Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1082/2022 20.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası X2 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2726/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, İŞİN HALLARİ, İŞ ÜZRƏ MƏHKƏMƏ İCRAATİ
1. İddiaçı MMC (ekspeditor) ilə “Exbir Logistics" MMC (müştəri) arasında 22 dekabr 2018-ci il tarixli 2018/M-74 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqavilə bağlanmış və müqaviləyə əsasən ekspeditor müştərinin adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərinin göstərilməsini təmin etməyi, müştəri isə göstərilən xidmətlər üçün ekspeditorun təqdim etdiyi hesab-fakturaya əsasən ödənişləri həyata keçirməyi öz öhdəsinə götürmüşdür.
Birinci instansiya məhkəməsindəki icraat
2. İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə aralarında bağlanılmış xx.xx.2018-ci il tarixli 2018/M74 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqaviləyə, iddiaçının Gürcüstanda filialı olan İddiaçı MMC Gürcüstan filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/ADYKG-49 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqaviləyə və ekspeditor ilə bağlanmış xx.xx.2020-ci il tarixli 2020/ACG-59 saylı nəqliyyat-ekspedisiya xidmətləri haqqında müqaviləyə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq 131,02 ABŞ dolları, 148 ABŞ dolları və 760 ABŞ dolları, ümumilikdə 1039,02 ABŞ dolları və ya Azərbaycan Respublikasının Mərkəzi Bankının bu günə olan məzənnəsinə uyğun olaraq, cavabdeh “Exbir Logistics" MMC-dən 1766,33 manat məbləğində borcun, həmçinin iddia qaldırılması üçün iddiaçı tərəfindən çəkilmiş mediasiya və 60 manat mediator xərcinin, eləcə də məhkəmə xərci olan 30,40 manat dövlət rüsumunun, cəmi 1856,73 manat məbləğində pulun tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə cavabdeh “Exbir Logistics" MMC ilə İddiaçı MMC-nin Gürcüstan filialı ilə bağlanılmış xx.xx.2019-cu il tarixli 2019/ADYKG-49 saylı nəqliyyat-ekspedisiya xidməti müqaviləsi və cavabdeh “Exbir Logistics" MMC ilə "xxxx" MMC arasında bağlanmış nəqliyyat-ekspedisiya xidmətləri haqqında xx.xx.2020-ci il tarixli 2020/ACG-59 saylı müqaviləsi üzrə pulun tutulması hissəsində iddia ərizəsi baxılmamış saxlanılmışdır.
4. İddiaçı bildirir ki, cavabdeh xx.xx.2018-ci il tarixli 2018/M74 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqavilə üzrə öz öhdəliyini icra etməmiş və həmin müqaviləyə əsasən göstərilmiş xidmətlərə uyğun olaraq cavabdehin borcu 131,02 ABŞ dolları təşkil edir.
5. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, onun İddiaçı MMC-yə hər hansı borcu yoxdur.
6. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2726/2022 saylı qətnaməsi ilə iddia rədd edilmişdir.
7. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, cavabdehin qanuni nümayəndəsi Qanuni nümayəndə isə apellyasiya şikayətinə etiraz etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
12. Həmin Məcəllənin 11.1-ci maddəsinə görə mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
13. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
14. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
15. Mülki Məcəllənin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.
16. Həmin Məcəllənin 783.2-ci maddəsinin tələblərinə görə vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.
APELYASİYA BAXİŞİNİN HƏDLƏRİ
17. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı tam yoxlanılır. APELYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
18. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, tərəflər arasında bağlanmış 22 dekabr 2018-ci il tarixli 2018/M-74 saylı nəqliyyat-ekspedisiya xidməti üzrə müqavilə mahiyyət etibarı ilə xidmət müqaviləsidir. Çünki iddiaçı cavabdehə onun adından və onun hesabına yük daşıma üzrə ekspeditor və logistika xidmətlərini göstərməyi, sonuncu isə həmin xidmətlərin dəyərinin ödənilməsini öz öhdəsinə götürmüşdür.
20. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsi münasibətlərini tənzimləyən hər hansı müddəa mövcud deyil.
21. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsi və Mülki Məcəllənin 11.1-ci maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir.
22. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq kollegiya hesab edir ki, hazırki mübahisə Mülki Məcəllənin tapşırıq müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
23. İddiaçı bildirir ki, o, xidmətləri göstərmiş, lakin cavabdeh həmin xidmətlərin dəyərini ona ödəməmişdir.
24. Bu əsaslarla iddia tələblərinin qanuni əsasını Mülki Məcəllənin 783.2-ci maddəsi təşkil edir.
25. Hazırki işdə də qeyd olunan maddənin dispozisiya şərtləri mövcuddur.
26. Belə ki, xx.xx.2020-ci il tarixli 20/064 təhvil-təslim aktından görünür ki, ekspeditor (İddiaçı MMC) 22 dekabr 2018-ci il tarixli, 2018/M-74 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə görülən işlərin dəyəri 1212 ABŞ dolları təşkil edir.
27. xx.xx.2020-ci il tarixli 20/065 təhvil-təslim aktından görünür ki, ekspeditor (İddiaçı MMC) 22 dekabr 2018-ci il tarixli, 2018/M-74 saylı nəqliyyat-ekspedisiya xidmətinə dair müqavilədə nəzərdə tutulan işləri tam yerinə yetirmiş və xx.xx.2020- xx.xx.2020-ci illəri əhatə edən dövr üzrə görülmüş işlərin dəyəri 3615 ABŞ dolları təşkil edir.
28. Həmin təhvil-təslim aktlarının hər biri İddiaçı MMC və “Exbir Logistics" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
29. Cavabdeh bildirir ki, iddiaçının ödənilməsini tələb etdiyi xidmətlər ona göstərilməmiş və müqavilə üzrə iddiaçı tərəfindən göstərilmiş xidmətlərin dəyəri isə onun tərəfindən tam ödənilmişdir. Həmin halları sübut etmək üçün cavabdeh birinci instansiya məhkəməsində 2 ədəd ödəniş sənədi təqdim etmişdir:
30. xx.xx.2020-ci il tarixli xx/xx/2020/4 nömrəli ödəniş tapşırığına əsasən “Exbir Logistics" MMC tərəfindən İddiaçı MMC-yə 2018/M-74 saylı müqavilə ilə bağlı X5 üzrə Daşınma (EBAR 016047 saylı qaimə) üzrə 6167,53 manat məbləğində pul vəsaiti ödənilmişdir.
31. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövrü əhatə edən (“Exbir Logistics" MMC-yə aid) hesabdan çıxarışa əsasən “Exbir Logistics" MMC tərəfindən İddiaçı MMC-nin hesabına (X5 üzrə Daşınma xərci üzrə) xx.xx.2020ci ildə 2067,20 manat ödəniş edilmişdir.
32. Əvvəla kollegiya hesab edir ki, iddiaçının cavabdehə xidmət göstərməməsi ilə bağlı dəlillər əsassızdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi təhvil-təslim aktlarının hər biri “Exbir Logistics" MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir.
33. Birinci instansiya məhkəməsində də cavabdeh həmin təhvil-təslim aktlarının həqiqiliyini mübahisələndirməmişdir. Bu hal isə onun tərəfindən görülmüş xidmətlərin və onların dəyərinin ödənilməsinin qəbul edilməsi mənasına gəlir.
34. Eyni zamanda kollegiya hesab edir ki, cavabdeh tərəfindən təqdim edilən xx.xx.2020ci il tarixli xx/xx/2020/4 nömrəli ödəniş tapşırığı iş üzrə sübut qismində qəbul edilsə də, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövrü əhatə edən (“Exbir Logistics" MMC-yə aid) hesabdan çıxarış sübut qismində qəbul edilə bilməz.
35. Belə ki, cavabdeh xx.xx.2020-ci il tarixli xx/xx/2020/4 nömrəli ödəniş tapşırığından fərqli olaraq, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək dövrü əhatə edən (“Exbir Logistics" MMC-yə aid) hesabdan çıxarışı birinci instansiya məhkəməsində sonuncu məhkəmə baxış iclasında təqdim etmişdir.
36. Halbuki, Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin tələbləri baxımından bu hal yolverilməzdir və həmin sənədlər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilməli idi.
37. Eyni zamanda cavabdeh həmin sübutun təqdim edilməsi üçün əsasların Mülki Prosessual Məcəllənin 78.1-ci maddəsinin ikinci bəndinin tələblərinə uyğun olaraq məhkəmə baxışı gedişində əmələ gəlmiş olduğunu və ya işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutun təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığına ümumiyyətlə istinad etməmiş və bu halı əsaslandırmamışdır.
38. Bundan əlavə həmin hesabdan çıxarış məhkəmə tərəfindən qəbul edilsə belə, çıxarışda qeyd olunan ödənişin məhz hazırki mübahisənin predmetinə aid olan 22 dekabr 2018-ci il tarixli 2018/M-74 saylı müqavilə üzrə ödənildiyi heç nə ilə təsdiq olunmur. Çünki hesabdan çıxarışda həmin müqaviləyə istinad edilməmişdir.
39. Eyni zamanda işin halları ilə müəyyən olunur ki, tərəflər arasında hazırki müqavilə kimi bir neçə başqa müqavilə də imzalanmışdır. Bu baxımdan kollegiya hesab edir ki, həmin ödənişin tərəflər arasında bağlanmış digər müqavilələr üzrə edilməsi də istisna olunmur.
40. Bu baxımdan cavabdeh tərəfindən təqdim olunan həmin hesabdan çıxarış hazırki mübahisənin predmetinə aid olan 22 dekabr 2018-ci il tarixli 2018/M-74 saylı müqavilə üzrə sübut qismində qəbul edilə bilməz.
41. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli 20/064 saylı və xx.xx.2020-ci il tarixli 20/065 saylı təhvil-təslim aktları üzrə iddiaçı tərəfindən cavabdehə göstərilmiş xidmətlərin cəmi dəyəri 4827 ABŞ dolları təşkil edir.
42. Cavabdeh tərəfindən isə bunun müqabilində iddiaçıya cəmi 6.167,53 manat (3627 ABŞ dolları) məbləğində pul vəsaiti ödənilmişdir.
43. Göründüyü kimi cavabdeh iddiaçıya heç bir borcunun olmadığını bildirsə də, bunu təsdiq edən əlavə heç bir sübutu məhkəməyə təqdim etməmiş və Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
44. Ona görə də kollegiya hesab edir ki, iddiaçı müqavilə üzrə ödənilməli olan, lakin ödənilməyən 131,02 ABŞ dolları məbləğində xidmət haqqının ödənilməsini tələb etməkdə tam haqlıdır.
45. Birinci instansiya məhkəməsi isə yuxarıda qeyd olunanları nəzərə almamış, mülki prosessual qanunvericiliyin tələblərinə zidd olaraq cavabdeh tərəfindən sonuncu məhkəmə baxış iclasında təqdim edilən sənədi sübut qismində qəbul etmiş və sonda iddianın rədd edilməsi barədə səhv nəticəyə gəlmişdir.
46. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə iddia təmin edilməlidir.
47. Həmçinin iddianın qiymətinin on min manatdan az olduğunu nəzərə alaraq və Mülki Prosessual Məcəllənin 402.1-ci maddəsini rəhbər tutaraq kollegiya qeyd edir ki, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz.
48. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2726/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh MMC-dən İddiaçı MMC-nin xeyrinə 131,02 ABŞ dolları məbləğində pul vəsaiti tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən: Raqib Qurbanov
Hakimlər: Vidadi Məmmədov
Vüsalə Baxışova