Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1059/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı kommersiya işi Açar söz: öhdəliklərin icrası, pul tələbi Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2898/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022 tarixli 33 saylı daşınma xidməti müqaviləsinə əsasən: Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında sifarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən daşınılacaq yüklərin növü, miqdarı, müddəti, istiqaməti və qiyməti müqavilə əlavələri ilə müəyyən olunur. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icraçı tərəfindən yerinə yetirilmiş işlərə görə ödənişi sifarişçi bu müqavilənin 3-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirməyi öhdəsinə götürür. Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətin dəyəri müqavilə əlavələri ilə müəyyən olunur. Müqavilənin 3.2-ci bəndinə əsasən mal boşaldıldıqdan sonra 3 iş günü ərzində bank vasitəsi ilə həyata keçirilməlidir. Müqavilənin 3.3-cü bəndinə əsasən ödənişin həyata keçirilməsi üçün əsas bu müqavilədir.
2. xx.xx.2024-cü il tarixli, 00İCZ********** saylı qəbzə əsasən Cavabdeh MMC tərəfindən iddiaçıya təyinatı 33 saylı xx.xx.2022-ci il tarixli müqavilə üzrə (o cümlədən EBCN816739 saylı e-qaimə üzrə qismən ödəniş) 10200 manat məbləğində ödəniş edilmişdir.
3. xx.xx.2021-ci il tarixli, EBCN321542 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBCN321543 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBCN816739 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDA547313 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir.
4. xx.xx.2024 tarixli İddiaçı MMC-nin Cavabdeh MMC-yə ünvanlanmış məktubundan müəyyən olunur ki, iddiaçı 10 200 manat və 15 300 manat məbləğində borcun ödənilməsi barədə tədbirlər görülməsini xahiş edir, əks halda məhkəməyə müraciət edəcəyini bildirir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 fevral 2022-ci il tarixli, 33 saylı daşıma xidməti müqaviləsi üzrə öhdəliyin icra edilməməsi nəticəsində yaranmış 25500 manat məbləğində əsas borcun, 2040 manat bank uçot faiz dərəcəsinin uyğun hesablanmış faizlərin, habelə ödənilmiş 174 manat məbləğində dövlət rüsumunun və vəkil xidməti ilə bağlı ödənilmiş 320 manat məbləğin, ümumilikdə 28034 manat məbləğində vəsaitin Cavabdeh MMC-dən tutularaq "xxxx" MMC-yə ödənilməsi haqqında məhkəmə qətnaməsi çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixində, 33 saylı daşınma xidməti barədə müqaviləsi (bundan sonra Müqavilə) bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında Sıfarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, Sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürür. Bu baxımdan qeyd etmək istəyirik ki, "xxxx" MMC və Cavabdeh MMC arasında bağlanmış 33 saylı 10 fevral 2022-ci il tarixli müqavilə əsasındə göstərilən xidmətlərə görə və EBCN 816739 saylı e-qaimə üzrə 10200 manat, EBDA 547313 saylı e-qaimə üzrə isə 15300 manat olmaqla, ümumilikdə 25500 manat borc yaranmışdır. Müqavilə ilə müəyyənləşdirilmiş ödəniş müddəti bitdikdən sonra qarşı tərəfə ödəniş üçün əlavə zaman verilmiş, lakin buna baxmayaraq cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Qeyd edilən tarixdən indiyə qədər dəfələrlə aparılmış şifahi, e-mail və telefon danışıqlarına baxmayaraq ödəniş hal-hazırkı tarixə qədər həyata keçirilməmiş və müxtəlif bəhanələr bildirilmişdir. Borcun ödənilməsi ilə bağlı Cavabdehnə xx.xx.2024-cü il tarixində “Elektron Kargüzarlıq” sistemi üzərindən pretenziya məktubu ünvanlanmışdır. Lakin, pretenziya məktubu qarşı tərəfdən qəbul edildikdən sonra da borclu tərəfindən heç bir ödəniş həyata keçirilməmişdir.
7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2898/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən xx.xx.2022-ci il tarixli 33 saylı xidmət müqaviləsi üzrə 25.500 manat əsas borc məbləği, 5% ilə hesablanan 1806 manat məbləğində faiz borcu, vəkil xərcinin əvəzi olaraq 320 manat və dövlət rüsumunun əvəzi olaraq 174 manat tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixində, 33 saylı daşınma xidməti barədə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında Sifarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, Sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə üzrə götürülmüş öhdəliyi yerinə yetirmiş və cavabdeh tərəfindən qismən ödəniş edilmiş, buna dair sübutları da (müqavilə, e-qaimə, e-qaimə üzrə ödənişlər) məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bunun əksini sübut edəcək sənəd-sübut məhkəməyə təqdim etməmişdir və məhkəmə iclasında borcu etiraf edərək, sadəcə şirkətin maddi vəziyyətinin pis olması səbəbi ilə ödəmədiyi və hissə-hissə borcu ödəyəcəyini bildirdi. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən 25500 manat məbləğində pul vəsaitinin cavabdehdən tələb etməkdə haqlı olmuşdur.
9. Məhkəmə qeyd etmişdir ki, ödənilməyən 25.500 manat borc məbləğinə illik 5 faiz hesablamaqla 1806 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 174 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci ödənildiyi qeyd olunmuşdur. (sübutlar iş materiallarında mövcüddur). Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə AR MM-nin 390.1, 427.3, 445.7, 850, 851, 852.1, AR MPM-nin 119, 121.1-ci maddələrini tətbiq etmişdir.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-2898/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, normanın tələblərinə uyğun olaraq məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etmək məqsədilə iş üzrə məhkəmə ekspertizası təyin etməli və borc məbləği tam hesablanmalı idi. Belə ki, iddiaçının qeyd etdiyi məbləğdə bizim ona borcumuz yoxdur. Biz öhdəliklərimizi icra etsək də, sonra qalan ödənişlərdə müəyyən gecikmələr yaranmışdır. Buna əsas səbəblərdən biri də şirkətimizin müflisləşməyə doğru getməsi olmuşdur. Belə ki, iş gördüyümüz digər şirkətlər də bizə yalan vədlər verərək, ödənişləri etməmişlər. Bununla bağlı iddiaçıya müraciət edərək məlumat versək də, iddiaçı yaranmış böhranlı vəziyyətin əksinə olaraq öz mənafeyinə uyğun olaraq borc və faiz məbləğləri hesablamışdır. Mən əsassız olaraq ödədiyim pulların əvəzini yenidən ödəyə bilmərəm və bu şirkətimizi daha da çıxılmaz vəziyyətə salır. Belə olduğu halda şirkətimiz müflisləşməyə doğru gedir. Məhkəmə qətnaməsində bizim ödədiyimiz ödənişlərlə bağlı yalnız 10.200 manat ödəniş olunduğu əks edilmişdir. Lakin, hesab edirəm ki, bizim iddiaçıya qalan ödənişimizin hesablanması xüsusi bilik tələb edən mühasibatlıq tələb etdiyindən məhkəmə işi ekspertizaya göndərməli və müvafiq hesablamalar edilməlidir. Belə olduğu halda hesab edirəm ki, iddiaçının tələbinin rədd edilməsi üçün bu əsas da nəzərə alınmaqla, iş üzrə çıxarlan qətnamə həqiqəti əks etdirmir. Həmin normalara məhkəmə düzgün hüquqi qiymət verməmiş, işin faktiki hallarına uyğun gəlməyən nəticəyə gəlmişdir. İddiaçı əsassız söz toplusundan ibarət iddia ərizəsilə müraciət edərək, işin faktiki halları barədə məlumat verməmiş, yalnız hüquqdan sui-istfadə edərək, əsassız yerə məndən külli miqdarda pul tələb etmişdir. Məhkəmə müvafiq araşdırma aparmış olsa idi iddiaçının qanundan sui-istifadə etdiyini müəyyən etmiş olardı. Bundan başqa, məhkəmə iş üzrə obyektivliyin təmin olunması məqsədilə məhkəmə ekspertizası təyin edə və işə hərtərəfli baxa bilərdi. Göstərilən hal məhkəmə tərəfindən həqiqətin müəyyən edilməsi üçün kifayət qədər araşdırma aparılmamasını göstərir və hakim tərəfindən Konstitusiyanın bu normasının pozulmasını təsdiq edir. Belə ki, bizim iddiaçıya heç vaxt göstərilən məbləğdə borcumuz olmamışdır. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı ilə aramızda xx.xx.2022-ci il tarixində 33 nömrəli daşıma xidməti müqaviləsi bağlanılmışdır. Həmin müqaviləyə əsasən, icraçı "xxxx" MMC sifarişçi olan şirkətimizin sifarişinə əsasən bizə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, bunun müqabilində isə göstərilmiş xidmətin dəyəri tərəfimizdən iddiaçıya ödənilir. Həmin müqavilə əsasında göstərilən xidmətlərə görə və EBCN 816739 saylı e-qaimə üzrə 10.200 manat, EBDA 547313 saylı e-qaimə üzrə isə 15.300 manat ödəniş yaranmışdır. Cəmi 25.500 manat məbləğində vəsait tərəfimizdən iddiaçıya ödənilməli idi. İddiaçı guya bizim ödəniş etmədiyimiz bildirərək dəfələrlə bizə müraciət etdiyini bildirsə də, belə bir müraciət olmamışdır. Mən iddiaçıya kifayət qədər ödəniş etmişəm və iddia tələbindən qat-qat aşağı məbləğdə çox kiçik borcumuz qalmışdır. İddiaçının bunu məhkəmədən gizlətməsi hesab edirəm ki, hüquqdan sui-istifadə kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borlcu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətlərdən çəkinməlidir. Hazırki iş üzrə nəzərinizə çatdırmaq istərdim ki, mən öhdəliklərimi dərk edirəm. Lakin, nəzərinizə çatdırmaq istərdim ki, iddiaçı ilə aramızda müqavilə bağlanarkən faizlərin bu qədər yüksək olması barədə mən məlumatlandırılmamışam.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi/vəkili Vəkil məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
Tətbiq edilən hüquq
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. 448.1-ci maddəsinə görə Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. 851-ci maddəsinə əsasən yük göndərən daşımanın təşəbbüsçüsü olan və adından yük göndərilməsi rəsmiləşdirilən fiziki və ya hüquqi şəxsdir. Yük göndərən həm yükün daşımadan əvvəl olduğu şəxs, həm də yükün göndərildiyi şəxs (yük alan) ola bilər. Yük alan əqd əsasında yüklərin alınmasına səlahiyyətli fiziki və ya hüquqi şəxsdir. Daşıyıcı müqavilə əsasında və haqq müqabilində yükün olduğu yerdən təyinat yerinə daşınmasını həyata keçirən və mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan fiziki və ya hüquqi şəxsdir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
16. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə Cavabdeh MMC tərəfindən tam mübahisələndirdiyindən tam yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
17. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
18. İşin hallarından görünür ki, İddiaçı ilə "xxxx" MMC xx.xx.2022-ci il tarixində, 33 saylı daşınma xidməti barədə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən icraçı "xxxx" MMC Sifarişçi Cavabdeh MMC-nin sifarişi əsasında Sifarişçiyə məxsus yükləri daşımaq üçün yük maşını təmin edir, Sifarişçi isə göstərilmiş xidmətin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəf müqavilə üzrə götürülmüş öhdəliyi yerinə yetirmiş və cavabdeh tərəfindən qismən ödəniş edilmiş, buna dair sübutları da (müqavilə, e-qaimə, e-qaimə üzrə ödənişlər) məhkəməyə təqdim etmişdir. Lakin cavabdeh tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş və bunun əksini sübut edəcək sübutları məhkəməyə təqdim etməmişdir.
19. Apellyasiya şikayətinin dəlili kimi cavabdeh borcun hesablanması ilə bağlı məhkəmə ekspertizasının təyin edilməsi zəruriliyini vurğulasa da ekspertizanın keçirilməsi ilə bağlı əsaslar yaranmamışdır. Belə ki, AR MPM-nin 97.1-ci maddəsinə əsasən xüsusi bilik tələb edən sualları aydınlaşdırmaq üçün məhkəmə öz təşəbbüsü və ya tərəfin vəsatəti əsasında ekspertiza təyin edə bilər. Lakin iş materiallarında olan xx.xx.2021-ci il tarixli, EBCN321542 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2021-ci il tarixli, EBCN321543 saylı e-qaiməyə əsasən 2550 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBCN816739 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində, xx.xx.2023-cü il tarixli, EBDA547313 saylı e-qaiməyə əsasən 15300 manat dəyərində xidmətlər İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir. Həmin e-qaimələr cavabdehin direktorunun imzası və möhürü ilə təsdiq edilmişdir. Cavabdeh özü mövcud borcu öz imzası və möhürü ilə təsdiq etmişdir, belə olan halda xüsusi bilik tələb edən sualın yaranması istisna edilir.
20. Apellyasiya şikayətinin digər dəlili isə iddiaçı tərəfə borcla bağlı ödənişlərin edilməsi, borcunun çox kiçik məbləğdə olması ilə bağlıdır. Məhkəmə kollegiyası bu dəlili də əsaslı hesab etmir, belə ki, cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfə etdiyi ödənişlərlə bağlı hər hansı bir sübut təqdim edilməmiş, ümumiyyətlə isə qalıq borcla bağlı dəqiq məlumat verməmişdir. Ona görə də apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarətdir.
21. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
22. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-2898/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.