Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1071/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilə öhdəliyinin icra olunmaması, elektron qaimə, sübutetmə) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, İddiaçı nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsindən cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. İddiaçı (Satıcı) ilə Cavabdeh (Alıcı) arasında xx.xx.2023-cü il tarixdə 05/2023 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndində göstərilmişdir ki, müqavilənin predmetini müqaviləyə əlavə ediləcək razılaşma protokollarında əks etdirilən tekstil mallarının "Satıcı” tərəfindən "Alıcı” ya satılması, "Alıcı” tərəfindən isə həmin malların qəbul edilərək, malın dəyərinin ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir.
2. Müqavilənin 2.1-ci bəndinə əsasən, malların xüsusiyyətləri (ölçü, miqdar və s.) tərəflər arasında əvvəlcədən razılaşdırılır; 3.1-ci bəndinə əsasən alıcı mallara görə İcraçı tərəfindən təqdim edilmiş hesab - fakturalara və ya elektron qaimə - fakturalara uyğun olaraq aldığı malların dəyərini nəğd və ya köçürmə yolu ilə Satıcıya ödəyir.
3. Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulmuşdur ki, təqdim olunmuş mallara görə aparılmış ödənişlər arasında uyğunluğun yoxlanılması məqsədilə Tərəflərin hər birinin tələbi ilə qarşılıqlı hesablaşmaların tutuşdurulması aktı tərtib oluna bilər; 3.3-cü bəndinə görə isə, müqaviləyə əsasən bütün ödənişlər nəğd şəkildə və ya bank köçürmə yolu ilə manatla həyata keçirilir və alınmış malın dəyəri 3 gün ərzində satıcıya ödənməlidir.
4. İddiaçıla Cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən, 840 ədəd odeyalların cəmi dəyəri 10 920 manat, xx.xx.2023-cü il tarixli qiymət razılaşdırma protokoluna əsasən 800 ədəd odeyalların cəmi dəyəri 10 400 manat razılaşdırılıb.
5. xx.xx.2023-cü il tarixli “Malların təhvil-təslim aktı”na əsasən 10 920 manat məbləğində və xx.xx.2023-cü il tarixli akta əsasən 10 400 manat dəyərində mal Cavabdeh təhvil verilmiş, aktlar hər iki tərəfin imzası ilə təsdiq edilmişdir.
6. xx.xx.2023-cü il tarixli EBDL316632 saylı e-qaiməyə əsasən İddiaçı tərəfindən 21 320 manatlıq mala dair e-qaimə tərtib edilmişdir.
7. Cavabdeh tərəfindən İddiaçı cəmi 9000 manat ödənilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
8. İddiaçı (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlə bağladığı xx.xx.2023-cü il tarixli 05 nömrəli müqaviləyə əsasən yaranmış 12 320 manat borcun və gecikdirməyə görə illik beş faizlə hesablanmış 616 manatın, yəni ümumilikdə 12 936 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə bağladığı tekstil mallarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixli 05 nömrəli müqaviləyə görə müxtəlif növdə, çeşiddə tekstil malları, ümumilikdə 21 320 manat dəyərində mallar alıcıya təhvil verilərək satılmış, həmin məbləğin ödənilməsi üçün qanunamüvafiq qaydada xx.xx.2023cü il tarixdə elektron qaimə göndərilmişdir. Müqavilənin 3.3-cü bəndinə görə, bütün ödənişlər nəğd şəkildə və ya bank köçürmə yolu ilə manatla həyata keçirilir və alınmış malın dəyəri 3 gün ərzində satıcıya ödənməlidir. Ödənilməli olan 21 320 manat məbləğində pulun 9000 manatı cavabdeh tərəfindən ödənilmiş, öz öhdəliyini lazımi qaydada icra etməyərək yerdə qalan 12 320 manat məbləğində pul ödənilməmişdir. Həmin məbləğin ödənilməsi ilə bağlı dəfələrlə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq, edilən cəhdlər nəticəsiz qalmışdır. Bununla belə cavabdeh öz öhdəliyini artıq bir ildir ki, icra etmir və qanunun tələbinə görə gecikdirilmiş 12 320 manatın illik 5%-i, yəni 616 manat məbləğində pul da cavabdehdən onun xeyrinə tutulmalıdır.
10. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 bildirmişdir ki, tərəflər arasında alqı-satqı münasibətləri olub. İddiaçının təqdim etdiyi müqaviləyə baxdıqda görünür ki, orada şəxsiyyət vəsiqəsinin nömrəsi və fin kodu qeyd edilib. Müqavilə bağlanan zaman cavabdehin VÖEN-i aktıv olmayıb, həmin müddət dayandırılıb. VÖEN-i dayandırıldığı üçün cavabdeh ümumiyyətlə elektron karğuzarlığa daxil olmayıb və e-qaimələri görməyib ki, onlara etiraz etsin. Cavabdehin bildirdiyinə görə bir dəfə sənədlər təqdim olunub və yalnız həmin gün sənədlər imzalanıb, malı götürəndən sonra da dərhal ödəniş edib və bugünə kimi borcu olmayıb. Cavabdeh bir dəfə iddiaçıdan mal götürüb, ikinci aktdakı imza ona məxsus olsa da göstərilən malları götürməyib. 9000 manat ödənş edib. Ümumi olaraq iddiaya etiraz edir.
12. Birinci instansiya məhkəməsinin 19 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 12 320 manat borc məbləğinin, illik 5%-lə hesablanan 616 manat faiz borcunun və dövlət rüsumunun əvəzi olaraq 129 manatın tutularaq İddiaçı ödənilməsi qət olunmuşdur.
13. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
13.1. Mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 13.2. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli 05 nömrəli müqavilənin 3.3-cü bəndinə əsasən cavabdeh almış olduğu mallara görə ödənişi 3 gün ərzində iddiaçıya təqdim etməlidir. 13.3. İşdən göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə nəzərdə tutulmuş öhdəlikləri icra edərək müvafiq malları cavabdehə təhvil vermiş, lakin cavabdeh tərəfindən mallar qəbul edilsə də, alınmış mallara görə cəmi 9000 manat ödəniş edib, qalan malların dəyəri iddiaçıya ödənilməmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin argumentlərini (birinci aktda göstərilən malları təhvil aldığını, lakin ikinci təhvil aktında imzası olsa da malları gəbul etmədiyini) tamamilə əsassız və sadəcə borcun ödənilməsindən yayınmaq məqsədi kimi giymətləndirir. Belə ki, birincisi, işin məhkəmənin icraatında olduğu dövrdə cavabdeh tərəfindən aktlarda mövcüd olan imzalar onun tərəfindən mübahisələndirilməmişdir, digər tərəfdən görünür ki, tərəflər öncə giymət razılaşdırma protokollarını, daha sonra təhvil-təslim aktlarını imzalayıblar. Əgər cavabdehə ikinci aktda göstərilən mallar lazım deyil idisə, o zaman həmin aktda göstərilən mallara dair giymət razılaşdırma protokolu da imzalanmazdı. Yox, əgər yalnız qiymət razılaşdırma protokolu imzalanmışdırsa və cavabdehə həmin mallar verilməmişdirsə, o zaman cavabdeh iddiaçıya qarşı malların təhvil verilməsi ilə bağlı tələbi irəli sürməli idi, lakin ona dair də hər-hansı sübut məhkəməyə təqdim edilməmişdir. 13.4. İddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla müqavilə, təhvil-təslim aktı və elektron qaimə ilə təsdiq olunmuşdur. 13.5. İddiaçı cavabdehə müqaviləyə əsasən may 2023-cü il tarixində mallar satıb, lakin cavabdeh bir ildən artıq müddətdir ki, həmin malların ödənişini (12 320 manat) tamamlamamışdır. Buna görə də tələb edilən 616 manat məbləğində faiz borcu əsaslı hesab edilərək cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 13.6. İddiaçı tərəfindən 129 manat dövlət rüsumu ödənilmişdir, həmin məbləğ də cavabdehdən onun xeyrinə tutulmalıdır.
14. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 425ci, 443.1-ci, 445.7-ci, 567-ci, 568.1-ci, 579.1-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarına istinad etmişdir.
15. Həmin qətnamədən cavabdehin nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyi, gəlinən nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halların aydınlaşdırılmadığı, tərəflər arasında bağlanmış müqavilənin qanunvericiliyə zidd olduğu, iddiaçının təqdim etdiyi sübutların, eləcə də iddiaçının müqavilənin 1 saylı Əlavəsindəki imzasının saxtalaşdırıldığı arqumentləri ilə əsaslandırmışdır. Şikayətdə həmçinin göstərilmişdir ki, “Cavabdeh ilə iddiaçı arasında ehtimal edək ki, tekstil mallarının alqı-satqısına dair xx.xx.2023-cü il tarixində müqavilə bağlanmışdır. Müqavilənin 6.1-ci bəndində qeyd olunur ki, 2 nüsxədə tərtib olunur və tərəflərə 1 nüsxədə verilir. Nə müqavilə, nə də ki, əlavələr tərəfə rəsmi qaydada verilməmişdir. Lakin bağlanılan müqavilədə Cavabdeh fərdi sahibkar kimi deyil, fiziki şəxs kimi iştirak etmişdir. Həmin ərəfədə Cavabdeh artıq uzun müddət idi ki, fərdi sahibkar kimi fəaliyyət göstərmirdi və fəaliyyətini rəsmi qaydada dayandırmışdır. Məhkəmə hazırlıq iclası zamanı bu barədə hakimə bildirilsə də, məhkəmə tərəfindən həmin hissə araşdırılmamış və əhəmiyyət verilməmişdir. Həmçinin, təhvil-təslim aktı və əlavə razılaşmaların yalnız xx.xx.2023-cü il tarixində olan sənədlərinə uyğun olaraq mal götürmüşdür. Yəni qarşı tərəfin təqdim etdiyi sənədlərə uyğun olaraq, 840 ədəd 160x230 ölçüdə olan 10 920 manatlıq mal götürmüşdür və 9000 manat pulu nağd qaydada ödəniş etmişdir. İddiaçı ödənişlə bağlı olan faktı məhkəmə iclası zamanı özü də etiraf etdiyindən bu hissə ilə bağlı sübutlarımızı təqdim etməyə zərurət olmamışdır. Ödəniş olunan zaman isə Cavabdeh heç bir qəbz təqdim edilməmişdir. O, qiymət razılaşdırılması və təhvil təslim aktına xx.xx.2023-cü il tarixində bir dəfə imza atmışdır. xx.xx.2023-cü il tarixində isə ümumiyyətlə mal götürməmişdir. İddiaçı məhkəməyə təqdim etdiyi sübutlar saxtalaşdırılmışdır, həqiqəti əks etdirmir. Buna sübut kimi təqdim olunan sənədlərdəki ziddiyyətləri qeyd edirik: müqavilə ehtimal edək ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmışdır. Elektron məhkəmə sisteminə əlavə olunan müqavilənin 1-ci səhifəsi ilə imza olan səhifəsi arasında kəskin fərq vardır. Həmçinin, Cavabdeh VÖEN-i açıq-aşkar hiss olunur ki, sonradan fərqli şriftlə müqaviləyə əlavə olunmuşdur. Bu hal bir daha təsdiq edir ki, müqavilə bağlanan zaman alıcı yalnız şəxsiyyət vəsiqəsi təqdim etmişdir. Əsas müqavilənin 2-ci səhifəsi və xx.xx.2023-cü il tarixində imzalanan 1 nömrəli əlavəni iddiaçı tərəfdən İddiaçı imzalamışdır. xx.xx.2023-cü il tarixli əlavə 1-də olan İddiaçı imzası ilə əvvəlki imzaları eynilik təşkil etmir. Adi vizual görünüşdən imzaların fərqli olmasını görmək mümkündür. - Məhkəmə bu hissəyə hüquqi qiymət verməli ən azından müqavilədə iştirak edən tərəflərin imzalarının həqiqiliyi müəyyən olunmalı idi. Belə ritorik sual yaranır ki, eyni mal, eyni ölçüdə və eyni qiymətə satılmışdırsa əgər, o halda niyə fərqli tarixlərdə fərqli əlavə razılaşmalar tərtib olunmuşdur? İknci sual isə 840 ədəd malın pulu tam ödənilməmiş, 4 gün sonra 800 ədəd malın verilməsi necə izah oluna bilər? Axı müqavilənin 3.3-cü bəndində qeyd olunmuşdur ki, alınmış malın dəyəri 3 gün ərzində satıcıya ödənilməlidir. Yəni, birinci malın dəyərini ödəməmiş, satıcı hansı əsasla alıcıya təqribən eyni miqdarda mal satır?. Təbii ki, bu sualların yalnız bir cavabı var ki, xx.xx.2023-cü il tarixində Cavabdeh mal satılmamışdır. növbəti ziddiyyətli məqam ondan ibarətdir ki, müqaviləyə əsasən pul məbləği 3 gün ərzində ödənilməli olduğu halda, İddiaçı elektron qaiməni xx.xx.2023-cü il tarixində göndərmişdir. Həmin qaimədə isə artıq malın sayı 1640, dəyəri isə 21 320 ədəd göstərmişdir. Yuxarıda qeyd olunan məqamlar Bakı Kommersiya Məhkəməsi tərəfindən araşdırılmamışdır və həmin hissələrə hüquqi qiymət verilməmişdir. Qeyri-mötəbər olan sübutlar heç bir əhəmiyyət kəsb etmir və işin həll olunmasında istifadə olunmamalıdır. Bununla da hesab edirik ki məhkəmə maddi hüquq normasını pozmuş və həqiqətin müəyyən olunması hissəsində qeyri-obyektiv mövqe tutmuşdur. İddiaçının məhkəməyə təqdim etdiyi müqavilə qanunvericiliyin tələblərinə tamamilə ziddir. Belə ki, “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsində qeyd olunmuşdur ki, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni, bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilə bilər. Bir daha qeyd edirik ki, müqavilə bağlanan zaman Cavabdeh vergi ödəyici kimi fəaliyyətini dayandırmışdır və faktiki olaraq vergi ödəyicisi olmamışdır. Həmin ədyallar yalnız bir dəfə lazım olmuşdur və bir dəfə də almışdır yəni 840 ədəd. Müqavilə bu baxımdan qanunvericiliyin tələbinə ziddir ki, iddiaçı müqavilənin 3.3-cü bəndində ödənişləri nəğd şəkildə qəbul edə biləcəyini də bəyan edir və 9000 manat pul da iddiaçıya nəğd ödənilmişdir və iddiaçı bununla bağlı cavabdehə heç bir qəbz verməmişdir. Müqavilənin də sonuncu bəndində tərəflərin rekvizitləri sırasında cavabdehin yalnız şəxsiyyət vəsiqəsi və Fin kodu qeyd olunmuşdur. Yəni bank rekvizitləri qeyd olunmamışdır. bu hal bir daha təsdiq edir ki, cavabdeh mal alarakən vergi ödəyicisi olmayan sadə fiziki şəxs kimi çıxış etmişdir. Cavabdeh isə vergidən yayınmaq istəmişdir. Həmin qanunvericiliyin 3.4-cü maddəsinə əsasən, Bu Qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir: pərakəndə satış qaydasında təqdim edilən malların (avtomobillər və bu Qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla) satışı üzrə bir əməliyyat çərçivəsində (bir nəzarət-kassa aparatının çeki üzrə) dörd min manatdan artıq olan ödənişlər. Bu maddədin tələblərindən görünür ki, iddiaçı qanunun tələblərini pozduğunu gizlətmək niyyətində olmuş və həmin müqaviləni sonraa tərtib etmişdir. Çünki Cavabdeh malı aldığı zaman təhvil təslim aktında göstərilən tarixdə yəni xx.xx.2023-cü il tarixində ödəniş olunandan sonra ona kassa aparatının çeki təqdim olunmalı idi. Məhkəməyə təqdim olunan sübutlar siyahısında isə həmin qəbzlər təqdim olunmamışdır. Əfsuslar olsun ki, məhkəmə baxışı zamanı bu hallar araşdırılmamışdır”.
Apellyasiya şikayətinə qarşı etiraz
16. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, etirazda şikayətin əsassız olduğu qeyd edilərək qətnamənin dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur.
Apellyasiya baxışı, izahatlar
17. Cavabdehin məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, iddiaçının nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
19. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.
20. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
21. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
24. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
25. Maddə 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin.
26. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.
28. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
29. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
30. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
31. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
36. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
38. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
39. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
40. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində irəli sürülənlərlə bağlı əlavə əsaslandırma aparılmasına zərurət görmür.
41. Xüsusilə nəzərə alınmalıdır ki, cavabdehin nümayəndəsi apellyasiya şikayətində irəli sürdüyü dəlillərin bəzilərini birinci instansiya məhkəməsində ümumiyyətlə irəli sürməmişdir; müqavilənin 1 saylı Əlavəsindəki imzanın iddiaçıya aid olub-olmaması isə iddiaçının həmin Əlavəyə istinadla iddia irəli sürməsi nəzərə alındığında hər hansı əhəmiyyət kəsb etmir.
42. Beləliklə, apellyatorun apellyasiya şikayətində irəli sürdükləri yalnız formal mülahizələrdir; birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3638/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 19 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən Cavabdeh tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Leyla Əliyeva