Məhkəmə qərarları › İş №2-2(103)-108/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-108/2022

16.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-108/2022 16.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Vəliyev Elmar Valeh oğlunun katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə borcun ödənilməsinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-2554/2021 nömrəli qətnaməsindən (hakim Kənan Hüseynov) cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi məhkəməyə müraciət edərək, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək 26 oktyabr 2020-ci il tarixində № 043/1-AP-20 alqı-satqı müqaviləsi üzrə hesablanmış, ƏDV ilə birlikdə 48339,40 manat məbləğində pul vəsaitinin Cavabdehndən alınaraq İddiaçınə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 26 oktyabr 2020-ci il tarixində № 043/1-AP-20 alqı-satqı müqaviləsi tərtib olunmuşdur. alqısatqı müqaviləsinə əsasən Cavabdeh müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq Rusiya istehsalı olan meşə materialları (taxta və taxta materialları), müxtəlif ölçülü (3 mm-21 mm) laminasiyalı və yapışqanlı faner (DİKT) məmulatını almağı və sənədlərdə (Protokol, hesab faktura, qaimə faktura) təsdiq edilən məbləği (ƏDV-18% ilə birlikdə) ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malın markası, ölçüləri, qiymət və məbləği hər iki tərəfin təsdiqlədiyi Protokolda əks olunmuşdur. Həmin protokolda alıcı MMC-nin 8472,30 manat məbləğində 27.33 m3 miqdarlı, 8472,30 manat məbləğində 27.33 m3 miqdarlı eyni məhsul, 18 m3 miqdarlı 5580 manatt məbləğində, 7.8 m3 miqdarlı 2418 manat məbləğində, 0.216 m3 miqdarlı 66,96 manat məbləğində 4.896 m3 miqdarlı 1517.76 manat məbləğində, 7.65 m3 miqdarlı 2371.50 manat məbləğində, 12.3 m3 miqdarlı 3813.00 manat məbləğində, 1.567 m3 miqdarlı 485,77 manat məbləğində və 1104 m2 miqdarlı 18768 manat məbləğində polluq taxta məmulatlarını aldığı təsdiq olunmuş və Alıcı tərəfindən, alınmış məmulatların toplam dəyəri 51.965,59 manat və ƏDV olaraq hesablanmış toplam dəyər isə 9353,81 manat olaraq müəyyən edilmişdir. Yekunda Cavabdeh ödəməli olduğu məbləğ 61319,40 manat olaraq sözü gedən protokolda qeyd olunmuşdur. Həmçinin malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlı 27.11.2020ci il tarixli EBAT seriyalı, №162459 elektron qaimə tərtib olunaraq, qaime.e-taxes.gov.az sisteminə yerləşdirilmişdir. Lakin müqavilənin qüvvədə olma müddətinin artıq bitməsinə baxmayaraq, bu günə kimi qeyd olunan 26 oktyabr 2020-ci il tarixli, 043/1-AP-20 nömrəli müqavilə üzrə ödənişi tam həyata keçirməmişdir. Bu zamana qədər yuxarıda göstərilən mallar üzrə hesablanmış miqdarın yalnız 11.000 manat hissəsi və ƏDV miqdarının isə 1980.00 manat hissəsi ödənmişdir. Bu isə göstərilən müqavilənin 1.1-ci və 2.2-ci bəndlərində qeyd olunan şərtlərin cavabdeh tərəfindən kobud surətdə pozulmasına səbəb olmuşdur. Yəni cavabdeh tərəf, öz öhdəliklərini sonadək icra etməmiş, müqavilənin şərtlərini pozaraq, üzrlü səbəb olmadan bu günədək ödənişi tam həyata keçirməmişdir. Belə ki, dəfələrlə şifahi formada müraciətlər olunmasına baxmayaraq ödənişlər həyata keçirilməmişdir. Həmçinin cavabdehə Pretenziya məktubu ilə müraciət edərək borcun ödənilməsi xahiş edilmişdir. Əks təqdirdə mübahisənin həll edilməsi üçün məhkəmə orqanlarına müraciət ediləcəyi cavabdehin nəzərinə çatdırılmışdır. Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli, 2-2(113)-2554/2021 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən cavabdeh apelyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin 12 iyul 2021-ci il tarixli,e-2-2(113)-2554/2021 saylı qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC və Cavabdeh MMC arasında bağlanan “26” oktyabr 2020-ci il tarixli, № 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinin 2.2-ci bəndini əsas tutaraq alıcı (cavabdeh) satılan malların dəyəri əvvəlcədən ödəməli və bundan sonra mal(lar) alıcıya (cavabdehə) təhvil verilməli idi. Bu səbəbdən Cavabdeh MMC faktiki almış mala dair ödəniş etmişdir. Beləliklə də, Cavabdeh MMC İddiaçı MMC aldığı bütün malların dəyərini tam ödəmiş və üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. İddiaçı tərəfindən tələb edilən məbləğ şübhəlidir və qeyriobyektiv hesablanmanın nəticəsində meydana gəlmişdir. Həmçinin qətnamədə göründüyü kimi iddiaçı sübutları tam təqdim etməmişdir. İddiaçı MMC Cavabdeh MMC -yə satmış mallara dair təhvil-təslim aktı təqdim etməmişdir. Bundan əlavə borcun təsdiqi ilə bağlı hər hansı üzləşmə aktı yoxdur. Bütün bunlar bir daha göstərir və sübut edir ki, Bakı Kommersiya Məhkəməsi prosessual normalara riayət etməmiş, habelə məhkəmə nəticə üçün mühüm əhəmiyyətə malik olan sübutları obyektiv aydınlaşdırmamış, iş materiallarına əlavə edilmiş sənədləri sadalamaqla işini bitmiş saymış və nəticədə əsassız qətnamə çıxarmışdır. İddiaçının vəkili X3 məhkəmə iclasında apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə izahatı dinləyib, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-2554/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsindən görünür ki, satıcı (İddiaçıMMC) razılaşma protokolunda nəzərdə tutulan və adı göstərilən malları müqavilənin şərtlərinə uyğun olaraq alıcının mülkiyyətinə verməyi, alıcı isə razılaşma protokolunda və adı göstərilən malları qəbul edib, onun müqabilində ödəniş etməyi üzərinə götürmüşdür. 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinin razılaşdırılma protokolundan görünür ki, malların ümumi qiyməti 61319,40 manat təşkil edir. İş materiallarının 32-ci vərəqinə əlavə edilmiş EBAT seriyalı 162459 saylı 27.11.2020-ci il tarixli elektron qaimədən görünür ki, 27.11.2020-ci il tarixdə İddiaçı tərəfindən Cavabdehnə 61319,40 manat dəyərində malın təqdim edilməsi barədə elektron qaimə göndərilmiş, elektron qaimə Cavabdeh tərəfindən imza və möhürlə təsdiq edilmişdir. İş materiallarında olan 01.12.2020-ci il tarixli ödəmə tapşırığından görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinə əsasən 11.000 manat ödəniş edilmişdir. İş materiallarında olan 04.12.2020-ci il tarixli köçürülmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh tərəfindən 26 oktyabr 2020-ci il tarixli 043/1-AP-20 saylı alqı-satqı müqaviləsinə əsasən 1980 manat məbləğində İddiaçı hesabına ƏDV ödənişi edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə işdəki sübutlarla iddianın əsaslı olduğuna dair nəticəyə gələrək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci, 598.2-ci, 600.4-cü maddələrinə istinad edərək iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı, apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Cavabdeh apellyasiya şikayətində malların təhvil alındığını mübahisələndirərək qeyd edir ki, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tələb olunan 48339,40 manat dəyərində malın təhvil verilməsi barədə işdə sübutlar olmadığı halda məhkəmə iddianı təmin etmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 3.2-ci bəndində qeyd edilmişdir ki, satıcı mal göndərəndə təhvil-təslim (qaimə-faktura) tərtib edilir və orada malın adı, markası, miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi olmalıdır. Müqavilənin qeyd edilən şərtinə görə tərəflər malın təhvil verilməsinin qaimə faktura ilə rəsmiləşdirildirilməsinə dair razılıq əldə etmişlər. Məhkəmə kollegiyası hesab edir ki, iş materiallarının 32-ci vərəqinə əlavə edilmiş EBAT seriyalı 162459 saylı 27.11.2020-ci il tarixli elektron qaimədə qeyd edilmiş dəyərdə malın cavabdehə təhvil verildiyi təsdiq edən mötəbər sübut olduğundan, eyni zamanda cavabdeh malın dəyərindən qismən (ƏDV daxil 12980 manat) ödəniş həyata keçirdiyindən iddiaçı tərəfindən malın təhvil verilmədiyinə dair cavabdehin mülahizələri əsassız hesab olunur. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2- 2(113)-2554/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh MMC-nin apelyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 12.07.2021-ci il tarixli e-2-2(113)-2554/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar