Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1056/2024 23.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X4 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4329/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı iddia ərizəsi ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 2000 manat sığorta ödənişinin və ödənilmiş 42 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3663/2024 nömrəli qərardadı ilə işin baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi qərara alınmış, iş materialları xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4329/2024 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Aqrar Sığorta Fonduna qarşı “sığorta müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iş üzrə icraata xitam verilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya qaytarılması qərara alınmış, iddiaçıya eyni tələblə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilmişdir. Həmin qərardaddan iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə şikayət ünvanlayaraq, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-4329/2024 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsinin icraata qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, şikayətin Aqrar Sığorta Fondunun hüquqi statusu ilə bağlı dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, dövlət orqanı və inzibati orqan eyni mənaları ifadə edən terminlər deyildir. Belə ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən, dövlət orqan Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan struktura malik olan dövlət təsisatıdır. Lakin inzibati orqanın anlayışı “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsində ifadə olunmuş, həmin anlayışa görə, inzibati orqan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın V hissəsinə əsasən, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibati orqan hesab edilir. Bu mənada məhkəmə hesab edir ki, Aqrar Sığorta Fondu dövlət orqanı olmasa da, inzibati orqan hesab olunur. Belə ki, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 8.1 və 8.2-ci maddələrinə əsasən, aqrar sığorta orqanı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır. Aqrar sığorta orqanı nizamnaməsi ilə müəyyən edilən qaydada aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını təmin etmək məqsədi ilə fəaliyyət göstərir, habelə idarəedici qurumun fəaliyyətinə nəzarəti həyata keçirir, idarəedici qurum ləğv edildikdə yenisinin formalaşdırılmasını təmin edir. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, sığorta qaydalarına uyğun olaraq, sığorta ödənişinin verilməsi üçün tələb olunan bütün sənədlər təqdim edildikdən sonra aqrar sığorta orqanı 7 iş günü ərzində sığorta ödənişinin tam və ya qismən verilməsi və ya ödənişin verilməsindən imtina barədə qərar qəbul edir və bu barədə aqrar sığortalıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş qaydada rəsmi məlumat verir. Həmin Qanunun 17.4-cü maddəsinə əsasən, sığortalı ödənişin tam və ya qismən verilməsindən imtina barədə qərardan inzibati qaydada və məhkəmə qaydasında şikayət verə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 oktyabr tarixli 431 nömrəli Qərarı ilə təsdiq edilmiş “Aqrar sığorta Qaydaları”nın 1.25-ci hissəsinə əsasən, sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrə tərəflərin qarşılıqlı razılığı ilə həll olunması üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq fəaliyyət göstərən və Fond daxilində yaradılan Apelyasiya Şurası tərəfindən baxılır. Sığorta müqaviləsinin icrasından irəli gələn mübahisələrin həllində tərəflər arasında qarşılıqlı razılığın əldə olunması mümkün olmadıqda, mübahisələr məhkəmə qaydasında həll edilir. Qeyd edilməlidir ki, aqrar sığorta haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydaya görə aqrar sığorta orqanı kimi cavabdehin sığorta ödənişinin verilməsi və ya bundan imtina olunması barədə qərarından inzibati orqana və ya məhkəməyə müraciət hüququ müəyyənləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, şikayət və ya iddia inzibati icraat və inzibati məhkəmə icraatı çərçivəsində həll edilməlidir. Təsadüfi deyildir ki, cavabdeh də iddiaçıya ünvanladığı 09 fevral 2024-cü il tarixli məktubda sığorta ödənişlərinin verilməsindən imtina barədə qərardan “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 17.4-cü və “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci maddələrinə əsasən, qərar qüvvəyə mindiyi gündən 30 gün müddətində inzibati qaydada Fondun Apelyasiya Şurasına və ya məhkəməyə şikayət vermək hüququnu izah etmişdir. Göründüyü kimi, şikayətin dəlillərinin əksinə, adıçəkilən qərardan Maliyyə Nazirliyinə deyil, Fondun Apelyasiya Şurasına inzibati qaydada şikayət verilməsi hüququ təsbit edilmişdir. Digər tərəfdən, iş materiallarından göründüyü kimi, mübahisə sığorta ödənişinin verilməsindən imtina olunması barədə cavabdehin qərarı ilə bağlıdır. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin maddədə sadalan əlamətlərinə görə inzibati akt: - İnzibat orqan tərəfindən qəbul edilməli; - Ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi güdməli; - Hüquqi və ya fiziki şəxslərə ünvanlanmalı; - Həmin şəxslər üçün müəyyən hüquqi nəticələr yaratmalı; - Qərar, sərəncam və ya digər formada ifadə olunmalı; - Mahiyyəti etibarilə hakimiyyət xarakterli tədbir olmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisələndirilən qərarı “İnzibati icraat haqqında” Qanunun tələbləri baxımından sadalanan əlamətlərin hamısına malik olduğundan, cavabdehin faktiki hərəkəti deyil, publik hüquq sferasında qəbul etdiyi və iddiaçı üçün hüquqi nəticə doğuran inzibati aktıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 5.1-ci maddəsinə əsasən, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə məhz inzibati hüquq münasibətlərində qəbul edilmiş inzibati aktın qanunsuz hesab edilməsi ilə bağlı olduğundan inzibati mübahisədir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 261.0.1, 262.1 və 262.4-cü maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hazırkı işə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməsi nəticəsinə gəlmişdir. Ona görə də, şikayətdə göstərilən dəlillər əsassız hesab edilməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-4329/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-1056/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1056/2024
23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver