Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1080/2024 01.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(113)3587/2024 saylı qərardadından ilkin Cavabdeh MMC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh MMC-yə qarşı pulun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 17.834.20 manat (Malların ümumi dəyəri və ƏDV də daxil olmaqla) məbləğində əsas pul vəsaitinin və 802.54 manat penya məbləğinin tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3587/2024 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh MMC-dən 16380,13 manat məbləğində əsas borc, 802,54 manat dəbbə pulu, ödənilmiş 146 manat dövlət rüsumu, ümumilikdə 17328,67 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Hazırda cavabdeh Bakı Kommersiya Məhkəməsinin sözügedən qətnaməsindən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin Məhkəməsinin xx.xx.2024 cü il tarixli e-2-2(113)-3587/2024 saylı qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3587/2024 saylı qərardadı ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113) 3587/2024 saylı qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti şikayətin forma və məzmununa dair prosessual qanunvericiliyin tələblərinə riayət edilməməsi əsası ilə geri qaytarılmışdır. Qeyd edilən qərardaddan Cavabdeh MMC tərəfindən şikayət verilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, təqdim edilmiş apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 361.1-ci maddəsinə uyğun olaraq tərtib edilmişdir və apelyasiya şikayətinin geri qaytarılması üçün heç bir əsas yoxdur. Ona şifahi olaraq, apelyasiya şikayətinin qaytarılması halı kimi, “Elektron məhkəmə” informasiya sistemində ərizənin düzgün olaraq tərtib olunmadığı göstərilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydaları haqqında təlimatdan da göründüyü kimi, apelyasiya şikayətinin verilməsi üçün ərizənin mətnini yazmaq qeyd edilmişdir. Təqdim etdikləri ərizənin mətnində işin haları, konkret əsaslar, istinad edilmiş konkret fakt və hallar, onları təsdiq edən sübutlar qeyd edilmişdir. Onların hər birinin ayrıca yazılması zəruri deyildir və zəruri olması barədə qanunda hər hansı bir maddə yoxdur. Bakı Kommersiya Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, e-2-2(113)- 13587/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanmalıdır. Belə ki, MPM-in 363.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı. Bununla yanaşı Mülki Prosessual Məcəlləyə iki nömrəli Əlavə ilə “Apellyasiya şikayətinin forması” təsdiq edilmişdir. Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətindən isə görünür ki, həmin şikayət apellyasiya şikayətləri üçün MPM-ə əlavə kimi təsdiq edilmiş “Apellyasiya şikayətinin forması”na uyğun tərtib edilməmişdir. Belə ki, apellyasiya şikayətinin 6-11-ci bəndlərində ayrı-ayrılıqda göstərilməli olan maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq eidlməməsi barədə dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, mirinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər, mirinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər, mirinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər “İşin halları” adlandırılmış 5-ci bənddə göstərilmişdir. MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin verdiyi apellyasiya şikayətini qaytarmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Odur ki, apellyasiya şikayətinin geri qaytarılması barədə birinci instansiya məhkəməsinin qərardadından cavabdeh tərəfindən verilmiş şikayət əsassız olmaqla həmin qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 04 oktyabr 2024-cü il tarixli, e-2-2(113)-3587/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov
Məhkəmə qərarları › İş №2-2(103)-1080/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1080/2024
01.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver