Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1052/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, İddiaçı MMC-nin vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə pul tələbinə dair Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1297/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış 28.07.2020-ci il tarixli SSA/020/07002 nömrəli “Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatı”nın hazırlanması üzrə müqavilə üzrə görülmüş işlərin tam dəyərinin, yəni 5.400 manat müqavilə ödənişinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 2.700 manat məbləğdə pulun iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamənin əsaslarına görə, “Məhkəmənin qənaətinə əsasən proqram təminatının təhvil verilməsi ilə bağlı müqavilə müddəaları həyata keçirilsə də, şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməmişdir. İddiaçı cavabdehin müqavilə üzrə tələblərinə, istəklərinə etinasız yanaşmışdır. İddiaçı razılaşmada nəzərdə tutulan modulları təqdim etsə də, həmin modulların ikisi üzrə cavabdehi qane etməyən müəyyən məqamlar olmuşdur. Onlardan biri üzrə məsələ həllini tapmış, lakin digəri üzrə cavabdehin həmin modulla bağlı istəkləri icra olunmamışdır. İddiaçı bunu müharibə zamanı bütün müştərilərdə daxili serverə keçməklə bağlı problemlərlə bağlı müştərilərin əlavə istəklərinin icrasına vaxt ayıra bilmədikləri ilə izah etmişdir. Sonradan cavabdeh tərəf müqaviləyə xitam verdiklərini bəyan etmiş və iddiaçının gördüyü işə görə heç bir vəsait ödəməmişdir. Daha sonra iddiaçı birtərəfli qaydada proqrama girişi dayandırmış və cavabdeh həmin proqram təminatından istifadə edə bilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, işin halları nəzərə alınmaqla, şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilmədiyindən, cavabdehdən iddiaçının xeyrinə 2700 manat məbləğində (5400 manat məbləğin yarısı) pul tutulmalıdır.” Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə qətnaməni qəbul edərkən sonrakı xüsusatlara diqqət yetirməmişdir: 1. bütün məhkəmə proseslərində proqram təminatının tam təhvil verilmədiyi və 10 moduldan ibarət proqram təminatından sadəcə 8 modulun işləməsi və 2 modulda olan texniki nasazlığı düzəltmək istəyi müqavilədən imtina etməsinə gətirib çıxarmışdır; Müqavilə üzrə nəzərdə tutulan proqram təminatı tam yox qismən cavabdehin istifadəsinə verilmişdir və bu məhkəmə prosesində sübuta yertirilmişdir; iddiaçı tərəfindən proqram təminatına giriş məhdudlaşdırılmışdır; iddiaçı tərəfdən cavabdehə müqavilədə nəzərdə tutulan pulun verilməsi ilə bağlı hər hansı elektron-qaimə göndərilməmişdir; Müqavilədə nəzərdə tutulan təhvil-təslim aktı iddiaçının işi tam təhvil verməməsi ucbatından tərtib edilərək imzalanmamışdır. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat verərək, iddiaçı hər bir halda zəhmət çəkdiyi və bu baxımdan halallıq üçün cavabdehin ona 450-500 manat ödəməyə hazır olduğunu bildirmiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər qismən əsaslıdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin ləğv edilərək, iddianın rədd olunması xahiş edilsə də, iddiaçı iddianın qismən təmin olunması ilə razılaşaraq apellyasiya şikayəti vermədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi rədd olunan hissədə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə iddia təmin olunan hissədə apellyasiya şikayətinin dəlilləri həddə yoxlanılmalıdır. İşdən müəyyən edilir ki, iddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında 28.07.2020-ci il tarixdə SSA/020/07002 nömrəli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən satıcı alıcının “Medi Grand tibb mərkəzi” üçün Medhis adlı xəstəxana informasiya sistemi proqram təminatını satır, alıcı isə bu proqram təminatı üçün satıcıya 5.400 manat məbləğdə pul vəsaitinin 12 ay ərzində ödənilməsini öz öhdəsinə götürür. Proqram təminatına daxil olan Medhis modulları: 1) qeydiyyat; 2) kassa; 3) personalın idarə edilməsi; 4) komissiyon mükafatlar; 5) nəticələr; 6) xidmətlərin idarə edilməsi; 7) mühasibatlıq; 8) sığorta; 9) laboratoriya - inteqrasiyasız; 10) radiologiya təşkil edir. Müqavilənin 1.1.1-ci və 1.2.1-ci bəndlərində satıcı siyahı üzrə bütün modulları alıcıya 15.08.2020-ci il tarixdə təhvil verir. Müqavilənin 1.1.4-cü və 1.2.4-cü bəndlərində satıcı satış məbləğini 12 ay (sentyabr 2020 avqust 2021) hər ay 450 manat olmaq üzrə alıcıdan qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 752.1-ci maddəsinə görə, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, Müqavilə satış haqqında Müqavilə adlansa da, tərəflər arasında podrat müqaviləsinə xas mülki hüquq münasibətləri mövcud olmuş və tərəflər öz üzərinə həmin münasibətlərdən irəli gələn öhdəliklər götürmüşlər. Cavabdehin apellyasiya şikayətinin dəlillərindən biri də ondan ibarətdir ki, tərəflər arasında təhvil-təslim aktı yoxdur, ona görə də iş təhvil verilməmiş sayılmalıdır. Belə ki, Müqavilənin 1.1.1-ci bəndinə əsasən satıcı bu müqavilənin predmetinə uyğun olaraq siyahı üzrə bütün modulları alıcıya 15.08.2020 tarixində təhvil verir. Təhvil verilməyə: alıcının məsul şəxs və ya şəxslərinə proqramın tam işlək olduğunu təqdim etmək - alıcının məsul şəxs və ya şəxsləri ilə birlikdə test etmək – alıcıya test etməsi üçün bir ay möhlət verilmək daxildir. Proqramın test rejimində işləməsini tərəflər mübahisələndirmir. Cavabdeh bildirir ki, işlər görülsə də, 10 moduldan ikisində, qeydiyyat və laboratoriya modulunda problemlər olmuşdur. Məhkəmə kollegiyasının qənaətinə görə, proqram təminatının təhvil verilməsi ilə bağlı müqavilə müddəaları qismən yerinə yetirilsə də, şərtləşdirilmiş öhdəliyin icrası tam həcmdə həyata keçirilməmiş, iddiaçı razılaşmada nəzərdə tutulan modulları təqdim etsə də, həmin modulların ikisi öz funksiyalarına uyğun işlək vəziyyətdə olmamış və bu səbəbdən iki modulda problemlər meydana çıxmışdır. Cavabdeh iddiaçının gördüyü işə görə muzd ödəmədiyi üçün iddiaçı birtərəfli qaydada proqrama girişi dayandırmış və cavabdeh həmin proqram təminatından istifadə edə bilməmişdir. Göründüyü kimi, Müqavilə ilə bütün modulların işlək vəziyyətdə 15.08.2020 tarixdə alıcıya təhvil verilməsi nəzərdə tutulsa da, bu baş verməmiş, başqa sözlə, iddiaçı podrat müqaviləsində nəzərdə tutulan işi icra etməmiş, cavabdehin isə razılaşdırılmış muzdu ödəmək öhdəliyi yaranmamışdır. Bu baxımdan, işin bu hallarına düzgün hüquqi qiymət verən birinci instansiya məhkəməsinin iddianı niyə məhz 2.700 manat hissədə təmin etməsi məhkəmə kollegiyası üçün anlaşılmazdır. Odur ki, cavabdeh 450-500 manat ödəməyə hazır olduğunu bildirdiyi üçün iddia yalnız həmin hissədə təmin edilməlidir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə qismən təsdiq olunur, cavabdehin iddia tələbi ilə qismən razılaşması qətnamənin iddia təmin olunan hissədə dəyişdirilməsinə əsas verir (MPM-in 385.1.4 və 390-cı maddələri). Bununla bağlı olaraq, qətnamə həmin hissədə müzakirə olunan qaydada dəyişdirilməli (MPM-in 384.0.3-cü maddəsi), apellyasiya şikayəti qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1297/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilsin. Qətnamənin nəticə hissəsində “2.700 manat” sözləri “500 manat” sözləri ilə əvəz edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1052/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1052/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver