Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1080/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı "xxxx" MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin, Cavabdeh MMC-nin "xxxx" MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X4 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin vəkili və nümayəndəsi Vəkil, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC-nin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə ilkin, Cavabdeh MMCnin İddiaçı MMC-yə qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2496/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsindən İddiaçı MMC və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İşin halları:
1. İddiaçı MMC (daşıyıcı) və Cavabdeh MMC (sifarişçi) arasında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı nəqliyyat ekspedisiya müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə görə bu müqavilə xarici ticarət yüklərinin MDB və uzaq xarici ölkələrin ərazisində nəqliyyat ekspeditor xidmətlərinin həyata keçirilməsində tərəflər arasındakı qarşılıqlı münasibətləri müəyyənləşdirir. Nəqliyyat-ekspeditor xidmətləri üzrə taarif qiymətləri, yüklərin çatdırılma müddəti, hərəkət marşurutları bu müqavilə üçün müəyyən olunmuş Protokol və Əlavələrə uyğun olaraq həyata keçiriləcəkdir; 2.1-ci bəndinə əsasən sifarişçi xidmətlər göstərildikdən və təhvil aktı imzalandıqdan sonra müvafiq ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsini ekspeditorun bank hesabına köçürmə yolu ilə (müaqviləyə əlavələrdə göstərilən digər hallardan başqa) etməyi öhdəsinə götürür; 2.2-ci bəndinə əsasən göstərilən xidmətlərə görə qiymət və ödəniş qaydası müqaviləyə əlavələrdə müəyyən edilir; 2.3-cü bəndinə əsasən bu müqavilə üzrə göstərilən xidmətlərə görə qiymətlər AVRO/ABŞ dolları ilə müəyyənləşdirilir. Ödənişlər Azərbaycan Respublikası Mərkəzi Bankının ödənişin həyata keçirildiyi günə müəyyən etdiyi məzənnəyə uyğun olaraq azərbaycan manatı ilə ödənilir; 3.2.5-ci bəndinə görə sifarişçi xidmətlər üçün ödənişi vaxtında etməlidir; 4.1-ci bəndinə görə tərəflər Azərbaycan qanunvericiliyinə uyğun olaraq müqaviləyə tam və ya qismən əməl etmədikdə məsuliyyət daşıyırlar; 4.2-ci bəndinə görə müqaviləni icra edə bilməyən tərəflər müqavilənin həyata keçiririlməsini sürətləndirmək üçün tədbirlər görməlidirlər; 4.3-cü bəndinə əsasən ekspeditor özünün məsuliyyəti daxilində sifarişçinin yükünə dəymiş ziyana görə tam məsuliyyət daşıyır.
2. Yükdaşıma (cargo transport) təklifi olan sənəddə (rəsmi olmayan ilkin təklifdir (thıs is not an order) yükün detalları, daşıma şərtləri və qiymət əks olunub. Yükün detalları kimi “dishes”, yükləmə yeri – EXW İstanbul və yükün ağırlığı 15 tonadək kimi qeyd edilib. Daşımanın dəyəri (rate) isə 3500 ABŞ dolları məbləğində göstərilib.
3. Yük xx.xx.2024-cü il tarixdə onun Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda Cavabdeh MMC-yə təhvil verilərək, malın qəbulu barədə Akt tərtib edilmiş (act of acceptance of goods) və akt cavabdehin nümayəndəsi Elçin Həziyev, İddiaçı MMC-nin nümayəndəsi Şahmar Mahmudov (sürücü) tərəfindən imzalanmışdır. Malın qəbulu barədə Aktın “model, nömrə, qüsurun təsviri, şəkil” qrafasında 9 bənddən ibarət müxtəlif rəqəm kombinasiyalarından ibarət kodlar qeyd edilmişdir.
4. İddiaçı MMC tərəfindən yerinə yetirilmiş işlərin təhvil-təslimi haqqında xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş, Aktda daşıma haqqının 3500 ABŞ dolları olması qeyd edilməklə, yalnız "xxxx" MMC tərəfindən imzalanaraq möhürlənmişdir.
5. Cavabdeh MMC-yə məxsus ümumi həcmi 26 m3 olan istifadəyə yararsız məişət texnikasına aid məhsulların zərərsizşləşdirilməsinə dair xx.xx.2025-ci il tarixli utilizasiya aktı tərtib etmiş, akt “FORS“ MMC tərəfindən təsdiq edilməklə, onun auditi Sənan Məmmədov və Cavabdeh MMC-nin meneceri Türkanə Fərzəliyeva tərəfindən imzalanmışdır.
6. Cavabdeh MMC-nin əməkdaşları (daxili auditor, koordinator və anbardar) tərəfindən 28-xx.xx.2025-ci il tarixlərində Binəqədi anbarında yoxlama nəticəsində 28 adda məhsulun satışa, istifadəyə və təmirə yararsız olması barədə silinmə aktı tərtib etmişdir.
Birinci instansiya məhkəməsindəki icraat: İlk iddia tələbi.
7. İddiaçı yükdaşıma xidmətlərinin göstərilməsinə və pul vəsaitlərinin ödənilməsinin gecikdirilməsinə görə 6844 manat, hüquqi xidmətin göstərilməsinə görə 700 manat və ödənilmiş 95,44 manat dövlət rüsumuna görə, cəmi 7639,44 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
8. İddiaçı ilkin iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ilə arasında yükdaşıma xidmətlərinin göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqavilə bağlanıb. Həmin müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq cavabdeh Türkiyə Respublikasının Esenyurt şəhərindən Azərbaycan Respublikasının Bakı şəhərinə ümumi kütləsi 15 ton olan yükün çatdırılması ilə bağlı nəqliyyat şirkətləri arasında elektron sorğu elan edib və iddiaçı təklif etdiyi şərtlər daha münasib olduğu üçün xx.xx.2024-cü il tarixdə elektron poçtla göndərilən məktub vasitəsilə həmin yükün daşınması iddiaçıya həvalə olunub. Tərəflər həmin yükün daşınma qiymətini 3.500 ABŞ dolları məbləğində müəyyən ediblər. İddiaçı cavabdehə məxsus yükün daşınması ilə bağlı KH 03401 saylı sifarişi icra etmək üçün 99ZD822 dövlət qeydiyyat nişanlı yük avtomobilini 77EV738 dövlət qeydiyyat nişanlı avtomobil ilə Türkiyə Respublikasının Esenyurt şəhərinə göndərib və xx.xx.2024cü il tarixdə SCHAFFER şirkəti tərəfindən malın yüklənməsi həyata keçirilib. Lakin avtomobilə tərəflər arasında razılaşdırılmış həcmdə - 15 ton deyil, 16.970 kq (nəzərdə tutulandan 1.970 kq artıq) mal yüklənib. Bu zaman yük normadan artıq olduğu üçün avtomobilin qabaritlərindən bir qədər kənara çıxıb. Nəzərdə tutulandan artıq olan 1.970 kq yükün daşınma xərci 460 ABŞ dolları təşkil edir. Avtomobilin sürücüsü buna etirazını bildirsə də, SCHAFFER şirkətinin əməkdaşları onlara sifarişin belə verildiyini və bütün yükün bir yük avtomobilinə yüklənməli olduğunu bildiriblər. Yük xx.xx.2024-cü ildə cavabdehin Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposuna təhvil verilib. Cavabdeh malı təhvil alarkən təhvil verilən mallarda hər hansı qüsurun olması barədə iddiaçıya məlumat verməyib, hər hansı irad bildirməyib və beynəlxalq yük müşayət vərəqində - CMR-də bununla bağlı hər hansı qeyd etməyib. Daşıma xidmətlərinin haqqının ödənilməsi üçün xx.xx.2024-cü ildə hesab/invoys göndərilib. Lakin buna baxmayaraq, cavabdeh yerinə yetirilmiş işlərin təhvil-təslim aktını imzalamaqdan imtina edib və göndərilən elektron qaimə-fakturanı təsdiq etməsinə baxmayaraq, qeyd edilən daşıma xidmətinin haqqını hazırkı vaxtadək ödəməyib. Əlavə 1.970 kq yükün daşınma xərci 460 ABŞ dolları təşkil edir (3500 ABŞ dolları/15 t = 233 ABŞ dolları; 233 ABŞ dolları x 1970 kq = 460ABŞ dolları). Cavabdeh iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqavilədən irəli gələn 3.960 (3500 + 460) ABŞ dolları həcmində öhdəliyini icra etməyib. Bundan başqa cavabdeh pul məbləğinin ödənilməsinin gecikdirilməsinə görə gecikdirilmiş məbləğin illik beş faizi həcmində pul vəsaiti ödəməlidir. 3960 ABŞ dollarının illik 5 faizi 198 ABŞ dolları təşkil edir. Bunu nəzərə alaraq, pul öhdəliyinin icrasının 4 ay gecikdirilməsinə görə cavabdeh əlavə 66 ABŞ dolları (198:12 ay= 16,5; 16.5x4 ay= 66 ABŞ dolları) məbləğində pul ödəməlidir. İddia tələbini təşkil edən 4026 (3960+66 = 4026) ABŞ dolları manat ekvivalenti ilə 6.844 (4026 x 1,70 = 6.844) manat təşkil edir. Məhkəmədə hazırkı iddianın qaldırılması üçün iddia ərizəsinin hazırlanması, iddianın məhkəməyə verilməsi və məhkəmə prosesi gedişində iddiaçıya peşəkar hüquqi yardımgöstərilməsi üçün “Union” Vəkil Bürosu ilə müqavilə bağlanılıb və hüquqi xidmət haqqı qismində 700 manat pul vəsaiti ödənilib. Məhkəmədə 7.544 (6844 + 700) manat məbləğində hazırkı iddianın qaldırılması ilə bağlı iddiaçı tərəfindən 95,44 manat dövlət rüsumu ödənilib.
Qarşılıqlı iddia tələbi.
9. Cavabdeh iddiaçı tərəfndən sifarişi qüsurlu icra etdiyinə görə dəymiş ziyanın əvəzi olaraq 7000 manat məbləğində pulun və 90 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçıdan tutulması və ilkin iddianın rədd edilməsi barədə qarşlıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının yükdaşıma ilə bağlı sifarişləri qüsurlu icra etməsinə görə dəymiş ziyan və ödənişlə bağlı aralarında mübahisə yaranmışdır. İddiaçı dəymiş zərərin sığorta vasitəsi ilə qarşılanması üçün ilkin olaraq cəhd etmiş, yəni daşımanı qüsurlu icra etdiyini etiraf etmiş, bununla bağlı elektron poçt üzərindən yazışmalar olmuş, lakin sonradan daşıma haqqının ödənilməsini tələb etmişdir. Qüsurlu daşıma ilə bağlı onlara dəymiş ziyan daşıma haqqından çoxdur. Anbarda yükün boşaldılması və təhvil alınması zamanı bir çox yükün yararsız hala düşdüyü və satışa uyğun olmaması müəyyən edilmişdir. Boşaldılma yekunlaşdırıldıqdan sonra sürücü ilə qarşılıqlı təhvil-təslim edilmiş və yararsız mallar, sayları qeyd edilmişdir. Həmin malların invoys dəyərinə görə və digər xərclərinə uyğun olaraq maya dəyəri 7000 manat təşkil edir. İddiaçının razılaşdırılmış çəkidən artıq mal yüklənməsinə görə haqq tələb etməsi əsassızdır. Əgər yükün alınma yerində artıq olduğu müəyyən edilsə, sürücünün və iddiaçının yükü almaqdan imtina etmək hüququ var idi. İddiaçı iddiaya qədər onlara bununla bağlı tələb irəli sürməmiş, yükün artıq olması barədə etirazını yazılı şəkildə bildirməmişdir. Yükün qüsurlu daşınmasının bəhanəsi artıq çəkidə olması ilə bağlı ola bilməz, əgər artıq çəki var idisə, bu yükün alınma yerində bildirilməli və daşınma həyata keçirilməməli idi. Bundan başqa, iddiaçının təqdim etdiyi təhvil-təslim aktında, fakturada razılaşdırılmış 3500 ABŞ dolları tələb edilmiş, əlavə 460 ABŞ dolları istənilməmişdir. İddiaçının yükün daşınması üçün göndərdiyi avtomobil də tam saz vəziyyətdə olmamışdır. Mal göndərən tərəfindən avtomobilin ön sol tərəfində açıqlıq olduğu ilə bağlı şəkil də göndərilmiş, sürücü aradan qaldıracağını bildirmişdir. Göründüyü qədəri ilə, yolda yenə avtomobildə nasazlıq olmuş və yükün bir hissəsi yararsız hala düşmüşdür. İddiaçı yükü qüsurlu daşıdığı və onlara 7000 manat ziyan vurduğu üçün daşıma haqqını tələb edə bilməz, çünki razılaşdırılmış öhdəliklər iddiaçı tərəfindən tam və qüsursuz yerinə yetirilməmişdir.
11. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2496/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmişdir. Yükdaşıma xidmətlərinə göstərilməsinə və pul vəsaitinin ödənilməsinin gecikdirilməsinə görə 5994,65 manat əsas borc, hüquqi xidmətlərin göstərilməsinə görə 700 manat xidmət haqqı olmaqla, cəmi 6694,65 manat pul vəsaitinin və ödənilmiş 95,44 manat dövlət rüsumunun Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. İlkin iddia qalan hissədə təmin edilməmişdir. Qarşılıqlı iddia təmin edilməmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında nəqliyyat ekspedisiyası haqqında xx.xx.2024-cü il tarixli, 027/2024 saylı müqaviləyə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilənin əsasında cavabdehin başlıca öhdəliyi onun sifarişi ilə iddiaçı tərəfindən malların (yükün) daşımasına görə müqavilədə nəzərdə tutulmuş haqqın ödənilməsi, iddiaçının başlıca öhdəliyi isə sifariş edilmiş yükün müqavilədə və razılaşmada göstərilmiş müddətdə və qüsursuz olaraq təyinat yerində sifarişçiyə (yük alana – cavabdehə) təhvil verməkdən ibarət olmuşdur. İddiaçı tərəfindən sifariş edilmiş yükün (sonradan şifahi qaydada razılaşdırılmış çəki də daxil olmaqla, 16970 kq) cavabdehə çatdırılma yerində (Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda) verilməsi işin mübahisəsiz halıdır. Tərəflər arasındakı münbahisə daşımanın qüsurlu icra edilməsi nəticəsində dəymiş zərər və buna görə cavabdeh tərəfindən müqavilə ilə nəzərdə tutulmuş haqqın ödənilməməsi ilə bağlıdır. Cavabdeh tərəf daşınma haqqının ödənilməməsini malların bir qisminin iddiaçı tərəfindən daşınan zaman yararsız hala salınması ilə əlaqələndirir. Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış nəqliyyat ekspedisiyası barədə müqavilənin bağlanması və qüvvəyə minməsi üçün ən mühüm şərtlərindən birini sifarişçi tərəfindən daşınan yükə görə haqqın ödənilməsi təşkil edir. Eyni zamanda, əvvəldə də qeyd edildiyi kimi, bu həm də sifarişçinin əsas öhdəlyini təşkil edən şərtlərdən ən əsasıdır. Tərəflər cavabdehin sifariş etdiyi yükün Türkiyə Respublikasının Esenyurt şəhərindən Bakı şəhərinə daşıyaraq sonuncunun Bakı şəhəri, Binəqədi şossesində yerləşən deposunda təhvil verilməsi üçün haqqın 3500 ABŞ dolları olması barədə razılığa gəlmişlər. İşə məhkəmədə baxılarkən, eləcə də qarşılıqlı iddia ərizəsində də cavabdehin nümayəndəsi iddiaçı tərəfindən malların daşınmasına görə haqqın 3500 ABŞ dolları təşkil etməsini etiraf etmişdir. MPM-in 106.3-cü maddəsinə əsasən, bu həmin halları sübuta yetirmək vəzifəsindən azad edir. Daşınma haqqının verilməməsini cavabdeh yükün qüsurlu daşınması nəticəsində dəyən zərərin daşıma haqqından çox olması ilə əlaqələndirir. Məhkəmə cavabdehin bu dəlili ilə razılaşmayıb. Belə ki, Mülki Məcəllənin 850.1-ci maddəsindən də görünür ki, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs daşımanın dəyərini ödəmək öhdəliyi daşıyırlar. Eləcə də, tərəflər arasında bağlanmış müqavilənin 2.1-ci bəndində də göstərilib ki, sifarişçi xidmətlər göstərildikdən və təhvil aktı imzalandıqdan sonra müvafiq ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsini ekspeditorun bank hesabına köçürmə yolu ilə (müaqviləyə əlavələrdə göstərilən digər hallardan başqa) etməyi öhdəsinə götürür. İş materiallarından da görünüb ki, iddiaçı tərəfindən yerinə yetirilmiş işlərin təhvi-təslim aktı tərtib edilərək təsiq edilmiş, həmçinin daşıma haqqının ödənilməsi üçün xx.xx.2024-cü il tarixdə 11159608 nömrəli elektron qaimə-faktura (müqavilənin 2.1- ci bəndinə əsasən) cavabdehə göndərilmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edib ki, tərəflər arasında yaranmış mübahisə baxımından təhviltəslim aktının cavabdeh tərəfindən imzalanmaması iddiaçının iradəsindən kənar baş vermiş və bu hal daşıma haqqının ödənilməsi üçün müqavilə şərtinə əməl edilməməsi kimi qəbul edilə bilməz. Belə olan halda məhkəmə hesab edib ki, iddiaçı daşıma haqqı kimi müəyyən edilmiş 3500 ABŞ dolları (5950 manat) pulu tələb etməkdə haqlıdır. Məhkəmə hesab edib ki, ilkin iddia tələbi daşıma haqqının gecikdirilməsinə illik 5% məbləğində pulun tələb edilməsi hissəsində qismən təmin edilməlidir. Belə ki, tərəflər arasındakı müqavilənin 2.1-ci bəndinə görə daşıma haqqının ödəniş sənədinin (elektron qaimə və s.) təqdim olunduğu tarixdən 14 iş günü ərzində ödənilməsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən elektron qaimə xx.xx.2024-cü il tarixində cavabdehə göndərilmişdir. Bu halda cavabdeh tərəfindən daşıma haqqı 14 iş günü müddəndə, yəni xx.xx.2024-cü il tarixinədək verilməli idi. Buna görə də, məhkəmə hesab edib ki, daşıma haqqının ödənilməsində gecikməyə görə illik 5% pul məbləği xx.xx.2024-ci il tarixdən – xx.xx.2025-ci il tarixədək (pretenziyanın verildiyi gün) keçən 54 gün üçün hesablanmalıdır. Bu halda gecikməyə görə illik 5% məbləğində cavabdehdən tutulmalı pul 26,27 ABŞ dolları (3500 ABŞ dolları x 5% = 175 ABŞ dolları : 12 ay = 14,58 ABŞ dolları (yüzlüyədək yuvarlaq); 14,58 14,58 ABŞ dolları: 30 gün = 0,49 ABŞ dolları (yüzlüyədək yuvarlaq) x 55 gün = 26,27 ABŞ dolları) olacaqdır. Məhkəmə hesab edir ki, ilkin iddia tələbi əlavə yükün daşınmasına görə 460 ABŞ dolları pulun tələb edilməsi hissəsində əsassızdır. Belə ki, məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi (direktoru) bildirdi ki, onlara əlavə yükün olmasını yükün olduğu yerə (Türkiyə Respublikasının Esenyurt şəhərinə) çatdıqda bildirilmiş və bununla bağlı cavabdehin rəhbər şəxsi ilə danışmış, qarşılıqlı razılaşmaya əsasən artıq (1970 kq) yükü əlavə haqq ödənilmədən daşınmasını öhdələrinə götürmüşdür. Həmçinin, iddiaçı tərəfindən tərtib edilmiş təhvil-təslim aktında və təqdim edilmiş elektron qaimə-fakturada da iddiaçı əlavə yükün daşınmasına görə haqqı göstərməmişdir. Məhkəmə hesab edib ki, artıq yükün əlavə haqq ödənilmədən daşınması iddiaçı tərəfin razılığı və iradəsi ilə baş verdiyindən, cavabdeh isə buna görə hansısa bir öhdəlik götürmədiyindən, iddiaçı isə yalnız aralarında mübahisə yarandıqdan sonra həmin pulu tələb etdiyindən məhkəmə hesab edir ki, iddia həmin hissədə iddia təmin edilməməlidir. Məhkəmə hesab edib ki, qarşılıqlı iddia əsassızdır. Cavabdeh qarşılıqlı iddia tələbini yükün qüsurlu daşınması nəticəsində ona zərər dəyməsi ilə əsaslandırır. Cavabdeh tələbinin sübutu olaraq xx.xx.2025-ci il tarixdə tərtib edilmiş utilizasiya və 28-xx.xx.2025-ci il tarixlərində aparılmış yoxlamaya dair silinmə aktlarını məhkəməyə təqdim etmişdir. Məhkəmə qeyd edib ki, cavabdehin qarşılıqlı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 21.1 və 443.1-ci maddələri təşkil edir.
13. İddiaçı tərəfindən yükün təhvil verilməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş malın qəbulu barədə Aktın (act of acceptance of goods) “model, nömrə, qüsurun təsviri, şəkil” qrafasında 9 bənddə rəqəmlərdən ibarət kodlar qeyd edilmişdir. Cavabdeh həmin onların daşınma zamanı istifadə üçün yarasız hala salınmış malların kodunun olmasını bildirir. Bundan başqa, cavabdeh məhkəməyə xx.xx.2025-ci il tarixdə “FORS“ MMC-nin auditi Sənan Məmmədov və cavabdehin meneceri Türkanə Fərzəliyeva tərəfindən tərtib edilmiş istifadəyə yararsız avadanlıqların zərərsizşləşdirilməsinə dair Utilizasiya aktı təqdim etmişdir. Həmin aktda qeyd edilmişdir ki, cavabdehə məxsus ümumi həcmi 26 m3 olan istifadəyə yararsız məişət texnikasına aid məhsullar “FORS“ MMC-nin emal sexində utilizasiya edilmişdir. Eyni zamanda, cavabdehin əməkdaşları (daxili audit, koordinator və anbardar) tərəfindən 28-xx.xx.2025-ci il tarixlərində Binəqədi anbarında yoxlama nəticəsində satışa, istifadəyə və təmirə yararsız olan 28 adda məhsul müəyyən etməklə, bu barədə silinmə aktı tərtib etmişlər. Məhkəmə qeyd edib ki, cavabdeh malların yararsız olması ilə ona zərər dəydiyini iddia etsə də, zərərin nədən ibarət olması, siyahıda qeyd edilən əşyaların növü (malların təhvil verilmə və silinmə aktlarından görünür ki, məişətdə istifadə edilən mətbəx (məsələn, yemək dəstləri və digər) əşyalar, habelə məişət əşyaları - ütü və s. elektronika avadanlıqlarıdır) və təyinatına uyğun istifadəsini yararsız edən zədənin nədən ibarət olmasını təsdiq edən dəqiq sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edib ki, xx.xx.2024-cü il tarixdə tərtib edilmiş malın qəbulu barədə aktda yalnız ümumi formada 9 adda qüsurlu olması ehtimal edilən maln kodları qeyd edilsə də, həmin malların adı, növü, markası, habelə onlara dəymiş zədənin nədən ibarət olması xarakteri göstərilməklə hər hansı formada tərtib edilmiş bildirişin, yaxud bu barədə aktın iddiaçıya təqdim edilməsi barədə sübutu cavabdeh məhkəməyə təqdim etməmişdir.
14. Məhkəmə qeyd edib ki, yük daşıma münasibətlərini tənzimləyən mülki qanunvericlik normalarının mənası onu deməyə əsas verir ki, yük, sahibinə çatdırıldıqdan sonra onda olan qüsurların, zədələrin olmasını və buna görə hansı həcmdə zərərin dəyməsini sübut etmək vəzifəsi yük alanın üzərinə düşür. Lakin cavabdeh daşımanın qüsurlu yerinə yetirilməsi nəticəsində malların zədələnməsi, bu zədələrin nədən ibarət olması, dərəcəsi, xarakteri, habelə malların təyinatı nəzərə alınmaqla, istifadələrini mümükünsüz edən dərəcədə zədələnməsini təsdiq edə biləcək mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Həmçinin, dəymiş zərərin daşıma nəticəsində yaranmasını sübuta yetriməkdən ötrü utilizasiya, yaxud Binəqədi anbarında yoxlama aparılarkən yararsız malların müəyyən edilməsi zamanı iddiaçının nümayəndəsinin iştirakı təmin edilməmiş, bununla bağlı cavabdeh tərəfindən onlara məlumat verilməmişdir. Odur ki, məhkəmə hesab edib ki, cavabdeh ona yükün daşınması zamanı malların yararsız vəziyyətə düşməsi nəticəsində ona zərər dəyməsini sübuta yetirilmədiyindən qarşılıqlı iddia təmin edilməməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edib ki, ilkin iddia üzrə ödənilmiş dövlət rüsumu və hüquqi xidmətə görə ödənilmiş xərc cavabdehdən tutularaq iddiaçıya aid edilməli, qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş dölət rüsumu isə cavabdehin özünə aid edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırarkən Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 386, 389.1, 442, 443.1, 448.1, 850.1, 852.1, 852.4, 859.1, 859.2, 859.5, 859.5.1, 859.5.2-ci maddələrinə istinad etmişdir.
16. İlk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, ikin iddianın tam rədd edilməsi və qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh "xxxx" MMC həmin qətnamədən apellyasiya şikayəti vermiş, qətnaməsinin ilk iddia üzrə İddiaçı MMC-nin iddia tələbinin təmin olunmadığı hissədə ləğv olunması və İddiaçı MMC-nin iddia ərizəsinin/tələbinin həmin hissədə də təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
18. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh MMC-nin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xidmət qüsurlu göstərildiyi üçün qarşı tərəfin iddiası tamamilə əsassızdır. Digər tərəfdən iddiaçı malın nəzərdə tutulandan artıq yüklənməsi barədə yükləmə yerində heç bir məlumat verməmişdir. Bu hissədə də, haqlı olaraq məhkəmə ilkin iddianı təmin etməmişdir. Malın qüsurlu çatdırılmasını iddiaçıya dərhal məlumat vermiş və elektron poçt üzərindən olan yazışmalarda ilkin iddiaçı bunu bilmiş, etiraf etmiş, dəymiş ziyanı CMR sığorta ilə ödəməyə cəhd etmişdir, yəni cavabdehə köməklik göstərməyə çalışmışdır, bu da iddiaçının özünü təqsirli saymasına görədir, əks halda belə dəstək göstərməyə çalışmazdı. Daha sonradan isə nəticə əldə edə bilmədiyindən cavabdehdən birbaşa daşınma haqqını tələb etmişdir. İddiaçının yükü qüsurlu daşıdığı və cavabdehə 7000 manat məbləğində ziyan vurduğu üçün daşıma haqqını tələb etməsi əsaslı deyildir, çünki öhdəliklər ilk olaraq iddiaçı tərəfindən tam və qüsursuz yerinə yetirilməlidir. Bütün bunları nəzərə alaraq bildirir ki, ödənişin gecikməsinin səbəbi çatdırılan malların qüsurlu olması və bununla bağlı iddiaçı ilə danışıqların aparılması idi. Xidmət tam və qüsursuz yerinə yetirilmədiyi üçün, həmçinin cavabdehə vurulan ziyan daşıma haqqından daha çox olduğu üçün iddiaçının daşıma haqqını, ödənişi gecikdirməyə görə faiz tələb etməsi tamamilə əsassız və absurddur. Həmçinin, iddia tam təmin edilmədiyi üçün cavabdehdən vəkil üçün edilən ödənişin tutulması ədalətli deyildir. Onu da qeyd edir ki, məhkəmə elektron qaimənin vurulmasından 14 iş günü sonra (müqaviləyə əsasən ödəniş vaxtı kimi nəzərə alaraq) başlayaraq iddiaçının pretenziya göndərməsi anına qədər gecikmə üçün faiz (dəbbə pulu) hesablamışdır. Hesab edir ki, bu da düzgün deyildir, çünki iddiaçı pretenziyanın göndərilməsini iradəsindən asılı olaraq yubada bilər, bu halda cavabdehə faizin hesablanması pretenziya ilə bağlanmamalıdır. Ümumiyyətlə, tərəflər arasında danışıqlar getdiyi üçün ödənişin qəsdən gecikdirilməsindən söhbət gedə bilməz. Həmin hissədə də qətnamə ədalətli deyildir. Eyni zamanda, yükdaşıma müqaviləsinin şərtlərinə riayət edilmədiyi, ilkin iddiaçının daşımanı qüsurlu icra etdiyi məhkəməyə təqdim edilmiş şəkil və videolardan aydın görünür, belə olan halda qarşılıqlı iddianın tam rədd edilməsi də qətnamənin obyektiv və ədalətli olmadığını göstərir. Daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Qeyd edilənlərə əsasən demək olar ki, məhkəmə tərəfindən qanunvericiliyin tələbləri cavabdehin ziyanına şərh edilməklə, bütün sübutlar qarşılıqlı təhlil edilmədən, sübutlara düzgün hüquqi qiymət verilmədən, işin faktiki halları tam şəkildə araşdırılmadan əsassız qətnamə çıxarılmışdır. Məhkəmə işə əlavə etdiyi etiraz və sübutlara qiymət vermədən, qətnamədə bunlara istinad etmədən və əsaslandırmadan qətnamə çıxarmışdır, işin hallarına uyğun olmayan və əsaslandırılmayan qətnamə ilə işi yekunlaşdırmışdır. Məhkəmə işin faktiki hallarını tam nəzərə almamış, cavabdehin ziyanına və əsassız qətnamə qəbul etmişdir.
19. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilmədiyi hissədə maddi hüquq normasını – Azərbaycan Respublikası Mülki Məcəllənin 425.1-ci maddəsini düzgün tətbiq etməyib və bu düzgün tətbiq etməyib və bu həmin hissədə düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. İddia predmetini təşkil edən əlavə yük həcmi tərəflər arasında əvvəlcədən razılaşdırılmayıb. İlk iddia üzrə iddiaçı yükün razılaşdırılmış həcmdən artıq olmasını yalnız yükün avtomobilə yüklənməsi zamanı bilib və buna öz etirazını bildirib. Lakin bu etiraza əhəmiyyət verilməyib və sürücü avtomobilə yığılmış artıq yükü boşaltmaq iqtidarında olmadığı üçün həmin yükü də təyinat məntəqəsinə çatdırıb. Buna görə də hesab edir ki, həmin yük həcminin haqqı ödənilməlidir. Lakin birinci instansiya məhkəməsi ilk iddia üzrə cavabdehin Mülki Məcəllənin 425.1.-ci maddəsinin tələblərini pozmasına, onun öz öhdəliyinə və işgüzar adətlərə riayət etməməsinə hüquqi qiymət verməyib. İlk iddia üzrə iddiaçı tərəfindən cavabdeh üçün 1970 kq artıq yük daşınmasının işdə olan sübutlar və cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin etirafı ilə təsdiq olunmasına baxmayaraq, birinci instansiya məhkəməsi həmin sübutlara obyektiv qiymət verməyib və bu artıq yükün daşınması hissəsində düzgün olmayan qətnamə çıxarılmasına səbəb olub. İddia predmetini təşkil edən əlavə yük həcmi tərəflər arasında əvvəlcədən razılaşdırılmayıb. İlk iddia üzrə iddiaçı yükün razılaşdırılmış həcmdən artıq olmasını yalnız yükün avtomobilə yüklənməsi zamanı bilib və buna öz etirazını bildirib. Lakin bu etiraza əhəmiyyət verilməyib və sürücü avtomobilə yığılmış artıq yükü boşaltmaq iqtidarında olmadığı üçün həmin yükü də təyinat məntəqəsinə çatdırıb. Buna görə də hesab edir ki, həmin yük həcminin haqqı ödənilməlidir.
20. İlk iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı MMC ərizə ilə müraciət edərək birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verilməsi və apellyasiya instansiyası məhkəməsində İddiaçı MMC-nin hüquqlarının müdafiə edilməsi ilə bağlı göstərilən hüquqi xidmətə görə İddiaçı MMC tərəfindən “Union” Vəkil Bürosuna ödənilmiş 700 manat hüquqi xidmət haqqının cavabdeh "xxxx" MMC-dən tutulub İddiaçı MMC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
22. Məhkəmə iclaslasında iştirak edən ilkin iddia üzrə iddiaçının nümayəndəsi və vəkili qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, ilkin iddianın isə tamamilə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Vəkil izahatında bildirmişdir ki, qarşı tərəf zərər ilə bağlı tərtib edilmiş aktları imzalamayıb. Əvvəl mallar sifariş verilərkən yükün çəkisi 15 ton həcmində göstərilib.
23. İlkin iddia üzrə iddiaçının nümayəndəsi əvvəl iştirak etdiyi məhkəmə iclasında verdiyi izahatda bildirmişdi ki, tərəflər arasında işgüzar münasibətlər olub və əməkdaşlıq etdiklərinə görə əlavə daşınan mal ilə bağlı əlavə haqq tələb etməyiblər.
24. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanuni təmsilçi ərizə ilə müraciət edərək iclasda üzürlü səbəblərdən (nümayəndənin uçuş biletləri əlavə edilmişdir) iştirak edə bilmədiklərini bildirmiş iclasın təxirə salınmasını xahiş etmişdir. Məhkəmə MPM-in 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
25. Mülki Məcəllənin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. -850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. -852.1-ci maddəsinə görə ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. -852.4-cü maddəsinə əsasən espeditorun öz xidmətləri üçün muzd almaq və yük göndərən üçün çəkdiyi xərclərin əvəzinin ödənilməsi hüququ vardır. Ekspeditorun muzdu xüsusən aşağıdakılardan ibarət ola bilər: -852.4.1. daşıyıcıların muzdlarının məbləğindən faiz dərəcəsi (komisyon muzdu); -852.4.2. və (və ya) daşımanın dəyəri və ekspeditorun muzdu da daxil olmaqla, əvvəldən axıradək bütün daşıma xərcləri üçün muzd. -852.5-ci maddəsinə əsasən ekspeditor yük göndərənin göstərişlərindən bütün kənaraçıxmalar üçün onun qarşısında məsuliyyət daşıyır. Ekspeditor daşıyıcıların təqsiri üçün də məsuliyyət daşıyır, amma daşıyıcıları seçərkən lazımi vicdanlılıq göstərdiyini sübuta yetirdiyi hallar istisna təşkil edir. -859.2-ci maddəsinə əsasən bundan başqa, daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır.
26. Mülki Prosessual Məcəllənin: - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri
27. Mülki Prosessual Məcəllənin: -372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
28. Məhkəmə qeyd edir ki, hazırkı halda birinci instansiya məhkəməsinin qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, qarşılıqlı iddia isə rədd edilmişdir. Həmin qətnamə ilkin iddia üzrə iddiaçı tərəfindən ilkin iddianın əlavə yükə görə 460 ABŞ dolları məbləğində daşıma haqqının tutulması tələbinin rədd edilməsi hissəsində, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən isə qarşılıqlı iddianın rədd edildiyi, eləcə də ilkin iddianın təmin edildiyi hissələrdə mübahisələndirilmişdir. Odur ki, kollegiya hesab edir ki, qətnamənin əsaslılığı məhz bu hissələr üzrə yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
30. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli nəqliyyat-ekspeditor müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehin sifarişi ilə iddiaçı tərəfindən Türkiyədən Azərbaycana yükün daşınması təşkil edilmişdir. İlkin İddiaçı MMC daşıma haqqının da daxil olduğu nəqliyyat ekspeditor xidmətlərinin razılaşdırılmış dəyəri olaraq 3500 ABŞ dolları məbləğində pul vəsaitinin, yükün çəkisinin artırılması ilə bağlı əlavə 460 ABŞ dolları məbləğində haqqın və ödənişin gecikdirilməsinə görə faiz məbləğinin ödənilməsini tələb edir. İlkin Cavabdeh MMC isə qarşılıqlı iddia verərək daşınmanın qüsurla icra edildiyini, belə ki, daşınma nəticəsində yükin zədələndiyini əsas gətirərək ilkin iddianın rədd edilməsini, yükə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmişdir.
31. Məhkəmə kollegiyası qeyd edir ki, nəqliyyat ekspeditor xidmətlərinə görə haqqın tələb edilməsi hissəsində ilkin iddianın qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 852.4-ci maddəsi təşkil edir.
32. İddiaçı cavabdehin sifarişi əsasında yükdaşımanın təşkil edilməsi faktını sübuta yetirmək üçün məhkəməyə beynəlxalq yük qəbzi (CMR), gömrük qeydiyyat kodu sənədi və birtərəfli malların qəbulu aktını (act of acceptance of goods) və elektron qaiməni məhkəmə təqdim etmişdir. Odur ki, Cavabdeh MMC-nin sifariş əsasında yükün daşınmasının İddiaçı MMC tərəfindən təşkil edildiyi təqdim edilən sənədlər əsasında təsdiq olunur. Belə olan halda isə iddiaçı göstərilmiş xidmətlərin razılaşdırılmış dəyəri olan 3500 ABŞ dolları məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır.
33. Digər tərəfdən, ilkin cavabdehin, qarşılıqlı iddiaçının həm qarşılıqlı iddia tələbinin, həm də ilkin iddiaya etirazının əsasını daşınma zamanı yükün zədələnməsi və nəticədə onlara maddi zərər dəyməsi təşkil edir. Həmin dəlillərə ilkin iddia tələbi kontekstində qiymət verərək kollegiya qeyd edir ki, daşınma nəticəsində yükə zərər dəyməsi və həmin zərərə görə ekspeditorun məsuliyyət daşıması ehtimal edilsə belə, göstərilən hal ilkin cavabdehi nəqliyyat ekspeditor xidmətinə görə haqqın ödənilməsi öhdəliyindən azad etmir.
34. Razılaşdırılandan artıq çəkidə yükün daşınmasına görə əlavə haqqın ödənilməli olması barədə ilkin iddia tələbinə münasibətdə qeyd olunmalıdır ki, tərəflərin ilkin olaraq 3500 ABŞ dolları məbləğində haqq müqabilində 15.000 kq (15 ton) yükün daşınmasının təşkil edilməsi barədə razılaşmışlar. Lakin ilkin iddiaçı yükü daşımaya qəbul edərkən yükün çəkisinin 16.970 kq olmasını müəyyən etsə də (belə ki, beynəlxalq yük qaiməsində (CMR) yükün brutto çəkisinin 16.970 kq kimi göstərilmişdir), həmin yükü qəbul etməkdən imtina etməmiş, göstərilən hal tərəflər arasında hər hansı mübahisəyə səbəb olmamış, bununla bağlı əlavə çəkiyə daşınmaya görə əlavə ödənişin edilməsi barədə müzakirələr aparılmamışdır. Əksinə göstərilmiş xidmətə dair ilkin iddiaçı tərəfindən tərtib edilmiş təhviltəslim aktında xidmətin dəyəri 3500 ABŞ dolları məbləğində müəyyən edilmiş və ilkin cavabdeh həmin xidmətə görə göndərilmiş elektron qaimənin dəyəri də 5950 manat (3500 ABŞ dolları) məbləğində təşkil etmişdir. Göstərilən hallar ona dəlalət edir ki, ilkin iddiaçı yükün daşınmasının təşkilinə görə 3500 ABŞ dolları haqqın ödənilməsinə, yəni artıq yükə görə əlavə haqqın ödənilməməsinə razılaşmışdır. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq, əlavə yükün daşınmasına görə tələb edilən pul tələbi hissəsində ilkin iddianı rədd etmişdir.
35. İlkin iddianın Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən faizlərin tutulması hissəsinə münasibətdə kollegiya qeyd edir ki, hazırkı işdə cavabdehin nəqliyyat ekspeditor müqaviləsi üzrə xidmət haqqının ödənilməsinin gecikdirdiyini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 54 günlük dövr üçün illik 5 % olmaqla 26,27 ABŞ dolları məbləğində faizlərin tutulması hissəsində də qətnamə əsaslıdır.
36. Yükün zədələnməsi nəticəsində dəymiş maddi zərərin ödənilməsi tələbinə dair qarşılıqlı iddiaya münasibətdə isə kollegiya qeyd edir ki, qarşılıqlı iddianın qanuni əsasını Mülki Məcəllənin 852.5-ci maddəsi təşkil edir.
37. Hazırkı halda cavabdeh daşınma nəticəsində malların yararsız düşməsi və nəticədə ona zərər dəydiyini iddia etsə və dəymiş zərərin əvəzi olaraq həmin malların dəyərinin qarşılıqlı cavabdehdən tutulmasını tələb etsə də, zərərin nədən ibarət olması, siyahıda qeyd edilən əşyaların növü (malların təhvil verilmə və silinmə aktlarından görünür ki, məişətdə istifadə edilən mətbəx (məsələn, yemək dəstləri və digər) əşyaları, habelə məişət əşyaları - ütü və s. elektronika avadanlıqlarıdır) və təyinatına uyğun istifadəsini yararsız edən zədənin nədən ibarət olmasını təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir.
38. xx.xx.2024-cü il tarixdə tərtib edilmiş malın qəbulu barədə aktda yalnız ümumi formada 9 adda qüsurlu olması ehtimal edilən malların kodları qeyd edilsə də, cavabdeh qüsurlar aşkar edilmiş malların adı, növü, markası, habelə onlara dəymiş zədənin nədən ibarət olması, xarakteri göstərilməklə hər hansı formada tərtib edilmiş bildirişin, yaxud bu barədə aktın iddiaçıya təqdim edilməsi bariş materiallarına əsasən müəyyən edilmir.
39. Yükün zədələnməsi ilə bağlı ilkin iddia üzrə cavabdehin istinad etdiyi fotoşəkillər və videogörüntülərə münasibətdə qeyd edilir ki, videoda “B-1 yığım zonası 3” qeydi olan görüntülər əks olunmuşdur və həmin görüntülərdə eyni formalı geyimdə olan şəxslər yük maşınından malları endirir və daşıyır, fotoşəkildə isə qablaşdırılmış malların fotoşəkilləri əks olunub. Odur ki, həmin videolar və fotoşəkillər malların daşınma nəticəsində zədələnməsinə dair nəticəyə gəlinməsinə əsas vermir.
40. Daşınmanın həyata keçirildiyi vaxtdan yarım il sonra tərtib edilmiş utilizasiya aktına və və yoxlamaya dair silinmə aktına gəldikdə isə qeyd edilməlidir ki, həmin aktlara əsasən utilizasiya edilmiş və silinmiş istifadəyə yararsız malların məhz mübahisəli daşınmada zədələnməsi iddia olunan mallar olması iş materiallarına əsasən müəyyən edilmir.
41. Odur ki, kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, maddi zərərə görə 7000 manat məbləğinin ödənilməsi tələbinə dair qarşılıqlı iddia əsassız olmaqla rədd edilməlidir.
42. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, qətnamə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Apellyasiya şikayətləri təmin edilmədiyindən həmin işə apellyasiya baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri (o cümlədən hüquqi xidmətə çəkilmiş xərclər apellyatorlara aid edilməlidir.
44. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC və cavabdeh "xxxx" MMC tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2496/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətlərinə baxılması ilə bağlı çəkilmiş məhkəmə xərcləri müvafiq olaraq apellyatorlara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən cavabdeh "xxxx" MMC tərəfindən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. İddiaçı MMC tərəfindən qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Leyla Əliyeva
Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov