Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1059/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Vidadi Məmməd oğlu və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Qululu Elvin Mikayıl oğlunun katibliyi, cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı1 Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər X2 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 05.08.2021-ci il tarixli qərardadından cavabdeh X2 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı Kommersiya Məhkəməsinin 02.03.2021-ci il tarixli, e-2-2(113)-612/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, X2 və Cavabdeh2 11 oktyabr 2012-ci il tarixli, 509/39/2012 saylı müqavilə üzrə 34988,95 manat əsas borc, 1682 manat faiz borcu və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 36700,95 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Qeyd edilən qətnamədən cavabdeh X2 tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Cavabdeh qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsi və işin müvafiq qaydada apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. Lakin məhkəmə bu imperativ maddi hüquq normasına istinad etmədən, şəxsi mülahizə əsasında qərardad qəbul edərək, apelyasiya şikayətini geri qaytarılmasını qərara almışdır. Halbuki iş üzrə məhkəmə aktı çıxarılarkən onun qanuni olmasına məhkəmə tərəfindən riayət olunmalıdır Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 13 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, iş baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə apelyasiya qaydasında baxılması 08.09.2021-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh X1 vəkili və nümayəndəsi Vəkil1 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyərək, şikayəti iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Cavabdeh X1 iş materiallarının 116-cı vərəqinə əlavə edilmiş məcburi köçkün vəsiqəsindən görünür ki, o 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün kimi qeydə alınmışdır. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə görə məhkəmədə verilən iddialar üzrə — şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Cavabdeh X2 qeyd edilən normaya əsasən məhkəmə qətnaməsindən apelyasiya şikayəti verərkən dövlət rüsumu ödəməmişdir. Məhkəmə apelyasiya şikayətinin qaytarılması barədə qərardadını belə əsaslandırmışdır ki, cavabdeh fərdi sahibkar statusuna malik olan fiziki şəxs olduğundan və hazırkı mübahisə onun sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan məcburi köçkün olsa da, dövlət rüsumu ödəməkdən azad deyildir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu mövqeyi "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin tələbinə ziddir. Belə ki, "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsində nəzərdə tutulmuş şəxslər, o cümlədən məcburi köçkünlər gəlirlərindən və maddi vəziyyətlərindən asılı olmayaraq məhkəmədə verilən iddialar üzrə dövlət rüsumu ödənilməsindən azad edilmişlər. Qanunun bu normasında istisnalar müəyyən edilmədiyi halda məhkəmənin qeyd edilən normanı məhdudlaşdrıcı təfsir edərək "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan məcburi köçkünlərə aid olmadığına dair nəticəyə gəlməsi əsassızdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, şikayət təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.3, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Cavabdeh X1 şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(103)-1059/2021 saylı 05 avqust 2021-ci il tarixli qərardadı ləğv edilsin. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1059/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1059/2021
08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver