Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1066/2021 29.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" ASC-yə qarşı texniki xidmət müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 24.06.2021- ci il tarixli e-2-2(113)-1419/2021 nömrəli qətnaməsindən cavabdehin apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən 11,778.38 manat məbləğində əsas borcun, 35,334 manat məbləğində cərimənin,30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 47,142.38 manatın "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021- ci il tarixli e-2-2(113)-1419/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək "xxxx" ASC-dən 11.778,38 manat məbləğində əsas borc, 1177 manat cərimə məbləği, 30 manat dövlət rüsumunun əvəzi tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin iddianın təmin edildiyi hissədə ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilədə işlərin görülməsi və ödənilməsi şərtləri ətraflı şəkildə qeyd edilmiş, lakin məhkəmə prosesi zamanı iddiaçı tərəfindən bu qeyd olunan sənədlərdən heç biri təqdim edilməmiş, tələb edildikdə belə sənədlərin olmadığı bildirilmişdir. İddiaçı yalnız cavabdehə göndərilən elektron qaimələri sübut kimi təqdim etməklə, xidmətin göstərildiyi bildirilmişdir. Bu tamamilə qəbulolunmazdır. Belə ki, əgər tərəflər işlərin görülməsini yalnız elektron qaimə göndərilməsi ilə rəsmiləşdirilməli olması barədə razılığa gəlmiş olsaydılar, bu birbaşa tərəflərin iradə ifadəsini əks etdirən 05.02.2019-cu il tarixli müqavilənin şərtlərində ifadə olunardı. Odur ki, elektron sistem vasitəsilə göndərilmiş qaimələr işlərin görülməsini təsdiq edən digər sənədlər olmadan mötəbər sübut kimi qəbul edilə bilməz. Elektron qaimə faktura ilkin uçot sənədi olaraq işlərin təhvil-təslimini təsdiq edən sənədi əvəz edə bilməz. Məhkəmənin gəldiyi nəticədən belə məlum olur ki, tərəflərin müqavilə bağlamasından, müqavilədə hansı şərtlərin müəyyən edilməsindən asılı olmayaraq, bir tərəfin digər tərəfə elektron qaimə göndərməsi işlərin görülməsi/icra olunması hesab olunmalıdır. Belə çıxır istənilən X şirkəti müqavilə olmasa belə elektron sistem vasitəsilə istənilən X şirkətinə elektron qaimə göndərə, həmin qaimə sistem tərəfindən avtomatik olaraq və ya hansısa işçi tərəfindən düzgün qəbul edilməyib təsdiqlənərsə, bunun əsasında o digər tərəfdən göstərmədiyi xidmətin pulunu tələb edə bilər. İddiasının əsası kimi elektron qaiməni təqdim edərsə iddiası əsaslı sayılır. Bu yanaşma qanunvericiliyin müqavilə azadlığına, tərəflərin iradələrini ifadə etmək hüququna tamamilə ziddir. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatları dinləyib, apelyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021- ci il tarixli e-2-2(113)-1419/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış 05.02.2019-cu il tarixli, 022 saylı “Avtomobillərə texniki xidmət göstərilməsi haqqında müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə məxsus nəqliyyat vasitələrinə texniki xidmət göstərilmişdir. İddiaçı iddia edir ki, 29.11.2019-cu il tarixli 191869 nömrəli elektron qaimə üzrə (ƏDV daxil) 7151 manat, 20.12.2019-cu il tarixli 183842 nömrəli elektron qaimə üzrə isə (ƏDV daxil) 4703 manat məbləğində göstərilmiş xidmətin dəyəri ödənilməmişdir. Cavabdeh iddiaya etirazında və apelyasiya şikayətində qeyd edilən elektron qaimələr üzrə xidmətin göstərilməsinin mötəbər sübutlarla təsdiq edilmədiyini, müqavilənin 5.3-cü bəndinə uyğun tərəflər arasında təhvil-təslim aktı imzalanmadığını göstərmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 5-3-cü bəndinə əsasən, sifariş-tapşırıq üzrə ümumi qiymətin qalan hissəsi tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra 3 gün müddətində sifarişçi tərəfindən icraçıya ödənilməlidir. İşə apelyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi cavabdehin bu mülahizəsi ilə bağlı göstərmişdir ki, müqavilədə xidmət yerinə yetirildikdən sonra təhviltəslim aktı imzalanmalı olduğu nəzərdə tutulsa da indiyədək tərəflər arasında heç bir akt imzalanmamışdır. Birinci instansiya məhkəməsinin sorğusuna Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilmiş məlumata əsasən EBAD seriyalı, 191869 nömrəli və EBAE seriyalı 183842 nömrəli elektron qaimələr "xxxx" ASC tərəfindən təsdiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli, 89 nömrəli qərarı ilə təsdiq edilmiş, 02.02.2021-ci il tarixədək qüvvədə olmuş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi qaydaları”nın 1.2-ci bəndinə görə elektron qaimə-faktura - bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədi olduğundan elektron sistem vasitəsilə göndərilmiş və cavabdehin özü tərəfindən təsdiq edilmiş qaimələrin təhvil-təslim aktı olmadan mötəbər sübut kimi qəbul edilməli olmadığına dair cavabdehin dəlilləri əsassızdır. Məhkəmə bu nəticəyə gələrkən eyni zamanda nəzərə alır ki, cavabdehin nümayəndəsi göstərilməmiş xidmətə görə iddiaçı tərəfindən göndərilmiş elektron qaimələrin hansı səbəbdən təsdiq edildiyini izah edə bilməmiş, dəyəri ödənilmiş xidmətlərə görə tərəflər arasında əvvəllər müqavilə şərtlərinə uyğun təhvil-təslim aktları tərtib edildiyinə dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. İşə baxmış məhkəmənin iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olduğundan qətnamənin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 24.06.2021- ci il tarixli e-2-2(113)-1419/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh "xxxx" ASC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 24.06.2021- ci il tarixli e-2-2(113)-1419/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1066/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1066/2021
29.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver