Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1059/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Şəfa" X1rşı kommersiya işi Açar söz: proqram təminatı, podrat Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh “Şəfa" X1rşı müqavilə üzrə borcun tutulması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 977/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İş materiallarından görünür ki, tərəflər arasında “Şəfa" klinikası üçün İddiaçı adlı “Xəstəxana İnformasiya sistemi” proqram təminatı hazırlanması barədə 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli müqavilə və 17 mart 2020-ci il tarixli İRA/020/03001 saylı ilkin razılaşma aktı bağlanmışdır. Müqavilənin predmetində 14 modul, ilkin razılaşma aktında 32 modul olmaqla, iddiaçı ümumilikdə 46 ədəd modul hazırlanması barədə öhdəlik götürmüşdür.
2. İşdəki qəbzlərə əsasən müqavilə üzrə cavabdeh tərəfindən iddiaçıya 2020-ci ilin aprel ayında ilkin ödəniş olaraq 1 775 AZN, 2020-ci ilin may ayında ikinci ödəniş olan 1 000 AZN, cəmi 2775 manat ödənilmişdir. İddiaçı proqram təminatını faktiki olaraq hazırlayıb təqdim etsə də, cavabdeh razılaşdırılmış bütün modullar işlək olmadığından müqavilə üzrə 10 000 manatın ödənilməsindən imtina etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı cavabdehdən müqavilə üzrə yaranmış 10000 (on min) manat qalıq borc məbləğinin, 120 manat ödənilmiş mediasiya xərci və dövlət rüsumunun əvəzi, ümumlikdə 10120 (on min yüz iyirmi) manat məbləğində pulun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli xəstəxana informasiya sistemi proqram təminatının hazırlanması üzrə dəyəri 12 775 manat olan müqavilə imzalanmışdır. Həmin müqavilə üzrə icraçı kimi iddiaçı öz öhdəliklərini tam icra etmiş, proqram təminatını hazırlayaraq cavabdehə təhvil vermiş, həmçinin, klinikaya aid 7 ədəd laboratoriya cihazını sistemə inteqrasiya etmişdir. Müqaviləyə əsasən, cavabdeh tərəfindən 2020-ci ilin aprel ayında (müqavilə bağlandığı tarixdə) ilkin ödəniş olaraq 1 775 AZN, 2020-ci ilin may ayında ikinci ödəniş olan 1 000 AZN ödənilmişdir. Müqavilənin 1.1.5-ci bəndinə əsasən, 11 ay ərzində ödənilməli olan digər məbləğ ödənilməmişdir. Dəfələrlə aparılan şifahi danışıqlardan sonra cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayında bildirilmişdir ki, İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatından istifadə edilməyəcək və həmin proqram təminatı üçün heç bir ödəniş verilməyəcəkdir. Beləliklə may ayından sonrakı hər ay 1 000 ( min) manat olmaqla verilməli olan ödənişlər dayandırılmış və nəticədə 10 ay ərzində 10 000 (on min) manat dəyərində borc yaranmışdır. Hal-hazırda cavabdeh müqavilədən faktiki olaraq birtərəfli imtina etməklə iddiaçı tərəfindən görülmüş işə görə qeyd edilən qalan ödənişləri etməmiş və bundan əsassız olaraq imtina etməkdədir. Cavabdehə iddiaçı tərəfindən “ Müqavilə üzrə ödəniş öhdəliyinin icrası tələbi”- nə dair 20 sentyabr 2022-ci il tarixli yazılı pretenziya (elektron məhkəmə kabineti vasitəsilə) da göndərilmişdir. O cümlədən rəsmi olaraq yazılı pretenziya da 21 sentyabr tarixində poçt xidməti vasitəsilə göndərilmişdir . Cavabdeh Bakı şəhərində fəaliyyət göstərən özəl klinikadır. Cavabdeh ilə iddiaçının əməkdaşlığını nəzərə alaraq hazırki vaxtadək iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir. Belə ki, iddia ərizəsinin indi təqdim edilməsinin səbəbi iddiaçı tərəfindən cavabdehlə gələcəkdə yenidən işgüzar münasibətlərinin qurulmasının gözlənilməsi olmuşdur. Cavabdeh tərəfindən əvvəlki bir neçə ay üzrə ödənişlər həyata keçirilmişdir. Sonrakı aylarda ödənişlərin edilməsi dayandırılmışdır. İş üzrə mediasiya prosesinə riayət edilmiş, mediasiya prosesində barışıq sazişinin əldə olunmasına cəhd edilmişdir. Lakin son anda iddiaçı və cavabdeh arasında mediasiyada razılıq əldə edilməmişdir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 977/2023 nömrəli qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) iddia rədd edilmişdir.
6. İşə birinci qaydasında baxılarkən iş üzrə məhkəmə komputer texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyində qeyd edilmişdir ki, aparılmış tədqiqat işləri nəticəsində “ŞƏFA” X2 İddiaçı proqram təminatına baxış fiziki olaraq lokalda yerləşən “MYSQL” kodları vasitəsilə yaradılmış “Database Server” işlək vəziyyətə gətirildikdən sonra həmin serverin yaddaşında saxlanmış “2.137.EXE” üzərindən aparılmışdır. Rəyin “Tədqiqi Hissə” sində məhkəmə-kompüter texniki ekspertizasının təyini haqqında qərarda göstərilən İddiaçı MMC tərəfindən “ŞƏFA” X3 təqdim edilən proqram təminatının tərəflər arasında imzalanmış 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 saylı satış haqqında müqavilə və 17 mart 2020-ci il tarixli İRA/020/03001 saylı ilkin razılaşma aktında göstərilən tələblərə cavab verib-verməməsinin müəyyən edilməsi mütəxəssis qismində cəlb olunan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən cavablandırılmışdır.
7. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən tərtib edilmiş rəydən müəyyən olunur ki, tərəflər arasında baglanmış müqaviləyə və “İlkin razılaşma” aktına əsasən tələb olunan ümumi modul sayı 46, həll olunan modul sayı 24, həll olunmayan modul sayı 18, həlli mübahisəli modul sayı 4 olmuşdur.
8. Məhkəmə tərəfindən Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən tərtib edilmiş ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi tam icra etməmiş, bütün modulları cavabdehə təhvil verməmişdir. Buna görə də iddia əsassız hesab edilərək rədd edilmişdir
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 977/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılaraq iddianın təmin edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ekspertiza rəyinə yanaşma fərqli olmuş, bu proqram təminatının mahiyyətini, təhvil verilməsi xüsusiyyətlərini və işlək olması vəziyyəti düzgün qiymətləndirməmişdir. Belə olduğu halda məhkəmə tərəfindən ədalət mühakiməsinə nail olunması, iş üzrə qanuni və ədalətli qətnamə qəbul edilməsi üçün təkrar və ya əlavə ekspertiza keçirilməsi barədə qərar qəbul edilməli idi. Medhis Proqram təminatı özü özlüyündə müəyyən maddi dəyərə malikdir və İddiaçı MMC ilə cavabdeh “X4 Mərkəz” MMC arasında 15 aprel 2020-ci il tarixli, SSA/020/04001 nömrəli İddiaçı adlı Xəstəxana informasiya sistemi proqram təminatının hazırlanması üzrə dəyəri 12775 manat olmuşdur. Həmin müqavilə üzrə icraçı kimi İddiaçı MMC öz öhdəliklərini tam icra etmiş, proqram təminatını hazırlayaraq cavabdehə təhvil vermiş həmçinin, klinikaya aid 7 ədəd laboratoriya cihazını sistemə inteqrasiya etmişdir. Bu proqram təminatının mahiyyəti ondan ibarətdir ki, klinikalar fəaliyyət sahələrini genişləndirdikdə və onlara proqram təminatı üzrə əlavə işlər lazım olduqda icraçıya bildirilir (bu iş üzrə iddiaçıya) və bundan sonra həmin proqram təminatı üzrə müəyyən modullar aktiv edilir. Lakin cavabdeh tərəfindən müqavilənin bütünlüklə qüvvədə olduğu müddətdə, həmçinin iddiaçı tərəfindən yazılı pretenziya təqdim edilənədək, hətta bundan sonra da hər hansı bir yazılı etiraz daxil olmamışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
12. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 390.1-ci maddə- fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddə-podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 762.1-ci maddə-podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 762.2-ci maddə-podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddə-podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 765-ci maddə-məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 97.1-ci maddə-işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 102.1-ci maddə-ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər. 102.2-ci maddə-məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
14. Qətnamə iddiaçı tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
15. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz hallarından görünür ki, iddiaçı 15 aprel 2020-ci il tarixli müqavilə əsasında cavabdehin sifarişi ilə “Şəfa" klinikası üçün İddiaçı adlı 46 ədəd moduldan ibarət “Xəstəxana İnformasiya sistemi” proqram təminatı hazırlamağı üzərinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə münasibətləri podrat müqaviləsinə uyğu olduğundan məhkəmə hesab edir ki, mübahisə MM-nin 39-cu fəslindəki normalar tətbiq edilməklə həll edilməlidir.
17. Cavabdeh tərəfindən iddiaçıya ilkin ödəniş olaraq cəmi 2775 manat ödənilmiş, müqavilə üzrə qalan 10.000 manat ödəniş proqram təminatının qüsurlu- tam hazır şəkildə təhvil verilməməsi əsası ilə ödənilməmişdir.
18. Proqram təminatının iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun hazırlanıbhazırlanmadığının müəyyənləşdirilməsi xüsusi bilik tələb edən məsələ olduğundan birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis rəyi alınmaqla iş üzrə ekspertiza təyin edilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 iyun 2023-cü il tarixli ekspert rəyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" MMC-nin əməkdaşı Heydər Şükürov tərəfindən tərtib edilmiş ekspert rəyi əsasında müəyyən edilmişdir ki, tərəflər arasında baglanmış müqaviləyə və “İlkin razılaşma” aktına əsasən tələb olunan ümumi modul sayı 46 olduğu halda həll olunan modul sayı 24, həll olunmayan modul sayı 18, həlli mübahisəli modul sayı 4 olmuşdur. MM-nin 762.3-cü maddəsinə əsasən podratçının podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulduğu müəyyən edilmişdir. İddiaçı tərəfindən sifariş edilmiş 46 moduldan ibarət hazırlanmalı olan proqram təminatının bütün modulları hazırlanmadığı üçün öhdəliyin qüsurlu icra edildiyi müəyyən edildiyindən dəyərinin cavabdehdən tutulması barədə iddianın rədd edilməsi qanuni və əsaslıdır.
19. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsinə cavabdehin sifarişi ilə hazırlanmış proqram təminatının mövcud vəziyyətdə istifadəyə yararlı olub-olmadığının yoxlanılması üçün əlavə ekspertiza keçirilməsi barədə vəsatət verilsə də təmin edilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, MPM-nin 102.1-ci maddəsində iş üzrə əlavə ekspertiza təyin edilməsinin əsasları nəzərdə tutulmuşdur. Həmin rəydə qeyd edilir ki, ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər. Hazırkı halda iş üzr verilmiş ekspert rəyi kifayət qədər aydın olduğundan və məhkəmə tərəfindən qoyulmuş sual tam cavablandırıldığından iş üzrə əlavə ekspertiza təyin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlilləri ilə bağlı eyni zamanda qeyd edir ki, işə birinci instansiya qaydasında baxılarkən xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi ekspert rəyi ilə tam razı olduğunu, sifarişin tam yerinə yetirilmədiyini, cavabdeh tərəfindən tələb olunmadığına görə bəzi modulların aktivləşdirilmədiyini göstərmişdir. Tərəflərin nümayəndələrinin izahatlarından görünür ki, cavabdeh tərəf şifahi olaraq proqram təminatını tam hazır olmadığı halda qəbul etməkdən imtina edəcəyini bildirib. Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, proqram təminatı hətta hazırda istifadə üçün uyğun olsa da, cavabdehin müqavilə ilə sifariş etdiyi bütün modullar tam işlək vəziyyətdə təhvil verilmədiyi üçün cavabdeh MMnin 765-ci maddəsinə əsasən podratın nəticəsini qəbuldan imtina etməyə haqlıdır.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)- 977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-977/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.