Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-107/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədova Nərmin Məzahir qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil2, nümayəndəsi X1 iştirakları ilə, iddiaçı Nümayəndə1 Cavabdehnə qarşı xidmət müqaviləsi üzrə borcun tutulması və avadanlıqların qaytarılması barədə iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsindən (hakim Zaur Pirverdiyev) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apelyasiya Məhkəməsinin binasında məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, МÜƏYYƏN ETDİ: İddiaçı Nümayəndə1 Cavabdehnə qarşı iddia ərizəsi ilə müraciət edərək tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26.951,80 manat məbləğində əsas borc, 3363,97 manat faiz borcu, 4061,47 manat məbləğində dəbbə pulu, cəmi 34.377,24 manat məbləğində pulun, iddianın verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsümunun, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən tutulması, həmçinin qurğu və avadanlıqların (66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal) cavabdehdən alınaraq iddiaçıya qaytarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ02 saylı müqavilələrə əsasən iddiaçı öz üzərinə götürdüyü öhdəliklərini vicdanla yerinə yetirdiyi halda, yəni müqavilələrdə göstərilən xidmətləri təşkil etdiyi halda cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirməmiş və iddiaçıya borcu yaranmışdır. xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin tənzimlənməsidir. Müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı müqavilədə göstərilən xidmətləri həyata keçirmək məqsədilə cavabdehə 193 ədəd POS-terminal təqdim etmişdir. Həmin Pos-terminallar xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktı ilə cavabdehə təhvil verilmişdir. xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilənin predmeti isə elektron ticarətlə bağlı olmuş, iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. Hər iki müqavilə üzrə cavabdeh öz üzərinə düşən öhdəliklərini yerinə yetirmədiyindən 2017-ci ilin iyul ayından etibarən 2018-ci ilin 31 dekabr tarixinədək iddiaçıya 26,951.80 manat məbləğində əsas borc, 3363.97 manat faiz borcu, 4061.47 manat dəbbə pulu, cəmi 34,377.24 manat məbləğində borc pul öhdəliyi yaranmışdır. Həmçinin iddiaçıya məxsus bir sıra qurğu və avadanlıqlar cavabdeh tərəfindən bu günədək qaytarılmamışdır. Borc məbləğinin ödənilməsi, eləcə də bir sıra qurğu və avadanlıqların (66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal) geri qaytarılması ilə bağlı cavabdeh ilə dəfələrlə danışıqlar aparılmasına, eyni zamanda xx xxxx 2018-ci il tarixində 26/69 saylı, xx xxxx 2018-ci il tarixində 26/80 saylı, xx xxxxxx 2019-cu il tarixli 28/10 saylı və sonuncu xx xxxxxx 2020-ci il tarixli 30/61 saylı pretenziya məktubları təqdim edilməsinə baxmayaraq, cavabdeh tərəfindən borc pul məbləği hələ də iddiaçıya ödənilməmiş və qeyd edilən qurğu və avadanlıqlar geri qaytarılmamışdır. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Nümayəndə1 ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli və xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilələr üzrə 26.951,80 manat məbləğində əsas borc, 3363,97 manat faiz borcu, 1000 manat məbləğində dəbbə pulu, vəkilin xidmət haqqı üçün ödənilmiş 1000 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, qurğu və avadanlıqlar olan 66 ədəd qutu, 9 ədəd Tamper, 4 ədəd qida plata, 10 ədəd ana plata, 12 ədəd POS terminal Cavabdehndən alınaraq Nümayəndə1nə qaytarılması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin ’’Nümayəndə1” MMC-yə 10000 manat borcu qalmışdır. Hazırki borcu iddiaçı özü hesablayıb vermişdir. Tələb olunan məbləğ düzgün hesablanmamış və birmənalı olaraq şişirdilmişdir. Müəssisə faktiki olaraq fəaliyyət göstərmir. Əvvəlki rəhbərlik müəssisəni indiki rəhbərliyə təhvil verib çıxıb getmişdir, sənədlər isə onlarda yoxdur və həmin sənədləri əldə edə bilmirlər. Həmçinin iddiaçı tərəfindən təqdim olunan sənədlərin həqiqiliyi yoxlanılmamış və məhkəmə mühasibatlıq ekspertizasının təyin olunması barədə verilən vəsatət təmin olunmamışdır. Məhkəmə qətnaməsindən tam aydın görünür ki, cəmi borc məbləğinin hansı meyarlar əsasında hesablandığı birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamışdır. Məhkəmənin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən apelyasiya qaydasında ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə çıxarılmalıdır. İşə apelyasiya qaydasında sonuncu dəfə baxılması xx.xx.2020-ci il tarixə təxirə salınmış, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayarq nümayəndəsi məhkəmənin iclasına gəlməmişdir. Məhkəmə MPMin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixdə keçirilən iclasında iştirak edən cavabdehin vəkili və nümayəndəsi Vəkil1 apelyasiya şikayətini müdafiə edərək təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili Vəkil2 və nümayəndəsi X2 məhkəmə iclasında apelyasiya şikayətinə etirazlarını bildirərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-865/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İşdəki tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti İZ sədaqət proqramı çərçivəsində müştəri tərəfindən təsərrüfat subyektinin təklif etdiyi iş, mal, xidmətlər əldə edilərkən, cavabdeh tərəfindən təsərrüfat subyektinin obyektində quraşdırılmış terminalda İZ kartının qəbulu, Terminal vasitəsilə İZ kartına bonusların yığılması, yığılmış bonusların cavabdeh ilə müqavilə bağlamış bütün təsərrüfat subyektlərinin obyektlərində istifadə edilməsinin təşkili, terminal vasitəsilə İZ kartındakı bonuslar üzrə balansın öyrənilməsi, həmçinin bu xidmətlərdən irəli gələcək texniki dəstəklənmənin həyata keçirilməsinə dair münasibətlərin tənzimlənməsidir. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə göstərilən xidmətlərin müqabilində şirkət tərəfindən xidmət mərkəzinə ödəniləcək xidmət haqqı bu müqavilə imzalandığı tarixdən hesablanmaqla ilk 1 ay üçün aylıq olaraq ƏDV xaric 2000 manat təşkil edir. Tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilənin surətindən görünür ki, müqavilənin predmeti iddiaçının informasiya sistemlərindən istifadə edilməklə cavabdeh ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə ödənişlərin təşkil olunmasına dair tərəflər arasındakı münasibətlərin tənzimləməsi olmuşdur. Müqavilənin 3.1-ci bəndində qeyd edilmişdir ki, bu müqavilə üzrə göstərilən xidmətlərin müqabilində şirkət tərəfindən Xidmət Mərkəzinə ödəniləcək xidmət haqqı şirkət ilə müvafiq müqavilələr bağlamış E-satıcıların xeyrinə həyata keçirilən ödənişlərin ümumi dövriyyəsinin həcmindən 0,1 % təşkil edir. İşdəki 14 ədəd xx.xx.2017-xx.xx.2018-il dövrləri əhatə edən təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən 2017-ci ilin fevral ayından 2018-ci ilin mart ayı da daxil olmaqla 33040 manat dəyərində göstərilmiş xidmətlər cavabdeh tərəfindən qəbul edilmişdir. xx xxxx 2016-cı il tarixli təhvil-təslim aktının surətindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 193 ədəd POS-terminal təhvil verilmiş və həmin POS-terminallar cavabdeh tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2016-cı il tarixli aktın surətindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 30 ədəd POS-terminal geri qaytarılmış və həmin POS-terminallar iddiaçı tərəfindən təhvil alınmışdır. xx xxxxxx 2019-cu il tarixli MK810 saylı ödəniş tapşırığının surətindən görünür ki, iddiaçı tərəfindən hüquqi yardıma görə Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 1000 manat ödənilmişdir. İddiaçı tərəfindən apelyasiya instansiyası məhkəməsinə təqdim edilmiş maliyyə arayışından görünür ki, tələb edilən borcun 24873,52 manatı xx xxxxxx 2013-cü il tarixli MK/İZ-01 nömrəli müqavilə üzrə, 2078,28 manatı xx xxxxxx 2014-cü il tarixli, MK/İZ-02 nömrəli müqavilə üzrə yaranmış borcdur. Cavabdeh tərəf həm birinci instansiya, həm də apelyasiya instansiyası məhkəməsində iddianı qismən qəbul edərək iddiaçıya 10.000 manat borcun ödənilmədiyini, onlarda mövcud olan avadanlıqların qaytarılmasına etiraz etmədiklərini bildirmişdir. Birinci instansiya məhkəməsi işdəki sübutlara və aşağıdakı normalara əsasən iddianın xidmət müqaviləsi üzrə əsas borc, faiz, hüquqi xidmət xərci və avadanlıqların qaytarılması hissəsində tam, dəbbə pulu tələbi hissəsində qismən əsaslı olduğuna dir nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşdəki sübutlarla təsdiq edilir ki, iddiaçı cavabdehlə bağlanmış müqavilələr üzrə ona xidmət göstərmiş, xidmət təhvil alınmış, cavabdeh göstərilmiş xidmətin dəyərinin ödənilməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən 26,951.80 manat məbləğində borcun ödənilməsi gecikdirildiyindən iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etməyə haqlıdır. İddia tələbinin dəbbə pulunun tutulması hissəsinə münasibətdə məhkəmə dəbbə pulunu azaldaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsini tətbiq etməklə 1000 manat həddində müəyyən etmiş, qətnamə iddianın rədd edildiyi hissədə mübahisələndirilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin cavabdehdən iddiaçının xeyrinə 1000 manat hüquqi yardım xərcini tutması qeyd edilən normanın tələbinə uyğundur. Cavabdeh tərəf apelyasiya şikayətində borcun hesablanması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməsini xahiş etmiş, məhkəmə cavabdeh tərəfindən ödənişlərlə bağlı hər hansı sübut təqdim edilmədiyini və iddiaçının təqdim etdiyi sübutlarda hesablanması xüsusi bilik tələb edən rəqəmlər olmadığını nəzərə alaraq vəsatəti əsassız hesab etmişdir. Məhkəmə kollegiyası avadanlıqların (12 ədəd Pos-terminal və onların quraşdırılması üçün zəruri olan digər avadanlıqlar) qaytarılması tələbi ilə bağlı hesab edir ki, həmin hissədə iddia cavabdeh tərəfindən birinci instansiya məhkəməsində işə baxılarkən qəbul edildiyindən iddianın həmin hissədə təmin etməsi qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İşə apelyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi və vəkili qətnamə qəbul edildikdən sonra tələb olunan avadanlıqların və POS- terminalların bir hissəsinin onlarda olmadığının müəyyən edildiyini göstərsə də, mövcud olmayan avadanlıqların adları və siyahısını təqdim etmədiyindən məhkəmə tərəfindən bu mülahizə ilə bağlı araşdırma aparılması mümkün olmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)- 865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cımaddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 2-2 (113)-865/2020 saylı xx.xx.2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına ( ünvan: Bakı şəhəri, Yusif Səfərov küçəsi, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(103)-107/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-107/2021
11.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver