Məhkəmə qərarları › İş №2-2(103)-1072/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1072/2025

26.11.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1072/2025 26.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair kommersiya mübahisəsi Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Şirinov Ziya Allahverdi oğlu, X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, ərizəçinin nümayəndəsi X2, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6764/2025 nömrəli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 372.831, 93 manat borcu vardır.

2. Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) şəxsi hesab vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixə dövlət büdcəsinə 381.159,84 manat borcu vardır.

3. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi borcun ödənilməsinə dair bildirişlərlə Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə müraciət edərək borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsini tələb etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir.

4. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 28 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətə 172058,33 manat əsas borc, 328153,49 manat isə maliyyə sanksiyası hesablanmış, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması üzrə dövlət büdcəsinə 90000,0 manat vəsait ödənilmişdir. Həmçinin məlumat üçün bildiririk ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixli rəsmi ərizəsinə və QSC-nə yeni direktorun təyin olunması haqqında əmrinə əsasən vergi orqanında hüquqi şəxsin reyestr məlumatlarında dəyişiklik edilərək cəmiyyətin direktoru X3 təyin edilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

5. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan Teymur Əhmədov adına "xxxx" QSC-nin (VÖEN: **********) dövlət büdcəsinə 334127,14 manat məbləğində (o cümlədən, vergilər üzrə 11063,73 manat, faizlər üzrə 131,33 manat, maliyyə sanksiyası üzrə 322932,08 manat) olmaqla, ümumilikdə 334127,14 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********808600 nömrəli bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən Maraqlı şəxs Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92, mənzil 18 ünvanında qeydiyyatdadır.

7. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə yazılı etiraz təqdim edərək, ərizənin rədd olunmasını xahiş etmişdir.

8. Etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Aşağıda göstərilən əsaslara görə iddia tələbi rədd edilməlidir. Təqdim edilən tələbin əsasını təşkil edən vergi borcu, 2021-2023-cü illəri əhatə edən dövr üzrə aparılmış səyyar vergi yoxlaması nəticəsində müəyyən edilmişdir. Bu müddət ərzində hazırkı baş direktor Maraqlı şəxs "xxxx" QSC-də rəhbər vəzifədə olmamışdır. Belə olan halda, borcun yaranmasına görə onun hüquqi və maddi məsuliyyət daşımasına kifayət qədər hüquqi əsas yoxdur. Digər tərəfdən "xxxx" QSC tərəfindən 2025-ci il ərzində aşağıdakı ödənişlər həyata keçirilmişdir: - 20 000 AZN (DVX sərəncamı), - 30 000 AZN (DVX sərəncamı), - 10 000 AZN (DVX sərəncamı), - 10 000 AZN (DVX sərəncamı), - 10 000 AZN (DVX sərəncamı), - 26 000 AZN (Əmlak vergisi), Yanvar-iyul 2025 - 200 008 AZN (SMF,SS), Yanvar - iyul 2025 - 198 889 AZN (idxal aksiz vergisi), Bu ödənişlər şirkətin yaxşı niyyətli olduğunu, borcların könüllü qaydada ödənildiyini və öhdəliklərə sadiq qalındığını sübut edir. Şirkətin iqtisadi və sosial önəmi və əks halda fəaliyyətinin dayandırılması məcburiyyəti "xxxx" QSC qeyri-neft sektorunda fəaliyyət göstərən, ixracyönümlü məhsullar istehsal edən və 26 ölkəyə məhsul ixrac edən bir müəssisədir. 1000-dən artıq mövsümi və 110 daimi işçisi olan şirkətin fəaliyyəti təkcə iqtisadi deyil, sosial sabitlik baxımından da həyati əhəmiyyətə malikdir. Baş direktorun xarici şirkətlərlə tədbirlərdə iştirakı zəruridir. Belə ki, şirkət rəhbərinin ölkədən çıxışının məhdudlaşdırılması: -beynəlxalq sərgilərdə iştirak imkanlarını aradan qaldırır, mövcud ixrac müqavilələrinin icrasını riskə atır, -debitor borcların geri qaytarılması istiqamətində aparılan danışıqları əngəlləyir. "xxxx" QSC-yə 6,4 milyon AZN-dən artıq debitor borclar yaranıb ki, onların 50% - xarici ölkələrdəki şirkətlərin borclarıdır. Yeni investisiyaların cəlb olunmasına ciddi maneə yaradır. Əvvəllər hər il ərzində Rusiya və Ukrayna bazarına 3.0 milyon manatlıq məhsul ixrac olunurdu. Lakin, Ukrayna bazarı tam, Rusiya isə 50% idxalını kəsmişdir və qiymətlər isə məhsulun maya dəyərindən də aşağı satıldığı üçün biz xarici bazarlara üstünlük verməli və ABŞ, Avropa, BƏƏ, Avstraliya, Kanada, İzrail, Malasiya, Səudiyyə Ərəbstanı, Çin və digər ölkələrə ixracımızı artırmalı, həmin ölkələrə gedərək müqavilələr bağlamalı və digər tədbirləri həyata keçirməliyik. Əgər rəhbər kimi bu ezamiyyələrə getmək imkanım olmasa problemlər birə beş artacaq. Respublikaya gətirilməyən valyutaya(borclar) kəsirinin hər bir faktına görə Gömrük və Prokurorluqda cinayət işi açıla bilər və öz növbəsində vergi borclarının ödənilməsini çətinləşdirər. Hazırda bu ölkələrə gedib gəlmək üçün həmin şirkətlərlə planlaşdırılmış və baş direktor üçün ABŞ-a isə VİZA alınmışdır. Göstərilənlərə əsasən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin Maraqlı şəxs qarşı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edirəm.

9. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə yazılı etirazına əlavə təqdim etmişdir.

10. Yazılı etiraza əlavə onunla əsaslandırılmışdır ki, 9 saylı Ərazi Vergilər İdarəsinin "xxxx" QSC-də apardığı səyyar vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2025-ci il tarixli akt əsasında cəmiyyətin ümumilikdə 500 000 (beş yüz min) manat vergi və maliyyə sanksiyası üzrə borcu yaranmışdır. Vergi orqanı tərəfindən bu borcun ödənilməsinə 2 ay vaxt verilmiş və maliyyə imkanları daxilində hissə-hissə ödənişlər həyata keçirilmişdir. DVX-nin **********1№-li Bildirişinə əsasən "xxxx" QSC-nin ilkin ödənişlərdən sonra xx.xx.2025-ci il tarixində dövlət büdcəsinə qalan borcunun 335 506,56 manat təşkil etdiyi göstərilmişdi. DVX ilə razılığa gəlinərək xx.xx.2025-ci il tarixində ikinci Ödəmə qrafiki olan Zəmanət Məktubu verildi. Öhdəliyə əsasən bu məbləğin 2025-ci ilin sonuna qədər tam ödənilməsi planlaşdırılmışdır. Müvafiq ödəmə qrafikinə uyğun olaraq may, iyun, iyul və avqust aylarında hər ay 10 000 manat ödəniş həyata keçirilmişdir. Əlavə olaraq avqust ayı ərzində aşağıda göstərilən vergilər də dövlət büdcəsinə köçürülmüşdür.: Dövlət Sosial Müdafiə Fonduna, 90 000 manat Əmlak vergisi, 26 000 manat Etil spirtinin İdxalına görə Gömrük, Aksiz və ƏDV vergisi üçün- 38 473,74 manat ödənilmişdir. 27 avqust tarixli DVXnin təqdim etdiyi son bildirişə əsasən vergi borcu 322 932 manat təşkil edir. Sentyabrın 10na qədər verəcəyimiz hesabatdan sonra artıq ödəmələrdə yaranmış 198 889,00 manat vəsait dövlət büdcəsinə köçürülərək borcun 114 843 manat qalacağı proqnozlaşdırılır. İlin sonuna qədər isə bu borcun tam ödənilməsi təmin olunacaq. Hörmətli hakim! Burada əsas diqqət yetirilməli məsələ budur ki, "xxxx" QSC tərəfindən qəsdən vergidən yayınma kimi heç bir hərəkət edilməmişdir. Mövcud borcun yaranma səbəbi, Rusiya vətəndaşı olan əsas səhmdar F.Əhmədovun Ukrayna-Rusiya müharibəsi fonunda Aİ sanksiyalarına məruz qalması və bu səbəbdən maliyyə dəstəyinin dayanması ilə bağlıdır. Bu səbəbdən 2024-cü ildə nar məhsulunun qəbulu, istehsalı və satış həcmi əvvəlki illərlə müqayisədə 4 dəfə azalmış, lakin vergi, əmək haqqı və kommunal xərclər eyni səviyyədə qalmışdır. 116 nəfər daimi və 1000-dən artıq mövsümi işçinin çalışdığı müəssisənin bağlanması, həm iqtisadi, həm də sosial fəsadlara yol aça bilər. Baş direktor Maraqlı şəxs yalnız 2024-cü ilin 28 mart tarixində vəzifəyə təyin olunmuşdur. Yəni, yoxlama aktı ilə əhatə olunan dövr onun rəhbərliyindən əvvəlki dövrə aiddir. Lakin bütün bunlara baxmayaraq, o, məsuliyyətdən yayınmayaraq vergi qərarını təsdiq etmiş və Zəmanət Məktubu təqdim etməklə üzərinə düşən öhdəlikləri icra etməkdədir. Hazırda xarici şirkətlərin cəmiyyətə 3 milyon manat debitor borcu mövcuddur və bu vəsaitlərin ölkəyə qaytarılması üçün aktiv danışıqlar aparılır. Bunun üçün baş direktorun xarici səfərləri zəruridir, əks halda həm ixrac bazarları itirilir, həm də ölkəyə gətirilməyən valyutaya görə prokurorluq araşdırma başlada bilər. Bununla yanaşı, aksiz vergisi ilə bağlı iddia olunan ödənişin gecikməsi, ümumi öhdəliyin pozulması kimi qiymətləndirilə bilməz, çünki Zəmanət Məktubunda əsas şərt Dövlət Sosial Müdafiə və işsizlikdən sığorta haqlarının vaxtında ödənilməsi göstərilmişdir və bu ödənişlər tam vaxtında həyata keçirilmişdir. Bütün Xəbərdarlıqlara isə rəsmi və hüquqi cavab məktubları ilə cavab verilmişdir. Baş direktor Maraqlı şəxs təcrübəli, hüquqşünas təqaüdçüdür. Uzun illər dövlət orqanlarında DİN, ƏN və DTX-də rəhbər vəzifələrdə çalışmış, müharibə iştirakçısı olmuş, Prezidentin “İgidliyə görə” medalı ilə təltif olunmuş şəxsdir. Hal-hazırda "xxxx" QSC kollektivi və səhmdarlarının qərarı ilə məhz bu mürəkkəb vəziyyətin həlli üçün rəhbərliyə gətirilmişdir. Nəticə olaraq: Vergi borcunun könüllü şəkildə ödənilməsi üçün konkret plan və qrafik mövcuddur. Baş direktor məsuliyyətli yanaşma nümayiş etdirir, sosial və iqtisadi nəticələri nəzərə alaraq müəssisənin fəaliyyətini dayandırmamaq üçün bütün gücü ilə çalışır. Belə olan halda, vergi öhdəliyinin pozulması və ya qəsdən yayınma ilə bağlı heç bir hüquqi əsas yoxdur. Baş direktorun ölkədən çıxışına qadağa qoyulması müəssisənin fəaliyyətinə ciddi zərbə vuracaq, həm vergi ödənişlərinin gecikməsi, həm də xarici bazarların tam itirilməsi ilə nəticələnəcək.

11. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 6764/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilmiş, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədilə onun icra orqanının rəhbəri olan: xx.xx.1958-ci ildə ünvan 1 ünvanında qeydiyyatda olan Maraqlı şəxs (şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi – xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılması, 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

12. Məhkəmə araşdırması zamanı müəyyən etmişdir ki, vergi ödəyicisi olan Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vergi öhdəliklərini Аzərbаycаn Rеspublikаsının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Həmin borcun ödənilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən ona borcunun ödənilməsinə dair bildirişlər ünvanlanaraq 5 gün müddətində dövlət büdcəsinə ödənilməsi tələb edilmiş, lakin qeyd olunan müddət ərzində borc məbləğlərinin ödənilməsi təmin edilməmişdir.

13. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, ərizə təmin edilməli, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün onun icra orqanının rəhbərinin ölkədən getmək hüququ vergi öhdəlikləri tam yerinə yetirilənədək müvəqqəti məhdudlaşdırılmalıdır.

14. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1, 23.1.15-3, 24.0.2-1-ci maddələrini, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin, 26.2, 119.1, 119.2355-5.1, 355-7.4-cü maddələrini, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

Apellyasiya şikayətinin dəlilləri

15. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6764/2025 nömrəli qətnaməsindən maraqlı şəxs apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ərizənin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Hazırki iş materiallarından görünür ki, vergi orqanı məhkəməyə müraciət etməmişdən əvvəl borcun ödənilməsinin təmin edilməsi üçün görülən tədbirlər, o cümlədən həmin tədbirlərin tətbiqinin nəticə verməməsi barədə sübutları təqdim etməmiş, mənim ölkədən getmə hüququmun məhdudlaşdırılmasının tətbiqinin zəruriliyini kifayət qədər əsaslandırılmamışdır. Hazırki işin faktiki hallarından görünür ki, vergi orqanı tərəfindən mənim ölkədən getmə hüququmun məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət edilməmişdən öncə Vergi Məcəlləsinin verdiyi səlahiyyətlər və ardıcıllığa əsasən sözügedən vergi borcunun alınmasına cəhd olunmamış, iddia edilən vergi borcunun tutulması üçün rəhbərlik etdiyim MMC-nin bank hesablarında pul vəsaitinin, həmin hüquqi şəxsin siyahıya alınmalı əmlakının olub-olmaması və s. müəyyən edilməmiş, müvafiq aktivlərə həbs qoyulması yönündə əməli tədbirlər görməmişlər. Yuxarıda qeyd edilən tədbirlər görülmədən, vergi borcunun alınması üçün digər tədbirlərin görülməsi imkanı tükənmədən mənim Konstitusiyada təsbit olunmuş hüququmun məhdudlaşdırılması ilə əlaqəli olan tədbirin tətbiq edilməsi əsaslı deyil. Digər tərəfdən AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsi tərəfindən "xxxx" QSC-də aparılmış səyyar vergi yoxlamasının nəticəsi olaraq, xx.xx.2025-ci il tarixli akt əsasında cəmiyyətə 500,000 (beş yüz min) manat məbləğində vergi və maliyyə sanksiyası tətbiq edilmişdir. Şirkətimiz tərəfindən bu qərarın könüllü icrası məqsədilə xx.xx.2025-ci il tarixində vergi orqanına zəmanət məktubu təqdim olunmuş, borcun 2025-ci ilin sonunadək hissəvi şəkildə ödənilməsi barədə öhdəlik götürülmüşdür. Fevral-aprel, may, avqust ayları ərzində öhdəlik qrafiki üzrə hər ay üzrə dövlət büdcəsinə vəsaitlər köçürmə yolu ilə ödənilmişdir. Qəsdən yayınma və öhdəliyi icra etməkdən imtina halları olmamışdır. xx.xx.2025-ci il tarixli Dövlət Vergi Xidmətinin bildirişinə əsasən, həmin tarixədək əsas vergi borcu – 322 932,08 manat, faizlər – 4 128,97 manat, ümumi borc isə 327 061,05 manat təşkil etmişdir. xx.xx.2025-ci il tarixində avqust ayına nəzərdə tutulmuş növbəti 10.000 manat da ödənilmiş, nəticədə hazırkı əsas borc məbləği 312 932,08 manat təşkil etmişdi. Bununla yanaşı, avqust ayı ərzində iyul ayının əmək haqqı 108 945,85 manat , Dövlət Sosial Müdafiə Fonduna 90.000 manat, əmlak vergisi üzrə 26.000 manat, aksiz və gömrük ödənişləri üzrə 38.473,74 manat olmaqla, əlavə və vaxtında ödənişlər də cəmiyyət tərəfindən yerinə yetirilmişdir. Hazırda şirkətin istehsalat fəaliyyəti tənəzzül mərhələsindədir və bu hal aşağıdakı obyektiv səbəblərlə izah olunur: 1) Rusiya vətəndaşı olan əsas səhmdarın (F.Əhmədov) Aİ sanksiyalarına məruz qalması nəticəsində maliyyə dəstəyi dayanmışdır; 2) İxrac bazarlarında daralma və xammal qıtlığı səbəbilə satış dövriyyəsi azalmışdır; 3) 2024-cü ildə məhsul istehsalı əvvəlki illərlə müqayisədə 4 dəfəyə qədər azalmış, lakin xərclər eyni qalmışdır; 4) Hazırda satış üçün zəruri olan bütün xammal ehtiyatları tükənmişdir, yeni tədarük üçün isə maliyyə mənbəyi yoxdur; 5) xx.xx.2025-ci il tarixinə əmək haqqı öhdəliyi – 95 718,21 manat təşkil edir, lakin bank hesablarında kifayət qədər vəsait olmadığından əmək haqqı ödənişləri gecikir; 6) Xarici şirkətlərdən olan debitor borcların qaytarılması üçün hüquq şirkətinə pretenziyalar və məlumatlar təqdim olunmuş, müvafiq iddialar hazırlanır; 7) Debitor borcların alınması və ixrac müqavilələrinin bərpası üçün xarici ezamiyyətlər planlaşdırılmışdır, lakin rəhbərliyin ölkədən çıxışına qadağa qoyulması bu prosesi təhlükə altına alır. Qeyd etmək istərdik ki, bütün bu çətinliklərə və vergi yoxlamasının 2021-2023cü illərə aid olmasına, onun işlədiyi dövrə aid olmamasına baxmayaraq, tərəfimdən vergi öhdəliklərini könüllü yerinə yetirmək üçün səylər göstərilmiş, vergi orqanı ilə münasibətlərimizin normallaşması üçün xx.xx.2025-ci il tarixdə zəmanət məktubu təqdim edilmiş və qrafikə uyğun ödənişləri davam etdirilmişdir.

Apellyasiya şikayət(lər)inə qarşı etiraz(lar)

10. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.

Məhkəmə icraatı; iştirakçılarının izahatları

11. Ərizəçinin məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, maraqlı şəxs isə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

12. Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə apellyasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, hazırda "xxxx" QSC-nin Şirkət rəhbərliyindən rəsmi şəkildə ayrılmışdır və hər hansı bir səlahiyyəti yoxdur.

13. 24 oktyabr 2025-ci il Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinə Sorğu göndərilərk yaranmış vergi borcu ilə bağlı müəssisə tərəfindən həyata keçirilmiş ödənişlər və müəssisənin hazırki qanuni təmsilçisi barədə məlumatların məhkəməyə təqdim edilməsi xahiş olunmuşdur.

14. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin 28 oktyabr 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətə 172058,33 manat əsas borc, 328153,49 manat isə maliyyə sanksiyası hesablanmış, vergi ödəyicisi tərəfindən səyyar vergi yoxlaması üzrə dövlət büdcəsinə 90000,0 manat vəsait ödənilmişdir. Həmçinin məlumat üçün bildiririk ki, vergi ödəyicisinin xx.xx.2025-ci il tarixli rəsmi ərizəsinə və QSC-nə yeni direktorun təyin olunması haqqında əmrinə əsasən vergi orqanında hüquqi şəxsin reyestr məlumatlarında dəyişiklik edilərək cəmiyyətin direktoru X3 təyin edilmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Konstitusiyası

15. Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur.

Azərbaycan Respublikası Vergi Məcəlləsi

16. Maddə 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək (16.1.1).

17. Maddə 23.1.15-3. Vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüququ vardır.

18. Maddə 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər.

19. Maddə 65.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir.

20. Maddə 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur.

21. Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir.

22. Maddə 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir.

27. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

Apellyasiya baxışının hədləri

28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

30. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamə məhkəmə kollegiyası tərəfindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

31. Kollegiya hesab edir ki, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsas yoxdur.

32. Hazırkı qəbildən olan işlərin həllində vergi orqanları və məhkəmələr tərəfindən mütənasiblik prinsipinin (görülən məhdudlaşdırma tədbirinin gözlənilən nəticələrə adekvat olması) gözlənilməsi mühüm əhəmiyyət kəsb edir və hər bir halda belə məhdudiyyətin tətbiq edilməsi mütənasiblik meyarına cavab verməlidir.

33. Bu, ilk növbədə Azərbaycan Respublikası Konstitusiyasının tələbidir. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə görə, insan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X5 (X7) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 2017-ci il 26 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqelərə görə, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olan əsaslar və mütənasiblik prinsipindən irəli gələn meyarlar kifayət qədər aydındır... Mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə işə baxarkən hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

35. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında da göstərilmişdir ki, hərəkət azadlığı hüququnu məhdudlaşdıran hər hansı tədbir qanuna uyğun olmalı, Konvensiyaya dair 4 saylı Protokolun 2-ci maddəsinin 3-cü bəndində qeyd edilən legitim məqsədlərdən birini güdməli, demokratik cəmiyyətdə zəruri olmalı, yəni mütənasiblik meyarına cavab verməlidir (məsələn, “Battista İtaliyaya qarşı”, № 43978/09, 2014-cü il 2 dekabr tarixli qərarı; “Xlyustov Rusiyaya qarşı”, № 28975/05, 2013-cü il 11 iyul tarixli qərarı).

36. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin mövqeyinə görə, müdaxilə “təcili ictimai ehtiyaca” cavab verirsə, xüsusilə qanuni məqsədə mütənasibdirsə və onu əsaslandırmaq üçün milli hakimiyyət orqanları tərəfindən verilən səbəblər “müvafiq və yetərli”dirsə qanuni məqsədlər üçün “demokratik cəmiyyətdə zəruri” hesab olunur. Vətəndaşın ümumi maraqları ilə hərəkət azadlığı hüququ arasında ədalətli tarazlığın olubolmaması məsələsi işin bütün xüsusiyyətlərinə görə nəzərə alınmalıdır.

37. İşin faktiki hallarından görünür ki, maraqlı şəxs sözügedən hüquqi şəxsin direktor vəzifəsindən uzaqlaşmışdır, hazırda həmin hüquqi şəxsin direktoru ümumiyyətlə başqa şəxsdir. Odur ki, maraqlı şəxsin ölkədən getmək hüquqnun məhdudlaşdırılması tədbirinin davam etməsinə hər hansı zərurət və ehtiyac yoxdur.

38. Belə ki, ərizəçinin tətbiq etmək istədiyi tədbir hüquqi şəxslərin icra orqanının rəhbərləri barəsində tətbiq edilə bilər (§ 25). Artıq vəzifəsindən uzaqlaşdırılmış əvvəlki rəhbər praktiki baxımdan həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı olmadığından, ölkədən getmək məhdudiyyəti həmin şəxsə qarşı deyil, hüquqi şəxsin faktiki yeni rəhbərinə münasibətdə tətbiq oluna bilər.

39. Müəssisənin işçisi, qanuni təmsilçisi, habelə faktiki rəhbəri olmayan şəxsin həmin müəssisənin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, hesablanmış borcun dövlət büdcəsinə tutulması səmərəliliyini istisna etməklə yanaşı, müəssisənin borclarının vaxtında ödənilməsindən yayınmasına, şəxsin hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına və ümumiyyətlə ədalət prinsipinin pozulmasına səbəb olur.

40. Belə olan halda kollegiya hesab edir ki, Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tədbiri tətbiq oluna bilməz.

41. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6764/2025 nömrəli qətnaməsi ləğv edilməli, ərizə təmin olunmamalıdır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

QƏT ETDİ:

Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-6764/2025 nömrəli qətnaməsi ləğv edilsin. “Teymur Əhmədov adına "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə olan 334127,14 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 9 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi təmin edilməsin. Maraqlı şəxs tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar