Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1081/2025 14.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə (Açıq sözlər: alqı-satqı müqaviləsi, elektron qaimələr, işgüzar adətlər) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X3 Əliyevanın sədrliyi və məruzəsi ilə, X2 və Ziya Allahverdi oğlu Şirinovdan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi, iddiaçının nümayəndəsi/Vəkil1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)- 3504/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları:
1. İddiaçı ilə Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə imzalanmışdır. Həmin müqavilənin: 1.1-ci maddəsinə əsasən “Satıcı” istifadəyə yararsız qara metal qırıntılarından, metal boru hissələrindən və müxtəlif avadanlıqlardan ibarət olan əmlakını və əmlakı (bundan sonra “Mal” adlanacaq) “Alıcıy”a verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun hazırkı Müqavilənin 4.1 bəndi ilə müəyyən olunmuş qiymətini ”Satıcı”ya ödəməyi öhdəsinə götürür. 2.1-ci maddəsinə əsasən satıcının hüquqları: 2.1.1-ci maddəsinə əsasən müqavilədə göstərilən malı qaiməfaktura əsasında “Satıcı”nın strukturuna daxil olan təşkilatların ərazisindən “Alıcı”ya satır. 2.1.2-ci maddəsinə əsasən qaimə-fakturanın və hesab-fakturanın “Alıcı”nın özü, yaxud onun müvəkkil etdiyi şəxslər tərəfindən imzalanmasını “Alıcfdan tələb edilir. 2.1.3-cü maddəsinə əsasən müqavilənin 4.3 bəndi ilə müəyyən edilən müddətdə və qaydada malın dəyərinin ödənilməsini “Alıcı”dan tələb edir. 2.2-ci maddəsinə əsasən “Satıcının vəzifəsi: 2.1.1-ci maddəsinə əsasən “Satıcı” malı “Alıcı" ya müqavilənin 3.1 bəndi ilə müəyyən edilən qaydada təhvil verir. 2.2.2-ci maddəsinə əsasən müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra edir. 3.1-ci maddəsinə əsasən hazırki müqavilə ilə müəyyən olunmuş mal “Satıcının ərazisində “Alıcı”nın qüvvə və vəsaiti hesabına yığılır, doğranır, yüklənir, “Alıcı”ya məxsus avtonəqliyyat vasitəsi ilə və onun hesabına daşınır və hər iki “Tərəfin səlahiyyətli nümayəndələrinin (müvəkkil edilmiş şəxslərin) iştirakı ilə, tərəzidə çəkilməklə, “Alıcı”nın işçi qüvvəsi hesabına boşaldılır, tərəzi göstəricisinin və “Satıcı tərəfindən tərtib, təsdiq və təqdim olunmuş qaimə-faktura əsasında “Alıcı’ya təhvil verilir. 4.1-ci maddəsinə əsasən malın 1 tonunun qiyməti, ƏDV də daxil olmaqla, 217.40 manat təşkil edir. 4.2-ci maddəsinə əsasən “Satıcı” təhvil verdiyi malın sənədi və müqavilənin 4.1 -ci bəndi ilə müəyyən olunmuş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı”ya təqdim edir. 4.3-cü maddəsinə əsasən “Alıcı” elektron qaimə-fakturanı aldığı tarixdən orada göstərilən məbləği 30 gün müddətində “Satıcı”nın bank hesabına köçürür. 6.2-ci maddəsinə əsasən Alıcı hazırkı müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə Satıcıya hər gecikdirilmiş gün üçün ödəməli olduğu məbləğin 0,05% həcmində dəbbə pulu ödəməlidir. Dəbbə pulunun yuxarı həddi təhvil verilmiş malın 0,5% həddində müəyyən edilir.
2. İddiaçı tərəfindən Cavabdehnə satılmış mallara dair xx.xx.2023-cü il tarixli EBDN seriyalı 336513 nömrəli elektron qaimə-fakturaya əsasən 7009,73 manat məbləğində, xx.xx.2023-ci il tarixli EBDN seriyalı 374515 nömrəli elektron qaimə-fakturaya əsasən 7712,81 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDO seriyalı 224844 nömrəli elektron qaimə-fakturaya əsasən 17398,56 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDP seriyalı 417209 nömrəli elektron qaimə-fakturaya əsasən 3715,86 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 332658 nömrəli elektron qaimə-fakturaya əsasən 10614,93 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 902570 nömrəli elektron qaimə-fakturaya əsasən 13482,48 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDT seriyalı 906218 nömrəli elektron qaimə-fakturaya əsasən 11261,49 manat məbləğində,xx.xx.2023-cü il tarixli EBDT seriyalı 989556 nömrəli elektron qaiməfakturaya əsasən 6907,55 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDU seriyalı 631868 nömrəli elektron qaimə-fakturaya əsasən 16921,36 manat məbləğində, xx.xx.2023-cü il tarixli EBDV seriyalı 192500 nömrəli elektron qaimə-fakturaya əsasən 17357,69 manat məbləğində, xx.xx.2023-ci il tarixli EBDV seriyalı 837188 nömrəli elektron qaimə-fakturaya əsasən 1303,33 manat məbləğində, xx.xx.2024-cü il tarixli EBDX seriyalı 455811 nömrəli elektron qaimə-fakturaya əsasən 9016,80 manat məbləğində, xx.xx.2024-cü EBEB seriyalı 022859 nömrəli elektron qaimə-fakturaya əsasən 9127,46 manat məbləğində e-qaimələr göndərilmişdir. Həmin elektron qaimələrdə əsas kimi ST 03/2023 nömrəli, 09 yanvar 2023cü il tarixli müqaviləyə istinad edilmişdir.
3. 21.01.2025-ci il tarixli X1 Aktına əsasən, Cavabdeh MMC-nin İddiaçı MMC-yə xx.xx.2025-ci il tarixə olan qalıq borcu 96768,37 manat məbləğində müəyyən edilmişdir. Akt hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat:
4. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdehndən 96768,37 manat məbləğində olan borcun, hüquqi yardım üçün ödənilmiş 325 manatın və dövlət rüsumu olaraq ödənilmiş 382 manatın tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında “Qara metal qırıntısının alqı-satqısı haqqında” 08 yanvar 2024-cü il tarixli, ST 01/2024 saylı müqavilə imzalanmışdır. Həmin müqavilənin 4.2-cü bəndinə əsasən “Satıcı” (İddiaçı MMC) təhvil verdiyi malın sənədi və müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmiş qiymət əsasında elektron qaimə-fakturanı tərtib edərək “Alıcı”ya (Cavabdeh MMC) təqdim edir. Müqavilənin 4.3-cü bəndinə əsasən “Alıcı” elektron qaimə-fakturanıaldığı tarixdən orada göstərilən məbləği 30 (otuz) gün müddətində “Satıcı”nın bank hesabına köçürür. Sənaye Ticarət” MMC təhvil verdiyi metal qırıntılarının dəyərinin ödənilməsi ilə bağlı Cavabdeh MMC-yə elektron qaimə-fakturalar göndərmiş, lakin Cavabdeh MMC aldığımetal qırıntılarının dəyərini tam həcmdə ödəməmişdir. Hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə ödənilməmiş borcu, ƏDV daxil olmaqla, 96768,37 manat təşkiledir. Dəfələrlə müraciət edilməsinə baxmayaraq,Cavabdeh MMC indiyədək həmin borcu ödəməmişdir. İddiaçı - İddiaçı MMC tərəfindən 31 mart 2025-ci il tarixdə Elektron Məhkəmə Sistemi və Dövlət Vergi Xidməti vasitəsi ilə, elektron qaydada Cavabdeh - Cavabdeh MMC-yəyenidən pretenziya göndərilərək hesablanmış həmin borc məbləğinin 3 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə İddiaçı pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı, əlavə xərclər və faizlər də tələb edilməklə, məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təşkilat həmin pretenziyaya cavab verməmişdir. Mülki Məcəllənin 385.1-ci maddəsində qeyd olunub ki, - öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Tərəflər arasında bağlanılmış 08 yanvar 2024-cü il tarixli, ST 01/2024 saylı müqavilənin 6.2-ci bəndinə əsasən “Alıcı” hazırki müqavilədə nəzərdə tutulan ödənişlərin gecikdirilməsinə görə “Satıcı” ya hər gecikdirilmiş gün üçün ödəməli olduğu borc məbləğinin 0,05 faizi həcmində dəbbə pulu ödəməlidir.
6. 16.05.2025-ci il tarixində iddiaçı iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh - Cavabdehndən 96768,37 manat məbləğində olan əsas borcun, həmin borca hesablanmış 483,84 manat məbləğdə dəbbə pulunun, hüquqi yardım üçün ödənilmiş 325 manatın və dövlət rüsumu olaraq ödənilmiş 384 manatın tutularaq, İddiaçı - İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. 18.05.2025-ci il tarixində iddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, əsas borc məbləği tərəflər arasında bağlanılmış ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə yaranan borcdur. Tərəflər arasında bağlanılmış həmin müqaviləni və həmin müqavilə üzrə təqdim olunmuş mallara görə cavabdehə göndərilən, lakin ödənilməyən elektron qaimələri də ərizəyə əlavə etmişdir.
8. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3504/2025 saylı qətnaməsi ilə iddia təmin edilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış “Qara metal qırıntısının alqı satqısı haqqında” ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilənin 1.1-ci maddəsinə əsasən “Satıcı” istifadəyə yararsız qara metal qırıntılarından, metal boru hissələrindən və müxtəlif avadanlıqlardan ibarət olan əmlakını və əmlakı “Alıcıy”a verməyi, “Alıcı” isə Malı qəbul edib əvəzində onun hazırkı Müqavilənin 4.1 bəndi ilə müəyyən olunmuş qiymətini ”Satıcı”ya ödəməyi öhdəsinə götürür. İddiaçı tərəf öz öhdəliklərini yerinə yetirsə də, cavabdeh tərəfindən ödənişlər tamamlanmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimə və qarşılıqlı borcların üzləşməsi aktı ilə təsdiq olunduğu üçün 96768,37 manat borca dair hissədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya müqavilə üzrə 96768,37 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab etmişdir ki, iddia təmin edilməli, cavabdehdən qeyd olunan pul məbləği tutularaq iddiaçıya ödənilməlidir. Bundan əlavə iddiaçı 483,84 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (96768,37 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından, tutulacaq dəbbə pulu 483,84 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən 384 manat dövlət rüsumu və 325 manat vəkil xərci ödənilmişdir. Məhkəmə qeyd etmişdir ki, iddia təmin edildiyi üçün dövlət rüsumu xərcinin əvəzi olaraq ödənilmiş 384 manat məbləğində pul vəsaiti və 325 manat vəkil xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
10. Birinci instansiya məhkəməsi işi mahiyyəti üzrə həll edərkən AR Mülki Məcəlləsinin 567, 568.1, 579.1, 600.1, 443.1, 462.1, 467-ci maddələrinə, Vergi Məcəlləsinin 71-1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarına istinad etmişdir.
11. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2 alqı-satqı müqaviləsi imzalanmışdır. 07 iyun 2021-ci il tarixli müqavilə və 08 yanvar 2024-cü il tarixli müqavilə. Lakin iddia ərizəsindən görünüb ki, məhkəməyə müraciət edən zaman iddiaçı qalıq borcun hansı müqavilə üzrə yarandığını əsaslandırmamışdır. Belə ki, iddiaçı məhkəməyə müraciət edən zaman iddia tələbini dəqiq əsaslandırmalı, yaranmış borcun hansı müqavilə və hansı elektron qaimə-fakturalarla yarandığını bildirməlidir. Lakin iddiaçı hər iki müqaviləni məhkəməyə təqdim edərək borcun yaranma mənbəyini bildirmədən direktoru olduğu cəmiyyətdən tutularaq ona ödənilməsini tələb etmişdir. Lakin tərəfindən məhkəməyə təqdim edilmiş bank çıxarışlarından görünüb ki, ödənilmiş vəsaitlərin təyinatı – hansı elektron qaimə-faktura üzrə ödənildiyi tam göstərilmişdir. Əgər borcun ümumilikdə və ya bir qisminin hansı müqavilə üzrə yarandığı göstərilməmişdirsə bu zaman iddiaçının ümumi hissədə və ya müəyyən hissədə iddia müddətinin ötürülüb-ötürülməməsi müəyyən edilə bilməzdi. Məlum olduğu kimi iddia müddətinin tətbiq edilməsi mülki dövriyyədə sabitliyin təmin edilməsinə gətirib çıxarır. Lakin qeyd etdiyi halların iddiaçı tərəfindən məhkəmə baxışı zamanı dəqiqləşdirilməməsi cavabdehin həmin hüquqdan istifadə etmək imkanını məhdudlaşdırmış olur. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İddiaçı tərəfindən təqdim edilən sübutlardan görünür ki, malların təhvil verilməsinə dair hər hansı sübut təqdim edilməmişdir. Borcun mövcudluğunu təsdiq edən sənəd yalnız tərəflər arasında imzalanmış üzləşmə aktıdır. Cavabdeh tərəfindən təqdim edilmiş sənədlərdən də görünüb ki, 2022-ci ildən etibarən edilmiş bank ödəniş sənədləri məhkəməyə təqdim edilmiş, lakin digər banklar vasitəsilə edilən ödəniş sənədləri, həmçinin 2022-ci ildən əvvəlki tarixdə edilmiş ödəniş qəbzlərinin təqdim edilməsinə imkan olmamışdır. Bu səbəbdən direktoru olduğu cəmiyyətin qalıq borcunun dəqiq müəyyən edilməsi mümkünsüz olmuşdur.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri:
13. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
14. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini etiraz etdi, şikayətin təmin edilməməsini xahiş etdi.
15. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş olsa da, məhkəmə iclasında iştirak etmədi. Cavabdeh iclasda iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat təqdim etməmişdir.
16. Məhkəmə Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır
Tətbiq edilən hüquq:
17. Mülki Məcəllənin: -375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. -385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. -442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. -448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. -467-ci maddəsinə görə Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. -598.1-ci maddəsinə görə əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
18. Mülki Prosessual Məcəllənin: -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. -119.5-ci maddəsinə görə apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1- 119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür.
Apellyasiya baxışının hədləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
20. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
21. Mülki Prosessual Məcəllənin 372.6cı maddəsinin tələbləri və apellyasiya şikayəti üzrə təqdim edilmiş dəlilləri nəzərə alaraq kollegiya bildirir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam təmin olunduğundan və cavabdehin apellyasiya şikayətində dəlilləri qətnamənin əsas borcun tutulması hissəsində mübahisələndirilməsinə yönəldilsə də, dəbbə pulunun tutulmasına dair iddia tələbi əsas borcun tutulması tələbinin əsaslılığından asılı olan əlavə tələb olduğundan, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı “Sənaye Ticarət MMC və Cavabdeh MMC arasında qara metal qırıntısının alqı-satqı müqaviləsinə əsaslanan kommersiya münasibətləri mövcud olmuşdur. ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə mallar verilmiş və cavabdeh tərəfindən təqdim edilmiş mallara görə müəyyən ödənişlər edilmişdir. Hazırda iddiaçı həmin müqavilə üzrə təqdim edilmiş mallara görə cavabdehin borcunun ƏDV daxil 96768,37 manat olmasını iddia edir və həmin borcun, habelə dəbbə pulunun tutulmasını tələb edir. Cavabdeh isə iddiaçının ödənilməsini tələb etdiyi borcun əsasını dəqiq göstərmədiyini (konkret müqavilə və qaiməfakturaya istinad etmədiyini), borcun 2023-cü ildən əvvəlki müqavilələrə aid olduğunu və iddia müddətinin buraxıldığını əsas göstərərək iddianın rədd edilməsini tələb edir.
24. Göründüyü kimi hazırkı halda iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 567 və 598.1-ci maddələri təşkil edir.
25. Kollegiya əvvəla qeyd etməyi zəruri sayır ki, iddiaçı malların təqdim edilməsi faktlarını sübuta yetirmək üçün cavabdeh tərəfindən etiraz edilməmiş və düzəliş üçün qaytarılmamış elektron qaimələrlə yanaşı borc məbləğini təsdiq edən üzləşdirmə aktını məhkəməyə təqdim etmişdir.
26. Beləliklə, kollegiya hesab edir ki, ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri ƏDV daxil 131.830,05 manat məbləğində olan elektron qaimələr təqdim edildiyindən, cavabdeh tərəfindən isə həmin qaimələr üzrə ödəniş edilməsi iş materialları ilə müəyyən edilmədiyindən iddiaçı ƏDV daxil 96768,37 manat məbləğində pulun tutulmasını tələb etmək hüququna malikdir.
27. Dəbbə pulunun tutulmasına dair iddia tələbi ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh tərəfindən alqı-satqı müqaviləsi üzrə malları ödəmək öhdəliyinin icrasının gecikdirilməsi iş materialları ilə öz təsdiqini tapdığından, alqı-satqı müqaviləsində həmin öhdəliyin icrasının gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan, eləcə də məhkəmənin müəyyənləşdirdiyi dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehdən 483,84 manat məbləğində dəbbə pulunun tutulması hissəsində də qətnamə qanuni və əsaslıdır.
28. Cavabdehin arqumentlərinə münasibətdə bildirilir ki, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək həmin ərizədə iddia tələbinin faktiki əsasını dəqiqləşdirməklə ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqaviləyə istinad etmiş, eləcə də tələbin əsaslılığını sübuta yetirmək üçün həmin müqavilə üzrə göndərilmiş konkret elektron qaimələri məhkəməyə təqdim etmişdir. Beləliklə? təqdim edilmiş sübutlar mübahisəli borcun ST 03/2023 nömrəli, 09 yanvar 2023-cü il tarixli müqavilə əsasında yaranması nəticəsinə gəlmək üçün əsas verir. Cavabdeh isə 09 yanvar 2023-cü il tarixli müqavilə üzrə borcun tərəfindən ödənildiyini, mübahisəli borcun əvvəlki müqaviləyə aid olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir (baxmayaraq ki, apellyasiya şikayətində ödəniş sənədlərinin və bank çıxarışlarının məhkəməyə təqdim edildiyi iddia edilir). Odur ki, cavabdehin yuxarıda göstərilən dəlilləri formal mülahizə kimi dəyərləndirilir.
29. Bununla yanaşı o da qeyd edilməlidir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilməmişdir. Kollegiya cavabdehin məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasını, belə olan halda məhkəmə qətnaməsi qəbul edilənədək həmin ərizəni vermək imkanının olmasını nəzərə alaraq iddia müddətinin buraxılması barədə apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməsini mümkün saymır.
30. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilmiş, qətnamədə göstərilən nəticələr işin hallarına uyğundur. Apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Odur ki, şikayət təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
31. Qətnamə iddia tələbi hissəsində dəyişdirilmədən saxlandığından məhkəmə xərclərinin bölüşdürülməsi hissəsində də qətnamənin dəyişdirilməsi üçün əsas yoxdur.
32. Məhkəmə kollegiyası məhkəmə xərclərinə münasibətdə qeyd edir ki, apellyasiya şikayəti təmin edilmədiyindən həmin şikayət verilərkən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3504/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti üçün ödənilmiş rüsum cavabdehin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Əliyeva Hakimlər: Təranə Mahmudova
Ziya Şirinov