Məhkəmə qərarları › İş №2-2(103)-1066/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1066/2022

14.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1066/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qanuni nümayəndə MMC-nin cavabdeh X6 qarşı lizinq müqaviləsi üzrə borcun tutulması, lizinq obyekti olan avtomobilin geri qaytarılması barədə iddiası üzrə Açar söz: lizinq müqaviləsi üzrə mübahisə Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Qanuni nümayəndə cavabdeh X6 qarşı lizinq müqaviləsi üzrə borcun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, lizinq obyekti olan avtomobilin qaytarılması barədə ilk iddiası, X5 Qanuni nümayəndənə qarşı müqavilənin etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qarşılıqlı iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3728/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İş materiallarından görünür ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 170321-4 saylı X4 bağlanmış, iddiaçı tərəfindən cavabdehə 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil lizinqə verilmişdir.

2. Ödəniş cədvəlindən görünür ki, X9 tərəfindən lizinq haqları xx.xx.2024-cü il tarixədək ödənilməsi nəzərdə tutulmuşdur.

4. xx.xx.2022-ci il tarixli 252 saylı Maliyyə arayışından görünür ki, xx.xx.2021-ci il tarixə qədər X9 tərəfindən lizinq müqaviləsi üzrə cəmi 2625 manat ödənilmiş, xx.xx.2021ci il tarixə qədər 2250 manat müqavilə üzrə borcu, 419.72 manat cərimə üzrə borcu vardır.

5. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli ME00161/22 saylı mütəxəssis rəyindən görünür ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur. 2020-ci buraxılış ili olan, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda dəyişilməsinə hazırki vəziyyətdə ümumi qiymət təxminən 2750 manat müəyyən olunmuşdur.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Qanuni nümayəndə cavabdeh X6 qarşı cavabdeh ilə iddiaçı arasında 17 mart 2021-ci il tarixdə bağlanılmış 170321-4 saylı X4 üzrə 29 aprel 2022-ci il tarixədək yaranmış 2.250 manat əsas borc məbləğinin, 419,72 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 60 manat dövlət rüsumunun, ümumilikdə 2.729,72 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin cavabdehdən tam işlək vəziyyətdə geri alınaraq iddiaçıya qaytarılması barədə iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir.

7. X9 cavabdeh Qanuni nümayəndənə qarşı qarşılıqlı iddia qaldıraraq cavabdeh ilə iddiaçı arasında bağlanılmış 17 mart 2021-ci il tarixli 170321-4 saylı X2 etibarsız hesab edilərək tərəflərin əvvəlki (ilkin) vəziyyətə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X9 ilə Qanuni nümayəndə arasında 17 mart 2021-ci il tarixdə lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 170321-4 saylı X4 bağlanılmışdır. 42 aylıq müddətə bağlanılmış Müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər Qanuni nümayəndə MMC tərəfindən tam şəkildə icra edisə də X9 müqavilə üzrə öhdəliklərini tam icra etməyərək X4 üzrə ödənilməsi nəzərdə tutulan lizinq haqqı borcunu uzun zamandır ki, geçikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırır. Cavabdeh X1 ödənişi xx.xx.2021-ci il tarixdə olmuşdur. Cavabdehin qərəzli hərəkətləri nəticəsində lizinq verənə xx.xx.2022-ci il tarixədək 2250 manat əsas ödəniş borcu, 419,72 manat lizinq mükafatı (faiz) borcu yaranmışdır. X7 dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yazılı bildiriş-pretenziya göndərilməsinə baxmayaraq X4 üzrə nəzərdə tutulan öhdəlikləri ödəməkdən qərəzli olaraq boyun qaçırmaqla lizinq obyekti olan avtomobil üzrə yaranmış lizinq borcunu ödəməmiş, iddiaçının xüsusi mülkiyyətindəki lizinq obyekti olan 2020-ci il buraxılışlı, göy rəngli, SAİPA SAİNA EX minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil lizinq verənə qaytarmamışdır. Sadiq Əliyev öhdəliklərini icra etməyərək müqavilənin şərtlərini pozduğu üçün onunla bağlanılmış müqaviləyə lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilmiş və bu barədə cavabdehə bildiriş təqdim edilmişdir. 2 saylı Bakı Mediasiya Təşkilatında ilkin mediasiya sessiyasına dəvət əsasında cavabdeh iştirak etməmiş, avtomobilin qaytarılması və yaranmış lizinq borcunun ödənilməsi istiqamətində addım atmamışdır. Qanuni nümayəndə MMC ilə X8 arasında bağlanılmış X2 tələblərində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən tərəf digər tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan Qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. Qeyd edilən müqavilədə əks edilmişdir ki, lizinq alan lizinq obyektini işlək halda saxlamadıqda, lizinq obyektinin texniki keyfiyyəti pisləşdikdə, lizinq ödənişləri lizinq alan tərəfindən ödənilmədikdə, monitorinq zamanı əmlakın vəziyyəti qənaətbəxş hesab edilmədikdə və s. hallarda lizinq şirkəti pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri ala və müqaviləni vaxtından əvvəl birtərəfli qaydada ləğv edə bilər. 9.Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, müqavilə bağlanan zaman X9 aldadılaraq ona fabrik qüsuru olan maşın verilmiş və maşının matorunda problem olduğu üçün 20.000 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. 2021-ci ilin oktyabr ayından maşın qarajdadır və istismara tam yararsız vəziyyətdədir. Bir çox maşın ustasına maşını göstərdikdə onlar X6 bildirmişlər ki, maşının matorunda fabrik qüsuru olduğu üçün maşının təmiri və bərpası qeyri-mümkündür, artıq dəmir-dümür yığınından başqa bir şey deyildir. ATLAS CARS MMC iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdədir. Lakin bu yalan məlumatdır. Çünki tam saz işlək vəziyyətdə olan maşın 20.000 km getdikdən sonra istismara yararsız vəziyyətə düşə bilməzdi. İlkin iddiaçı Qanuni nümayəndə MMC Cavabdeh aldadaraq gəlir əldə etmiş, üstəlik maşın işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm maşını, həm də aylıq ödənişləri əsassız olaraq tələb edir. Maşını hansı ustaya göstərmişlərsə bildirmişlər ki, lizinqə verilən maşının fabrik qüsuru var. Qarşılıqlı iddia ərizəsinə əlavə etdiyi fotoşəkillərdən görünür ki, maşının kilometrajı 24.377 rəqəmini göstərir. Bu da maşının cəmi ortalama 4-5 ay istifadə olunduğunu göstərir. Yəni maşın 4-5 ay istifadə olunduqdan sonra səhvi ucbatında yox, fabrik qüsuruna görə sıradan çıxmışdır. Maşının qarajdakı toz basmış şəkilləri də onun istifadə olunmadığının bariz nümunəsidir. Masının fabrik qüsurunun olması ona 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişlərini dayandırmışdır. Göründüyü kimi Cavabdeh aldadılmışdır və aldadıldığına görə də müqavilə etibarsız, sayılmalı, tərəflər əvvəlki vəziyyətinə qaytarılmalıdır.

10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3728/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ilk iddia təmin edilmiş, qarşılıqlı iddia rədd edilmişdir. 11.Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Qanuni nümayəndə ilə X9 arasında xx.xx.2021-ci il tarixli 170321-4 saylı X4 bağlanmış və müqaviləyə əsasən Lizinq verən Lizinq obyektini (2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil) Satıcıdan əldə etməyi və Müqavilə ilə müəyyənləşdirilmiş müddətə və şərtlərlə Lizinq Alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, Lizinq alan isə Lizinq obyektini qəbul edib Müqavilə üzrə müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini Lizinq Alana ödəməyi öhdələrinə götürmüşlər. Qanuni nümayəndə tərəfindən avtomobil xx.xx.2021-ci il tarixli Qəbul aktı ilə X6 təhvil verilmiş və X9 tərəfindən həmin avtomobil təhvil alınmışdır. Tərəflərin razılığı əsasında ödənişlər müqaviləyə uyğun olaraq tərtib edilmiş ödəniş qrafikində nəzərdə tutulan qaydada həyata keçirilməlidir.

12. İlk iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, materiallarında olan sənədlərlə X5 xx.xx.2021-ci il tarixli 170321-4 saylı X3 əsasən yaranmış 2.250 manat əsas borc və 419,72 manat lizinq mükafatı (faiz) olmaqla 2669,72 manat icra edilməmiş öhdəliyi müəyyən olunduğundan ilk iddia təmin edilməlidir.

13. Məhkəmə ilk iddia tələbinin lizinq obyektinin geri qaytarılması hissəsinə münasibətdə hesab etmişdir ki, lizinq müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, həmin müqaviləyə əsasən X9 Qanuni nümayəndəndən aldığı 2020-ci il buraxılışlı, göy rəngli, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobili tam işlək vəziyyətdə Qanuni nümayəndənə geri qaytarılmalıdır.

14. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etmişdir ki, mübahisələndirilən müqavilə bağlanılarkən, müqavilənin şərtləri konkret olaraq müəyyənləşdirilmiş, tərəflər öz iradələrini ifadə edərək, müqaviləni bağlamışlar, müqavilə bağlandıqdan sonra uzun müddət müqavilə şərtləri ilə bağlı heç bir iddia irəli sürülməmişdir. Mübahisələndirilən müqavilə xx.xx.2021-ci il tarixdə bağlanmış, lakin həmin tarixdən 1 ildən artıq müddət keçdikdən sonra xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia üzrə iddiaçı hazırkı tələblə məhkəmədə iddia qaldırmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı avtomobilin fabrik qüsuru olmasını bildirsə də, bu barədə qarşılıqlı iddia üzrə cavabdehə hər hansı bir irad bildirməmiş və bu barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir.

15. Azərbaycan Respublikası Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Bu isə onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

16. İlk iddia üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-3728/2022 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, ilk iddiainın rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən müqavilə bağlanan zaman X6 aldadılaraq fabrik qüsuru olan maşın verilmiş və maşının motorunda problem olduğu üçün 24.377 km yol getdikdən sonra tamamilə sıradan çıxmışdır. Bu nəinki qanuna zidd, həmdə vicdansızlıqdır. 2021-ci ilin oktyabr ayından maşın qarajdadır və istismara tam yararsız vəziyyətdədir. Necə ola bilər ki, 2020-ci il buraxılışlı maşın bu qədər tez sıradan çıxsın? Maşının fabrik qüsurunun olması cavabdehə 2021-ci ilin oktyabr ayında məlum olmuşdur və həmin andan etibarən haqlı olaraq lizinq ödənişləri dayandırılmışdır. Maşın mütəxəssisi dəvət edərkən məlum olmuşdur ki, maşının motorunda bir bolt olmadığı üçün maşının motoru dağılmışdır. Bir çox maşın ustasına maşını göstərdikdə onlar X6 bildirmişlər ki, maşının motorunda fabrik qüsuru olduğu üçün maşının təmiri və bərpası qeyri-mümkündür, artıq dəmir-dümür yığınından başqa bir şey deyil. Qanuni nümayəndə MMC iddia ərizəsində və pretenziya məktublarında qeyd etmişdir ki, guya avtomobil tam saz (işlək) vəziyyətdədir. Lakin bu yalan məlumatdır. Çünki tam saz işlək vəziyyətdə olan maşın 24.377 km getdikdən sonra istismara yararsız vəziyyətə düşə bilməzdi. İlkin iddiaçı Qanuni nümayəndə MMC Cavabdeh aldadaraq gəlir əldə etmiş, üstəlik maşın işlək vəziyyətdə olmadığı və fabrik qüsuru olduğu halda həm maşını, həm də aylıq ödənişləri əsassız olaraq tələb edir. Bütün yuxarıda qeyd olunanların heç birinə təəsüflər olsun ki, məhkəmə tərəfindən hüquqi qiymət verilməmişdir. İş materiallarından görünür ki, uzun müddət hər ay vaxtlı-vaxtında ödəniş etmiş, maşının fabrik qüsurlu olduğunu bilən andan etibarən ödəniş dayandırılmışdır. Bunun özü belə sübut edir ki, maşının fabrik qüsurlu olmasını cavabdeh yalnız 2021-ci ilin oktyabr ayında öyrənmişdir. Qanuni nümayəndə MMC-yə pretenziya və mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, göndərdiyi sənədlər xx.xx.2022-ci il tarixdə Qanuni nümayəndə MMC tərəfindən qəbul edilmiş və qanunla nəzərdə tutulan 10 gün müddət keçməmişdir ki, tərəf mediasiya təşkilatına müraciət edə bilsin. Belə olduğu halda qarşılıqlı iddia ərizəsi Mülki Prosessual Məcəllənin müvafiq müddəalarının tələblərinə zidd olmaqla verilmişdir və bu qarşılıqlı iddia tələbi məhz bu səbəbdən baxılmamış saxlanılmalıdır. Daha sonra qeyd etmişdir ki, mübahisə predimeti olan Lizinq Müqaviləsi üzrə Cavabdeh imzası ilə akt əsasında qəbul edilən və heç bir nasazlığı, narahatlığı olmadığı aşkar bəyan edilən lizinq avadanlığının istifadə edilərək 7 ay ardıcıl haqqı ödənilməklə istismar edilməsi və 7 aydan sonra nasazlıq iddiası ilə xüsusi mülkiyyət hüququnun məhdudlaşdırılmasına cəhd edilməsi həqiqətən də absurddur. “

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İşə apellyasiya qaydasında baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, iddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ilə müraciət edərək işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını, apellyasiya şikayətinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

20. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi; 385.1-ci maddəsi- öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsi- öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddə- mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 442-ci maddə- öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddə- borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 465.2-ci maddə- əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. 747.1-ci maddə- lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-10.1-ci maddə- lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 337.1-ci maddəsi- bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddə- əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddə- şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. 339.3-cü maddə- aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. 354.2-ci maddəsi- bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir. Qərarın mətnində qeyd edilir ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 21.Qətnamə ilk iddia üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

22. Məhkəmə izahatı dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3728/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

23. Apellyasiya şikayətinin məzmunundan görünür ki, ilk iddia üzrə cavabdeh tərəf tərəflər arasında bağlanmış lizinq müqaviləsi üzrə məhkəmə tərəfindən tutulmuş borc məbləğini, müqavilə üzrə həyata keçirilmiş ödənişin məhkəmə tərəfindən müəyyən edilmiş məbləğini mübahisələndirmir. Cavabdehin mübahisələndirdiyi hal müqavilənin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddianın məhkəmə tərəfindən təmin edilməməsidir.

24. Tərələr arasında lizinq müqaviləsinin etibarsız müqavilə olduğu qarşılıqlı iddia ərizəsində belə əsaslandırılır ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobil lizinqə verilərkən həmin avtomobildə bir ədəd bolt və bolt yivi olmamış, avtomobildə istehsal qüsuru olmuş və lizinqverən bu halı bildiyi halda lizinqalana bu barədə məlumat verməmişdir.

25. Bu qarşılıqlı iddia tələbinin məhkəmə tərəfindən təmin edilməsi üçün aşağıdakılar sübut edilməli idi: lizinq predmeti olan avtomobildə həqiqətən lizinq predmeti lizinqalana təhvil verilənə qədər qüsur mövcud olduğu və lizinqverənin müqavilə bağlananadək bu barədə məlumatlı olduğu.

26. Qarşılıqlı iddia tələbi ilə bağlı birinci instansiya məhkəməsinə özəl şirkət olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli ME00161/22 saylı mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə qeyd edilmilşdir ki, “SAİPA SAİNA EX” Minik markalı, ** PV *** dövlət nömrə nişanlı avtomobilin motorunda bir ədəd bolt və bolt yivi mövcud deyil və maşın fabrikdən tam saz vəziyyətdə istismara verilərkən də həmin bolt və bolt yivi olmamışdır. Motor fabrik qüsurludur.

27. Qarşılıqlı iddia ərizəsində qeyd olunur ki, avtomobil 20.000 km getdikdən sonra motorunda 2021-ci ilin oktyabr ayında problem yaranmışdır. Həmin tarixədək lizinq alanın avtomobildə qüsur olması barədə məlumatı olmamışdır. Belə olan halda müəyyən olunur ki, əgər avtomobilin daxilində, yəni motorunda lizinq alanın iddia etdiyi kimi, fabrik qüsuru olmuşsa belə, həmin qüsuru avtomobil müəyyən müddət idarə etmədən aşkar etmək mümkün olmadığı üçün lizinqverənin bu barədə lizinq müqaviləsi bağlalanadək məlumatı ola bilməzdi.

28. Qarşılıqlı iddia üzrə iddiaçı lizinq predmeti olan avtomobildə iddia edilən qüsur barədə lizinqverənin əvvəlcədən məlumatı olması barədə məhkəməyə sübut təqdim etmədiyindən lizinq müqaviləsinin MM-nin 359.2-ci maddəsinə əsasən etibarsız hesab edilməsi üçün aldadılma faktının baş verdiyi təsdiq olunmur.

29. Tərəflər arasında bağlanmış lizinq müqaviləsinin etibarsız hesab edilməsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş əsasların mövcudluğu müəyyən edilmədiyindən məhkəmə əqdin mübahisələndirilməsi üçün qanunla nəzərdə tutulmuş bir illik kəsici müddətin ötürülüb-ötürülməməsinə hüquqi qiymət verilməsini zəruri hesab etmir və belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri iş üzrə qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)- 3728/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

31. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq,

QƏT ETDİ:

İlk iddia üzrə cavabdeh X5 apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3728/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar