Məhkəmə qərarları › İş №2-2(103)-1075/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1075/2024

21.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1075/2024 21.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Şirinovun sədrliyi və məruzəsi ilə, X5 və X1 ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3867/2024 nömrəli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı iddia ərizəsi, daha sonra isə iddia tələbinin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən 120430 manat pulun və ödənilmiş 410,50 manat dövlət rüsumunun birdəfəlik onun xeyrinə tutulub ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3867/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh MMC-dən 120430 (yüz iyirmi min dörd yüz otuz) manat borc, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat 50 (əlli) qəpik iddiaçı “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialının xeyrinə tutulması qət edilmişdir.

3. Cavabdeh MMC qətnamədən apellyasiya şikayəti verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3867/2024 nömrəli qətnaməsinin ləğv olunması, iddianın təmin olunmaması barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

4. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, alqı-satqı müqaviləsində malın nə vaxta qədər təhvil verilməsi göstərilməmişdir. Müqavilə xx.xx.2024-cü il tarixdə bağlanmış və müddəti 1 il nəzərdə tutulmuşdur. Yəni xx.xx.2025-ci ilə qədər cavabdeh malları təqdim edə bilər. Məhkəmə həmin halı nəzərə almamış və iddiaçının mövqeyinə uyğun qətnamə qəbul etmişdir. Cavabdeh MMC-nin olduğu və fəaliyyət göstərdiyi ünvan ünvan 1erə görə Şirvan Kommersiya Məhkəməsinə verilməli idi. e-2-2(113)-5687/2024 nömrəli işin ərazi aiddiyyəti üzrə Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə cavabdehin nümayəndəsi tərəfindən vəsatət verilmişdir. Lakin vəsatət təmin edilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

5. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

6. Tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

8. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

9. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

10. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

11. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

12. Həmin Məcəllənin 567-ci maddəsinə görə alqı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

13. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

14. Həmin Məcəllənin 599.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər.

15. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

16. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

17. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

19. Həmin Məcəllənin 124.1-ci maddəsinə görə isə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

20. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.

22. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı cavabdehlə aralarında imzalanmış müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən malın dəyəri qabaqcadan ödənilsə də, cavabdeh tərəfindən mallar iddiaçıya təhvil verilməmişdir. İddiaçı tərəfindən ödəniş edilməsi, cavabdehin isə malları verməməsi iş materiallarına əlavə edilmiş sübutlarla (ödəniş tapşırığı, köçürmə haqqında bildiriş, cavabdehin nümayəndəsinin izahatı) öz təsdiqini tapmışdır. Buna görə də iddiaçının cavabdehdən Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən mallar üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququ yaranmışdır.

23. “A” formatlı 205OCAZ240400003 saylı ödəniş tapşırığına əsasən “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-nin Kapital Bank ASC-də olan hesabına 09 fevral 2024-cü il tarixində 102060 manat məbləğində ödəniş olunmuşdur. xx.xx.2024-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı tərəfindən Cavabdeh MMC-nin sub-hesabına 18370 manat ƏDV ödəniş edilmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 410,50 manat dövlət rüsumu ödəmişdir.

24. Qanunvericilik normalarını, müqavilələrin şərtlərini, cavabdehin müqavilə öhdəliklərini icra etməyərək əvvəlcədən dəyəri ödənilmiş 120430 manat dəyərində malı iddiaçıya təhvil vermədiyini, belə olan halda isə iddiaçının ödədiyi məbləğin qaytarılmasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq məhkəmə hesab etmişdir ki, iddia tələbi əsaslıdır, buna görə də 120430 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

25. Cavabdeh MMC (Satıcı) və “X7 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı filialı (“Alıcı”) arasında imzalanmış 13 yanvar 2023-cü il tarixli 12/24 nömrəli malların alqı-satqısı müqaviləsindən görünür ki, satıcı satır, Alıcı isə bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan və Müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da göstərilən tərkibdə, həcmdə, miqdarda və çeşiddə olan malları Satıcıdan alır və Malın müqabilində Satıcıya bu Müqavilə ilə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilə üzrə Malın qiyməti bu müqavilənin ayrılmaz tərkib hissəsi olan və müqaviləyə əlavə edilən Spesifikasiya(lar)da və ya elektron qaimə ilə müəyyən edilir. Müqavilənin 4.5-ci bəndinə əsasən mal təhvil verilərkən Tərəflər təhvil-təslim Aktını imzalayır və/və ya təhvil-təslimi təsdiq edən müvafiq qaiməni (qaimələri) imzalayırlar. Müqavilənin 6.2-ci bəndinə əsasən satıcı bu Müqavilə ilə müəyyən edilmiş vaxtda Mah Alıcıya qismən təhvil verdikdə və ya ümumiyyətlə təhvil vermədikdə, Alıcı Satıcıdan hər gecikdirilən gün üçün bu Müqavilənin ümumi qiymətinin 0.01% həcmində dəbbə pulunun (cərimə) ödənilməsini tələb edə bilər.

26. Cavabdeh apellyasiya şikayətində malı müqavilə müddəti, yəni 1 il ərzində alıcıya təhvil vermək imkanının olduğunu qeyd etsə də, kollegiya bu dəlili əsassız hesab edir. Müqavilənin şərtinə əsasən əvvəl cavabdeh satıcı olaraq malı alıcıya satmalı, daha sonra alıcı malı alaraq ödəniş etməlidir. Lakin işdən görünür ki, satıcı üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, iddiaçı isə malın dəyərini cavabdehə ödəmişdir. Bundan başqa qeyd olunmalıdır ki, alıcı malın qiymətini ödədikdən sonra malın təhvil verilməsini cavabdehdən tələb etmiş (pretenziya məktubu göndərmiş) lakin cavabdeh indiyədək malı alıcıya təhvil verməmişdir.

27. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

28. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

29. Həmin Məcəllənin 569.1-ci maddəsinə əsasən satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

30. Həmin Məcəllənin 427.2-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilməyibsə və ya şəraitə görə onu təyin etmək mümkün deyildirsə, kreditor öhdəliyin dərhal icrasını tələb edə bilər, borclu isə onu ağlabatan müddətdə icra etməyə borcludur.

31. Qeyd edilən mülki hüquq normalarından görünür ki, ilkin olaraq satıcı malı alıcıya təhvil verməli, bundan sonra alıcı malın əvəzində pul məbləğini ödəməlidir. Malın verilməsi müddəti müəyyən edilməyəndə alıcının tələbi ilə mal verilməlidir. İşdən görünür ki, iddiaçı alıcı kimi ödənişi qabaqcadan edərək malı tələb edir. Lakin cavabdeh vəzifəsini yerinə yetirməkdən yayınır.

32. Cavabdeh aidiyyət qərardadından narazılığını qeyd etsə də, həmin qərardadı mübahisələndirməmişdir. Ona görə onun müvafiq dəlili əsaslı hesab edilə bilməz.

33. Göründüyü kimi iş materiallarında olan sübutlara əsasən cavabdehin irəli sürdüyü dəlillər təkzib edilmiş, iddia tələbində qeyd edilənlər təsdiq edilmişdir. Apellyasiya şikayətində istinad olunan hallara dair heç bir sübut təqdim edilməmişdir. Odur ki, şikayətdə qeyd edilən dəlillər üzrə xüsusatlar öz təsdiqini tapmadığından əsassız hesab edilməlidir.

34. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

35. Kollegiya həmçinin qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu özünə aid edilməlidir.

36. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3867/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar