Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1056/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, iddiaçı Türkiyə Respublikasının “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-595/2021 nömrəli qətnaməsindən (hakim Zeynəb Axundova) cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Türkiyə Respublikasının “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 43938 ABŞ dolları əsas, 3000 ABŞ dolları zərər, ümumilikdə 46938 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti 11.04.2018-ci il tarixdən inşaat sahəsində havalandırma (soyutma və isitmə) sistemlərinin satışı ilə məşğul olmaqla, sahibkarlıq fəaliyyəti ilə məşğul olur. “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti 2019-cu ilin yay aylarında Cavabdehnə ümumi dəyəri olan 67650 ABŞ dolları məbləğində məhsullar göndərmişdir. Cavabdeh həmin məbləğdən 23712 ABŞ dolları ödəmişdir. Hazırda cavabdehin iddiaçıya 43938 ABŞ dolları borcu qalmışdır. Dəfələrlə cavabdehdən bizə olan borcun ödənilməsini tələb etsək də, o, hər dəfə müxtəlif bəhanələr gətirməklə bizə olan 43938 ABŞ dolları borcunu ödəməmişdir. Cavabdehə 43938 ABŞ dolları borcun 3 iş günü müddətinə ödənilməsinə dair müraciətin 26.10.2020-ci il tarixdə rəsmi qaydada təqdim edilməsinə baxmayaraq, cavabdeh borcunun ödənilməsinə dair hər hansı bir məlumat verməmişdir. Cavabdehlə 11.03.2019 və 24.06.2019-cu il tarixlərdə satış müqaviləsi olmuşdur. Hazırda Cavabdeh MMC-dən 43938 ABŞ dolları borc başqa qaydada alına bilmədiyindən məhkəməyə müraciət edilmişdir. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-595/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdehndən 43938 ABŞ dolları məbləğində pulun manatın ödəniş gününə məzənnə nisbəti ilə və ödənilmiş dövlət rüsumuna görə 28 manat məbləğində pulun “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti ilə Cavabdeh MMC bağlanmış 11.03.2019-cu il tarixli satış sözləşməsi əsasında satılmış malların bir çoxu istifadəyə yararsız vəziyyətdə olmuşdur. Həmin malların istifadəyə yararlılığının müəyyən edilməsi məqsədi ilə müvafiq ekspertizanın təyin edilməsi zərurət təşkil edir. Həmin malların yarasız vəziyyətdə olması səbəbindən Cavabdeh MMC tərəfindən alınmış mallara görə müvafiq ödəniş edilməmişdir. Keçiriləcək ekspertizadan sonra alğı-satqı predmeti malların yararlılığına münasibətdə ödənişlərin edilməsi mümkün olardı. Birinci instansiya məhkəməsi tərəfindən kommersiya işinə baxılan zaman iş üzrə Cavabdeh MMC-nin səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmişdir. 08.04.2021-ci il tarixdə cavabdehin nümayəndəsi və vəkili tərəfindən Bakı Kommersiya Məhkəməsinə AZEMİS vasitəsi ilə Ərizə ünvanlanaraq iş materialları ilə tanış olmağı və iddia tələbinə etiraz və mülahizə təqdim etmək üçün 08.04.2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Lakin ünvanlanmış ərizə məhkəmə tərəfindən nəzərə alınmamış və məhkəmə iclası çəkişmə prinsipinin tələbləri pozulmaqla cavabdeh tərəfin iştirakı təmin edilmədən keçirilmişdir. Təbii olaraq məhkəmə iş üzrə qətnamə qəbul edən zaman bir tərəfli qaydada işi araşdırmış və yalnız iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında qətnamə qəbul etmişdir. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, guya Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi xəbərdarlıq edilmişdir. Bəli, məhkəmə cavabdehə iclas barədə lazımi xəbərdarlıq edib. Amma nə hikmətdirsə məhkəmə cavabdeh tərəfindən ona ünvanlanmış kommersiya işinin təxirə salınmasına dair Ərizənin hansı səbəblərdən nəzərə alınmamasını öz qətnaməsində qeyd etməmişdir. İşə apelyasiya qaydasında baxılması 29.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsinin elektron kabinetinə məhkəmə iclasının vaxtı və yeri barədə bildiriş yerləşdirilsə də, iclasda hər hansı üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPMnin 376.2-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-595/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə qəbul edilmiş qətnamə iddianın təmin edildiyi hissədə mübahisələndirildiyindən məhkəmə qətnaməni həmin hissədə yoxlayaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassızdır. İş materiallarından görünür ki, Cavabdeh ilə “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti arasında bağlanmış 11.03.2019-cu il tarixli müqaviləyə əsasən 55712,57 ABŞ dolları dəyərində malın “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilməsi nəzərdə tutulmuşdur. Tərəflər arasında bağlanmış 24.06.2019-cu il tarixli müqaviləyə əsasən 11884 ABŞ dolları dəyərində malın “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkəti tərəfindən Cavabdeh MMC-yə göndərilməsi nəzərdə tutulmuşdur. 21.06.2019-cu il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh MMC tərəfindən “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin hesabına 23712 ABŞ dolları məbləğində vəsait köçürülmüşdür. 43938 ABŞ dolları dəyərində mallın dəyərinin ödənilməsi bağlı cavabdehə 2019-cu ildə hesab fakturalar göndərilmiş, lakin malların dəyərinin ödənildiyi cavabdeh tərəfindən sübut edilməmişdir. “X2 İnşaat Sanayi ve Ticaret” Anonim Şirkətinin nümayəndəsi tərəfindən Cavabdehnə ünvanlanmış 26.10.2020-ci il tarixli pretenziya məktubundan görünür ki, 43938 ABŞ dolları borcun üç iş günü müddətində ödənilməsi xahiş edilmişdir. Məhkəmə işdəki sübutlar əsasında iddianın əsas borcla bağlı hissədə əsaslı olduğuna dair nəticəyə gəlmiş, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 425.1, 425.2, 448.1-ci maddələrinə istinad edərək iddianı əsas borc hissəsində təmin etmişdir. İddiaçı tərəf xarici hüquqi şəxs olsa da iddia ərizəsinin hüquqi əsası kimi, Azərbaycan Respublikası qanunvericiliyinə istinad etdiyindən, cavabdeh tərəf apelyasiya şikayətində buna etiraz etmədiyindən məhkəmə kollegiyası hesab edir ki, işə Azərbaycan qanunvericiliyi tətbiq edilməklə baxılması qanuni və əsaslıdır. Cavabdehin apelyasiya şikayətinin dəlillərindən biri bundan ibarətdir ki, məhkəmə prosessual pozuntuya yol verərək cavabdehin iştirakını təmin etmək üçün zəruri tədbirlər görməmişdir. Apelyasiya şikayətinin bu dəlili əsassızdır. Müəyyən edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin hüquqi ünvanına (eyni zamanda iddiaçı ilə bağlanmış müqavilələrdə qeyd edilmiş ünvana) göndərilmiş məhkəmə bildirişləri həmin ünvanda fəaliyyət göstərmədiyinə görə çatmamışdır. İddiaçı tərəfindən göndərilmiş malların yararsız olması ilə bağlı apelyasiya şikayətində qeyd edilmiş dəlillə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 589.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Məcəllənin 589.2-ci maddəsinə əsasən əgər əşya üçün qarantiya və ya yararlılıq müddəti müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın alıcıya verildiyi gündən iki il ərzində və ya alğı-satqı müqaviləsi ilə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Cavabdeh qeyd edilən normaların tələblərinə əsasən alınmış mallardakı qüsurlarla bağlı qarşı tərəfə pretenziya irəli sürməmiş, bu qüsurların nədən ibarət olması, qüsurlu malların dəyəri barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh tərəfindən iddiaya etirazın əsasları ilə bağlı hər hansı sübut təqdim edilmədiyindən apelyasiya şikayəti əsassız hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-595/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 08.04.2021-ci il tarixli e-2-2(113)-595/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1056/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1056/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver