Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1074/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X6 və X1 ibarət tərkibdə, Eyvazlı Aytac Rafael qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-941/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. İşin halları
1. xx.xx.2020-ci il tarixli 248/20 saylı X8 müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE16146626,xx-xx-2016-cı il tarixində ASAN2 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür.
2. Lizinq verən “BTB Leasing“ ASC ilə zamin Cavabdeh2 və lizinq alan Cavabdeh1 arasında bağlanmış 248-4/22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, zamin lizinq verən qarşısında lizinq alanın xx.xx.2022-ci il tarixli, 248-4/22 saylı illik 18%, 53201,74 manat məbləğdə, 36 ay müddətinə X8 müqaviləsi üzrə öhdəliklərin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür.
3. xx.xx.2020-ci il tarixli, AD 761468 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X10” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçı ASC-dir.
4. 16.08.2022-cİ il tarixli, LM-248-3/22 nömrəli təhvil-təslim aktından görünür ki, 1 ədəd X12 markalı minik avtomobil (ban nömrəsi: 1C4RJFDJ6CC328746, mühərrik: 6424 sm3; rəngi: qara metallik; buraxılış ili: 2012) X3təslim edib və "xxxx" MMC-nin direktoru (VÖEN: **********) X7 təhvil almışdır.
5. xx.xx.2022-cİ il tarixli, LM-248-4/22 nömrəli təhvil-təslim aktından görünür ki, 1 ədəd 99PH057 dövlət qeydiyyat nişanlı, X12 markalı avtomobil (ban nömrəsi: 1C4RJFDJ6CC328746, mühərrik: 6424 sm3; rəngi: qara metallik; buraxılış ili: 2012) "xxxx" MMC-nin direktoru (VÖEN: **********) X7 təslim edib və fiziki şəxs Cavabdeh1 təhvil almışdır.
6. xx.xx.2020-ci il tarixli 248/20 saylı “X8” müqaviləsinə 5 saylı Əlavə olaraq tərtib edilmiş ödəniş cədvəlindən görünür ki, lizinq məbləği 53201,74 manat, olan 36 ay müddətinə lizinq predmetinə görə xx.xx.2023-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək hər ay 1923,38 manat ödənilməlidir.
7. İddiaçı ASC Cavabdeh1 xx.xx.2020-ci il tarixli 248/20 saylı müqaviləyə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixində məktub ünvanlayaraq qeyd etmişdir ki, Cavabdeh1 12 may 2023-cü il tarixə “BTB Leasing" ASC-ə 31 yanvar 2020-ci il tarixli L/M- 248-4/22 saylı daxili lizinq müqaviləsinə əsasən öhdəlikləri vaxtında icra etmədiyinə görə 109 gün və 9264.91 manat gecikdirilmiş borcu yaranmışdır. Həmçinin İddiaçı ASC-nin mülkiyyətində olan “JEEP CHEROKKE SRT” markalı, **-PH-*** dövlət qeydiyyat nişanlı avtomobilin idarə olunmasına dair Sizə verilmiş etibarnamənin müddəti bitmişdir. Yuxarıda göstərilənləri rəhbər tutaraq, 31 yanvar 2020- ci il tarixli L/M-248-4/22 saylı müqaviləyə xitam verilir.
Birinci instansiya məhkəməsindəki icraat
8. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 dekabr 2022-ci il tarixli LM-248-4/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 sentyabr 2023-cü il tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsum İddiaçı ASC-nin xeyrinə tutulması və lizinq obyekti İddiaçı ASC-yə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Daha sonra İddiaçı ASC iddia tələbinin həcminin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 23 dekabr 2022-ci il tarixli LM- 248-4/22 saylı “Öhdəliklərin verilməsi haqqında” müqaviləyə və əlavə olunmuş “Ödəniş qrafiki”nə əsasən, lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 26 sentyabr 2023-cü il tarixə olan 53201.74 manat əsas, 7288.65 manat faiz və 6455.69 manat dəbbə pulu, cəmi 66946.08 manat borc və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 manat məbləğində rüsum İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir
10. Bakı Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(113)-941/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53201,74 manat əsas borc, 7288,65 manat faiz, 2650 manat cərimə olmaqla, cəmi 63140 (almış üç min yüz qırx) manat 39 (otuz doqquz) qəpik borc və ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin əvəzi tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
11. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli, LM-248-4/22 saylı Öhdəliklərin verilməsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən 31 yanvar 2020-ci il tarixli 248/20 saylı X8 müqaviləsi üzrə öhdəlikləri, lizinq obyektini Cavabdeh1 öz üzərinə götürmüş və 99PH057 dövlət qeydiyyat nişanlı, “X12” markalı avtomobil sonuncuya lizinqə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh1 və Cavabdeh2 arasında bağlanmış 248-4/22 nömrəli, xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsinə əsasən isə Cavabdeh2 Cavabdeh1 X8 müqaviləsi üzrə öhdəliklərinə zamin durmuşdur. Cavabdehlər öhdəliklərini lazimi qaydada icra etmədiklərindən iddiaçı qarşısında borcları yaranmışdır. Hazırda iddiaçı cavabdehlərdən lizinq müqaviləsi üzrə əsas və faiz borcunun, eləcə də borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış dəbbə pulunun ödənilməsini tələb etmişdir. Cavabdehlər tərəfindən iddiaya qarşı etiraz edilməmişdir. Göründüyü kimi Cavabdeh1 lizinq obyekti onun istifadəsinə verildikdən sonra müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikinə uyğun olaraq ödəniş etməli olduğu halda, ödəniş etməmiş, qalan məbləği ödəməmiş, həmçinin digər Cavabdeh2 zamin olaraq birgə məsuliyyət daşımasına baxmayaraq o, da öhdəliyini icra etməmişdir. Buna görə də iddiaçının, Mülki Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri pozulmaqla ardıcıl olaraq iki dəfədən artıq lizinq ödənişi edilmədiyi üçün 53201,74 manat əsas və 7288,65 manat faiz məbləğini cavabdehlərdən mübahisəsiz geri almaq hüququ yaranmışdır və iddiaçının tələbi haqlıdır. Həmçinin iddiaçı cavabdehlərdən 6455,69 manat dəbbə pulunun da tutulmasını tələb etmişdir. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilədə ödənişin gecikdirildiyi təqdirdə dəbbə pulu ödənilməsi nəzərdə tutulmuşdur. Lakin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu azaldılaraq 2650 manat müəyyən olunmalıdır.
12. Cavabdehlər Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin 08 may 2025-ci il tarixli, e-2-2(113)-941/2025 saylı qətnamənin ləğv edilməsi, borcun və faizlərin yenidən hesablanaraq yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə son nəticəyə gəlməzdən əvvəl tərəflərin təqdim etdiyi dəlilləri bərabər əsaslarla, tam, hərtərəfli, obyektiv və qərəzsizaraşdırmalı və hüquqi qiymət verməlidir. Bildirmişdir ki, məhkəmə qətnaməsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 53201,74 manat əsas borcdan əlavə hesablanmış 7288,65 manat faiz və 2650 manat cərimənin tutularaq İddiaçı ASC-yə ödənilməsi əsassızdır və həmin qətnamə ilə razı deyiləm. Bu səbəbdən də, apellyasiya şikayəti verərək Bakı Komersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-941/2025 saylı qətnaməsinin ləğv edilməsini və borcun və faizlərin yenidən hesablanaraq ədalətli qətnamə çıxarılmasını xahiş edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, iddiaçı gəlməməyinin səbəbləri barədə məlumat verməmiş, cavabdehin vəkili nümayəndəsi Vəkil2 Elfak oğlu ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
17. Həmin Məcəllənin 748-1.12, 748-1.12.4-cü maddələrinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
18. Həmin Məcəllənin 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir.
19. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə əsasən lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır.
20. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
25. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin borcu və faizin məbləği hissəsində yoxlanılması təşkil edir.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli 248/20 saylı X8 müqaviləsinə əsasən Lizinq verən Lizinq alan tərəfindən seçilmiş və bu müqaviləyə “əlavə 2”-də qeyd olunmuş, ətraflı təsviri verilmiş (Şəxsiyyət vəsiqəsi: AZE16146626,xx-xx-2016-cı il tarixində ASAN2 tərəfindən verilmişdir) məxsus əmlakı mülkiyyət hüququ ilə əldə etməyi və Lizinq alanın xahişi əsasında, lizinq vasitəsilə, lizinq haqqı müqabilində Azərbaycan Respublikasının qanunvericiliyi, habelə bu lizinq müqaviləsinin müddəalarına uyğun olaraq Lizinqalanın müvəqqəti istifadəsinə və sahibliyinə verməyi öhdəsinə götürür; Müqavilənin 3.1-ci bəndinə əsasən qiymətin 13700 manat hissəsi avtomaşının sənədləri alıcıya verildikdən sonra avans şəklində satıcıya ödənilir. Qalan məbləği 55200 manat hissəsi, tərəflər arasında təhvil-təslim aktı imzalandıqdan sonra alıcı tərəfindən ödənilir; Müqavilənin 3.2-cibəndinə əsasən bu müqaviləyə əsasən lizinq verən tərəfindən lizinq obyektinin satın alınması üçün çəkdiyi bütün xərclər lizinq üzrə kredit məbləği hesab edilir. Lizinq haqları həmin kredit məbləğinə lizinq verənin gəliri olaraq qalıq dəyərinə illik 22 % faiz dərəcəsi əlavə etməklə sabit lizinq haqları olaraq hesablanır; Müqavilənin 3.4-cü bəndinə əsasən lizinq obyektindən istifadəyə edilməsinə görə lizinq ödənişlərinin ödənilməsi qaydası və müddətləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan “Ödəmə cədvəli”ndə (əlavə 1) tam əks edilir; Müqavilənin 7.1-ci bəndinin “c” yarımbəndinə əsasən lizinqalan bütün zəruri vergilərin, məsrəflərin, xərclərin, təzminatların, Lizinqalanın hər hansı digər səbəbdən Əmlakı alması, verməsi, işlətməsi, istifadə etməsi nəticəsində ödənilməli olan hər hansı faizlərə və cərimələrə məsuliyyət daşıyır; Müqavilənin 8.1-ci bəndinə əsasən müqavilənin müddəti ərzində Lizinq alan, müvafiq qanunlarda “Operator” məfhumuna verilən mənalara uyğun olaraq, Əmlakın operatoru sayılır və o, Dövlət və ya üçüncü tərəflər və Lizinq verən qarşısında Əmlakdan və/və ya onun işlədilməsi yaxud istifadəsi nəticəsində Dövlətə, üçüncü tərəflərə yaxud Lizinq verənə, ətraf mühitə yaxud təbiətə dəymiş hər hansı dərəcədə və hər növ zərərə görə məsuliyyət daşıyır; Müqavilənin 10.1-ci bəndinə əsasən lizinq alan lizinq haqqını lizinq verənə ödəmə cədvəlinə uyğun olaraq ödəməlidir, və əmlakın gətirilməsi və ya təhvili və ya işlədilməyə hazırlıq zamanı hər hansı gecikmə, texniki nasazlıq və bu kimi səbəblərə görə ödəməmək ixtiyarında deyil; Müqavilənin 11.1-ci bəndinə əsasən ödəmə cədvəlində (bu müqaviləyə əlavə 1 qismində qoşulmuş) göstərildiyi tarixdə lizinqalan lizinq haqqını lizinq verənin hesabına ödəməzsə ödənişin pozulması baş verir. Bununla lizinq alan razılıq verir və öhdəsinə götürür ki, pulun ödənilməli olduğu tarix ilə həqiqi ödəmə tarixi arasındakı müddətə hər gecikdirilmiş gün üçün 0,5% dərəcə ilə cərimə faizi ödəyəcək.
28. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə olan əsas borcu 53201,74 manat, ümumi faiz borcu 7288,65 manat, dəbbə borcu 6455,66 manat olmaqla cəmi borc 66946.08 manat təşkil edir.
29. Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 28 dekabr 2020-ci il tarixli qərarına əsasən, lizinq müqaviləsinin bağlandığı an əşyanın lizinq alanın mülkiyyətinə keçməsi və bununla da, mülkiyyətçinin dəyişməsi baş vermir. Satın alma şərtləşdirildiyi halda (bir qayda olaraq lizinqin cəlbediciliyi bu şərtə görə mövcud olur) həmin əşya sonda lizinq alana satılır. Lizinq müqaviləsi lizinq verənin öz əmlakından daha yüksək dəyər əldə etməsinə, lizinq alanın isə aylıq haqq ödənişi müqabilində həmin əmlakdan faydalanmasına (gəlir götürməsinə, yaxud götürmədən istifadə etməsinə) imkan yaradır. Beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alqı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir. Kredit şərtləri və ya hər hansı digər əsasla əldə olunan əmlakdan fərqli olaraq, lizinq şərtləri ilə əldə olunan əmlak üzərində onun mülkiyyət hüququ dərhal yaranmır. Qeyd edildiyi kimi, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Kredit zamanı borclu kredit şərtləri ilə əldə etdiyi əmlak üzərində həmin an mülkiyyət hüququ (həmin əmlak üzərində kredit verənin xeyrinə yüklülüyün qoyulması istisna olmaqla) əldə edir və borcun ödənilmədiyi qalıq məbləği həcmində mülki məsuliyyət daşıyır. Kredit müqaviləsindən fərqli olaraq lizinqdə girov tələb olunmur. Göstərilənlərdən aydın olur ki, lizinq müqaviləsi iqtisadi, bank və vergi qanunvericiliyi baxımından kreditləşmə modeli sayılsa da, mülki hüquq baxımından lizinq əmlakının istifadəyə verilməsi üzrə öhdəliklər qrupuna aiddir və Mülki Məcəllənin 38-ci fəsli ilə tənzimlənir. Kredit müqaviləsi isə borc müqaviləsi hesab edilir və Mülki Məcəllənin ayrıca fəsli ilə nizamlanır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh borc və faizlərin yenidən hesablanmalı olduğunu qeyd etəsə də, tərəfindən hər hansı ödəniş edilməsinə dair, hansı məbləğdə borcu qalmasına dair hər hansı bir sübutlar iş materillarına əlavə olunmamışdır.
31. Halbuki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. Tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı, iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
32. Eyni zamanda, hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.
33. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi (mübahisələndirilən hissədə) qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
34. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-941/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.