Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1057/2025 24.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: şifahi alqı-satqı müqaviləsi, təhvil-təslim aktı) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Əliyevanın sədrliyi və məruzəsi ilə, X1 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2268/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. xx.xx.2024-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavanşir Zakir oğlu tərəfindən Cavabdeh 4 adda ümumi dəyəri 708 manat olan məhsul verilmiş, cavabdeh həmin akta imza etməklə məhsulların dəyərini xx.xx.2024-cü il tarixədək ödəyəcəyini təsdiq etmişdir.
2. xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə-fakturadan görünür ki, iddiaçı tərəfindən cavabdehə 2 adda ümumi dəyəri 1965 manat olan məhsul verilmiş, cavabdeh tərəfindən qaimə-faktura imza edilməklə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1920 manat məbləğində pulun və ödənilmiş 39,2 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddianın əsası olaraq göstərilmişdir ki, cavabdehin iddiaçıya 2673 manat məbləğində borcu olmuş, cavabdeh xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı və xx.xx.2024cü il tarixli qaimə-faktura əsasında 708 manat və 1965 manat məbləğində borcunu qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh həmin tarixlərdə götürdüyü ümumilikdə 2673 manat borcdan 1920 manatı qaytarmamışdır. Dəfələrlə ona şifahi olaraq xəbərdarlıq edilməsinə baxmayaraq, hər dəfə borcunu ödəyəcəyini bildirmiş və bu günə kimi pul ödənməmişdir. İddiaçı tərəfindən xx.xx.2024-cü ildə bildiriş göndərilməklə 2673 manat borcun 3 gün müddətində geri qaytarılması tələb edilmiş, təqdim edilən sənədlər üzrə 1920 manat borc qaytarılmamışdır. İddiaçı hüquqi yardım üçün vəkillə müqavilə bağlamış, ona 300 manat hüquqi yardım xərci ödəmişdir. Eyni zamanda iddia ərizəsinin verilməsi üçün 39,2 manat dövlət rüsumu ödənilmişdir.
5. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 443.1, 443.2-ci maddələri göstərilmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2268/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
7. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən etmişdir ki, iddiaçı ilə cavabdeh arasında şifahi alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı əşyanı cavabdehin mülkiyyətinə verməyi, cavabdeh isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı aktı əsasında 708 manat, xx.xx.2024-cü il tarixli ******* nömrəli qaimə-faktura əsasında 1965 manat dəyərində mal cavabdehə təhvil verilmişdir. İddiaçı alqı-satqı müqaviləsi üzrə malların qalıq dəyəri olan 1920 manat borcun tutulmasını tələb edir. Cavabdeh tərəf hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumatlandırılmasına rəğmən məhkəmə iclaslarında iştirak etmir. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları). Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, özünün “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabineti vasitəsilə təqdim edilmiş bütün sübutlarla real vaxt rejimində tanış olmaq imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqenin ifadə edilməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilə nisyə alqı-satqı müqaviləsi olub, iddiaçının malların dəyərinin ödənilməsini tələb etmək hüququnun maddi hüquqi əsasını Mülki Məcəllənin 600.4-cü maddəsi təşkil edir. İddiaçı qeyd edilən hüquq normasından irəli gələn verilmiş əşyanın ödənilməsini tələb etmək hüququnu realizə edir. Məhkəmə qeyd etmişdir ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilmiş bütün sübutlarla tanış olmaq imkanına malik olmuş, lakin iddia ərizəsində tələb olunan məbləğin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. Beləliklə, məhkəmə hesab etmişdir ki, alqı-satqı müqaviləsi üzrə əşyanın dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (alıcı) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlib ki, iddia tələbi təmin olunmalı, alqı-satqı müqaviləsi üzrə 1920 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini nəzərə alaraq hesab etmişdir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 300 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır. Beləliklə, iddianın təmin edildiyini və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab etmişdir ki, hüquqi yardım xərcinin əvəzi olaraq 300 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 39,2 manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
8. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 442, 448.1, 448.2, 567, 597.1,600.1-ci maddələrinə istinad etmişdir.
9. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehin ümumiyyətlə barəsində məhkəmədə mülki işin olmasından icra şöbəsi ona zəng edib şöbənin yerləşdiyi inzibati binaya dəvət olunarkən xəbərdar olub. Qeyd edir ki, dəfələrlə məhkəmə prosessləri keçirilmiş, lakin məhkəmənin gedişatından və ən nəhayətində məhkəmə qətnaməsindən belə xəbəri olmamışdır. İcra Şöbəsi tərəfindən məlumatlandırıldıqdan sonra, Bakı Kommersiya Məhkəməsinin inzibati binasının yerləşdiyi yerə yaxınlaşaraq, xx.xx.2025-ci il tarixində ərizə yazaraq həmin qətnaməni əldə edib. Məhkəmənin münasibət bildirdiyi 1920 manat məbləğində pul tərəfindən tam olaraq ödənilmişdir. Belə ki, dəfələrlə onunla iddiaçı arasında telefon danışıqları olub, həmin danışıqlardada,1920 manat pul məbləğinin əvəzləşməsi ilə bağlı söhbəti olub. Belə ki, fərqli-fərqli vaxtlarda və fərli məbləğlərdə heç bir qarşılıq olmadan iddiaçıya mallar vermib və həmin malların dəyəri ilə həmin 1920 manat eyni vəsait təşkil etmiş və tamamilə əvəzləşmə yolu ilə borc bağlanılıb. Beləki, xx.xx.2024-cü il tarixində 470 manatlıq fermer kartımı,xx.xx.2025-ci il tarixində 600 manat dəyərində azot gübrəsini,2025- ci il tarixin iyun ayında 810 manatlıq azot gübrəsi və 2025-ci il tarixində iyun ayında təkrar verdiyim 42 manat dəyərində olan arpa ilə əvəzləşdirmişdir. Belə ki, həmin xüsusatları da təsdiq edəcək şahidləri var və məsələdən xəbərdardırlar. Belə ki, həmin şahidlər ondan götürüb iddiaçıya təhvil verdiyi azot gübrələrini, arpanı, təhvil verərkən də heç bir haqq almadan borcun qarşılığı olaraq ona təhvil verdiyimin bilavasitə şahididirlər, çünki, daşıma və təhvil işlərini də həmin şəxslər icra ediblər. Həmçinin apellyasiya şikayətinə əlavə etdiyi dəfələrlə iddiaçı ilə telefon danışıqlarının tarixlərindən də görünür ki, iddiaçı ilə həmin tarixlərdə də əlaqə olmuş, onunla telefon danışıqları aparıb. Lakin nə iddiaçı məhkəməyə verməsi ilə bağlı məlumat verməmiş, nə də ki, məhkəmədən hər hansı bir bildiriş daxil olmuşdur. Əgər həmin tarixlərdə bilmiş olsaydı, iddia ərizəsinə etiraz verərdi və tərəfindən təqdim edəcəyi sübutları məhkəməyə təqdim edərdi. Həmçinin qeyd edir ki, iddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına da imza çəkməyib, ümumiyyətlə iddiaçı ilə arasında təhvil-təslim rəsmiləşdirilməmişdir. Həmin təhvil-təslim aktında da qeyd olunan imzanın ona məxsus olmaması xətşünaslıq ekspertizasının rəyi ilə rahat şəkildə müəyyən ediləcəkdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
12. Cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.
13. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh ərizə ilə müraciət edərək iclasın səhhətində yaranan problemləri məhkəmə islasında iştirak etməməsinin səbəbi kimi göstərmiş və iclasın onun iştirakı olmadan keçirilməsinə etiraz olmadığının bildirmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saydı.
Tətbiq edilən hüquq:
14. Mülki Məcəllənin: -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
15. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
17. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
18. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia təmin edilmiş, həmin qətnamə cavabdeh tərəfindən mübahisələndirilərək iddianın rədd edilməsi xahiş edilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
19. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
20. Belə ki, İddiaçı ilə Cavabdeh arasında şifahi alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı həmin müqavilə üzrə ümumilikdə 2673 manat məbləğində mal təqdim etdiyini, lakin bu mallara görə 1920 manat borcun ödənilməmiş qaldığını əsas göstərərək, həmin məbləğin cavabdehdən tutulmasını tələb edir. Cavabdeh isə malların alması faktını etiraf etsə də, mübahisəli məbləğin müxtəlif kənd təsərrüfatı məhsulları, eləcə də ona məxsus fermer kartı vasitəsilə əvəzləşdirildiyini iddia edir.
21. Məhkəmə əvvəla qeyd edir ki, iddiaya Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567.1 və 598-ci maddələrinin tələbləri kontekstində hüquqi qiymət verilməlidir.
22. Məhkəmə bildirir ki, cavabdehin iddiaçı qarşısında alqı-satqı müqaviləsi üzrə 1920 manat məbləğində icra edilməmiş pul öhdəliyinin mövcud olması iş materialları (malların təhvil-təsliminə dair sənədlər) ilə təsdiqini tapdığından, birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
23. Məhkəmə tərkibi cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, birincisi, cavabdeh mübahisəli borcunun iddiaçıya təqdim etdiyi mallarla əvəzləşdirildiyini iddia etsə də, tərəflər arasında borcun əvəzləşdirilməsinə dair yazılı razılığın mövcud olduğuna, həmçinin iddia etdiyi kimi malların iddiaçıya təhvil verilməsinə dair hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. İkincisi, cavabdehin həm şikayətində, həm də izahatında malların almasını və mallara görə mübahisəli borcun mövcud olmasını (əvəzləşdirmə aparılanadək) etiraf etməsi təhvil-təslim aktındakı imzanın ona məxsus olub-olmamasının müəyyən edilməsinin işin nəticəsi üçün əhəmiyyətini aradan qaldırır.Belə ki, təhvil-təhvil-təslim aktında imzanın cavabdehə məxsus olmaması, yəni təhvil-təslim aktının səlahiyyətsiz şəxs tərəfindən imzalanması ehtimal edilsə də, həmin hal cavabdehi aldığını etiraf etdiyi malların dəyərini ödəmək öhdəliyindən azad etmir.
24. Cavabdehin digər arqumentlərinə gəlincə, məhkəmə tərkibi işin hallarını araşdıraraq müəyyən etmişdir ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə məlumat verilməsi məqsədilə ünvanına bildiriş göndərilmiş, elektron kabinetinə və SMS vasitəsilə məlumat verilmiş, lakin sonuncu hər hansı əsaslı səbəb göstərmədən iclaslarda iştirak etməmişdir. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin məhkəmə iclasında iştirak etmək hüququnun pozulması da öz təsdiqini tapmır.
25. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, düzgün olmayan məhkəmə qətnaməsinin çıxarılmasına səbəb olan prosessual hüquq pozuntulara yol verilməmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
26. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
27. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-2268/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov