Məhkəmə qərarları › İş №2-2(103)-1051/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1051/2024

17.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1051/2024 17.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X4 və X1 ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7072/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əmlakın geri qaytarılması və dəymiş zərərin ödənilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-7072/2024 saylı qərardadı ilə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, şübhəsiz ki, iddiaçı müqavilədən əmələ gələn iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi bir sıra hallarda iddiaçının seçiminə görə ərazi aidiyyətinin müəyyənləşdirilməsinə icazə verir. İddiaçı isə öz seçim səlahiyyətindən istifadə edərək, iddianı cavabdehin yaşadığı yerə görə yox, müqavilənin icra yerinə görə vermişdir. Qeyd edək ki, müvafiq müqavilənin icra yeri Bakı şəhəri Səbail rayonu ərazisində olmuşdur. Belə olan halda ərazi aidiyyəti ilə bağlı iddiaçının seçim haqqının olması mübahisəsizdir. Bundan əlavə bildirir ki, iddiaçı müvafiq məhkəmə işi üzrə ərazi aidiyyətini seçilməsi zamanı səlahiyyətindən elə formada istifadə etmişdir ki, bu, məhkəmə tərəfindən müvafiq iş üzrə aparılacaq araşdırmanın daha optimal şəraitdə, daha düzgün həyata keçirilməsinə, o cümlədən tam, obyektiv, hərtərəfli araşdırmaya əsaslanan ədalətli məhkəmə qərarının qəbul edilməsinə şərait yaradır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.11-ci maddəsinə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İddiaçı MMC həmin qərardaddan şikayət vermiş, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələblərinə görə isə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Eyni zamanda Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”nın təsdiq edilməsi barədə 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarına əsasən Sumqayıt şəhəri Sumqayıt Şəhər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. Göründüyü kimi hazırki iddia ərazi aidiyyatı üzrə düzgün verilməmişdir. Şikayətdə göstərilən dəlillər isə əsassızdır. Belə ki, iddiaçı iddia ərizəsində İddiaçı MMC ilə X5 arasında bağlanılmış xx.xx.2023-cü il tarixli, K-10/23 saylı əmlak kirayəsi müqaviləsinə görə “Gilavar Kafesi” konteyneri cavabdehin müvəqqəti istifadəsinə verildiyini və cavabdeh tərəfindən həmin müqavilədən irəli gələn öhdəliklərin icra edilmədiyini qeyd etmişdir. Göründüyü kimi, tərəflər arasında yaranan münasibətlər əşya hüquq münasibətləri (mülkiyyət hüquq münasibətləri və ya məhdud əşya hüquq münasibətləri) deyil, müqavilədən əmələ gələn öhdəlik hüquq münasibətləridir (borclu şəxsin hərəkətlər etməsi, pul ödənilməsi, iş görülməsi, xidmətlər göstərilməsi və s). Başqa sözlə, hazırkı iddia tələbi daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında deyil, tərəflər arasında bağlanmış xx.xx.2023-cü tarixli kirayəsi müqaviləsindən əmələ gələn öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Bu baxımdan məhkəmənin qənaətinə əsasən hazırkı iddia tələbi üzrə müstəsna aidiyyət qaydaları tətbiq edilə bilməz və mübahisəyə cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsi tərəfindən baxılmalıdır. Həmçinin əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verilmiş əmlak daşınar əşyadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.4-cü maddəsinə əsasən torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.5-ci maddəsinə əsasən daşınmaz əşyalara aid edilə bilməyən bütün əşyalar daşınar əşyalar sayılır. Qanunvericiliyin tələbindən göründüyü kimi, konteyner tipli kafe daşınmaz əşyalara deyil, daşınar əşyada aiddir. Belə olan halda da, məhkəmə hesab edir ki, hazırkı mübahisə əşya hüquq münasibətlərindən irəli gəlmiş olsa da, müstəsna aidiyyət qaydalarının tətbiq edilməsi yolverilməzdir. İddiaçı şikayət ərizəsində MPM-in 36.11-ci maddəsinə istinad etsə də, həmin maddədə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddiaların müqavilənin icra yerinə görə də verilə bilməsi göstərilir. xx.xx.2023-cü il tarixli, K-10/23 saylı əmlak kirayəsi müqaviləsində isə icra yeri göstərilməmiş, bununla bağlı müddəalar müqavilədə öz əksini tapmamışdır. Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsində isə təsbit olunmuşdur ki, iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddia ərizəsinin geri qaytarılması nəticəsinə gəlmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7072/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar