Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1058/2021 27.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi, iddiaçı “X2” MMC-nin nümayəndəsi X1 iştirakı ilə cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-675/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 49.045 manat xidmət haqqına görə yaranmış borc, hesablanmış 13.523,5 manat dəbbə pulu və ödənilmiş dövlət rüsumunun əvəzi 30 manat məbləğdə pul vəsaiti, ümumilikdə 62.598,5 manat məbləğin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 16.06.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən 49.045 manat əsas borcun, 4.900 manat cərimə məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğdə pul vəsatinin tutularaq ümumilikdə 53.975 manatın iddiaçının hesabına ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlillərinə görə, iddiaçının təqdim etdiyi hesab fakturalar üzrə göstərilən işlərin sifariş edilməsinə dair hər hansı Əlavələrin olması barədə sənədlər təqdim edilməmişdir. Həmin Əlavələrin surətləri cavabdehə təqdim edilməli və həmin sənədlərlə bağlı araşdırma aparılmalı idi. Tərəflərin iradə ifadəsini əks etdirən 03.10.2019cu il tarixli 02-10/2019 nömrəli Nəqliyyat-ekspedisiya müqaviləsinə əsasən, xidmət Əlavələr əsasında sifariş edilə, ödəniş isə xidmət göstərildikdən sonra (təhvil-təslim aktına əsasən), həmin Müqavilənin 4.1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş elektron hesabfakturaya əsasən həyata keçirilə bilər. Qətnamədə qeyd olunub ki, 28.09.2020-ci il tarixli AG-1858 nömrəli məktubla cavabdeh borcunu etiraf etmişdir. Halbuki, sözügedən məktub ümumiyyətlə cavabdeh "xxxx" ASC tərəfindən göndərilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, təmin olunmamasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti ilə qətnamənin ləğvi xahiş edilsə də, mübahisənin predmeti bölünən olduğu və iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyi (qətnamə onun tərəfindən mübahisə edilmədiyi) üçün, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə, yəni apellyasiya şikayəti həddində hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğundan, həmçinin, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyindən, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız iddia təmin olunan hissədə və apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə, işdən müəyyən edilir ki, ekspeditor iddiaçı ilə sifarişçi cavabdehin Gürcüstandakı “Akkord Gürcüstan” adlı nümayəndəliyi arasında bağlanmış 03.10.2019-cu il tarixli 02-10/2019 nömrəli Nəqliyyat-ekspedisiya müqaviləsinin 2-ci bəndinə əsasən, ekspeditor sifarişçinin sifarişinə əsasən malın daşınması xidmətini yerinə yetirməyi və ya onların yerinə yetirilməsini təşkil etməyi, sifarişçi isə həmin əməliyyatlar müqabilində ekspeditora xidmət haqqını ödəməyi öhdələrinə götürür. Xidmət üzrə hər bir əməliyyata dair xüsusi şərtlər və qiymətlər müqaviləyə edilən əlavələrdə öz əksini tapır. Müqavilənin: 4.1-ci bəndinə görə, sifarişçi ekspeditor tərəfindən təqdim olunmuş elektron hesabfakturaya əsasən ödənişi həyata keçirməlidir. Sifarişçi ödənişi 5 təqvim günü ərzində ekspeditorun hesablaşma hesabına köçürmə yolu ilə həyata keçirir; Müqavilənin 4.3-cü bəndinə əsasən, xidmət haqqının ödənilməsi bu Müqavilədə nəzərdə tutulan qaydada həyata keçirilmədikdə və yaxud gecikdirildikdə, tərəf gecikdirilmiş hər gün üçün xidmət haqqının ümumi məbləğinin 0,1%-i məbləğdə peniya ödəyəcəkdir. İşdə olan, 359 nömrəli 08 may 2020-ci il tarixli hesab faktura üzrə 1040 ABŞ dolları, 383 nömrəli 15 may 2020-ci il tarixli hesab faktura üzrə 2600 ABŞ dolları, 400 nömrəli 31 may 2020-ci il tarixli hesab faktura üzrə 300 ABŞ dolları, 411 nömrəli 04 iyun 2020-ci il tarixli hesab faktura üzrə 1200 ABŞ dolları, 328 nömrəli 01 may 2020-ci il tarixli hesab faktura üzrə 2600 ABŞ dolları, 212 nömrəli 12 mart 2020-ci il tarixli hesab faktura üzrə 5300 ABŞ dolları, 284 nömrəli 11 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2650 ABŞ dolları, 291 nömrəli 14 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2750 ABŞ dolları, 292 nömrəli 14 aprel 2020-ci il tarixli hesab faktura üzrə 2650 ABŞ dolları məbləğdə müqavilə ilə nəzərdə tutulmuş xidmətlərin cavabdehə göstərilməsi qeyd edilmişdir. Cavabdehin Gürcüstandakı “Akkord Gürcüstan” adlı nümayəndəliyi tərəfindən verilmiş, direktor Məzahir Abdullayev tərəfindən imzalanmış və “Akkord Gürcüstan”ın (2********) möhürü vurulmuş 22 may 2020-ci il tarixli AG-1858 nömrəli məktubunda göstərilmişdir ki, “X2” MMC şikrkətinə olan 37.350 ABŞ dolları məbləğində borcun bir hissəsini (10.000 USD) 29.05.2020-ci il tarixinə qədər, geri qalan 27.350 USD məbləği isə 2 həftə ərzində ödəyib bitirəcəklər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır; 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 850.1. Yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.
İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, daşıma müqaviləsinə əsasən ona göstərilən nəqliyyat-daşıma xidmətlərinin dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan əsas borcunu və dəbbə pulunu ödəməlidir. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, cavabdeh onunla (onun Gürcüstan nümayəndəliyi ilə) iddiaçı arasında 03.10.2019-cu il tarixli 02-10/2019 nömrəli Nəqliyyat-ekspedisiya müqaviləsinin bağlandığını, müqavilənin etibarlılığını, iddiaçının ona müqavilə ilə nəzərdə tutulan xidmətləri göstərdiyini mübahisə etmir. Cavabdeh yalnız təhvil-təslim aktının tərtib və təqdim olunmamasını, eləcə də 28.09.2020-ci il tarixli AG-1858 nömrəli məktubun onun tərəfindən göndərilmədiyini mübahisələndirsə də, sözügedən məktubun onun Gürcüstan nümayəndəliyi tərəfindən verildiyinə, məktubu imzalayan şəxsin səlahiyyətinə hər hansı etiraz bildirməmişdir. Odur ki, tərəflər arasında öhdəlik hüquq münasibətlərinin əsası kimi çıxış edən 03.10.2019-cu il tarixli müqavilənin bağlanması, qüvvəyə minməsi və icra olunması onlar tərəfindən mübahisəsiz qəbul edildiyindən, həmin müqavilədən irəli gələn borcun qəbul edilməsi barədə 28.09.2020-ci il tarixli məktub da eyni əhəmiyyətə malik mötəbər dəlil olaraq hüquqi qiymət tələb edir. Bu səbəbdən, 28.09.2020-ci il tarixli məktubla borcu qəbul edən cavabdehin sonradan təhvil-təslim aktının tərtib və təqdim olunmamasına istinad etməsi formallığı ifadə etməklə, inandırıcı deyil. Bundan əlavə, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliklərini vaxtında icra etməməsi sübuta yetdiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə peniya (dəbbə pulu) ödənilməsi nəzərdə tutulduğundan, iddiaçı dəbbə pulunu tələb etməkdə də haqlı olmuşdur. Bu baxımdan, məhkəmə kollegiyası, cərimənin əsas borc məbləğinə nisbətini, həm kreditorun, həm də borclunun əsaslı mənafelərini, əsas borcun cavabdeh tərəfindən ödənilmədiyini, eləcə də bu sahədə formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin dəbbə pulunu, tənasübsüz surətdə yüksək olduğu üçün, əsas borc məbləğinin onda birinə azaltması qanuni, əsaslı və ədalətli olmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-675/2021 nömrəli iş üzrə 16 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh "xxxx" ASC-nin şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
HAKİMLƏR Vidadi Məmmədov Anar Tanrıverdiyev Vüsalə Baxışova