Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1078/2023 20.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ i İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya işi Açar söz: əsassız varlanma Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı əsassız varlanma qaydasında pulun geri tutulması tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları
1. İşin sübutar əsasında müəyyən edilmiş hallarından görünür ki. tərəflər arasında 12 oktyabr 2021-ci il tarixli qida və ya qeyri-qida mallarının təchizatına dair müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli **********84 nömrəli ödəmə qəbzindən görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına 21186,44 manat məbləğində pul köçürülmüşdür.
2. xx.xx.2023-cü il tarixdə iddiaçı cavabdehə pretenziya göndərərək 21186,44 manat məbləğində pul geri qaytarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 21186.44 manat məbləğində pulun, həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin və 200 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 oktyabr 2021-ci il tarixində iddiaçı və cavabdeh arasında “qida və qeyri-qida mallarının təchizatına dair” müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh təchizatçı qismində sifariş verilmiş malları iddiaçının mülkiyyətinə verməyi, iddiaçı da alıcı qismində bu malları qəbul edib əvəzində razılaşdırılmış pul məbləğini ödəməyi öhdəsində götürmüşdür. İddiaçı tərəfindən həmin müqaviləyə uyğun olaraq xx.xx.2022-ci il tarixində cavabdehin hesabına 21186.44 manat məbləğində pul vəsaiti köçürülmüşdür. Daha sonra eyni tarixdə (xx.xx.2022-ci il) texniki səhv nəticəsində eyni məbləğdə pul vəsaiti (21186.44 manat) təkrarən təchizatçının hesabına köçürülmüşdür. Beləliklə, cavabdehə ümumi dəyəri 21186.44 manat olan eyni alqı-satqı əməliyyatı üzrə cəmi 42372.88 manat məbləğində pul vəsaiti ödənilmişdir ki, qeyd edildiyi kimi, bu məbləğin 21186.44 manatı səhvən artıq ödənilmişdir. Bununla da, həmin tarixə cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan pul vəsaiti 21186.44 manat təşkil etmişdir. Göstərilənlərlə əlaqədar dəfələrlə yazılı (xx.xx.2022-ci il tarixli məktub) və şifahi şəkildə müraciət edilməsinə, müvafiq pretenziya göndərilməsinə baxmayaraq, həmin pul vəsaiti hələ də qanunsuz şəkildə cavabdehdə saxlanılır və bu vəsait əsassız olaraq iddiaçıya qaytarılmır. Bundan sonra qanunvericiliyə uyğun olaraq tərəflərindən müvafiq mediasiya təşkilatına müraciət edilmiş, cavabdeh mediasiya sessiyasında iştirak etmədiyinə görə iddiaçıya buna dair müvafiq arayış verilmişdir. Belə olan halda hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz olmaqla məsuliyyət yaradır. Belə ki, onlar tərəfdən həmin 21186.44 manat pul vəsaitinin geri qaytarılması barədə cavabdehə yönəlmiş çoxsaylı tələbləri qarşılıqsız və cavabsız qalmışdır. Göründüyü kimi, nəticədə iddiaçıya 21186.44 manat məbləğində zərər dəymiş və bu zərər də məhz cavabdeh tərəfindən ödənilməlidir. xx.xx.2022-ci il tarixdən etibarən cavabdehdə saxlanılan və hələ də geri qaytarılmayan 21186.44 manat məbləğində pul və həmin pul vəsaitinin gecikdirilmiş vaxt üçün (icra edilən günədək hesablanmaqla) illik 5%-nin iddiaçıya ödənilməsi cavabdeh tərəfindən təmin edilməlidir.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsi ilə (hakim Ülkər Həsənova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-dən 21186.44 manat məbləğində pul və 200 manat dövlət rüsumu, ümumilikdə 21386,44 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir.
6. “X1 Azərbaycan” QSC tərəfindən iddiaçıya verilmiş 12 iyun 2023-cü il tarixli 0886 nömrəli məktuba və hesabdan çıxarışa əsasən, xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən İnternet Bankçılıq üzərindən cavabdehin hesabına 2 dəfə 21186,44 manat köçürmə icra olunmuşdur.
7. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 9/5865 nömrəli ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları, ödəniş tapşırığı və bank tərəfindən tərtib olunmuş cədvəl məlumatlarına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə ümumilikdə 42372,88 (21186,44+21186,44) manat məbləğində pul vəsaiti köçürülmüşdür.
8. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 21186.44 manat məbləğində pul vəsaitindən məhrum olmuş, həmin vəsait cavabdeh tərəfindən əldə edilmiş, həmin pul vəsaitinin əldə edilməsi üçün isə hər hansı hüquqi əsas olmamışdır. Məhkəmə qeyd edilənlərə əsasən hesab etmişdir ki, hazırda iddiaçı həmin pul vəsaitinin cavabdeh tərəfindən ona qaytarılmasını tələb etməkdə haqlıdır.
9. Məhkəmə iddianın cərimə borcu hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə iddia tələbi qeyri-müəyyən olmaqla yanaşı iddiaçı məhkəməyə tələb etdiyi borc məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etmədiyindən cavabdehdən illik beş faiz borcunun tutması mümkün deyil.
Apellyasiya instansiyasi məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqdim edilən sənədlərdən də göründüyü kimi, məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq iddianı təmin etmişdir. Halbuki iş üzrə bankdan mütəxəssis cəlb edilməli və ödənişin eyni olmasını araşdırmalı idi. Bank tərəfindən təqdim edilən sənədlərin eyni olması və həmin ödənişin 1 olması tam öz əksini tapır. Ödəniş də iddiaçının cavabdehə plan borcu olmuşdur. İddiaçı tərəfindən ödənilən 21186.44 manat məbləğində pul vəsaiti öhdəliyə əsasən iddiaçının cavabdehə borcu olmuşdur. Həmin vəsaitin 2 dəfə ödənilməsi heç bir sənədlərlə təsdiq edilmir. Yalnız ekspert rəyinə əsaslanaraq iddianın təmin edilməsi prosessual qanunvericiliyə ziddir. Məhkəmə işə mütəxəsssi dəvət etməli və həmin sənədlərin eyni olmasını araşdırmalı idi. Məhkəmə yalnız ekspert rəyinə əsaslanaraq qətnamə qəbul etməsi MPM-nin tələblərinə ziddir. Belə ki, ekspert rəyi açıq aydın görünür ki, natamamdır. Ekspert iddiaçı tərəfindən təqdim edilən birtərəfli sənəd əsasında rəy vermişdir. Məhkəmə ekspert rəyini qəbul etməməli və məhkəməyə Mərkəzi Bankın mütəxəssisini dəvət edərək ödənilmiş vəsaitin nə qədər olmasını araşdırmalı idi. Bank tərəfindən təqdim edilən bir sənəd 2 ödəniş kimi götürülərək məhkəməyə ödənişin 2 dəfə olması kimi məlumat verilmişdir. Halbuki həmin sənəddə eyni vaxt, eyni gün, eyni məbləğ qeyd edilmişdir. Həmçinin Yapı Kredit Bank iddiaçı ilə əməkdaşlıq edən Bankdır. Təbii ki, o da öz növbəsində iddiaçının mənafeyini nəzərə alaraq bir sənədi 2 kimi göstərərək ödənişin 2 olduğunu bildirir. Bu səbəbdən məhkəməyə mütəxəssis dəvət edilməli və ya Mərkəzi Banka sorğu verilərək ödənişin nə qədər olması müəyyən olunmalıdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. İddiaçının nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək rədd edilməsini xahiş etmişdir.
13. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir.
14. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi: 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4-cü öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
Əsaslandırıcı hissə
Apellyasiya baxışının hədləri
15. Qətnamə cavabdeh tərəfindən qismən – iddia tələbinin təmin edildiyi hissədə mübahisələndirdiyindən qismən yoxlanılır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
16. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
17. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına xx.xx.2022-ci il tarixdə iki dəfə 21186,44 manat məbləğində ödəniş edilmişdir. İddiaçı iddia etmişdir ki, bu ödənişlərdən biri tərəflər arasında bağlanmış 12 oktyabr 2021-ci il tarixli müqavilə üzrə həyata keçirilsə də, ikinci ödəniş texniki səhv nəticəsində icra edilmiş, səhvən ödənilmiş vəsait cavabdehdən geri tələb olunsa da qaytarılmamışdır.
18. Cavabdeh iddiaya etirazında və apellyasiya şikayətində xx.xx.2022-ci il tarixdə iddiaçı tərəfindən ona iki dəfə 21186,44 manat ödəniş edildiyini qəbul etməsə də, iş materiallarına əlavə ediliş “X1 Azərbaycan” QSC-nin 12 iyun 2023-cü il tarixli 0886 nömrəli məktubu, hesabdan çıxarışlar və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 16 avqust 2023-cü il tarixli 9/5865 nömrəli ekspert rəyi ilə İddiaçı MMC tərəfindən xx.xx.2022-ci il tarixdə 21186.44 manat məbləğində pul vəsaitinin cavabdehə 2 dəfə ödənildiyi təsdiq olunur. Cavabdeh tərəfindən ikinci ödənişin hüquqi əsası olduğu sübut edilmədiyindən həmin vəsaitin əsassız varlanma qaydasında cavabdehdən tutulması qanuni və əsaslıdır.
19. Qeyd edilən məbləğin həqiqətən eyni gündə iki dəfə köçürülüb-köçürülmədiyinin müəyyənləşdirilməsi üçün Mərkəzi Bankdan mütəxəssis dəvət edilməli olduğuna dair cavabdehin apellyasiya şikayətində qeyd etdiyi vəsatət məhkəmə tərəfindən əsassız hesab edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. “Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri haqqında” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən təsdiq edilmiş Təlimata əsasən pul köçürməsi köçürməni həyata keçirmiş bank tərəfindən təsdiq edilmiş sənədlərlə sübut olunduğundan və işdə bu barədə “X1 Azərbaycan” QSC tərəfindən təqdim edilmiş sənədlər (məktub, hesabdan çıxarış) olduğundan cavabdeh tərəfindən mübahisələndirilən köçürmənin mövcud olub-olmaması barədə mütəxəssis tərəfindən verilmiş rəy daha mötəbər sübut hesab edilə bilməz.
20. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti əsassız hesab edilərək təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
21. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:
Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(113)-2371/2023 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.