Məhkəmə qərarları › İş №2-2(103)-106/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-106/2021

03.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-106/2021 03.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X2, cavabdeh X4 iştirakları ilə, iddiaçı "İddiaçı" MMC-nin cavabdeh X6 qarşı pul tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2 (113)-409/2020 saylı qətnaməsindən (hakim E.Əliyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh fərdi sahibkar X6 qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən 38700,70 manat məbləğində əsas borcun və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 38730,70 manat məbləğində pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh X7 arasında xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən İddiaçı MMC cavabdeh X7 onun sifarişləri əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə malla təmin etməyi, X7 isə malı qəbul edib, malın dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası müddətində İddiaçı MMC satıb dəyərini ödəmək şərtilə X7 ona verilmiş malların müəyyən bir hissəsinin pulunu ödəmiş, bir hissəsinin pulunu ödəməmişdir. Qalıq borcun müəyyən edilməsi üçün şirkət əməkdaşlarının iştirakı ilə xx.xx.2018-ci il tarixdə araşdırma aparılmış, nəticədə Amil Hüseynova verilmiş malların qalıq borcu 52913.09 manat olduğu müəyyən müəyyən edilmişdir. Cavabdeh X7 xx.xx.2018-ci il tarixli üzləşmə aktını imza etməklə 52913,09 manat dəyərində malın pulunu iddiaçıya ödəmədiyini, iddiaçıya borcunun olmasını təsdiq etmiş və həmin borcunu ödəmək üçün möhlət istəmişdir. Ona möhlət verilməsinə baxmayaraq, cavabdeh həmin borcdan hazırki tarixədək, cəmi 14212,39 manat pulu iddiaçıya ödəmişdir. Bununla da cavabdeh üzərinə düşən öhdəliyə tam əməl etməyərək, 38700,70 manat qalıq borcu hazırkı tarixədək MMC-yə ödəməmişdir. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2 (113)-409/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, cavabdeh X3 38700,70 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "İddiaçı" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2 (113)-409/2020 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, işin faktiki halları və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməni tərəflər arasında xx xxxxxx 2017-ci il tarixində alqı-satqı müqaviləsinin bağlanması üzrə əsaslandırılıb. Halbuki həmin müqavilə üzrə göstərilmiş tarix düzgün deyildir. Belə ki, müqavilə bağlanarkən müqavilədə tarix qeyd edilməmişdir. Müqavilənin tarixi İddiaçı MMC tərəfindən saxtalaşdırılmışdır. Müqavilənin tarixinin saxtalaşdırılması İddiaçı MMC-nin vəzifəli şəxsləri tərəfindən imzalanan qaimə-fakturaların borcdan silinməsinə mane olmuşdur. Bununla da İddiaçı MMC öz məqsədinə çatmaqla onun üzərinə əlavə borcların yığılmasına şərait yaratmışdır. Belə ki, alqı-satqı müqaviləsi bağlanan zamandan sonra o, bütün borclarını ödəmişdir. Bu barədə məhkəməyə hər hansı sənəd təqdim edə bilməsə də İddiaçı MMC-nin vəzifəli şəxsləri ilə şifahi formada razılaşma olmuşdur. Həmin şəxslərin məhkəməyə şahid kimi cəlb edilməsi təmin edilməmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə iclaslarında məhkəmə araşdırması düzgün aparılmadığından göstərilən xüsusatları məhkəmədə bildirmək imkanından məhrum edilmişdir. Eyni zamanda, alqı-satqı müqaviləsinin tarixinin təhrif edilməsi ilə bağlı məhkəməyə bildirsə də məhkəmə onun şifahi vəsatətini təmin etməmişdir. İddiaçı MMC tərəfindən göstərilən qanunsuzluqlara yol verməsi hüquq və azadlıqlarının pozulması və əlavə borclanmağına gətirib çıxarmışdır. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(113)-409/2020 saylı qətnaməsi həm də ona görə əsassızdır ki, borcunun düzgün hesablanması üçün maliyyə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Belə ki, adıçəkilən eskpertizanın təyin edilməməsi onun əlavə borclanmağına və qanuni mənafelərimə ciddi ziyan vurulması ilə nəticələnmişdir. Həmin eskpertizanın keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə alqı-satqı müqaviləsini imzalamasını əsas gətirərək eskpertizanın keçirilməsinin lüzumsuz olmasını bildirmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh X7 apelyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2 (113)-409/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2017-ci il tarixdə 43233 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində İddiaçı MMC ilə alıcı qismində X7 arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci maddəsinə əsasən satıcı bu müqavilənin tərkib hissəsi olan sifarişlər əsasında razılaşdırılmış miqdarda, çeşiddə və keyfiyyətdə alıcını malla təmin etməyi, alıcı isə həmin sənədlər əsasında malı qəbul edərək, dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilə hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. xx xxxxxx 2018-ci il tarixli, 196923 saylı üzləşmə aktından görünür ki, X4 xx.xx.2018ci il tarixə İddiaçı MMC-nin uçot məlumatlarına əsasən 55097,99 manat, X4 məlumatına əsasən 52913,09 manat İddiaçı MMC-yə borc qalığının olması müəyyən edilmişdir. Akt hər iki tərəfin imzası ilə təsdiq edilmişdir. Həmin sənəddəki imzanın cavabdehə məxsus olduğu mübahisələndirilmir. İş materiallarında olan İddiaçı MMC tərəfindən təqdim edilmiş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, X7 MMC-yə 52913,09 manat borcdan 14213,39 manat ödəniş etmiş, MMC-yə 38700,70 manat ödənilməmiş borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2.-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1.-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixdə 43233 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC alıcı X6 satılmış malın dəyəri tam ödənilməmiş, cavabdehin iddiaçıya 38700,70 manat borcu qalmışdır. Cavabdeh iddiaya etiraz ərizəsində iddiaçıya qalıq borcunun 25042,1 manat olduğunu qeyd etmiş, işə apelyasiya qaydasında baxılarkən isə məhkəmə iclasında izahat verərək üzləşmə aktı imzalandıqdan sonra təxminən 14.000 manat ödəniş etdiyini, 3-4 ay sonra malların bir hissəsini qaytardığını, cəmi 7000 manat borcu qaldığını bildirmişdir. Qaytarılan mallarla bağlı nə birinci instansiya, nə də apelyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim edə bilməmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş “Satış-qaytarma sənədi” adlı sənədlər iddiaçının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiq edilmədiyindən məhkəmə tərəfindən düzgün olaraq cavabdehin etirazının əsasını təşkil edən halları təsdiq edən mötəbər sübut kimi qəbul edilməmişdir. Cavabdeh mübahisənin obyektib həlli üçün İddiaçı MMC-nin vəzifəli şəxslərinin şahid qismində dindirilməməsini məhkəmənin yol verdiyi pozuntulardan biri kimi qeyd etmiş, lakin bu barədə birinci instansiya məhkəməsinə hər hansı vəsatət verməmişdir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh apelyasiya şikayətində tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin tarixinin müqavilə bağlanarkən deyil, sonradan qeyd edildiyini göstərmiş, birinci instansiya məhkəməsi tərəfindən bu halın araşdırılması üçün ekspertiza təyin edilməsi barədə vəsatətinin əsassız olaraq təmin edilmədiyini qeyd etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin qeyd edilən dəlili ilə bağlı hesab edir ki, alqı-satqı müqaviləsinin hazırkı halda hansı tarixdə bağlandığı, tarixinin müqavilə imzalandıqdan əvvəl və ya sonra qeyd edildiyi mübahisənin obyektiv həlli üçün əhəmiyyətli olmadığından bu halla bağlı birinci instansiya məhkəməsi tərəfindən ekspertiza təyin edilməməsi mübahisələndirilən qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Cavabdeh apelyasiya şikayətində iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsinin zəruri olduğunu qeyd etsə də, məhkəmə kollegiyası iş materiallarında cavabdehin borc məbləği ilə bağlı hesablanması xüsusi bilik tələb edən məbləğlər və sübutlar olmadığını nəzərə alaraq iş üzrə apelyasiya instansiyası mərhələsində məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini zəruri hesab etməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e- 2-2 (113)-409/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh X7 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 20 avqust 2020-ci il tarixli, e-2-2 (113)-409/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar