Məhkəmə qərarları › İş №2-2(103)-1072/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1072/2024

21.11.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1072/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6645/2024 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İcbari Tibbi Sığorta Fonduna 68,22 manat, İşsizlikdən Sığorta Fonduna 371,99 manat, dövlət büdcəsinə 1670487,2 manat (o cümlədən, vergilər üzrə 954701,55 manat, faizlər üzrə 350333,03 manat, maliyyə sanksiyası üzrə 365452,62 manat), Dövlət Sosial Müdafiə Fonduna 54661,39 manat, vergi ödəyicisi olan Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna 17,79 manat, dövlət büdcəsinə 151,19 manat (o cümlədən, vergilər üzrə 110,69 manat, faizlər üzrə 40,5 manat) olmaqla, ümumilikdə 1725757,78 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün Maraqlı şəxs (doğulduğu tarix - xx.xx.1955-ci il, doğulduğu yer – Azərbaycan Respublikası, Qazax rayonu, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AZE AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-6645/2024 nömrəli qətnaməsi ilə ərizə təmin təmin edilmişdir.

3. Maraqlı şəxs apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində yaranmış borcun əsasını, həmçinin həmin borcun hansı dövrü əhatə etdiyini qeyd etməmiş, ancaq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin maddələrini qeyd etməklə kifayətlənmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" MMC-nin dövlət büdcəsinə olan ümumilikdə 1725757,78 manat məbləğindəki vergi borcu mənim həmin hüquqi şəxsə direktor təyin olunan kimi yaranmış borcdur. Bununla bağlı məhkəməyə sübutlar təqdim edilməsinə baxmayaraq, həmin sübutlara baxılmamış, məhkəmə tərəfindən qiymət verilməmişdir. Sadəcə olaraq həmin sübutların hazırki nəticədən fərqli nəticəyə gəlməyə əsas vermədiyini qeyd etsə də, hansı əsasla fərqli nəticə verməyəcəyini əsaslandırmamışdır. Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Kommersiya qurumlarının dövlət reyestri məlumatlarından da görünür ki,"xxxx" MMC-nin qanuni təmsilçisi kimi xx.xx.2024-cü il tarixdən qeydiyyat alınmışdır. İş materiallarında olan şəxsi hesab vərəqəsindən də göründüyü kimi "xxxx" MMC-nin qanuni təmsilçisi təyin olunduğu müddətdən sonra dövlət büdcəsinə ödənişlər olunmuşdur. İş materiallarından da göründüyü kimi sözügedən vergi borcu həmin MMC-nin əvvəlki qanuni təmsilçisinin zamanında yaranmışdır. Bu səbəbdən hesab edilir ki, sözügedən vergi borcu əvvəlki qanuni təmsilçiyə aid edilməli və onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə tərəfindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması hüquqları kobud şəkildə pozmaqdadır. Belə ki, onun ölkədən getmək hüququ qanunsuz olaraq məhdudlaşdırıldığından səhhətilə əlaqədar müalicə olunmaq üçün ölkə hüdudlarından kənara çıxa bilmir. Bu səbəbdən hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş qanunsuz qətnamə ləğv edilməli, ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Ərizəçi və maraqlı şəxs məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Vergi Məcəlləsinin 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

8. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

9. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

10. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

11. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

12. Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

13. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

14. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə məhkəmənin gəldiyi nəticə əsaslı və qanunidir.

15. İşin halları ondan ibarətdir ki, Maraqlı şəxs və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2024-cü il tarixə borcu yaranmışdır. Borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən həmin hüquqi şəxsə və fiziki şəxsə borcunun ödənilməsinə dair bildiriş ünvanlanaraq 5 gün müddətində ödənilməsi tələb edilmişdir. Lakin qeyd olunan müddət ərzində həmin borc ödənilməmişdir. Bundan sonra Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi maraqlı şəxsə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq göndərmişdir. Borc məbləği ödənilmədiyindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şikayətin əsas dəlili ondan ibarətdir ki, vergi borcu maraqlı şəxsin hüquqi şəxsin qanuni təmsilçisi olmamışdan əvvəl yaranmışdır, ona görə də ərizə təmin edilməməli və ərizə əvvəlki qanuni təmsilçiyə yönəlməli idi.

17. Maraqlı şəxs tərəfindən iş materiallarına əlavə etmək üçün məhkəməyə əvvəllər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olmuş əsas vəsaitlərin "xxxx" ASCyə təhvil verilməsi barədə olan xx.xx.2020-ci il tarixli təhvil-təslim aktı, "xxxx" QSC BOKT-nın İdarə Heyətinin sədrinin Maraqlı şəxs İnzibati Departamentin Təhlükəsizlik şöbəsinin müdiri vəzifəsinə təyin olunması haqqında xx.xx.2023-cü il tarixli Əmri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iştirakçılarının ümumi yığıncağının 03 nömrəli protokolu (həmin yığıncaqda Maraqlı şəxs xx.xx.2024-cü il tarixdən MMC-nin direktoru vəzifəsinə təyin olunması qərara alınmışdır) təqdim olunmuşdur.

18. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi ilə təsdiq edilir ki, həmin hüquqi şəxsin borcu mövcuddur.

19. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyatorun dəlili əsassızdır. Belə ki qanunvericiliyə əsasən, vergi borcu olan hüquqi şəxsin icra orqanının rəhbəri barədə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ərizəçinin hüququdur. Bu zaman vergi borcunun əvvəlki rəhbərin vaxtında yaranmasının ərizənin təmin edilməsi baxımından əhəmiyyəti yoxdur.

20. Qeyd olunanları və Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 77.1, 77.3, 78.1-ci maddələri və Mülki Prosessual Məcəllənin 355-5.1-ci maddəsinə əsaslanaraq kollegiya hesab edir ki, ərizə əsaslı olaraq təmin edilmişdir.

21. Kollegiya belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

22. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6645/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar