR qarşısındakı öhdəliyinə görə nəqliyyat vasitələrinə aid 40.000 manat dəyərində yağ filtrlərini cavabdeh başqa mənbələrdən almaq məcburiyyətində qalmışdır. Satıcı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək satılması nəzərdə tutulan malları bu günədək alıcıya təhvil verməmişdir. İddiaçı müqavilənin 4.1.1-ci bəndinə uyğun olaraq həmin malların təhvil verildiyini təsdiq edən təhvil-qəbul sənədini məhkəməyə təqdim edə bilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5.2-ci bəndinə əsasən, satıcı nəqliyyat vasitələrinə aid müxtəlif çeşidlərdə yağ filtrlərinin alıcıya təhvil verilməsini üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq razılaşmada əks edilən məbləğin 0,1%-i miqdarında cərimə ödəməlidir. Lakin, tərəflər arasında bağlanmış müqavilənin 5.4-cü bəndinə əsasən, bu müqavilənin 5.2 - 5.3-cü bəndlərində göstərilən cərimələrin məbləği müvafiq cərimənin hesablanması üçün əsas olan məbləğin 5 faizindən artıq ola bilməz. Nəzərə alınsa ki, alıcının sifarişinə əsasən təhvil-qəbul sənədi əsasında mallar iddiaçı tərəfindən 2018-ci ilin avqust ayında təhvil verilməli idi, o halda həmin vaxtdan hazıradək keçən 2 il (730 gün) müddətində satıcı alıcıya ödəməli olduğu cərimə borcu müqavilənin 5.4-cü bəndinə uyğun olaraq 5 faizlə hesablanmaqla 16.971,184 (204.988,68 manat + 40.000 manat + 55.550 ABŞ dolları (94.435 manat) = 339.423,68 manat x 5% =16.971,18 manat) manat təşkil edir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı tərəfindən satılması nəzərdə tutulan yağ filtrləri təhvil verilmədiyindən ödənilmiş 204.988,68 manat və 55.550 ABŞ dolları, eyni zamanda 16.971,184 manat faiz borcu iddiaçıdan tutularaq cavabdehə verilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Cavabdehin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.
18. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
TƏTBİQ EDİLƏN HÜQUQ
19. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır; Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır; Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur; Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi; Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: 2.2. Elektron qaimə-fakturada aşağıdakı məlumatlar əks etdirilir: 2.2.1. elektron qaimə-fakturanın verilmə tarixi, seriyası və nömrəsi; 2.2.2. vergi ödəyicisinin və alıcının tam adı; 2.2.3. vergi ödəyicisinin və alıcının eyniləşdirmə nömrəsi (VÖEN); 2.2.4. əsas (qaimələr, qəbzlər, çeklər, müqavilələr, təhvil-təslim aktları, ödəniş sənədləri, malların alınması üçün vəkalətnamə və s.); 2.2.5. əlavə qeydlər; 2.2.6. sıra nömrəsi; 2.2.7. malın (işin, xidmətin) adı; 2.2.8. malın (işin, xidmətin) ölçü vahidi; 2.2.9. malın (işin, xidmətin) miqdarı, həcmi; 2.2.10. malın (işin, xidmətin) vahidinin buraxılış qiyməti; 2.2.11. malın (işin, xidmətin) cəmi məbləği; 2.2.12. aksizli mallarda aksizin dərəcəsi; 2.2.13. aksizli mallarda aksizin məbləği; 2.2.14. təqdim edilmiş malın (işin, xidmətin) cəmi dəyəri (ƏDV-siz); 2.2.15. ƏDV-yə cəlb edilən əməliyyatların məbləği (manatla); 2.2.16. ƏDV-yə cəlb edilməyən əməliyyatların məbləği; 2.2.17. ƏDV-yə “0” dərəcə ilə cəlb edilən əməliyyatların məbləği; 2.2.18. ƏDV-nin məbləği; 2.2.19. yekun məbləğ (rəqəmlə); 2.2.20. yekun məbləğ (yazı ilə); 2.2.21. elektron qaimə-fakturanı imza etmiş məsul şəxslərin (rəhbər və baş mühasib) vəzifəsi, soyadı, adı; 2.2.22. elektron qaimə-fakturanı alan şəxsin soyadı, adı, atasının adı; 2.2.23. ştrix-kod; 2.6. Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır; 3.3. Vergi ödəyicisi tərəfindən malın (işin, xidmətin) alıcısına elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilən vaxt verilir; 3.9. ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.
21. MPM-in: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə və ya qərardadda qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir; Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.”
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi tələb edilsə də, Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli qərarı qəbul edilən andan qüvvəyə mindiyindən, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi də həmin andan, ilk iddia qismən və qarşılıqlı iddia tam rədd edilən hissələrdə qüvvəyə mindiyi üçün, hazırkı apellyasiya araşdırmasının predmetini yalnız ilk iddia qismən təmin edilən hissə təşkil etməklə, məhkəmə aktı da eyni hissədə yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
24. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar birinci instansiya məhkəməsi tərəfindən sübut olunmamış, iş üzrə mövcud olan faktlar qətnamədə qeyrimötəbər sübutlarla təsdiq edilmişdir.
25. Belə ki, işdən görünür ki, cavabdehin mühasibi S.Qaranin 2019-cu il 30 iyul tarixdə elektron poçt vasitəsilə tərəflər arasında bağlanmış müqavilənin daha bir il müddətinə uzadılmayacağı barədə xəbərdarlıq etmişdir. İddiaçı tərəfindən cavabdehə göndərilmiş və hazırkı mübahisənin predmetini təşkil edən ümumilikdə 5 elektron qaimədən 2-si (EBAA 637125 və EBAA 721074 nömrəli elektron qaimələr) məhz 2019-cu il 2 və 3 oktyabr tarixlərində, yəni müqavilənin qüvvəsinin bitdiyi 2019-cu il 1 avqust tarixindən sonra göndərilmişdir. Məhz sözügedən iki elektron qaimə istisna olmaqla, cavabdeh iddiaçının göndərdiyi digər üç elektron qaimə üzrə qismən ödənişlər etməklə həmin qaimələr üzrə malları təhvil aldığını təsdiq etmişdir. Bu halın özü də iddiaçının təşəbbüsü ilə müqavilənin müddətinin 2019-cu il 1 avqust tarixində bitdiyinə dəlalət edir, iş materillarından isə bunun əksi görünmür.
26. Bundan başqa, digər üç elektron qaimədən fərqli olaraq, sözügedən iki elektron qaimənin üzərində “Əsas” qeydinin qarşısında “müqaviləyə əsasən” qeydi yazılmış, “Əlavə qeydlər” qeydinin qarşısında isə ümumiyyətlə heç nə yazılmamışdır. Bu isə həmin elektron qaimələrin yuxarıda qeyd olunanlarla yanaşı, habelə həmin vaxt qüvvədə olan “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın tələblərinə uyğun tərtib edilmədiyini də təsdiq edir. Həmin Qaydaların 2.6-cı bəndinin tələblərinə görə, elektron qaimə-faktura malların alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr, təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır. Bu da o anlama gəlir ki, elektron qaimə-faktura tərtib olunarkən bu fakturanın verilməsi üçün əsas olmuş müqavilənin və ya digər sənədlərin rekvizitlərinin konkret göstərilməsi zəruridir.
27. Bu faktın özü, yəni 3 elektron qaimədən fərqli olaraq müqavilə müddəti bitəndən sonra göndərilmiş 2 elektron qaimə üzərində konkret müqaviləyə və ya digər müvafiq sənədlərə istinad olunmaması onların mötəbərliyinə əsaslı şübhələr yaradır.
28. Bu mənada, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayəti ilə qismən razılaşaraq, hesab edir ki, ilk iddia EBAA 637125 (ƏDV daxil 10.373 manat) və EBAA 721074 (ƏDV daxil 59.106,68 manat) nömrəli elektron qaimələrə dair (cəmi 69.479,68 manat) hissədə də, mötəbər sübutlarla təsdiq edilmədiyi üçün, rədd olunmalı idi.
29. Beləliklə, hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ilk iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə EBAA 637125 və EBAA 721074 nömrəli elektron qaimələrə dair hissədə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin yoxlanılan hissədə ləğvinə əsas verir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməli və eyni hissədə iddia müzakirə olunan qaydada qismən təmin edilməli, apellyasiya şikayəti qismən təmin edilməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1772/2020 nömrəli iş üzrə 22 oktyabr 2020-ci il tarixli qətnaməsi yoxlanılan - Cavabdeh MMC-dən 144.479,89 (ƏDV daxil) manat əsas borc ... tutularaq İddiaçı1 MMC-yə ödənilsin.” - hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin və eyni hissədə iddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 75.000,21 manat (yetmiş beş min manat iyirmi bir qəpik) məbləğdə əsas borc tutularaq İddiaçı1 MMC-yə ödənilsin. İlk iddia əsas borca dair qalan hissədə təmin edilməsin. Cavabdehin apellyasiya şikayəti qismən təmin edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Emin Mehdiyev Aytən Oruczadə