Məhkəmə qərarları › İş №2-2(103)-1053/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1053/2021

11.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1053/2021 11.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili və nümayəndəsi X1 iştirakı ilə İddiaçı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-661/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə ödənilməli olan 6.112,8 manat ƏDV ödənişinin və 30 manat dövlət rüsumunun, cəmi 6.112,8 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, məhkəmə cavabdehin etirazında iddia tələbini qəbul etmədiyini, iddiaçının iddia tələbini sübut edəcək heç bir sübut əlavə etmədiyini, təqdim edilmiş 1 nömrəli hesab fakturanın vergi xidmətində təsdiq edilmədiyini, orada göstərilən malların haradan alınması, alınan zaman ƏDV ödənilib-ödənilməməsi barədə, eyni zamanda həmin malların keyfiyyətli olması barədə sənəd əlavə etmədiyini, 40.072,80 manat dəyərdə materialı şirkətə təhvil vermədiyini və bu barədə 24.10.2019-cu il tarixli Təhvil-təslim aktının cavabdeh tərəfindən təsdiq edilmədiyini, 6.000 manat dəyərdə mərmərlərin zay aşkar olunmasını göstərsə də, bunların heç birini araşdırmamış və qiymət verməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, satıcı iddiaçı ilə alıcı cavabdeh arasında 23.10.2019-cu il tarixli 2/19 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, alıcı alınacaq malları sifariş verib satıcıya razılaşdırılmış məbləği ödəməyi, satıcı isə alıcının müəyyən etdiyi qaydada malları satmağı öhdəsinə götürmüşlər. 24.10.2019-cu il tarixli EBAB 615277 nömrəli elektron qaiməyə görə, iddiaçı tərəfindən cavabdehə müqaviləyə əsasən (33.960 manat və ƏDV 6.112,80 manat) 40.072,80 manat məbləğin ödənilməsi barədə elektron qaimə təqdim edilmiş, həmin qaimə təsdiqlənmişdir. İddiaçının "xxxx" ASC-də olan hesabından çıxarışdan görünür ki, cavabdeh tərəfindən 25.10.2019-cu il tarixdə iddiaçının hesabına 615277 nömrəli elektron qaiməyə əsasən 33.960 manat vəsait ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1-ci maddəsinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 71-1-ci maddəsinə görə, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir; 153-cü maddəsinə əsasən, əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir; 176.1-ci maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən təhvil aldığı malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, tam icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya qalan borcunu ödəməlidir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh iddiaçı ilə onun arasında alqı-satqı müqaviləsinin bağlandığını, həmin müqaviləyə istinad edən elektron qaiməyə əsasən əsas borc məbləğini ödədiyini mübahisə etmir. Başqa sözlə, mübahisəli borcun yaranması və məbləği alqı-satqı müqaviləsi, elektron qaimə və elektron qaimə verildikdən sonra 1 gün sonra əsas borc məbləğinin ödənilməsi ilə təsdiqini tapır, hazırkı iddia tələbi də əsas borc məbləğinə hesablanan ƏDV məbləği ilə bağlıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-661/2021 nömrəli iş üzrə 25 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar