Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1079/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə Açar sözlər: buraxılmış prosessual müddətin bərpası Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Sadıqov Mehman Norəs oğlunun katibliyi ilə iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1848/2021 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadından iddiaçının apellyasiyasına əsasən kommersiya mübahisəsinə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT
1. İddiaçı cavabdehə qarşı məhkəməyə müraicət edərək, cavabdehdən ümumilikdə 144.066,26 manat pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, 144.066,29 manat məbləğdə pul vəsaitinin və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
3. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1848/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddətin bərpasından imtina edilmişdir.
5. Qərardadla razılaşmayan cavabdeh ondan şikayət və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə vermişdir.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1848/2021 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərardadından şikayət verilməsi üçün cavabdeh tərəfindən buraxılmış prosessual müddət üzrlü hesab edilərək, bərpa edilmişdir.
7. Qərardadın əsaslarına görə, “... Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-22(113)-1848/2021 saylı qərardadını cavabdeh tərəf xx.xx.2022-ci il tarixində elektron qaydada almışdır. Həmin qərardaddan xx.xx.2022-ci il tarixdə şikayət verilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət geri qaytarılmışdır. Məhkəmə qeyd edir ki, birinci dəfə cavabdeh tərəfindən şikayət verilərkən, qərardadı aldığı tarixdən 10 gün ərzində şikayət vermişdir, yalnız Mülki Prossesual Məcəllədə nəzərdə tutulmuş formaya dair tələblərə riayət etmədiyindən qərardaddan verilmiş şikayət geri qaytarılmışdır. Buna görə də, hazırki halda Cavabdeh şikayət vermə hüququndan sui-istifadə etmə halı olmadığından ərizə təmin edilməlidir.”
8. Qərardadla razılaşmayan iddiaçı ondan şikayət verərək, ləğv edilməsini xahiş etmişdir.
9. Şikayətin dəlillərinə görə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə ərizəsinin təminindən tam əsaslı və qanuni olaraq imtina edilmişdir. Belə ki, cavabdeh həmin qətnamədən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verməli olduğu halda, qətnaməni alandan sonrakı bir ay nüddətində heç bir üzrlü səbəb olmadan apelyasiya şikayəti verməmişdir. Ona görə də qanuni qüvvəsini alan məhkəmə qətnaməsi xx.xx.2021-ci il tarixdə icra edilməsi üçün Xətai rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdən etibarən 4 ay ərzində Xətai rayon icra və porobasiya şöbəsinə mütəmadi olaraq gedib-gəlmiş, həmin müddət ərzində o, Xətai rayon icra və probasiya şöbəsinin təqdimatı əsasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin qərarına əsasən 8 sutka həbs olunmuşdur. Bundan sonra 2022-ci ilin yanvar ayından etibarən Ədliyyə Nazirliyinin İstintaq idarəsində məhkəmə qətnaməsini icra etmədiyinə görə Cavabdeh barəsində AR Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işi qaldırıldığı üçün o, mütəmadi olaraq İstintaq idarəsinə gedibgəlmişdir. Cavabdeh barəsində Xətai Rayon Prokurorluğu tərəfindən AR Cinayət Məcəlləsinin 179.1-ci maddəsi ilə cinayət işi qaldırıldığı üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsində 306.1 maddəsi ilə istintaqı aparılan cinayət işi Xətai Rayon Prokurorluğundakı cinayət işinə birləşdirilmişdir. Cavabdeh 2022-ci ilin may ayından etibarən hazırki vaxta kimi Xətai rayon prokurorluğunun İstintaq idarəsinə gedib-gəlmiş, hazırda hər iki maddə üzrə cinayət işi tamamlanaraq baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilmişdir. xx.xx.2022-ci il tarixdə həmin cinayət işi üzrə hazırlıq iclası təyin edilmişdir. Bu barədə məhkəməyə cağırış almışlar. Buna görə də, hazırkı halda Cavabdeh şikayət vermə hüququndan sui-istifadə edərək hər vəchlə çalışır ki, həm qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına mane olsun, həm də barəsində Bakı şəhəri Xətai Rayon Məhkəməsində barəsində aparılan cinayət işi üzrə icraatı dayandırsın. Ona görə də məhkəmənin qeyd olunan qərardadı ləğv olunmaqla şikayət təmin edilməlidir.
10. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM): Maddə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir; Maddə 133.3. Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.); Maddə 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir; Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır; Maddə 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli Qərarı: “Qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.”
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
13. İşdən görünür ki, birinci dəfə cavabdeh tərəfindən şikayət, qərardadı aldığı tarixdən 10 gün ərzində verilmiş, MPM-lə nəzərdə tutulan formaya dair tələblərə riayət edilmədiyindən şikayət geri qaytarılmış, şikayət nöqsanlar aradan qaldırılaraq, yenidən təqdim edilmişdir.
14. Bu mənada məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlilləri ilə razılaşmır.
15. Belə ki, hazırkı şikayətin predmeti xx.xx.2021-ci il tarixli qətnamədən deyil, xx.xx.2022-ci il tarixli qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulan müddətin bərpası məsələsidir. Odur ki, qətnamədən şikayət verilməsi üçün ötürülmüş prosessual müddətin cavabdehə münasibətdə bərpa olunmasının əsaslı olub-olmamasına, cavabdehin prosessual hüquqlardan sui-istifadə edib-etməməsinə hazırkı şikayət çərçivəsində qiymət verilə bilməz.
16. Beləliklə, kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermədiyi üçün, qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
17. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-1848/2021 nömrəli iş üzrə 28 sentyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. İddiaçı "xxxx" MMC-nin şikayəti təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova