Məhkəmə qərarları › İş №2-2(103)-1082/2024

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1082/2024

11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1082/2024 11.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar söz: pul tələbi, alqı-satqı müqaviləsi. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Mahmudova Təranə Nəriman qızının sədrliyi və məruzəsi ilə, hakimlər Həsənov Elnur Məmmədsaat oğlu və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Məhərrəmova Günel Elman qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə1, cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)- 3831/2024 nömrəli qətnaməsindən Cavabdeh QSC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcı müvafiq əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları alıcının mülkiyyətinə verməyi, alıcı isə malı qəbul edib əvəzində bu müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği satıcıya ödəməyi öhdəsinə götürür. 2.1.1-ci bəndinə əsasən satıcı müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini alıcıdan tələb edir. 2.4.1-ci bəndinə əsasən malın bu müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada satıcıya tam və vaxtında ödəmək alıcının vəzifəsidir. 2.4.4-cü bəndinə əsasən alıcı müqavilə ilə üzərinə götürdüyü vəzifələri vaxtında və lazımi qaydada icra edir və onların pozulmasına yol vermir. 3.2-ci bəndinə əsasən mala görə ödəniş alıcı tərəfindən təqdim olunmuş hesab fakturaya və/va ya elektron qaiməyə əsasən 30 təqvim günü müddəti ərzində həyata keçirilməlidir 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində satıcıya dəbbə pulu ödəyir

2. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı haqqında müqaviləsinin əlavəsi olan xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşma protokolunda malların adı, miqdarı, ölçüsü və qiyməti göstərilmişdir. Protokola əsasən müəyyən edilir ki, 6 dəst siyirtmə polad d 600 mm 16 atm (ədədi 8500 manat olmaqla) ƏDV daxil 60180 manat və 6 dəst siyirtmə polad d 600 mm 25 atm elektrik intiqalı (ədədi 12.000 manat olmaqla) ƏDV daxil 84960 manat, cəmi 145.140 manat (22.140 manat ƏDV daxil) dəyərində mallar 3 iş günü ərzində satıcı tərəfindən alıcıya təhvil veriləcəkdir.

4. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. İddiaçı MMC tərəfindən alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil 145.140 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDG seriyalı 811309 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh QSC-yə göndərilmişdir.

6. Ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh QSC tərəfindən müxtəlif tarixlərdə İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli EBDG seriyalı 811309 nömrəli elektron qaimə üzrə cəmi 68.500 manat məbləğində ödənişlər edilmişdir.

7. İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə pretenziya məktubu ünvanlanaraq şirkətə olan borcun ödənilməsi xahiş edilmiş, əks halda məhkəməyə müraciət olunacağı bildirilmişdir.

8. X1 məhkəmədə verdiyi ifadəsində Cavabdeh QSC-də rəsmi işləməsə də, məsləhətçi kimi MMC-nin idarəetməsinə kömək göstərdiyini, Cavabdeh QSC-nin ofisində olarkən Cəmiyyətin rəhbərinin (Fuad müəllim kimi qeyd etmiş), İddiaçı MMC-nin rəhbərinə (Surxay müəllim kimi qeyd etmiş) pul təqdim etdiyinə şahid olduğunu, Fuad müəllimin onun sualına cavab olaraq İddiaçı MMC-yə borclarının olduğunu və 30.000 manat məbləğin bank hesabı vasitəsi ilə köçürüldüyünü qalan 7000 manat pul vəsaitinin isə nağd şəkildə təqdim edildiyini bildirdiyini qeyd etmişdir.

9. X2 məhkəmədə verdiyi ifadəsində Cavabdeh QSC-də satış meneceri vəzifəsində çalışdığını, İddiaçı MMC-dən siyirtmələri onun aldığını, hesablarında sərəncam olduğundan ödəniş edə bilmədiklərini, 37000 manat məbləğində depozitə pul qoyduqlarını qeyd etdi.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı MMC Cavabdeh QSC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 64.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 19.293 manat dəbbə pulunun və 3.215,50 manat əldən çıxmış faydanın, cəmi 86.818,50 manat məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmiş xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqısatqı müqaviləsinə əsasən həmin müqavilənin “Qiymətlərin razılaşdırma protokolu”na əsasən göstərilən malların alıcıya verilməsi, alıcının isə həmin malların dəyərini ödəməsi müəyyən olunmuşdur. Həmin müqavilə üzrə tərəflər arasında 31 may 2023-cü il tarixdə aparılmış alqı-satqı əməliyyatında mallar alıcıya müqavilə ilə müəyyən olunmuş qaydada təhvil verilsə də, alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti aldığı malın dəyərini (ƏDV ilə birlikdə) satıcı İddiaçınə tam ödəməmişdir. Ümumilikdə, hazırda alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinə əsasən ƏDV daxil olmaqla, (54.500 manat əsas borc və 9810 manat ƏDV olmaqla) 64.310 manat borcu vardır. Satıcı İddiaçı dəfələrlə xəbərdar etməsinə baxmayaraq alıcı tərəf olan Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin borcunun ödənilməsini təmin etməmişdir. Tərəflərin arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinin 4.3-cü bəndinə əsasən bu müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1%-i həcmində satıcıya dəbbə pulu ödəyir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən mala görə ödəniş alıcı tərəfindən təqdim olunmuş hesab fakturaya və ya elektron qaiməyə əsasən 30 təqvim günü müddəti ərzində həyata keçirilməlidir. Bu müddəalara əsasən iddiaçı tərəfindən satılan malın dəyərinin ödənilməsi üçün cavabdehə xx.xx.2023-cü il tarixdə göndərilmiş elektron qaimə üzrə ödəmə 30 iyun 2023-cü il tarixdə başa çatmış olur və ödəmənin cavabdeh tərəfindən gecikdirilməsinin müddəti də həmin vaxtdan hesablanmalıdır. Bu baxımdan həmin müddət 2023-cü ilin iyul ayı daxil olmaqla hazırkı dövrə kimi hesablanaraq, 300 gün təşkil edir. Əsas borc ƏDV daxil 64.310 manat təşkil etdiyi halda həmin məbləğin 0,1%-i 64,31 manat təşkil edir. Həmin məbləğ nəzərə alınmaqla gecikdirilən 10 ay (300 gün) müddətə 19.293 manat dəbbə pulu hesablanmalıdır. Bundan əlavə, Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti həmin borcunun ödənilməsini təmin etməməklə iddiaçıya məxsus pul vəsaitini özündə saxlayaraq, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən illik beş faiz olmaqla 3.215,50 manat məbləğində pul ödəməlidir. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1, 449.1, 445.1, 445.7, 567-ci maddələrinə və İnsan hüquqlarının və əsas azadlıqları haqqında Konvensiyaya Əlavə 1 saylı Protokolun 1-ci maddəsinə istinad etmişdir.

12. Sonradan iddiaçı iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək məhkəmədən Cavabdeh Qapalı Səhmdar Cəmiyyətindən xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsi üzrə öz müqavilə öhdəliyini yerinə yetirməyərək iddiaçıya vurduğu 34.310 manat (ƏDV daxil) məbləğində əsas borcun, 10.293 manat dəbbə pulunun və 1715,50 manat əldən çıxmış faydanın, cəmi 46.318,50 məbləğin və ödənilmiş 351 manat dövlət rüsumunun İddiaçı xeyrinə alınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddiaya qarşı etiraz təqdim olunmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh QSC ilə İddiaçı MMC arasında 284/2023 nömrəli xx.xx.2023-cü il tarixli müqavilə bağlanılmışdır və müqaviləyə əsasən İddiaçı MMC 145.140 manat dəyərində malları təhvil vermiş, Cavabdeh QSC isə öz növbəsində təhvil verilmiş malların dəyərinin 117.830 manat məbləğində böyük bir qismini ödəmişdir. 80.830 manat məbləğin ödənilməsi faktı ödəniş tapşırıqları ilə öz təsdiqini tapır. Cavabdehin bank hesablarına Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulduğu üçün borcun 30.000 manat hissəsi kart vasitəsi ilə, qalan 7000 manat isə xx.xx.2023-cü il tarixində nağd şəkildə cavabdehin ofisində iş kameralarının və şirkət işçilərinin müşahidəsi altında təqdim edilmişdir. Belə ki, İddiaçı MMC-nin direktoru Surxay Nağıyevə məxsus “5239 1515 1155 9075” nömrəli kart hesabına xx.xx.2023-cü il saat 15:10 və saat 16:41 tarixlərində 5000 manat məbləğində, xx.xx.2023-cü il tarixində direktor Surxay Nağıyev tərəfindən təqdim edilmiş “4127 2093 0891 5534” nömrəli kart hesabına köçürmə yolu ilə saat 18:44-də, saat 18:45-də, saat 18:47-də və xx.xx.2023-cü il tarixində saat 12:47-də 5000 manat olmaqla, ümumilikdə köçürmə yolu ilə 30 000 manat ödəniş edilmişdir. Bu baxımdan iddiaçı "xxxx" MMC-yə faktiki borcları 64 310 manat deyil, 27.310 manat təşkil edir. Hesab edirlər ki, köçürülən, eləcə də nağd şəkildə verilən 37.000 manat ödəniş depozit məbləği hesab olunur və şirkətlərin üzləşmə aktında göstərilmir. Səbəb də ondan ibarətdir ki, Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulduğu üçün ödəniş şirkətin bank hesabınlanndan deyil, şirkətin direktorunun kart hesabından köçürülmüşdür. Bu baxımdan cavabdeh iddiaçı tərəflə dəfələrlə danışıqlar apararaq bank hesablarına qoyulan sərəncamın artıq aradan qalxdığını və verilmiş depozit məbləği qaytarıldıqdan sonra bank hesabları vasitəsi ilə köçürüləcəyini bildirib. Lakin İddiaçı MMC-nin direktoru nəinki depozit məbləğini qaytarmamış, danışıb uzlaşma təkliflərini də rədd etmişdir. İddiaçı MMC-nin depozit məbləğini qaytarmaması cavabdehdə İddiaçı MMCyə qarşı inamsızlıq yaratmış və qalan borc məbləğini ödənilməməsinə səbəb olmuşdur. Digər bir tərəfdən əldən çıxmış fayda olaraq göstərilən 3215,50 manat məbləğin 64.310 manat borca münasibətdə hesablanmışdır. İddiaçı tərəfin faktiki olaraq 64.310 manat borclarının olmadığını bildiyi halda bu məbləğdə borc və həmin məbləğə münasibətdə faiz borcu tələb etməyinin hansı ədalətlilik prinsipə uyğun olduğu sual doğurur. Dəbbə pulu məbləğinə münasibətdə qeyd etməlidirlər ki, dəbbə pulu da həmçinin hesablanarkən 64.310 manat məbləğinə münasibətdə hesablanmışdır, lakin cavabdehin borcu 64.310 deyil, 27.310 manat təşkil edir. Cavabdeh QSC-yə DVX tərəfindən uzun müddətli sərəncam tətbiq edilərkən belə Cavabdeh QSC borcu ödəmək qabiliyyətində olmamış, lakin başqa üsulla həll etməyə çalışaraq borclu qalmamağa çalışmışdır və Cavabdeh QSC-nin bank hesablarına qoyulan Sərəncam aradan qalxdıqdan sonra belə 2024-cü ilin yanvar ayınadək (sonuncu ödəniş tapşırığı (№123) xx.xx.2023-cü il tarixlidir) Şimal Servis QSC bank hesablan vasitəsi ilə borcunu ödəməyə davam etmişdir. Bu baxımdan gecikdirilən məbləğin müddəti bir il deyil, 4 aydır (2024-cü il yanvar, fevral, mart, aprel). Digər tərəfdən eyni anda həm dəbbə pulunun və Mülki Məcəllənin 445.7-ci maddəyə əsasən illik 5% dərəcəsinin tələb edilməsi ədalətli deyil və praktikada öz təsdiqini tapmamışdır. Nəzərə alsaq ki, Şimal Servis QSC ödəmə qabiliyyətində olmadığı halda belə borcu müəyyən yolla ödəməyə çalışmışdır, şirkətin bu hərəkəti vicdanlı davranış kimi qiymətləndirilməlidir, lakin İddiaçı MMC nəinki ödənilmiş məbləğlər barədə iddia ərizəsində məlumat verməmiş, olmayan borca münasibətdə hesablanmış dəbbə pulunu və əldən çıxmış faydanı tələb etmişdir. Buradan da açıqca görünür ki, İddiaçı MMC əsassız varlanma arzusundadır.

14. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3831/2024 nömrəli qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, Cavabdeh QSC-dən ƏDV daxil 34.310 manat (24.500 manat əsas məbləğ, 9810 manat məbləğində ƏDV), 1700 manat məbləğində dəbbə pulu, cəmi 35.010 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 174 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC -yə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

15. Məhkəmə hazırkı mübahisəyə AR MM-nin 385.1, 442.1, 443, 448, 462.1, 467, 567-ci maddələrini tətbiq etmişdir.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri

16. Cavabdeh MMC Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2- 2(113)-3831/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsini, iddianın 17 500 (on yeddi min beş yüz manat) AZN hissəsində təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən işin halları düzgün, obyektiv və ədalətli surətdə araşdırılmadığı üçün iddiaçının 35 010 manatlıq tələbi əsassız şəkildə təmin olunmuşdur. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində iddia ərizəsi məhkəməyə təqdim olunmuşdur. İddiaçı, ilkin olaraq, əsas borc üzrə 64 310 AZN məbləğində iddia tələbi irəli sürmüşdür. Lakin bizim xx.xx.2024-cü ildə 37 000 AZN vəsaitin ödənilməsi ilə bağlı əlavə etdiyimiz etiraz və dəlilləri görüb, öz yalanından geri çəkilmişdir. 30 000 AZN İddiaçının Direktorunun kart hesabına yollanıldığı üçün İddiaçı MMC məcburi absurd bir bəhanə gətirərək, əslində 30 000 AZN-i biz onlara 64 310 AZN-i tam ödədikdən sonra geri qaytaracaqları səbəbindən qeyd etmədiklərini dedilər. Ancaq madam ki, İddiaçı MMC bu qədər xoşniyyətlidir, o zaman nə üçün 64 310 AZN tələb etsə belə, dəbbə pulu və digər məbləğləri də məhz bu vəsaitə görə hesablamışdır?! Buradan da açıq şəkildə görülür ki, İddiaçı əsassız şəkildə varlanmaq arzusundadır. 7 000 AZN vəsait isə işçilərin və kamera görüntüsünün müşahidəsi altında verilmişdir. Cavabdeh QSC-nin nümayəndəsi məhkəməyə dəlilləri əsaslandıra bilmək üçün vəsatətlə müraciət etmişdir. Lakin kamera görüntüləri maksimum 2 aylıq müddəti yaddaşında saxladığı aşkarlandığı üçün o görüntüləri bərpa etmək mümkün olmadı, ancaq xx.xx.2024-cü il tarixli baxış iclasında pul mələğinin verilməsinin şahidi olan X4 və X3 yalan ifadə verməmək üzrə cinayət məsuliyyəti barədə xabərdar olunub iltizam imzalayaraq bu vəsaitin İddiaçıya verilməsi faktını təsdiq etdilər. Lakin məhkəmə şahid ifadələrinin tam düzgün, obyektiv, qərəzsiz və ədalətli şəkildə qiymətləndirilməsini həyata keçirmədi. Həmçinin məhkəmə şahid ifadələrinə öncədən qiymət verərək ona “maraqlı şəxs”lərin ifadəsi kimi yanaşmış və şahidlərin ifadələri sadəcə formal olaraq həyata keçirilmişdir, bu prosesin formal xarakterli həyata keçirilməsi qətnamədə şahid ifadələrinin qeydində yol verilən yanlışlıqla da özünü göstərir, X2 öz ifadəsində pul məbləği verilən otaqda olduğunu qeyd eləsə də, qətnamədə şahidlərin biləvasitə həmin otaqda olmadıqları qeyd olunmuşdur. Bu baxımdan faktiki borcumuz 34 310 AZN yox, 27 310 AZN (ƏDV daxil) təşkil edirdi. Bundan əlavə, ƏDV məbləği olan 9 810 AZN (doqquz min səkkiz yüz on manat) xx.xx.2024-cü ildə ödənilmişdir. Bu səbəbdən hazırki faktiki borcumuz 17 500 AZN (on yeddi min beş yüz manat) təşkil edir. Dəbbə pulu kimi isə 1 700 AZN-nin tələb olunması qəbul olunmazdır, çünki bu vəsait 34 310 AZN pul məbləğinə nəzərən hesablanmışdır. Lakin Bizim faktiki borcumuz ƏDV məbləği də hesablanandan sonra 17 500 AZN təşkil edir. Eyni zamanda öhdəliyimizi yerinə yetirməmizə səbəb də məhz İddiaçı MMC suiistifadə hərəkətləri olmuşdur. Ona görə də, hesab edirik ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3831/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilərək, İddiaçı MMC-nin Cavabdeh QSC-yə qarşı iddiasının faktiki borca görə 17 500 (on yeddi min beş yüz manat) AZN hissəsində təmin olunmasına dair qətnamə qəbul edilməlidir. Dəbbə pulu isə 34 310 AZN-ə görə yox, 17 500 AZN-ə görə hesablanmalıdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. İddiaçının nümayəndəsi və vəkili Qanuni nümayəndə1 məhkəmə iclasında apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş edir.

19. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş edir.

Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri

22. Qətnamə cavabddeh tərəfindən 16 810 manat məbləğində əsas borcun tutulması və dəbbə pulunun azaldılması hissəsində mübahisələndirildiyindən məhkəmə həmin hissələrdə araşdırma aparır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3831/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı MMC (satıcı) ilə Cavabdeh QSC (alıcı) arasında xx.xx.2023-cü il tarixli, 284/2023 nömrəli alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilə üzrə Vahid-N” MMC tərəfindən ƏDV daxil 145.140 manat dəyərində mallar Cavabdeh QSC-yə təqdim edilmişdir. Lakin Cavabdeh QSC tərəfindən həmin malların dəyəri tam ödənilməmişdir.

25. Apellyasiya şikayətinin dəlilləri kimi faktiki borcun 17 500 manat olduğu, ödənişlərin müəyyən hissəsinin kart vasitəsilə köçürülməsi, müəyyən hissəsini işçilərin yanında nağd verilməsi qeyd edilsə də bu hal ilə bağlı cavabdeh tərəfindən birinci instansiya məhkəməsində sübut təqdim edilməmişdir. Halbuki, AR MPM 77.1-ci maddəsinin tələbinə əsasən sübutetmə yükü tərəflər arasında bölüşdürülməli, hər bir tərəf tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şahid ifadələrinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən şahid ifadələri iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirilir. İş materiallarındakı müqavilə, elektron-qaimələr və digər sübutlar isə cavabdehin iddiaçıya 34.310 manat məbləğində borcunun olduğunu təsdiq edir. Ona görə də məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanıb və əsaslı hesab edilə bilməz.

26. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi işin hallarına uyğundur, apellyasiya şikayətlərində irəli sürülən və formal mülahizələrdən ibarət olan dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.

27. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-3831/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdehin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar