Məhkəmə qərarları › İş №2-2(103)-108/2023

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-108/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-108/2023 14.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X5 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışovadan və Aida Əli qızı Hüseyndən ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3726/2022 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ Birinci instansiya məhkəməsindəki icraat

1. İddiaçı MMC cavabdeh "xxxx" MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən xx.xx.2018-ci il tarixli 050618 nömrəli və xx.xx.2020-ci il tarixli GHC02-200710-24 nömrəli alqı-satqı müqavilələri üzrə yaranmış 25403,48 manat borc məbləğinin, o cümlədən mediasiya xərcləri üçün ödənilmiş 200 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı bildirir ki, İddiaçı MMC ilə "xxxx" MTK arasında xx.xx.2018-ci il tarixində 050618 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əlavə olunan 11 iyun 2018-ci il tarixli 91 nömrəli hesab-fakturaya əsasən cavabdeh tərəfindən ödənilməli olan malın dəyəri ƏDV daxil 3543,54 manat təşkil edir. 3543,54 manat dəyərində hidroizolyasiya materiallarının satışı ilə bağlı elektron qaimə cavabdehə təqdim edilmiş və sonuncu tərəfindən qəbul edilmişdir. Lakin bunun müqabilində İddiaçı MMC-yə müqavilədə göstərilən qaydada və müddət ərzində hər hansı ödəniş edilməmişdir. Həmçinin, İddiaçı MMC ilə “GRAND HAYAT’' MTK arasında xx.xx.2020ci il tarixində GHC02-200710-24 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Cavabdeh müəssisəyə satılan malların dəyərinin bir qisminin məbləği sözügedən müqaviləyə əlavə olunan 10 iyul 2020-ci il tarixli 1 nömrəli X3 əsasən ƏDV daxil 35400 manat, 23 oktyabr 2020-ci il tarixli 2 nömrəli X3 əsasən ƏDV daxil 9100,91 manat və 23 oktyabr 2020-ci il tarixli 3 nömrəli X3 əsasən ƏDV daxil 8496 manat təşkil edir. Həmçinin, İddiaçı MMC ilə "xxxx" MTK-nın qarşılıqlı kommersiya münasibətlərindən yaranmış praktika və işgüzar adətə əsasən cavabdehin tələbi əsasında iddiaçı hidroizolvasiva və istilikizolvasiva materiallarının müəyyən bir qismini elektron qaimə əsasında qarşı tərəfə təqdim etmişdir. Belə ki, xx.xx.2020-ci il tarixli, 843846 saylı elektron qaiməyə əsasən 35400 manat məbləğində, xx.xx.2020ci il tarixli, 909403 saylı elektron qaiməyə əsasən 8885,40 manat məbləğində, xx.xx.2020-ci il tarixli, 769033 saylı elektron qaiməyə əsasən 8120,77 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 441616 saylı elektron qaiməyə əsasən 13954,68 manat məbləğ dəyərində hidroizolyasiya və istilikizolyasiya materialları cavabdehə təqdim olunmuş və həmin elektron qaimələr təsdiq edir ki, qeyd edilən məbləğlər dəyərindəki mallar cavabdeh tərəfindən təhvil alınmışdır. xx.xx.2020-ci il tarixli, 843846 saylı və xx.xx.2020-ci il tarixli, 909403 saylı elektron qaimələr üzrə malların dəyərinin ödənilməsinə baxmayaraq, 769033 saylı elektron qaimə üzrə hesablanmış 8120,77 manat məbləğində və xx.xx.2020-ci il tarixli, 441616 saylı elektron qaimə üzrə hesablanmış 13954,68 manat məbləğ dəyərində hidroizolyasiya və istilikizolyasiya materiallarının dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.

3. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, iddiaçı tələb etdiyi borc məbləğinin xx.xx.2018-ci il tarixli 050618 saylı və xx.xx.2020-ci il tarixli GH-C02-200710-24 saylı alqı-satqı müqavilələri üzrə yarandığını qeyd etsə də, iddia ərizəsindən məlum olur ki, həmin məbləğ qeyd olunan müqavilələr üzrə deyil, xx.xx.2018-ci il tarixli 783863 saylı (3543,54 manat), xx.xx.2020-ci il tarixli 769033 saylı (8120,77 manat) və xx.xx.2020-ci il tarixli 441616 saylı (13954,68 manat) elektron qaimələr üzrə yaranmışdır. Həmin elektron qaimələrdə göstərilmiş mallar cavabdeh tərəfindən sifariş edilməmiş və həmin mallar "xxxx" MMC tərəfindən cavabdehə təhvil verilməmiş, həmçinin həmin elektron qaimələr cavabdeh tərəfindən deyil, sistem tərəfindən avtomatik təsdiqlənmişdir. Həmin malların cavabdeh tərəfindən sifariş edilməsi və iddiaçı tərəfindən cavabdehə təhvil verilməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan əlavə qeyd olunan qaimələrdən xx.xx.2018-ci il tarixli 783863 saylı qaimənin xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən tərtib olunduğu göstərilsə də, ümumiyyətlə tərəflər arasında həmin tarixli müqavilə imzalanmamış, digər iki qaimədə isə qaimələrin hansı müqavilə əsasında tərtib olunduğu ümumiyyətlə göstərilməmişdir. Göstərilənlərə əsasən hesab edir ki, elektron qaimələrdə qeyd olunan mallar cavabdeh tərəfindən sifariş edilmədiyi və iddiaçı tərəfindən cavabdehə təhvil verilmədiyi (yalnız sistem tərəfindən avtomatik təsdiqlənmiş elektron qaimələrin olması borcu təsdiq edən sübut kimi qiymətləndirilə bilməz), həmçinin həmin elektron qaimələrin hansı əsasla tərtib edildiyi məlum olmadığı üçün iddia tələbləri rədd edilməlidir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3726/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.

5. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

6. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi apellyasiya şikayətinə qarşı etiraz vermişdir. Etiraz iddiaya etirazla eyni qaydada əsaslandırılmışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil Valeh oğlu, iddiaçının nümayəndələri X7 və Abil Gadzhiev apellyasiya şikayətini müdafiə etdilər, cavabdehin nümayəndəsi və vəkili X8 isə apellyasiya şikayətinə etiraz etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

9. Mülki Məcəllənin 404.1-ci maddəsinə görə müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

10. Həmin Məcəllənin 404.2-ci maddəsinə görə bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

11. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

12. Həmin Məcəllənin 598.3-cü maddəsinə görə əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

14. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

15. (xx.xx.2018-ci il tarixində 050618 nömrəli müqaviləyə münasibətdə)

16. İddiaçı həmin müqaviləyə əsasən 3543,54 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb etmişdir.

17. Kollegiya qeyd edir ki, əvvəla tərəflər arasında xx.xx.2018-ci il tarixli 050618 nömrəli alqı-satqı müqaviləsi üzrə münasibətlərin olub-olmaması araşdırılmalıdır. Çünki iddiaçının istinad etdiyi müqaviləni birtərəfli qaydada yalnız iddiaçı imzalamış, cavabdeh isə imzalamamışdır. Eyni zamanda cavabdeh ümumiyyətlə həmin müqavilənin bağlanılmadığına istinad edir.

18. Mülki Məcəllənin alqı-satqı ilə bağlı münasibətləri tənzimləyən 29-cu fəslinin 1-ci paraqrafında daşınar əşyanın alqı-satqı müqaviləsinin mütləq qaydada yazılı formada bağlanmasını nəzərdə tutan hər hansı imperativ norma mövcud deyildir.

19. Bu isə onu deməyə imkan verir ki, daşınar əşyaların (rəsmi reyestrdə qeydə alınan daşınar əşyalar istisna olmaqla) alqı-satqı müqaviləsi şifahi formada da bağlanıla bilər.

20. Eyni zamanda iddiaçı həmin tələbin əsası kimi xx.xx.2018-ci il tarixli 783863 saylı elektron qaiməni məhkəməyə təqdim etmişdir.

21. Məhkəmə kollegiyası hesab edir ki, həmin elektron qaimə özlüyündə iddiaçının istinad etdiyi halları, yəni 3543,54 manat məbləğində malı cavabdehə verdiyini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz.

22. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci, 1.3-cü və 2.5.3-ci bəndlərinin məzmunundan da göründüyü kimi elektron qaimə fakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir.

23. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

24. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda xx.xx.2018-ci il tarixli 783863 saylı elektron qaimə-fakturanın əsasında malların təhvil verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktlar və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-faktura müvafiq malların təhvil verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

25. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, həmin tələbə münasibətdə iddia rədd edilməlidir.

26. (xx.xx.2020-ci il tarixli GHC02-200710-24 nömrəli alqı-satqı müqaviləsinə münasibətdə)

27. Tərəflər arasında xx.xx.2020-ci il tarixli GHC02-200710-24 nömrəli alqı-satqı müqaviləsinin bağlanılması işin mübahisəsiz halını təşkil edir. Həmin müqaviləyə əsasən satıcı İddiaçı MMC X6nda göstərilən malları müvafiq sifariş əsasında alıcı "xxxx" MTK-ya satmağı, alıcı isə həmin malı qəbul edərək razılaşdırılmış qaydada malın dəyərini satıcıya ödəməyi öhdəsinə götürmüşdür.

28. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən malların qiyməti müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 uyğun şəkildə müəyyən olunur.

29. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən alıcı sifariş olunan malın ödənişini X6 ilə müəyyən olunmuş müddət ərzində köçürmə qaydasında həyata keçirməlidir.

30. İş materiallarında olan 10 iyul 2020-ci il tarixli 1 nömrəli X3 əsasən iddiaçı tərəfindən cavabdehə satılan malların dəyəri ƏDV daxil 35400 manat, 23 oktyabr 2020-ci il tarixli 2 nömrəli X3 əsasən ƏDV daxil 9100,91 manat və 23 oktyabr 2020-ci il tarixli 3 nömrəli X4 əsasən ƏDV daxil 8496 manat təşkil edir. X10 Prokotolları hər iki tərəf tərəfindən imzalanmış və möhürlə təsdiq edilmişdir.

31. Eyni zamanda xx.xx.2020-ci il tarixli 769033 saylı, xx.xx.2020-ci il tarixli 441616 saylı, xx.xx.2020-ci il tarixli 843846 saylı və xx.xx.2020-ci il tarixli 909403 saylı elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müvafiq olaraq ƏDV daxil 8120,77 manat, 13954,68 manat, 35400 manat və 8885,40 manat dəyərində malların təqdim olunmasına dair elektron qaimə təqdim edilmişdir.

32. İddiaçı bildirir ki, xx.xx.2020-ci il tarixli 843846 saylı və xx.xx.2020-ci il tarixli 909403 saylı elektron qaimələr üzrə malların dəyərinin ödənilməsinə baxmayaraq, xx.xx.2020-ci il tarixli 769033 saylı elektron qaimə üzrə hesablanmış 8120,77 manat məbləğində və xx.xx.2020-ci il tarixli 441616 saylı elektron qaimə üzrə hesablanmış 13954,68 manat məbləğ dəyərində hidroizolyasiya və istilikizolyasiya materiallarının dəyəri cavabdeh tərəfindən ödənilməmişdir.

33. Cavabdeh isə bildirir ki, malların təhvil verilməsi yalnız tərtib olunmuş aktlarla təsdiq olunur. Müqavilə üzrə hansı akt tərtib olunmuşdursa, buna əsasən də ödəniş həyata keçirilmişdir.

34. Göründüyü kimi mübahisəli məqam iddiaçı tərəfindən malların cavabdehə verilibverilməməsi, əgər verilibsə bunun hansı qaydada rəsmiləşdirilməsi ilə bağlıdır.

35. Məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə malların təhvil verilməsi nə iddiaçının istinad etdiyi kimi elektron qaimələrə, nə də cavabdehin istinad etdiyi aktlara əsasən deyil, məhz hər iki tərəf tərəfindən imzalanaraq möhürlənmiş X1 əsasən müəyyən olunmalıdır.

36. Belə ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 769033 saylı (8120,77 manat) və xx.xx.2020-ci il tarixli 441616 saylı (13954,68 manat) elektron qaimə-fakturanın əsasında malların təhvil verilməsinə dair hər iki tərəfin təsdiq etdiyi təhvil-təslim aktlar və ya digər ilkin sənədlər durmadığından həmin qaimə-fakturalar müvafiq malların təhvil verilməsi faktının təsdiq edilməsi üçün kifayət etmir.

37. Eyni zamanda cavabdehin istinad etdiyi akt da yalnız onun özü tərəfindən tərtib edilərək imzalanmış, iddiaçı tərəfindən imzalanmamışdır (i/v 105).

38. Bunun əksinə işdən görünür ki, 10 iyul 2020-ci il tarixli 1 nömrəli X3 əsasən ƏDV daxil 35400 manat və 23 oktyabr 2020-ci il tarixli 2 nömrəli X3 əsasən ƏDV daxil 9100,91 manat cavabdeh tərəfindən iddiaçıya ödənilmişdir.

39. Qeyd olunan faktlar isə təsdiq edir ki, tərəflər arasında işgüzar münasibətlər də bu şəkildə həyata keçirilmiş, yəni X1 uyğun olaraq mallar cavabdehə təhvil verilmişdir.

40. Əks halda, yəni heç bir mal təhvil verilmədiyi halda cavabdeh ayrı-ayrı tarixlərdə tərtib edilmiş həmin X2 imzalamaz, iddiaçıya hər hansı ödəniş həyata keçirməz və ən əsası malların təhvil verilməsi ilə bağlı cavabdehə xəbərdarlıq, bildiriş və ya pretenziya məktubu göndərərdi. Hazırda isə həmin hallar mövcud deyil.

41. Bu baxımdan kollegiya hesab edir ki, iddiaçı Mülki Məcəllənin 598.3-cü maddəsinə əsasən müqavilə üzrə tərtib olunmuş 23 oktyabr 2020-ci il tarixli 3 nömrəli X4 əsasən satılmış əşyalara görə ödənilməyən ümumilikdə 8496 manat məbləğində pul vəsaitinin tutulmasını tələb etməkdə haqlıdır.

42. Ona görə də kollegiya hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1 və 385.1.2-ci maddələrində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi qismən, yəni 8496 manat pulun tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilməli və yuxarıda qeyd olunan əsaslara görə həmin hissədə iddia təmin edilməli, qalan hissədə isə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

43. Həmçinin hazırda iddianın təmin olunan hissəsinin qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, cavabdeh hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.

44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə t e t d i:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-3726/2022 saylı qətnaməsi qismən, yəni 8496 manat məbləğində pul vəsaitinin tutulması barədə tələblərin rədd edilməsi hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativindən 8496 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. İddiaçı MMC qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verə bilər. Cavabdeh "xxxx" MTK qətnamədən kassasiya şikayəti verə bilməz. Sədrlik edən: Raqib Qurbanov

Hakimlər: Vüsalə Baxışova

Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar