Məhkəmə qərarları › İş №2-2(103)-1072/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1072/2022

20.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1072/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, İddiaçı, iddiaçının vəkili Nümayəndə2 və cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2975/2022 saylı qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ

1. İş materiallarına əsasən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti arasında sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında 20 sentyabr 2020-ci il tarixli müqavilə bağlanmış və müqaviləyə əsasən İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sifarişləri əsasında baş verəcək hər bir sığorta hadisələrinin səbəblərini araşdırmaq və hadisə ilə bağlı yaranan zərər məbləğinin müəyyən olunması üzrə sığorta ekspertizası xidmətlərini həyata keçirməyi, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti isə həmin xidmətlərin haqqını ona ödəməyi öz öhdəsinə götürmüşdür.

Birinci instansiya məhkəməsindəki icraat

2. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Sığorta Kommersiya Şirkəti ilə bağlanmış 20 sentyabr 2020-ci il tarixli sığorta ekspertizası üzrə xidmət göstərilməsi haqqında müqavilənin şərtlərinə əsasən ödənilməli olan 20140 manat pulun, mediasiya xərci hesab olunan 200 manat məbləğində vəsaitin, əldən çıxmış fayda kimi 5000 manat pulun, ümumilikdə 25340 manat məbləğində vəsaitin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı bildirir ki, müqavilə şərtlərinə əsasən şirkət tərəfindən göndərilmiş işlər üzrə özəl ekspert qismində iştirak edərək qiymətləndirməni həyata keçirmişdir. Bu xidmətləri müqabilində bəzi ödənişlər həyata keçirilsə də, şirkətin ona 20140 manat məbləğində borcu qalmışdır.

4. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim olunan elektron qaimə məhkəmənin hazırlıq iclası mərhələsində deyil, məhkəmə baxışı mərhələsində təqdim edilmiş və bununla da MPM-in 167.1.2-ci maddəsinin tələblərinin pozulmuşdur. Eyni zamanda tərəflər arasında bağlanılmış müqavilə cavabdeh şirkətin direktoru tərəfindən imzalanmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2975/2022 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən 20140 manat əsas borc və 200 manat mediasiya xərcinin tutularaq İddiaçı ödənilməsi və iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.

6. Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsalandırılmışdır ki, tərəflər arasında bağlanmış müqavilənin 4-cü bəndinə əsasən “Sifarişçi sığorta şirkəti” sığorta ekspertizası ilə bağlı sifarişi verməkdən əvvəl sifariş forması tərtib edir və zəruri olan digər təsdiq edici sənədlərin surətlərini əlavə edərək “İcraçı Müstəqil Sığorta Eksperti”nə təqdim edir; sifariş forması yalnız original formada, “Sifarişçi Sığorta Şirkəti” tərəfindən təhkim olunmuş şəxs tərəfindən imzalanmış və möhürlənmiş şəkildə təqdim olunmalıdır. Həmin sənəd hər-hansı elektron daşıcıyılarda, faks, elektron ünvan və digər vasitələrnən çatdırılması qəbul olunmur; sifariş forması “Sifarişçi sığorta şirkəti” iki nüsxədə tərtib edir və bir nüsxəsi “İcraçı Müstəqil Sığort Eksperti” tərəfindən imzalanır və möhürlə təsdiqləyərək qarşı tərəfə bir nüsxəni qaytarır. Lakin, hazırki mübahisə üzrə həm iddiaçının (müqavilə üzrə icraçı) həm də cavabdehin (müqaviə üzrə sifarişçi) imzası ilə imzalanmış və möhürlənmiş şəkildə sifariş forması və sözügedən müqavilənin şirkətin qanuni təmsilçisi tərəfindən imzalanmış əsli iddiaçı tərəfindən elektron informasiya məhkəmə sisteminə yerləşdirilməmişdir. Bundan başqa, məhkəmənin əsaslandığı 5 ədəd elektron qaimələr və digər kommersiya mübahisəsinə aid sənədlər elektron məhkəmə informasiya sisteminə xx.xx.2022-ci il tarixdə, yəni məhkəmənin birinci baxış iclasından sonra yerləşdirmişdir. Halbuki məhkəmənin istinad etdiyi 5 ədəd qaimə ilə bağlı məlumatları iddiaçının cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli pretenziya məktublarında qeyd edildiyindən məhkəmənin hazırlıq iclasları yekunlaşana qədər elektron məhkəmə informasiya sisteminə yerləşdirə bilərdi. Göründüyü kimi iddiaçı sözügedən 5 ədəd elektron qaiməni Mülki Prosessual Məcəllədə nəzərdə tutulmuş qaydada və müddətdə məhkəmə elektron informasiya sisteminə yerləşdirməmiş və həmin sənədlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış və bununla bağlı birinci instansiya məhkəməsinə ərizə ilə müraciət etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. İddiaçı tərəfindən apelyasiya şikayətinə qarşı etiraz verilmişdir.

9. Etiraz onunla əsaslandırılmışdır ki, 12 elektron qaimə üzrə bütün sifarişlər blanksız ərizələrin vatsapa şirkət əməkdaşı tərəfindən göndərilməsi ilə icra edilmişdir. Cavabdehlə həmin müqavilə üzrə mübahisələndirilən dövr, yəni 2020-ci ilin sentyabr 2022-ci yanvar ayı üzrə bütün görülmüş işlərə dair (o cümlədən mübahisələndirilən 5 elektron qaimə də daxil olmaqla) 12 elektron qaimə cavabdehə iddiaçı tərəfindən göndərilmişdir ki, bütün elektron qaimələr cavabdeh tərəfindən qəbul edilmiş və asan imza ilə təsdiq edilmişdir. Belə olan halda, həmin 12 elektron qaimə üzrə işlərin görülməsi cavabdeh tərəfindən elektron kargüzarlıqda təsdiq edildiyi bir halda həmin qaimələrin əsasında qeyd edilən xx.xx.2020-ci il tarixli müqavilənin olmasını da cavabdeh artıq təsdiq etmişdir. Habelə, xx.xx.2021-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2021-ci il tarixli təhvil qəbul aktları vardır ki, o aktlar üzrə iddiaçı tərəfindən qiymətləndirmə aparılmış, həmin aktlar cavabdeh tərəfindən imzalanmaqla və görülmüş işlərin qəbulunu təsdiq etməklə əslində bir daha hazırda mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli müqavilə üzrə razılaşmanın mövcud olmasını və tarifləri əslində təsdiq etmişdir. Prosessual hüquq pozuntusu kimi qeyd edilmiş elektron qaimə fakturaların elektron sistemə baxışda yerləşdirilməsi hissəsində şikayətin əsaslarına gəldikdə isə məhkəmə baxış iclasında hakim tərəfindən cavabdehin sifarişləri təsdiq edib-etməməsi ilə bağlı suallarına cavab verilərkən zərurət yaranmışdır ki, mübahisələndirilən məbləğdə xidmətlərin göstərilməsinə dair 5 elektron qaimə məhkəməyə təqdim edilsin və məhz bu zaman elektron qaimələr elektron sistemə yüklənməli və məhkəməyə təqdim edilmişdir. Cavabdeh mübahisəli müqavilə üzrə sifariş blankı məhkəməyə təqdim edə bilməyib və təqdim edilmiş mübahisəli məbləğə dair elektron qaimələri ləğv etməyib və geri qaytarmayıb.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə etdi, İddiaçı və iddiaçının vəkili Nümayəndə2 isə apellyasiya şikayətinə etiraz etdilər.

TƏTBİQ EDİLƏN HÜQUQ

11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.

12. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

14. Mülki Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).

15. Həmin Məcəllənin 404.1 və 404.2-ci maddələrinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

16. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

17. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

18. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.6-cı bəndinə əsasən elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” rekvizitində öz əksini tapır.

19. Həmin Qaydaların 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaiməfakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini, apellyasiya şikayətinin dəlillərini və iddianın qismən təmin olunduğunu, lakin iddiaçı tərəfindən apellyasiya şikayəti verilmədiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız iddianın qismən təmin olunmuş hissəsində yoxlanılır.

APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının həddində iddia əsaslıdır.

22. Belə ki, tərəflər arasında 20 sentyabr 2020-ci il tarixli sığorta ekspertizası üzrə xidmətlərin göstərilməsi haqqında müqavilənin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Çünki cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsində həmin müqavilənin cavabdeh şirkətin direktoru tərəfindən imzalanmadığını bildirsə də, hazırki məhkəmə iclasında müqaviləni mübahisələndirmədiyini, müqavilədəki möhürün cavabdeh şirkətə aid olduğunu bildirmişdir.

23. Həmin müqavilə isə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə onun sifarişləri əsasında baş verəcək hər bir sığorta hadisələrinin səbəblərini araşdırmaq və hadisə ilə bağlı yaranan zərər məbləğinin müəyyən olunması üzrə sığorta ekspertizası xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.

24. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.

25. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.

26. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.

27. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.

28. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.

29. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.

30. Belə ki, xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, 72 ədəd sığorta hadisəsinin səbəblərini araşdırmış və həmin hadisələrlə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. İcraçı (İddiaçı) tərəfindən aktda göstərilən 3360 manat dəyərində xidmətlər yerinə yetirilərək xx.xx.2021-ci il tarixdə sifarişçiyə (DSKŞ) təhvil verilmişdir. Həmin akt iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta hadisələrinin tənzimlənməsi idarəsinin baş mütəxəssisi M.Bayramov tərəfindən imzalanmışdır.

31. 03.11.2021-ci il tarixli EBBL seriyalı 838262 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3360 manat məbləğində xidmət göstərilmişdir.

32. xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, 93 ədəd sığorta hadisəsinin səbəblərini araşdırmış və həmin hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. İcraçı (İddiaçı) tərəfindən aktda göstərilən 4380 manat dəyərində xidmətlər yerinə yetirilərək xx.xx.2022-ci il tarixdə sifarişçiyə (DSKŞ) təhvil verilmişdir. Həmin akt iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta hadisələrinin tənzimlənməsi idarəsinin baş mütəxəssisi M.Bayramov tərəfindən imzalanmışdır.

33. xx.xx.2022-ci il tarixli EBBQ seriyalı 736874 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 4380 manat məbləğində xidmət göstərilmişdir.

34. xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, 85 ədəd sığorta hadisəsinin səbəblərini araşdırmış və həmin hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. İcraçı (İddiaçı) tərəfindən aktda göstərilən 3880 manat dəyərində xidmətlər yerinə yetirilərək xx.xx.2021-ci il tarixdə sifarişçiyə (DSKŞ) təhvil verilmişdir. Həmin akt iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta hadisələrinin tənzimlənməsi idarəsinin baş mütəxəssisi M.Bayramov tərəfindən imzalanmışdır.

35. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 540861 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3880 manat məbləğində xidmət göstərilmişdir.

36. xx.xx.2021-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, 74 ədəd sığorta hadisəsinin səbəblərini araşdırmış və həmin hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. İcraçı (İddiaçı) tərəfindən aktda göstərilən 3980 manat dəyərində xidmətlər yerinə yetirilərək xx.xx.2021-ci il tarixdə sifarişçiyə (DSKŞ) təhvil verilmişdir. Həmin akt iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta hadisələrinin tənzimlənməsi idarəsinin baş mütəxəssisi M.Bayramov tərəfindən imzalanmışdır.

37. 08.12.2021-ci il tarixli EBBN seriyalı 795642 nömrəli elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə 3980 manat məbləğində xidmət göstərilmişdir.

38. xx.xx.2022-ci il tarixli yerinə yetirilmiş xidmətlərin təhvil-qəbul aktından görünür ki, Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin tapşırığı ilə İddiaçı sığorta hadisəsinin baş verdiyi ərazilərdə olmuş, 100 ədəd sığorta hadisəsinin səbəblərini araşdırmış və həmin hadisələr ilə bağlı yaranan zərər məbləğini qiymətləndirmişdir. İcraçı (İddiaçı) tərəfindən aktda göstərilən 4540 manat dəyərində xidmətlər yerinə yetirilərək xx.xx.2021-ci il tarixdə sifarişçiyə (DSKŞ) təhvil verilmişdir. Həmin akt iddiaçı və Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin sığorta hadisələrinin tənzimlənməsi idarəsinin baş mütəxəssisi M.Bayramov tərəfindən imzalanmışdır.

39. xx.xx.2022-ci il tarixli EBBP seriyalı 541047 nömrəli elektron qaimərdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 4540 manat məbləğində xidmət göstərilmişdir.

40. Göründüyü kimi xidmət müqaviləsi üzrə cavabdehin iddiaçıya 20140 manat məbləğində borclu olması həm təhvil-qəbul aktları, həm də elektron qaimələrlə təsdiq olunur.

41. Təhvil-qəbul aktlarına dair kollegiya qeyd edir ki, cavabdeh həmin aktların həqiqliyini mübahisələndirməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında təsdiq etdi ki, həmin aktları imzalamış M.Bayramov onların əməkdaşı olmuşdur.

42. Elektron qaimələrə dair kollegiya qeyd edir ki, cavabdeh həmin elektron qaimələrə qanunla müəyyən edilmiş 5 gün müddətində hər hansı etiraz bildirməmişdir.

43. Məhkəmə iclasında da cavabdehin nümayəndəsi həmin qaimələrin mövcudluğunu mübahisələndirməmişdir. Eyni zamanda bildirmişdir ki, iddiaçı tərəfindən cəmi 12 ədəd elektron qaimə göndərilmiş, onlardan 7 ədədi üzrə ödənişlər həyata keçirilmiş, hazırda tələb olunan 5 qaimə üzrə isə ödəniş aparılmamışdır. Çünki iddiaçı tərəfindən müqavilə şərtlərinə uyğun olaraq yazılı sifariş formaları təqdim edilməmişdir.

44. Bununla bağlı kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 4.4cü bəndində yazılı sifariş formasının tərtib edilməsi nəzərdə tutulsa da, tərəflər arasında olan işgüzar adətlərin məhz həmin qaydada həyata keçirilməsi öz təsdiqini tapmır. Çünki həmin hala istinad edən cavabdeh bununla bağlı sübutları təqdim etməmişdir. Halbuki cavabdeh tərəfindən 7 ədəd elektron qaimə üzrə ödənişlər həyata keçirilib və həmin ödənişlər yazılı sifariş formasına əsasən həyata keçirilmiş olsaydı cavabdeh bununla bağlı sübutları təqdim edə bilərdi.

45. Həmçinin nəzərə alınır ki, tərəflər arasında bağlanmış müqavilənin 4.7-ci bəndinə uyğun olaraq iddiaçı tərəfindən yerinə yetirilmiş işlər və onların dəyəri barədə qəbul-təhvil aktları tərtib edilmişdir.

46. Bu baxımdan kollegiya hesab edir ki, yazılı sifariş formalarının tərtib edilməməsi ilə bağlı cavabdehin dəlilləri əsassızdır və iddiaçı 20140 manat məbləğində xidmət haqqının cavabdehdən tutulmasını tələb etməkdə haqlıdır.

47. Apellyasiya şikayətinin digər dəlillərinə dair qeyd olunur ki, Mülki Prosessual Məcəllənin 167-ci maddəsində işin məhkəmədə baxılmağa hazırlamaq üzrə hakimin hərəkətləri göstərilmişdir. İş materiallarından isə müəyyən edilir ki, hazırki işin məhkəmədə baxılmağa hazırlamaq üzrə lazımi hərəkətlər həyata keçirilməmişdir. Çünki məhkəmə tərəfindən yalnız bir hazırlıq iclası keçirilmiş, həmin iclasda cavabdehin iddiaya, müqavilənin bağlanıb-bağlanmamasına, işlərin həyata keçirilib-keçirilməməsinə, işgüzar adətlərə və s. iş üçün əhəmiyyətli olan hallara dair münasibəti dəqiq müəyyən edilməmişdir. Eyni zamanda, cavabdeh tərəfindən yazılı etiraz da təqdim edilməmişdir. Habelə tərəflərə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməsinin zəruri olduğu və bu qaydaya riayət edilməməsinin prosessual nəticələri aydın şəkildə izah edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçının təqdim etdiyi sübutlar MPM-in 78.1-ci maddəsi baxımından gecikdirilmiş sübutlar kimi qiymətləndirilə bilməz.

48. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

49. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Cavabdeh Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2975/2022 saylı qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vidadi Məmmədov

Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar