Məhkəmə qərarları › İş №2-2(103)-1073/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1073/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1073/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Şirinovun sədrliyi və məruzəsi ilə, X7 və X3 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Məhdud Məsuliyyəti Cəmiyyətinə qarşı pul tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1634/2024 nömrəli qiyabi qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin azaldılması barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, 29652.03 manat əsas borc,702 manat həcmində hüquqi xidmətə sərf edilmiş xərc,ödənilmiş 195 manat dövlət rüsumunu Cavabdeh MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin 08 iyul 2024-cü il tarixli, e-2-2(113)-1634/2024 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdehdən 29652.03 manat məbləğində pul,195 manat dövlət rüsumu, 702 manat hüquqi xidmətə sərf edilmiş xərc, ümumilikdə 21.386,44 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.

3. Cavabdeh MMC qiyabi qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1634/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli, FF021121/01 nömrəli müqavilə imzalanmışdır. İddiaya görə guya ki, cavabdeh müqavilə şərtlərini pozaraq aldığı malların dəyərini (29652.03 manat) ödəməmişdir. Cavabdeh tərəf bildirir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı borc tələbi sübutlara söykənməməsi səbəbindən tam əsassızdır. Belə ki, iddiaçının təqdim etdiyi sübutlar mötəbər deyildir, ziddiyətlidir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla gəldiyi nəticə üçün, habelə düzgün qətnamə qəbul etmək üçün mühüm əhəmiyyətə malik olan faktiki halları aydınlaşdırmadan əsassız məhkəmə aktı qəbul etmişdir. İddiaçı tərəfindən iş üçün əhəmiyyəti olan halları, iddia tələbini təsdiq təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Razılaşdırma Protokollarında cavabdeh hüquqi şəxsin rəhbərinin imzası iddiaçı tərəfindən saxtalaşdırılmışdır. İmza müəssisənin direktoruna məxsus deyildir. Cavabdeh MMC-nin təsisçisi və direktoru Nümayəndə1 həmçinin İddiaçı MMC-nin həmtəsisçilərindən biri olmuşdur. Cavabdeh MMC ilə İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli müqavilə görünüş üçün başqa əqdi pərdələmək məqsədi ilə bağlanmışdır. Bu səbəbdən xx.xx.2021-ci il tarixli, FF021121/01 nömrəli müqavilə ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış uydurma və başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış yalan əqd sayılması səbəbindən əhəmiyyətsizdir. Qanunvericiliyə görə əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır (AR MM,maddə 351.1.). Etibarsız əqd isə qanunvericiliyə əsasən hüquqi nəticələrə səbəb ola bilməz. Cavabdeh ilə İddiaçı şirkətin rəhbərləri şərik olaraq öz aralarında 29652.03 manat pul vəsaitinin İddiaçıya nəğd şəkildə kassaya ödənməsinin qeydə alınması razılığına gəlmişlər. Təsdiqedici sənəd tələb edərkən ona bildirilmişdir ki, rəsmi şəkildə FORM MEP MMC-nin adına kassa mədaxil orderi təqdim ediləcək. Lakin həm iddiaçının və həm də cavabdehin mühasibatlıq işlərini yerinə yetirən Oksana adlı şəxs (onun bütün digər qanunsuz hərəkətləri hazırda prokurorluqda araşdırılır) həmin sənədi indiyə qədər İddiaçıya təqdim etməmişdir. İddiaçı hüquqi şəxsin rəhbəri hazırda bu sənədin mövcud olmamasından istifadə edərək, FORM MEP MMC-dən pul tələb edir, məhkəmədə iddia qaldırır. Qeyd etmək vacibdir ki, hazırki kommersiya işinə bank keçirməsi ilə və ya nəğd formada ödəniş sənədləri əlavə edilməmişdir. Məhkəmə mədaxil edilən malları ödəniş məbləğləri ilə tutuşdurmadan, şəxsi mülahizələr əsasında qətnamə qəbul etmişdir. Məhkəmə zəruri sənədləri iddiaçıdan tələb etmədən cavabdehin konstitusyon hüquqlarını və qanunla qorunan mənefələrini pozmuşdur. Məhkəmə həqiqətin müəyyən edilməsinin təmin etməmişdir, məhkəmə icraatını birtərəfli qaydada, iddiaçının xeyrinə olaraq borc tələbini təmin etmək istiqamətində aparmışdır. İşin hallarından və əlavə edilən sənədlərdən tam aydın olur ki, Məhkəmə işin mühüm əhəmiyyət kəsb edən hallarını araşdırmadan, sübutlar tələb etmədən iddiaçının əsassız iddia tələbini təmin etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

10. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

11. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 627.1-ci maddəsinə əsasən göndərmə müqaviləsinə görə mal göndərən - sahibkarlıq fəaliyyətini həyata keçirən satıcı istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və ya şəxsi, ailə, ev və digər bu cür istifadə ilə bağlı olmayan başqa məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdirilmiş müddətdə və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 637.2-ci maddəsinə əsasən göndərmə müqaviləsində malların mal alan (ödəyici) tərəfindən ödənilməsi nəzərdə tutulduqda və o, ödənişdən əsassız imtina etdikdə və ya malları müqavilədə müəyyənləşdirilmiş müddətdə ödəmədikdə mal göndərən alıcıdan göndərilmiş malları ödəməyi tələb edə bilər.

14. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

15. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

16. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

17. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

20. Hazırki işin müəyyən edilmiş halları ondan ibarətdir ki, tərəflər arasında malların göndərilməsi müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq müvafiq həcmdə malı təhvil vermiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməyərək təhvil verilmiş malların dəyərini müyyən olunmuş müddətdə ödəməmişdir. Cavabdehin iddiaçıya borcunun olması iş materiallarına əlavə edilmiş sübutlarla (təhvil-təslim aktı və s.) öz təsdiqini tapmış, cavabdeh iddiaya qarşı heç bir etiraz etməmişdir. İddiaçı məhkəməyə müraciət etdikdən sonra cavabdeh öhdəliyini qismən icra etmişdir. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 637.2-ci maddəsinə əsasən satdığı malların dəyərini tələb etmək hüququ yaranmışdır

21. Satıcı İddiaçı MMC ilə Alıcı Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, satıcı bu müqavilədə müəyyən olunmuş şərtlərə qiymətlər razılaşdırılma protokolunda qeyd olunan cihazları (bundan sonra mal adlandırılacaq) alıcıya satmağı, alıcı isə həmin şərtlərlə malları qəbul edib dəyərini satıcıya ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci maddəsinə əsasən satıcı malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə, qarşılıqlı razılaşdırılmış çeşiddə və miqdarda alıcıya 3 (üç) iş günü müddətində təhvil verməlidir. Müqavilənin 4.2-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulmuş malın miqdarı, çeşidi və qiyməti bu Müqavilənin ayrılmaz hissəsi sayılan X2 əsasən müəyyən edilir.

22. xx.xx.2021-ci il tarixli 4 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 41435,75 manat məbləğində müəyyənləşdirmişlər.

23. 25.02.2022-ci il tarixli 6 saylı X1 görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 34989,40 manat məbləğində müəyyənləşdirmişlər.

24. 26.04.2022-ci il tarixli 8 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 6851 manat məbləğində müəyyənləşdirmişlər.

25. 29.06.2022-ci il tarixli 9 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 1428 manat məbləğində müəyyənləşdirmişlər.

26. xx.xx.2023-cü il tarixli 10 saylı Razılaşma Protokolundan görünür ki, İddiaçı MMC və Cavabdeh MMC müxtəlif adda malların qiymətlərini cəmi 11730 manat məbləğində müəyyənləşdirmişlər.

27. EBDF seriyalı, 075262 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 11730 manat, EBBZ seriyalı, 105739 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 1428 manat, EBBV seriyalı, 224673 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 6851 manat, EBBR seriyalı, 954778 nömrəli, xx.xx.2023-cü il tarixli elektron qaiməyə əsasən 34989 manat, EBBN seriyalı, 276326 nömrəli, xx.xx.2021-ci il tarixli elektron qaiməyə əsasən 41435,75 manat dəyərində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ödənilməsi üçün təqdim edilmişdir.

28. Qeyd olunanlardan göründüyü kimi iddiaçı şirkət müqavilə üzrə öhdəliklərini yerinə yetirdikləri, buna dair sübutları təqdim etdikləri halda, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir.

29. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliklərin icrasını tələb etmək hüququna malik olmasını, iddiaçı tərəfindən malın cavabdehə təhvil verildiyini, cavabdehin vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməyib öz öhdəliyini lazımi qaydada icra etməyərək təhvil aldığı malların dəyəri, 29652,03 manat pulu ödəmədiyini nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 29652,03 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

30. Apellyasiya şikayətinin dəlillərindən görünür ki, cavabdeh apellyasiya şikayətində razılaşma protokollarının saxtalaşdırılmasına, həmçinin əqdin əhəmiyyətsizliyi halına (başqa əqdi pərdələmək və görünüş üçün) istinad edərək, iddianın əsassız olmasını hesab etmişdir.

31. Hal-hazıradək apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. İddiaçı tərəf istinad etdiyi hallara dair müvafiq sübutları təqdim etmişdir. Belə vəziyyətdə sübutetmə vəzifəsi cavabdehin üzərindədir. Kollegiya qeyd edir ki, cavabdehin şikayətdə göstərdiyi məsələlər üzrə heç bir sübut təqdim edilməmişdir. Əksinə məhkəmə zamanı cavabdehin qismən ödəniş etməsi mübahisəli əqdin etibarlı olmasını göstərir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

33. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

34. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-1634/2024 nömrəli qiyabi qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar