Məhkəmə qərarları › İş №2-2(103)-1076/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1076/2024

30.10.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Daşınar əmlak üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1076/2024 30.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (məruzəçi), Mərdanova Xumar Afət qızından və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə ilə İddiaçı MMC-nin X1 qarşı konteynerin geri qaytarılması və dəymiş zərərin ödənilməsi tələbinə dair iş üzrə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərardadından İddiaçı MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC (iddiaçı) X1 (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, “Armudu” konteynerinin cavabdehdən alınıb ona geri qaytarılması və dəymiş zərərin əvəzi olaraq 4248 manat pulun, habelə ödənilmiş dövlət rüsumunun cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsinin geri qaytarılması qərara alınmış, məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, mülki prosessual qanunvericilik iddianın cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməli olduğunu nəzərdə tutmuşdur; cavabdehin qeydiyyat yeri Sabirabad rayonunda olduğundan, iddia ərizəsi Şirvan Kommersiya Məhkəməsinə verilməlidir. Həmin qərardaddan iddiaçının nümayəndəsinin verdiyi şikayət birinci instansiya məhkəməsinin 30 sentyabr 2024-cü il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, cavabdehlə bağlanmış xx.xx.2023-cü il tarixli K- 01/23 saylı əmlak kirayəsi müqaviləsinə görə, “Armudu” konteyneri cavabdehin xx.xx.2023-cü il tarixə qədər müvəqqəti istifadəsinə verilmişdir. Burada hazırda fiziki şəxs restoran fəaliyyəti ilə məşğul olur və müqavilənin əlavəsində göstərilən konteynerdən istifadə edir. "Armudu” adı ilə fəaliyyət göstərən restoran X3 ərazisində yerləşir. Ərizəyə əlavə edilmiş qaimələr və ödəniş qəbzlərindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli K-01/23 saylı müqaviləyə görə ödənişlər nağdsız qaydada həyata keçirilmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə onların qarşılıqlı razılığı ilə xitam verilməsinə baxmayaraq, danışar əmlak mülkiyyətçiyə qaytarılmamışdır. Belə ki, qeyd olunan əmlaka hazırda Dənizkənarı Bulvar İdarəsi tərəfindən nəzarət olunur, mülkiyyətçinin isə onunla bağlı heç bir hüququnun həyata keçirilməsinə yol verilmir. Bununla bağlı Dənizkənarı Bulvar İdarəsinə müraciət edilmiş, uzunmüddətdir araşdırılmasına baxmayaraq nəticəsiz qalmışdır. Həmin əmlakın iddiaçının istifadəsinə qaytarılması zəruridir. İddiaçının hazırkı tələbi qanunsuz olaraq cavabdehə icarəyə verilmiş əmlakın onun istifadəsinə qaytarılması ilə əlaqədardır. Şübhəsiz ki iddiaçı müqavilədən əmələ gələn iddia ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi bir sıra hallarda iddiaçının seçiminə görə ərazi aidiyyətinin müəyyənləşdirilməsinə icazə verir. İddiaçı isə öz seçim səlahiyyətindən istifadə edərək, iddianı cavabdehin yaşadığı yerə görə yox, müqavilənin icra yerinə görə vermişdir. Müvafiq müqavilənin icra yeri Bakı şəhəri Səbail rayonu ərazisində olmuşdur. Belə olan halda, ərazi aidiyyəti ilə bağlı iddiaçının seçim haqqının olması mübahisəsizdir. Bunadan əlavə iddiaçı müvafiq məhkəmə işi üzrə ərazi aidiyyətini seçilməsi zamanı səlahiyyətindən elə formada istifadə etmişdir ki, bu məhkəmə tərəfindən müvafiq iş üzrə aparılacaq araşdırmanın daha optimal şəraitdə, daha düzgün həyata keçirilməsinə, o cümlədən tam, obyektiv, hərtərəfli araşdırmaya əsaslanan ədalətli məhkəmə qərarının qəbul edilməsinə şərait yaradır. Məhkəmənin iddiaçının ərazi aidiyyətini pozması ilə əlaqədar mülahizəsi yalnışdır və bu mülahizə əsasında qəbul edilmiş müvafiq qərardad iddiaçının hüquqlarının pozulmasına səbəb olur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. İşdən görünür ki, cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Sabirabad rayonu isə Şirvan Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir. İddiaçının nümayəndəsi şikayətində, cavabdehlə bağlanmış müqavilənin icra yerinin Səbail rayonu ərazisində olduğunu, buna görə işə Bakı Kommersiya Məhkəməsində baxılmalı olduğunu irəli sürsə də, müqavilədən görünür ki, tərəflər arasında müqavilənin icra yeri deyil, sadəcə daşınar əşyanın təhvil verilmə forması tənzimlənmişdir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunmasın. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-7059/2024 saylı iş üzrə 19 sentyabr 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar