Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1079/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və vəkili Vəkil2, Cavabdeh MMC-nin nümayəndəsi X1 iştirakı ilə zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2343/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 27.03.2019-cu il tarixli müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi səbəbindən vurulmuş ziyanın əvəzi kimi 108.829,29 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.06.2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Qətnamə ilə razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, 2021-ci ildə müqavilə üzrə öhdəliklərin qarşılıqlı şəkildə icra edilib-edilməməsi ilə bağlı audit yoxlaması həyata keçirilmiş və yoxlamanın nəticəsi olaraq 11.03.2021-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən 27.03.2019-cu il tarixli 005/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən 188.610,94 manat pul vəsaiti qarşı tərəfə ödənilsə də, cəmi 79.910,60 manat məbləğdə mat-material alınmışdır. Qalan 108.000 manata dair mallar iddiaçıya təhvil verilməmiş, həmin mallar anbarda mövcud olmamış və həmin malların təhvil verilməsinə dair hər hansı sənəd tərtib olunmamışdır. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, hər bir ödənişə əsas olmuş e-qaimə cavabdeh tərəfindən təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya göndərilmiş eqaimələr təsdiq edilmiş və onun əsasında ödəniş olunmuşdur. Məhkəmə iddiaçının malları təhvil verilmədən dəyərinin ödənilməsini əsas tutaraq belə nəticəyə gəlmişdir ki, ödənişin edilməsi malın alınması, xidmətin göstərilməsinin iddiaçı tərəfindən qəbulu kimi qiymətləndirilməlidir. Qeyd olunmalıdır ki, cavabdehlə bağlanmış müqavilədə elə bir qeyd və ya şərt göstərilməyib ki, əgər alıcı malın dəyərini ödəyibsə, bu halda satıcı tərəfindən mal təhvil verilmiş hesab edilir. İstənilən halda birinci instansiya məhkəməsi malın təhvil verilməsi faktının tam təsdiq edilməsinə əmin olduqdan sonra irəli sürülmüş tələbi rədd edə bilərdi. Digər tərəfdən, tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən sifarişçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir. Müqavilənin şərtindən də göründüyü kimi, malların təhvil-təslimi müvafiq akt tərtib edilməsi yolu ilə həyata keçirilir. Malların dəyərinin qabaqcadan ödənilməsi ilə onların təhvil verilmiş hesab edilməsi müqavilədə şərtləndirilməyib. Müqavilədə konkret olaraq malların təhvil-təsliminin aktla rəsmiləşdirilməsi qeyd olunduğu üçün, cavabdehin müqavilə üzrə öhdəliyini tam icra etməsi yalnız təhvil-təslim aktının təqdim edilməsi yolu ilə təsdiq oluna, yalnız mallar təhvil verildikdən sonra onların rəsmiləşdirilməsi aparıla bilər. Lakin mallar cavabdeh tərəfindən təhvil verilmədiyi üçün, onların anbarda olması ilə bağlı hər hansı rəsmiləşdirmə aparılmamışdır. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının vəkili və nümayəndəsi şikayəti müdafiə edib, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İşdə olan, tərəflər arasında imzalanmış 27.03.2019-ci il tarixli 005/19 nömrəli müqavilənin 1.1-ci bəndinə əsasən, icraçı (cavabdeh) etiketlər, ribbonlar və müxtəlif şəkildə çap məhsulları ilə təchiz edir və xidmətlər göstərir, sifarişçi (iddiaçı) isə həmin malları və xidmətləri alır. Hər hansı bir təchiz ediləcək malların və xidmətlərin təsviri, miqdarı, zəmanət müddəti, təchizat müddəti və şərtləri, həmçinin qiymətləri və ödəniş şərtləri satınalma sifarişində və ya xidmət sifarişində göstəriləcəkdir (bundan sonra - SS və XS). Müqavilənin 4.2-ci bəndinə görə, SS/XS-də ödəniş şərtləri tərəflər arasında razılaşdırılmayıbsa, sifarşçi təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərini icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim aktı əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödəyir. 27.03.2019-ci il tarixli müqaviləyə 01 nömrəli əlavədə məhsulların qiymətləri müəyyən olunmuşdur. Əlavənin 1.3-cü bəndinə əsasən, tərəflər arasında ödəniş qaydası hesab-faktura təqdim edildikdən sonra həyata keçirilir. Cavabdeh tərəfindən iddiaçıya 015 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAS 433308 nömrəli 01.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 6.120 manat dəyərində, 016 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAS 543763 nömrəli 03.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 17.865 manat dəyərində, 022 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAT 286722 nömrəli 18.04.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 6.891,84 manat dəyərində, 028 nömrəli hesabfaktura əsasında tərtib edilmiş EAAU 023198 nömrəli 06.05.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 14.290 manat dəyərində, 024 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAU 823590 nömrəli 23.05.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 7.735 manat dəyərində, 035 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAV 486172 nömrəli 07.06.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 22.308,24 manat dəyərində, 037 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW 117291 nömrəli 21.06.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 7.655 manat dəyərində, 041 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW 670973 nömrəli 03.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 8.423,36 manat dəyərində, 045 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAW 887499 nömrəli 08.07.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 20.006,4 manat dəyərində, 0152 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAY 305278 nömrəli 15.08.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 14.161,45 manat dəyərində, 062 nömrəli hesabfaktura əsasında tərtib edilmiş EAAZ 510899 nömrəli 06.09.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 22.516,75 manat dəyərində, 078 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAB 478250 nömrəli 21.10.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 21.972 manat dəyərində, 086 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAC 041018 nömrəli 04.11.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 16.935 manat dəyərində, 091 nömrəli hesab-faktura əsasında tərtib edilmiş EAAD 242705 nömrəli 02.12.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 1.730 manat dəyərində elektron qaimələr təqdim edilmiş, elektron qaimələr sonuncu tərəfindən təsdiq olunmuşdur. Qeyd edilən elektron qaimələrin tarix və nömrələrinə istinad olunmaqla, həmin elektron qaimələrlə tələb olunan məbləğlərdə ödənişlər iddiaçı tərəfindən "xxxx" ASC-dəki hesabı üzərindən 06.05.2019-cu il tarixli **********82074 nömrəli, 04.04.2019-cu il tarixli **********49158 nömrəli, 09.04.2019-cu il tarixli **********53214 nömrəli, 23.04.2019-cu il tarixli **********67084 nömrəli, 03.06.2019-cu il tarixli **********06390 nömrəli, 11.06.2019cu il tarixli **********12024 nömrəli, 24.06.2019-cu il tarixli **********24214 nömrəli, 05.07.2019-cu il tarixli **********34864 nömrəli, 09.07.2019-cu il tarixli **********38606 nömrəli, 20.08.2019-cu il tarixli **********80686 nömrəli, 10.09.2019-cu il tarixli **********98522 nömrəli, 24.10.2019-cu il tarixli **********39197 nömrəli, 08.11.2019-cu il tarixli **********56650 nömrəli, 12.12.2019-cu il tarixli **********87368 nömrəli ödəniş tapşırıqları vasitəsilə cavabdehin "xxxx" ASC-dəki hesabına köçürülmüşdür. "xxxx" MMC-nin 11.03.2021-ci il tarixli aktında göstərilmişdir ki, iddiaçının cavabdehlə bağladığı 27.03.2019-cu il tarixli 005/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçı cavabdehə çap məhsullarına görə 188.610 manat 94 qəpik pul vəsaiti ödəsə də, cəmi 79.910 manat 60 qəpik məbləğdə məhsul almış, nəticədə cavabdehin iddiaçıya 108.700 manat 34 qəpik borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 71-1-ci maddəsinə görə, həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir; 176.1-ci maddəsinə görə, həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14.03.2017-ci il tarixli 89 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaiməfaktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. İşin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin audit yoxlamasının 11.03.2021-ci il tarixli aktına istinad edən dəlili ilə razılaşmır. Belə ki, birincisi, akt iddiaçının təqdim etdiyi sənədlər və izahatlar əsasında tərtib olunmuşdur. İkincisi, akt "xxxx" ASC-nin anbardarının və satınalmalar üzrə mütəxəssisinin izahat və hərəkətləri əsasında tərtib olunmuşdur ki, adıçəkilən hüquqi şəxsin hazırkı mübahisənin tərəflərinə aidliyi müəyyən olunmur. Şikayətin müqavilənin 4.2-ci bəndinə istinad edən dəlili də əsassızdır. Həmin bənddə sifarişçinin təchiz edilmiş malların və göstərilmiş xidmətlərin dəyərinin icraçı tərəfindən təqdim edilmiş hesab-faktura və tərəflərin imzaladığı təhvil-təslim əsasında 15 təqvim günü ərzində icraçının bank hesabına ödənilməsi nəzərdə tutulmuşdur ki, sözügedən bəndin şərtlərinə əməl olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim olunmuş elektron qaimə fakturalar iddiaçı tərəfindən təsdiq edilmiş, daha sonra isə həmin qaimələrdə əks olunan məbləğlər bank vasitəsilə cavabdehə ödənilmişdir. “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 1.2-ci bəndinə görə, elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdim edilən ilkin uçot sənədidir, 2.6-cı bəndinə əsasən isə, “Elektron qaimə-faktura malların (işlərin, xidmətlərin) alıcıya təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaiməfakturanın “Əsas” rekvizitində öz əksini tapır.” Odur ki, qeyd olunanlar məhkəmə kollegiyasında mübahisəli məhsulların iddiaçıya təqdim edilməsindən başqa hər hansı digər qənaət formalaşdırmır. Çünki, iddiaçının təhvil almadığı mallara görə elektron qaimə fakturaları əvvəl təsdiq edib, daha sonra ödəniş etməsi ağlabatan və inandırıcı görünmür. Bu həm də ona görə məhkəmə kollegiyasında iddiaçının dəlillərinə qarşı tənqidi münasibət formalaşdırır ki, iddiaçı 2019-cu ilin aprel ayından dekabr ayınadək 14 dəfədə elektron qaimə fakturaları təsdiq edib, bank ödənişlərini həyata keçirmiş, lakin bu 14 dəfədən bir dəfəsində belə olsa məhsulların anbara daxil olub-olmadığını yoxlamamışdır. MPM-in 14.2 və 77.1-ci maddələrinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hallar sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslıdır, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Bu səbəbdən şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2343/2021 nömrəli iş üzrə 14 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-2(103)-1079/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1079/2021
20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver