Məhkəmə qərarları › İş №2-2(103)-1057/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1057/2021

27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1057/2021 27.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlunun, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı müqavilə üzrə borcun və ödənişin gecikdirilməsinə görə faizin tutulmasına dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)-522/2021 saylı qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək cavabdehdən əsas vəsait 11855 manat və hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 1185 manat olmaqla ümumilikdə 13040 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 19.11.2016cı il tarixdə 50 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən cavabdehin sifarişinə əsasən iddiaçı satıcıya yemək satmağı və təchiz etməyi, cavabdeh isə öz növbəsində bu müqavilənin müvafiq maddələrinin müddəalarına əsasən iddiaçıya yeməklərin (ərzaqların) dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən iddiaçı tərəfindən elektron qaimələr əsasında (06.09.2018-ci il tarixdə elektron qaimə EAAL 866063-məbləğ 5902 manat-qalıq 5602, 12.09.2018-ci il tarixdə elektron qaimə EAAM 050773-məbləğ 5335 manat, 08.10.2018-ci il tarixdə elektron qaimə EAAM 680482-məbləğ 918 manat) ümumi olaraq 11855 manat məbləğində xidmət göstərilmişdir. Həmin 11855 manat vəsait cavabdeh tərəfindən bu günki günə kimi iddiaçıya ödənilməmişdir. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)-522/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilənin qüvvədə olduğu müddət ərzində müqavilənin şərtlərinə əsasən yeməklər gündəlik qaimə əsasında təchiz edilmiş və ödənişlər həmin qaimələr əsasında tərtib edilmiş hesab üzrə həyata keçirilmişdir. 21 fevral 2019-cu il tarixində İddiaçı MMC Cavabdeh MMC-yə məktubla müraciət edərək, 2018-ci ilin iyul, avqust və sentyabr ayları üçün 06.09.2018-ci il tarixli EAAL 866063 nömrəli 5902 manat məbləğində, 12.09.2018-ci il tarixli EAAM 050773 nömrəli 5335 manat məbləğində və 08.10.2018-ci il tarixli EAAM 680482 nömrəli 918 manat məbləğində elektron qaimələr üzrə ümumi olaraq 11855 manat xidmət haqqının ödənilməsini tələb etmişdir. Həmin məktuba cavabdeh tərəfindən, 12.11.2019-cu il tarixində cavab olaraq, müqavilə şərtlərinə uyğun həmin aylar üzrə xidmətlərin təhvilinə dair hər iki tərəflə imzalanmış təhvil aktlarının təqdim olunması xahiş edilmişdir. Lakin iddiaçı qeyd edilən məktubdakı tələbi icra etməyərək, 2020-ci ildə məhkəməyə müraciət etmişdir. Qanun normalarına və müqavilə şərtlərinə əsasən ödəniş yalnız təhvil alınmış yeməklər üçün həyata keçirilməlidir və yeməklərin təhvil alınması faktı gündəlik qaimələrlə təsdiq edilməlidir. Burada alıcının ödəniş öhdəliyi müqaviləyə uyğun olaraq, satıcının yeməklərin verilməsi öhdəliklərinin icra etməsi ilə şərtləndirilib, yəni qarşılıqlı icra əmələ gəlir. Məhz buna görə də, iddiaçının iddia etdiyi 12.09.2018-ci il tarixli EAAM 050773 nömrəli e-qaimə üzrə 1026 manat məbləğində, hər iki tərəfin nümayəndəsi tərəfindən imzalanmış gündəlik qaimə (iş materiallarına əlavə edilib) üzrə yemək təhvil verildiyinə görə, e-qaimə üzrə 5335 manatının cavabdeh tərəfindən yalnız 1026 manatı ödənilmişdir (ödənişı təsdiq edən sənəd iş materiallarına əlavə edilib), 06.09.2018-ci il tarixli EAAL 866063 nömrəli e-qaimə üzrə isə 2547 manat məbləğində yemək təhvil verildiyinə görə (gündəlik qaimələr iş materiallarına əlavə edilib) e-qaimə üzrə 5902 manatının yalnız 2547 manatı ödənilmişdir (ödənişı təsdiq edən sənəd iş materiallarına əlavə edilib). 08.10.2018ci il tarixli EAAM 680482 nömrəli 918 manat məbləğində elektron qaimələr üzrə ümumiyyətlə heç bir gündəlik qaimə mövcud deyil, yəni həmin yeməklər ümumiyyətlə təchiz olunmamışdır. Göründüyü kimi, satıcının öhdəliklərinin icrası faktının müəyyən edilməsi, məhkəmə tərəfindən əsaslı, obyektiv və ədalətli qərarın qəbulu üçün çox önəmlidir. Məhkəmə iş materiallarını dolğun araşdırsaydı, tərəflər arasında mövcud olan qiymət razılaşması protokolunda olan hər yeməyin qiymətinin 3 manat olduğunu müəyyən etmiş olardı. Həmin 3 manatı 18 ədəd qaimələrdə olan yeməklərin sayına vuranda, cavabdeh tərəfindən ödənilmiş qiymət əmələ gəlir. Məhkəməsi isə hazırki işdə təqdim edilən sübutları tam və hərtərəfli araşdırmadığına görə, bu fakta da düzgün qiymət verməmişdir. Elektron qaimə-faktura hər hansı bir faktı müəyyən edən sənəd deyil, həmin e-qaimə uçot sənədi olmaqla, vergi orqanları tərəfindən vergi ödəyiciləri arasında hesablaşmalara nəzarət etmək məqsədi ilə tətbiq edilir. Həmçinin məhkəmə hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 1185 manatın tutulmasında da haqlı deyil, belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 09 iyul 2009-cu il tarixli Qərarında Konstitusiya Məhkəməsi qərar aldı ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Burada isə məhkəmə cavabdehin həmin vəsaitdən hər hansı bir gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsinə dair sübut toplamamış və həmin faktı sübuta yetirməmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Şəmsəddin oğlu məhkəmə iclasında apelyasiya şikayətinə yazılı etiraz təqdim edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)-522/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdehndən İddiaçı xeyrinə 918 manat əsas borcun, 92 manat faizin tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşin sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, tərəflər arasında 10.11.2016-cı il tarixli 50 nömrəli keyterinq (yemək təchizatı) xidməti müqaviləsi bağlanmışdır. Müqaviləyə əlavə edilmiş 10.11.2016cı il tarixli qiymətlərin razılığı protokolunda 1 nəfər üçün yeməyin ƏDV-siz dəyəri 3 manat qeyd edilmişdir. Müqaviləyə 20.02.2017-ci il tarixdə edilmiş 2 saylı əlavədə kompleks təhsil mərkəzinin nahar menyusunun ƏDV-siz dəyəri 7 manat qeyd edilmişdir. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı tərəfindən həmin müqavilə üzrə cavabdehə göndərilmiş 12.09.2018-ci il tarixli EAAM seriyalı 050773 saylı elektron qaimə üzrə iyun ayı üçün tələb edilən 5335 manat dəyərində xidmətin dəyəri, 06.09.2018-ci il tarixli EAAL seriyalı 866063 saylı elektron qaimə üzrə avqust ayı üçün tələb edilən 5902 manat dəyərində xidmət üzrə qalıq 5602 manat, 08.10.2018-ci il tarixli EAAM seriyalı 680482 saylı elektron qaimə üzrə sentyabr ayı üçün tələb edilən 918 manat xidmətin dəyəri, cəmi 11855 manat ödənilməmişdir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 01.02.2021-ci il tarixli arayışda 12.09.2018-ci il tarixli EAAM seriyalı 050773 saylı elektron qaimə üzrə iyun ayı üçün tələb edilən 5335 manat dəyərində xidmətin 1026 manatının, 06.09.2018ci il tarixli EAAL seriyalı 866063 saylı elektron qaimə üzrə avqust ayı üçün tələb edilən 5902 manat dəyərində xidmətin 2547 manatının 12.10.2018-ci il tarixdə ödənildiyi, 08.10.2018-ci il tarixli EAAM seriyalı 680482 saylı elektron qaimə üzrə sentyabr ayı üçün tələb edilən 918 manat xidmətin dəyərinin isə ödənilmədiyi qeyd edilmişdir. Cavabdehin təqdim etdiyi bank əməliyyatı barədə "xxxx" QSC tərəfindən təsdiq edilmiş arayışdan görünür ki, iddiaçının hesabına cavabdeh tərəfindən 12.10.2018-ci il tarixdə 6945 manat ödəniş edilmişdir. Ödənişin təyinatı qeyd edilmədiyindən məhkəmə tərəfindən müəyyən edilir ki, həmin ödənişin 6645 manatı iddiaçı tərəfindən 2018-ci ilin iyul ayında göstərilmiş xidmətə görə EAAL 395169 saylı elektron qaimə üzrə tələb edilən (cavabdehin təqdim etdiyi arayışda öz əksini tapmış) 6645 manat borca, 300 manatı isə EAAL 866063 saylı elektron qaimə üzrə tələb edilən borca silinmişdir. İşdəki 18 ədəd qaimə-fakturadan (müqavilədə nəzərdə tutulmuş gündəlik qaimə sənədi) görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif miqdarda yeməklər cavabdehə təhvil verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Tərəflər arasında bağlanmış keyterinq (yemək təchizatı) xidməti müqaviləsi müqavilə növü kimi Mülki Məcəllədə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi müqaviləyə alqı-satqı müqaviləsi kimi hüquqi qiymət versə də, məhkəmə kollegiyası hesab edir ki, keyterinq xidməti müqaviləsini predmetinə və tərəflərin müqavilədən irəli gələn öhdəliklərinin xarakterinə alqı-satqı müqaviləsi ilə eyniləşdirmək olmaz. Tərəflər arasında öhdəlik münasibətinin yaranmasına əsas olmuş 10.11.2016-cı il tarixli keyterinq xidməti müqaviləsinin şərtlərində qanunvericiliyin müddəalarına zidd hər hansı şərt olmadığından məhkəmə tərəfindən qanuni və etibarlı müqavilə kimi qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən təqdim edilmiş sübutlar əsasında iddianın əsaslı olduğuna və tam təmin edilməli olduğuna dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə qismən razılaşaraq hesab edir ki, 08.10.2018-ci il tarixli EAAM seriyalı 680482 saylı elektron qaimə üzrə sentyabr ayı üçün tələb edilən 918 manat xidmətin dəyərinin cavabdehdən tutulması ilə bağlı hissədə iddia rədd edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndinə əsasən tərəflər arasında satılan və təchiz olunan məhsulların növü, çeşidi, miqdarı və qiyməti bu müqavilənin ayrılmaq tərkib hissəsi olan 1 saylı əlavə (qiymət razılığı protokolu) əsasında razılaşdırılır. Satıcı tərəfindən yeməklər 1 saylı əlavəyə uyğun olaraq sifariş sənədi və gündəlik qaimə əsasında təchiz olunacaq. Müqavilənin 2.3-cü bəndinə əsasən təchiz olunmuş yeməklərin dəyəri malların təhvil-təsliminə dair tərəflərin imzası ilə təsdiqlənmiş qaiməyə (fakturaya) əsasən tərtib edilərək satıcı tərəfindən alıcıya göndərilmiş müvafiq hesaba və qarşılıqlı razılığa əsasən 20 iş günü ərzində köçürmə və ya nağd qaydada ödənilir. İş materiallarında 2018-ci ilin iyun və avqust aylarında iddiaçı tərəfindən cavabdeh yemək xidməti göstərilməsi barədə gündəlik qaimələr mövcud olsa da, sentyabr ayında yemək xidməti göstərildiyinə dair gündəlik qaimə iddiaçı tərəfindən təqdim edilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayında cavabdehə yemək xidməti göstərildiyi sübut olunmadığından iddia həmin hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. 2018-ci ilin iyun və avqust ayları üçün göstərilmiş yemək təchizatı xidmətinə görə 10937 manat borcla bağlı hissədə iddianın əsaslı olduğu müqavilə şərtlərinə uyğun olaraq tərtib edilmiş gündəlik qaimələrlə və elektron qaimələrlə təsdiq edildiyindən, həmin borcun ödənildiyi cavabdeh tərəfindən sübut edilmədiyindən məhkəmə hesab edir ki, qətnamə bu hissədə dəyişdirilmədən saxlanılmalıdır. Cavabdeh apelyasiya şikayətində iddiaçının tələb etdiyi borcun tərəflər arasında tərtib və təsdiq edilmiş gündəlik qaimələrə uyğun olmadığını qeyd etsə də, gündəlik qaimələrdə təchiz edilmiş yeməklərin dəyəri deyil, yalnız miqdarı qeyd edildiyindən və müqaviləyə əlavələrdə həm 3 manatlıq (ƏDV-siz), həm də 7 manatlıq (ƏDV-siz) yeməklərin təchiz olunması nəzərdə tutulduğundan cavabdehin iddiaya etirazında və apelyasiya şikayətində qeyd etdiyi dəlillərin həqiqiliyi sübut olunmur. Məhkəmə bu qənaətə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdeh iddiaçı tərəfindən göndərilmiş elektron qaimələri mübahisələndirməmiş, onların ləğv edilməsi üçün qarşı tərəfə müraciət etməmişdir. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, pul öhdəliyinin icrasının gecikdirilməsinə görə cavabdehdən faiz tutulması hissəsində qətnamə qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İddiaçı 2020-ci ilin noyabr ayında iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyindən 2018-ci ilin sentyabr ayında göndərilmiş elektron qaimələr üzrə ödənişin iki il gecikdirildiyi müəyyən olunur. Cavabdehdən iddiaçının xeyrinə tutulmalı olan əsas borc məbləği 10937 manat hissədə əsaslı hesab edildiyindən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən illik 5 % olmaqla həmin məbləğin iki il üçün 10 %-nin – yəni 1093 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində iddia əsaslı hesab edilməli, qətnamə faiz tutulması ilə bağlı hissədə qismən ləğv edilərək 92 manatın cavabdehdən tutulması hissəsində faiz tələbi rədd edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)- 522/2021 saylı qətnaməsi qismən ləğv edilməli, iddia Cavabdehndən İddiaçı xeyrinə 918 manat əsas borcun, 92 manat faizin tutulması hissəsində rədd edilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin 23.02.2021-ci il tarixli, e-2-2(113)-522/2021 saylı qətnaməsi qismən ləğv edilsin. İddia Cavabdehndən İddiaçı xeyrinə 918 manat əsas borcun, əldən çıxmış faydaya görə 92 manat faizin tutulması hissəsində rədd edilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasısı vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar