Məhkəmə qərarları › İş №2-2(103)-1082/2025

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1082/2025

18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1082/2025 18.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia tələbinə dair kommersiya mübahisəsi üzrə (Açar sözlər: alqı-satqı müqaviləsi, müqavilənin qiyməti, sübutetmə, iddia müddəti, müqavilənin etibarlılığı) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X2 və Cəfərov Səməd Fəxrəddin oğlundan ibarət tərkibdə, Musayeva Aytac Elşən qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh MMC-nin nümayəndəsi (vəkili) Vəkil2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi (vəkili) tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları

1. İddiaçı MMC (satıcı) ilə Cavabdeh MMC (alıcı) arasında xx.xx.2020-ci il tarixdə 01№-li alqı-satqı müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən, satıcı alıcıya gübrə və pestisid (mal) satmağı, alıcı isə həmin malı qəbul edib müqavilə üzrə razılaşdırılmış qaydada dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər.

2. Həmin müqavilə İddiaçı MMC-nin adından MMC-nin direktoru X4, Cavabdeh MMC-nin adından X3 tərəfindən imzalanmış, hər iki hüquqi şəxsin möhürləri ilə təsdiqlənmişdir.

3. Müqavilənin 2.1-ci bəndində razılaşdırılmışdır ki, müqavilə predmetinin xüsusiyyətləri nəzərə alınaraq (gübrə və pestisid kənd təsərrüfatı sahəsində istifadə olunduğu, mövsümi yığımla, əkinlə və s. ilə əlaqədar satılmış malın dəyərinin ödənişlərinin ləngiməsi halında) malın qiyməti alıcı tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının ödəniş gününə olan ABŞ dollarına münasibətdə məzənnəsi nəzərə alınmaqla həyata keçirilməlidir.

4. Müqavilənin 2.2-ci bəndinə görə, müqavilənin 2.1-ci bəndində elektron qaimə-faktura təqdim edildiyi günlə, malın dəyərinin ödənişinin həyata keçirildiyi gün ABŞ dollarının manata olan məzənnə fərqi nəzərdə tutulur.

5. Müqavilənin 3.1-ci bəndinə görə, satıcının aşağıdakı hüquqları vardır: 3.1.1. Müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə ödənişin həyata keçirilməsini alıcıdan tələb etmək; 3.1.2. Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqlar.

6. Müqavilənin 3.2-ci bəndinə görə, satıcının aşağıdakı vəzifələri vardır: 3.2.1. Malları alıcıdan aldığı sifariş və müqavilənin ayrılmaz hissəsi kimi tərəflərin buna uyğun tərtib etdikləri qiymətlərini, miqdarını və ümumi dəyərini göstərən “Qiymətlərin razılaşdırılması protokolu" əsasında alıcıya satmağı öhdəsinə götürür və buna müvafiq qaydada alıcıya malları müqavilənin 4.1-ci bəndində müəyyən edilmiş müddətdə təhvil verir; 3.2.2. Alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə məhsul vermək; 3.2.3. Alıcıya malları onların daşınması və saxlanması üçün zəruri olan şəkildə qablaşdırmaqla vermək.

7. Müqavilənin 3.3-cü bəndinə əsasən alıcının aşağıdakı hüquqları vardır: 3.3.1. Əgər satıcı satılmış malı alıcıya verməkdən imtina edirsə, müqavilənin icrasından imtina etmək; 3.3.2. Satıcı alqı-satqı müqaviləsini pozaraq, alıcıya müqavilədə müəyyənləşdirildiyindən az miqdarda mal verdikdə, alıcı, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, çatışmayan miqdarda malın verilməsini tələb edə bilər.

8. Müqavilənin 3.4-cü bəndinə əsasən alıcının aşağıdakı vəzifələri vardır: 3.4.1. Malların tələb olunan siyahısını yazılı surətdə satıcıya təqdim etməlidir; 3.4.2. Elektron qaimə-fakturanı aldıqdan sonra malı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (ödəniş zamanı müvafiq valyutaya münasibətdə rəsmi məzənnə nəzərə alınaraq) ödəməlidir; 3.4.3. Bu Müqavilə və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər vəzifələr.

9. Müqavilənin 4.1-ci bəndinə əsasən, satıcı malı müqaviləyə uyğun olaraq alıcı tərəfindən ödəniş həyata keçirildikdən sonra 3 (üç) gün ərzində və yaxud ödənişin həyata keçirilməsi ilə bağlı müqavilədə razılaşdırılmış müddət müəyyən edildikdə alıcıya malı qabaqcadan təhvil verməyi öhdəsinə götürür; 4.2-ci bəndinə əsasən, satıcı malın təhvil verilməsindən əvvəl elektron qaiməfakturanı və digər zəruri sənədləri alıcıya təqdim etməlidir.

10. Müqavilənin 5.1-ci bəndinə görə, alıcı malları 1 (bir) həftə qabaqcadan satıcıya sifariş etməlidir; 5.2-ci bəndinə əsasən, alıcı sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və satıcının təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirir; 5.3-cü bəndinə əsasən, malların qiyməti və dəyəri Azərbaycan manatı (AZN) ilə ifadə olunur; 5.4-cü bəndinə əsasən, alıcı xəbərdar olunduqdan sonra 5 iş günü ərzində məhsulu qəbul etməzsə, satıcı həmin mal üçün məsuliyyət daşımır.

11. Müqavilənin 8.1-ci bəndinə əsasən, bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir.

12. xx.xx.2020-ci il tarixli üzləşmə aktında göstərilmişdir ki, “müştəri və ya onun səlahiyyətli nümayəndəsi pulunu ödəmək şərtilə 267 069 ABŞ dolları (manat ekvivalenti ilə) dəyərində malı İddiaçı MMC-nin nümayəndəsindən qəbul etmiş və dəyərini hazırkı tarixədək ödəməmişdir. Müştəri və onun səlahiyyətli nümayəndəsi 267 069 ABŞ dolları borc məbləğini ... tarixədək və ya akta 1 saylı əlavədə göstərilən müddətlərdə hissələrlə ödəniləcəyini təsdiq edir. Əks təqdirdə qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görüləcəkdir”.

13. Həmin üzləşmə aktını İddiaçı MMC-nin adından X5, Cavabdeh MMC-nin adından isə X3 imzalamış, akt Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuşdur.

14. Üzləşmə aktına xx.xx.2020-ci il tarixli 1 saylı Əlavə ilə, 267 069 ABŞ dolları məbləğində borcun xx.xx.2020-cu il və xx.xx.2021-ci il müddətlərinədək hissələrlə ödənilməsi razılaşdırılmışdır.

15. Həmin Əlavəni İddiaçı MMC-nin adından X5, Cavabdeh MMC-nin adından isə X3 imzalamış, sənəd Cavabdeh MMC-nin möhürü ilə təsdiq olunmuşdur.

16. X5 xx.xx.2020-ci il tarixdə İddiaçı MMC ilə əmək müqaviləsi bağlayaraq satıcı vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2020-ci il tarixdə aqronom vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

17. X3 xx.xx.2004-cü il tarixindən Cavabdeh MMC-də hüquqşünas vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir.

18. İş materiallarına Cavabdeh MMC-yə qeyri-müəyyən satıcı tərəfindən müxtəlif çeşiddə və miqdarda malların satışına dair 2017-2019-cu illəri əhatə edən satış qaimələri əlavə edilmiş, lakin qaimələr nə təhvil verən, nə təhvil alan tərəfindən təsdiq olunmamışdır.

19. Cavabdeh MMC (icarəyə verən) ilə "xxxx" MMC (icarəçi) arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanmış, müqaviləyə əsasən icarəyəverən, daimi istifadəsində olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisindəki 35,80 ha torpaq sahəsi üzərində inşa etdirdiyi və mülkiyyəti hesab olunan 14 ha istixananı bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə 5 il müddətinə icarəçinin istifadəsinə verməyi, icarəçi isə həmin obyekti qəbul edib ondan istifadə etməklə orada kənd təsərrüfatı məhsulları istehsal edib satmağı və icarəyə verənə əmlakdan istifadəyə görə razılaşdırılmış icarə haqqı ödəməyi öhdələrinə götürmüşlər.

20. İddiaçı MMC xx.xx.2023-cü il tarixdə mediasiyanın tətbiqi barədə təklif göndərmiş, xx.xx.2023-cü il tarixdə İMS üçün ərizə vermiş və 405 manat mediasiya xərcini ödəmiş, xx.xx.2023-cü il tarixdə Lənkəran 1 saylı Mediasiya Təşkilatı tərəfindən Cavabdeh MMC-nin İMSdə iştirak etməməsi ilə bağlı müvafiq arayış verilmişdir.

Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı

21. İddiaçı MMC (iddiaçı) Cavabdeh MMC-nə (cavabdeh) qarşı iddia ərizəsi ilə xx.xx.2024-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehlə arasında bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən yaranmış 267 069 (iki yüz altmış yeddi min altmış doqquz) ABŞ dolları məbləğində borcun cavabdehdən alınıb xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında Baki şəhərində bağlanılmış 24 oktyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən cavabdehə ümumi dəyəri 267 069 (iki yüz altmış yeddi min altmış doqquz) dollar olan gübrə və pestisid satmış, lakin cavabdeh tərəfindən satılmış malın dəyəri ödənilməmiş, dəfələrlə yazılı və şifahi müraciətlər olunmasına baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini könüllü yerinə yetirməkdən yayınmışdır. Aralarında bağlanmış 24 oktyabr 2020-cu il tarixli üzləşmə aktı ilə cavabdeh sifariş olunan malın dəyərini sifariş təsdiq edildikdən və İddiaçı MMC-nin təqdim etdiyi elektron qaimə-fakturanı aldıqdan sonra həyata keçirməli idi. Cavabdehlə mübahisənin məhkəməyədək həll olunması üçün mediasiya proseduruna tərəfindən əməl olunmaqla Mediasiya Şurasına müraciət edilmiş, mediasiya prosesi Lənkəran 1 saylı Mediasiya Təşkilatının “prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2023-ci il tarixli MŞL/MT014/2023-00179 saylı arayışı ilə rəsmiləşdirilmişdir.

23. Şirvan Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadına əsasən işin baxılması üçün Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsi qərara alınmışdır.

24. Cavabdehin nümayəndəsi iddia ərizəsinə qarşı yazılı etiraz təqdim etmiş, etirazında aşağıdakıları göstərmişdir: “İddiaçının irəli sürdüyü iddia tələbi həqiqəti əks etdirmir. Belə ki, 267 069 $ (iki yüz altmış yeddi min altmış doqquz dollar) pul vəsaitini müqavilə cavabdeh tərəfindən imzalanmadığından, bu qədər məbləğin də onun tərəfindən ödənilməsi absurddur. Həmçinin Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2019-cu il tarixində icarə müqaviləsi bağlanılmış, həmin icarə müqaviləsinin şərtlərinə uyğun olaraq Cavabdeh MMC-nə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixana bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə icarəyə verilmişdir. Sözügedən icarə müqaviləsi 5 illik müddətinə, yəni xx.xx.2024-cü il tarixinədək bağlanılmışdır. xx.xx.2019-cu il tarixli icarə müqaviləsinin şərtlərinə uyğun olaraq, "xxxx" MMC üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən, icarə müqaviləsi xx.xx.2023-cü il tarixindən birtərəfli qaydada ləğv edilmişdir. İddia ərizəsinə əlavə edilmiş materiallardakı xx.xx.2020-ci il tarixli 01 №-li alqı-satqı müqaviləsinin bir tərəfdən Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən qeydə alınmış və Nizamnamə əsasında fəaliyyət göstərən İddiaçı MMC, direktor X4 şəxsində ("Satıcı”) və digər tərəfdən "Alıcı” şəxsində hüquqi şəxs "CƏNUB” MMC ilə bağlandığı göstərilmişdir. xx.xx.2020-ci tarixdə müqavilə bağlanan zaman "CƏNUB” MMC-nin rəhbərinin ölkədə olmamasından istifadə olunaraq müqaviləni xx.xx.2004xx.xx.2019-cu illərdə "CƏNUB” MMC-də hüquqşünas vəzifəsində çalışmış, bu cür müqaviləyə imza etmək səlahiyyəti olmayan X3 imzalamışdır. Müqavilə Cavabdeh MMC-nin möhüründən istifadə edilərək möhürlənmiş, onun bütün səhifələri "CƏNUB” MMC adından müqavilə imzalamağa səlahiyyəti olmayan X3 tərəfindən imzalanmışdır. Həmçinin, sözügedən alqı-satqı müqaviləsi bağlandığı zaman Cavabdeh MMC-ə məxsus olan Abşeron rayonu, Hövsan Südçülük sovxozunun ərazisində yerləşən 35,80 ha torpaq sahəsi üzərində inşa edilmiş və mülkiyyətində olan 14 ha istixana bütün avadanlıq, qurğu və digər infrastrukturları ilə birlikdə "Aqrosell Şitil” MMC-nə icarəyə verilmişdir. Bundan başqa xx.xx.2019-cu il tarixdə "CƏNUB” MMC ilə müqaviləsinə xitam verilmiş X3 "Aqrosell Şitil” MMC-də çalışmağa başlamışdır.Həmin istixana onların istifadəsində deyil, "Aqrosell Şitil” MMC-nin istifadəsində olmuşdur, həmçinin gübrə və pestisidlər də oraya göndərilmişdir. Sadəcə pul yeyintisinə görə və "CƏNUB” MMC-nə ziyan vurmaq məqsədilə bu müqavilə onların adından bağlanılmışdır. Faktiki olaraq həmin dövrdə "CƏNUB” MMC fəaliyyət göstərməmişdir. xx.xx.2020-ci il tarixli üzləşmə aktına nəzərə salsaq görərik ki, "xxxx" MMC-nin adından təmsilçi olaraq X5 imza etmiş (səlahiyyətli olması məlum deyil) və imza etmək səlahiyyəti olmayan X3 arasında bağlanılaraq müştərinin obyekti, təsis sənədləri barədə məlumatda S. Fətəliyevin sadəcə olaraq şəxsiyyət vəsiqəsinin təqdim edildiyi göstərilmişdir. Yəni onun imza etmək səlahiyyətinin təsdiq edən hər hansı bir hüquqmüəyyən edici sənəd əlavə edilməmişdir. Bilindiyi kimi, müqavilə üzrə satıcı alıcıya mallar göndərdikdə (işlər gördükdə, xidmətlər göstərdikdə) onların ödənilməsi üçün hesab-faktura göndərir, bundan sonra üzləşmə aktı və təhvil təslim aktı əlavə edilir. İş materiallarına nəzər salsaq görərik ki, sözü gedən üzləşmə aktına sənədlərin heç biri əlavə edilməmişdir. Həmçinin gübrə və pestisidin Cavabdeh MMC tərəfindən alınmasına dair təhvil-təslim aktı da yoxdur. Beləliklə sözügedən müqavilənin görüntü üçün bağlandığı göz önündədir. Sözügedən alqı-satqı müqaviləsinin 8.2-ci maddəsinə əsasən, həmin müqavilə 1 (bir) il ərzində qüvvədədir. Həmçinin xx.xx.2020-ci il tarixli Üzləşmə aktına 1 saylı Əlavədə borc məbləğinin sonuncu ödəmə tarixi xx.xx.2021-ci ildir. Qeyd edilən tarixdən indiyə kimi bir neçə il keçmiş və qarşı tərəfdən onlara heç bir şikayət və ya pretenziya daxil olmamışdır. Əgər borcları var idisə niyə bu günədək onlara bir dəfə də olsun borcun ödənilməsinə dair məhkəmədən kənar hər hansı bir hərəkət olunmamışdır? Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 aprel 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi əqdin etibarlılığını müəyyən etməkdir. Əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir. Belə ki, "CƏNUB” MMCnin hüquqşünası olmuş (həmin vaxt müqaviləsi xitam olunmuş) X1 imzaladığı müqavilə uydurma əqddir, əhəmiyyətsizdir. Sadəcə olaraq görünüş üçün bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Alqısatqı müqaviləsi xx.xx.2020-ci ildə bağlanılıb, xx.xx.2021-ci il tarixdə isə qüvvədən düşmüşdür. Belə ki, müddət ötürülmüşdür, belə olduğu təqdirdə "GBR Trade” MMC-nin Cavabdeh MMC-nə qarşı belə bir iddia tələbini irəli sürməsi yol verilməzdir. Bundan başqa qeyd edim ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə görə əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Lakin mülki iş materiallarına diqqət yetirsək görərik ki, iddiaçı "GBR Trade” MMC tərəfindən bizim Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindəki elektron kabinetimizə pretenziya məktubu göndərilməmişdir. Məhz bu səbəblərdən iddiaçı "GBR Trade” MMC tərəfindən irəli sürülmüş iddia tələbi tamamilə əsassızdır və qanun çərçivəsində yolverilməzdir”.

25. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək həmçinin bildirmişdir ki, mallara dair ayrıca qiymət razılaşma protokolu olmamış, satış qaimələri təqdim edilmişdir. Tələb olunan pul məbləği 2017, 2018, 2019-cu illərdə cavabdehə verilən mallara görə yaranmış borc məbləğidir və yığılan borclardan sonra sənədləşmənin olması üçün tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və üzləşmə aktı hazırlanmışdır. Müqavilə bağlandıqdan sonra hər-hansısa bir mal cavabdehə satılmamışdır, mallar əvvəl verilmiş, sonra müqavilə bağlanılmışdır. Rəhbərliklər arasında münasibətlər olduğu üçün bu illər ərzində borc məbləği şifahi tələb edilmiş, 2024-cü ildə isə Şirvan Kommersiya Məhkəməsində iddia qaldırılmış, orada da müəyyən edilmişdir ki, Cavabdeh MMC adında iki fərqli VÖEN-ni olan şirkət var, iddia verilən zaman başqa "Cənub” MMC-nin VÖEN-ni göstərilmişdir. Bu hallar müəyyən edildikdən sonra əsl cavabdehin qeydiyyatda olduğu ünvan üzrə iş Bakı Kommersiya Məhkəməsinə göndərilmişdir.

26. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunmasını xahiş etmiş, həmçinin bildirmişdir ki, “...təqdim edilən müqavilə öhdəlikləri vardır. 2020-ci ilin müqaviləsində Samir müəllimin imzası vardır, Fətəliyev Sabirin isə müqaviləni imzalamaq səlahiyyəti olmamaqla yanaşı, cavabdehin səlahiyyətli nümayəndəsi olmamış, qeyd edilən tarixdə Cavabdeh MMC-də işləməmişdir. Məsələ ilə bağlı qətnamə sistemə əlavə edilmişdir. Qeyd edilən dövrdə cavabdehə məxsus istixana 2017ci ildən başqa MMC-yə məxsus olmuşdur. Fətəliyev Sabir iddiaçı ilə əlbir olaraq müqaviləni imzalamışdır, aktda isə hansı hərəkətlərin görülməsi öz əksini tapmamışdır. Burada müqavilənin etibarlılığı öz əksini tapmır. Təqdim edilən qaimələr arasında isə 2020-ci ilə təsadüf edən qaimə yoxdur. Bütün qaimələr 2017-ci ilə aiddir. Bu müddət ərzində heç bir pretenziya göndərilməmişdir. İddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş edir. Fətəliyev Sabir 2017-ci ildə işdən çıxarılmış, malın təqdim edilməsi isə öz əksini tapmamışdır. 267 000 dolların yaranması zamanı gübrənin alışı-satışı köçürməsi öz əksini tapmır. İddia üç əsasla rədd edilməlidir. İlkin olaraq, bağlanmış müqavilənin etibarsız olması ilə rədd edilməlidir. İkinci olaraq, iddia müddətinin tətbiqi hissəsində və son olaraq tələb edilən məbləğin sübuta yetirilməməsi hissəsində iddia rədd edilməlidir. Bağlanan müqavilə dövründə cavabdehin fəaliyyəti olmamışdır. Bu cavabdehin nüfuzuna qarşı törədilmiş bir əməldir”.

27. Birinci instansiya məhkəməsinin 23 iyul 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.

28. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır: 28.1. İddiaçı iddia edir ki, cavabdehə 2017-2019-cü illər dörvündə gübrə və pestisidlər satmış, daha sonra isə həmin malların satışını rəsmiləşdirmək üçün 2020-ci ildə tərəflər arasında alqı-satqı müqaviləsi və üzləşmə aktı imzalanmışdır. Cavabdeh isə bildirir ki, əvvəllər tərəflər arasında münasibətlər olsa da, cavabdehin iddiaçıya hər-hansı borcu mövcüd deyil. Müqavilənin, üzləşmə aktının etibarlılığını belə mübahisələndirərək, 3 əsas üzrə iddia tələbinin rədd edilməsini xahiş edir: ilkin olaraq, bağlanmış müqavilənin etibarsız olması, ikincisi, iddia müddəti ötürüldüyü üçün iddia müddətini tətbiq etməklə və son olaraq tələb edilən məbləğin sübuta yetirilməməsi. 28.2. İddiaçının nümayəndəsinin məhkəməyə verdiyi izahatından müəyyən edilir ki, 267 069 ABŞ dolları məbləğində pul vəsaiti 2017-2019-cü illər ərzində cavabdehə verilən mallara görə tələb edilir. Sonradan sadəcə borcun mövcüdluğunu rəsmiləşdirmək üçün xx.xx.2020-ci il tarixində müqavilə bağlanılıb və üzləşmə aktı imzalanıb. Cavabdeh tərəf isə iddiaya qəti etiraz edərək bildirir ki, əvvəlki illərdə iddiaçı ilə cavabdeh arasında alqısatqı əməkdaşlığı olsa da, cavabdeh aldığı bütün malların dəyərini ödəyib, iddiaçıya hər-hansı borcu qalmayıb. İddiaçı tərəfindən təqdim olunan 2017-2019-cü illəri əhatə edən "satış qaiməsi” adlı sənədləri isə qəbul etmir, çünki həmin sənədlərdə heç bir tərəfin nə imzası, nə möhürü yoxdur. 2017-2019-cü illər ərzində iddiaçı tərəfindən cavabdehə malların təhvil verilməsi iş materialları ilə müəyyən edilmir. 28.3. Məhkəmə cavabdehin nümayəndəsinin bu arqumenti ilə razılaşaraq qeyd edir ki, alqısatqı münasibətləri üzrə satıcının ən mühüm öhdəliyi malların alıcıya təhvil verilməsidir. İddiaçının nümayəndəsi bildirsə də ki, borc məbləği cavabdehə 2017- 2019-cü illər ərzində təhvil verilmiş mallara görədir, lakin həmin dövrdə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsi, alıcının mallara dair sifarişi, tərəflər arasında həmin mallara dair qiymət razılaşma protokolu, malların təhvil-təsliminə dair sənədlər iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İmzasız və möhürsüz olan "satış qaiməsi” adlı sənədləri məhkəmə hazırkı iddianın təmin edilməsi üçün sübut qismində giymətləndirə bilməz. Beləliklə, iddiaçı tərəfindən cavabdehə tələb olunan məbləğ dəyərində malların satılması iş materialları ilə müəyyən edilmir. 28.4. İddiaçının digər arqumentinə (sonradan borcun mövcüdluğunu rəsmiləşdirmək üçün xx.xx.2020-ci il tarixində tərəflər arasında müqavilə bağlanılması və üzləşmə aktı imzalanması) dair məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilən xx.xx.2020-ci il tarixli müqavilənin 8.1-ci bəndinə əsasən bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir. Beləliklə həmin müqavilə ilə müəyyən edilir ki, tərəflər arasında əvvəllər hər-hansı alqısatqı müqaviləsi mövcüd olmuş olsaydı belə, 2020-ci ildən bağlanan müqavilədən sonra, əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirir. Mülki Məcəllənin 399.2-ci maddəsinə əsasən tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Göründüyü kimi, tərəflər arasında bağlanmış 2020-ci il tarixli müqavilədə MM-nin 399.2-ci maddəsində nəzərdə tutulan hal öz əksini tapmır, əksinə tərəflər müəyyən ediblər ki, 2020-ci il müqavilə ilə əvvəlki münasibətlər öz qüvvəsini itirir. 28.5. Yuxarıda qeyd edilənləri ümumiləşdirərək məhkəmə qeyd edir ki, birincisi, 2017- 2019cü illər ərzində cavabdehə hər-hansı malın təhvil verilməsi/satılması iş materialları ilə müəyyən edilmədiyi, mötəbər və təkzibolunmaz sübutlar ilə təsdiq edilmədiyi üçün, ikincisi, sonradan tərəflər arasında imzalanmış 2020-ci il tarixli müqavilədə həmin müqavilənin tərəflər arasında (ehtimal olunan) əvvəllər mövcüd olan 267 069 ABŞ dollarlıq alqı-satqı münasibətlərinə də tətbiq edilməsi şərti müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilə bilməz. 28.6. Tərəflər arasında imzalanmış xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinə və üzləşmə aktına gəldikdə isə məhkəmə qeyd edir ki, birincisi, üzləşmə aktında 267 069 ABŞ dollarlıq borcun mallara görə mövcüdluğu əks olunsa da, hansı satılmış mallara (adı, çəkisi, giyməti və s.) görə yaranması müəyyən edilmir (nə müqavilədən, nə aktdan), nə də ki, aktda həmin borcun 2017-2019-cü illər ərzində satılmış mallara görə yaranması öz əksini tapmır. İkincisi, iddiaçının nümayəndəsi özü etiraf edir ki, 2020-ci il tarixli müqavilə və üzləşmə aktı imzalandıqdan sonra hər-hansı mal cavabdehə satılmamışdır. Beləliklə, nə imzasız/möhürsüz 2017-2019-cü il tarixli satış fakturaları əsasında, nə də ki, 2020-ci il tarixində imzalanmış müqavilə və üzləşmə aktına əsasən verilməmiş mallara görə 267 069 ABŞ dolları məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını məhkəmə tamamilə əsassız və qanunsuz hesab edir. 28.7. Digər tərəfdən, məhkəmə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəyə də fikir bildirməyi zəruri hesab edir. İş materialları əsasında müəyyən edildi ki, iddiaçının cavabdehə satmadığı/təhvil vermədiyi mallara görə borc məbləğinin tələb edilməsi üçün hər hansı əsası mövcüd deyil. Lakin hətta zənn edilsə də belə ki, iddiaçı həqiqətən də bildirdiyi kimi 2017-2019-cü illər ərzində cavabdehə mallar satmış, yenə də iddia ərizəsi təmin edilə bilməzdi. Belə ki, iddiaçı tərəfin izahatına əsasən borc məbləği üzrə sonuncu verilən mal 2019-cü ilə təsadüf edir (2020-ci ildə hər-hansı malın cavabdehə satılmaması/təhvil verilməməsi işin mübahisəsiz halıdır), iddia ərizəsi ilə isə ilk öncə Şirvan Kommersiya Məhkəməsinə xx.xx.2024-cü il tarixində müraciət edilmişdir (iddia müddəti ən geci dekabr 2022-ci il tarixində bitmişdir). 28.8. Beləliklə, malların 2017-2019-cü illər ərzində cavabdehə satılması öz təsdiqini tapmış olsaydı belə, iddiaçı MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır. 28.9. Beləliklə məhkəmə hesab edir ki, iddia, iddiaçının nümayəndəsinin məhkəməyə təqdim etdiyi istənilən əsaslandırmasından baxıldıqda əsassızdır və rədd edilməlidir. Məhkəmə, prosessual qənayət prinsipi baxımından, cavabdehin iddiaya dair bildirdiyi digər etiraz arqumentlərinə hüquqi qiymətləndirmə aparılmasını zəruri hesab etmir.

29. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 372.1-ci, 372.2ci, 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.1-ci, 377.3-cü, 378-ci, 385.1-ci, 389.1-ci, 390.1-ci, 399.1-ci, 399.1-ci, 399.2-ci, 567-ci, 568.1-ci, 570.1-ci, 570.2-ci, 579.1-ci maddələrinə istinad etmişdir.

30. Həmin qətnamədən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla məhkəmənin, gəldiyi nəticə üçün mühim əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədiyini, sübutlara düzgün qiymət vermədiyini irəli sürmüşdür. Şikayətdə həmçinin aşağıdakılar göstərilmişdir: “Tərəflər arasında olan münasibətə Mülki Məcəllənin 531.1-ci maddəsin tələbləri tətbiq edilməli idi. Belə ki, tərəflər arasında alqı-satqı münasibəti yaranır. Tərəflər 24 oktyabr 2020-ci il tarixdə 2017-2019-cu illər ərzində baş vermiş alqı-satqını ümumiləşdirir və bir borc altında birləşdirərək yeni bir müqavilə ilə malın verilməsini, pulun hansı müddətdə ödənilməli olduğunu nəzərdə tutublar. Belə ki həmin maddənin tələbinə görə, novasiya ilə - tərəflər əvvəlki öhdəliyi ləğv edib, onun yerinə yeni öhdəlik yaradır, əvvəlki öhdəlik artıq qüvvədən düşür, yalnız yeni razılaşma qüvvədə qalır. Bəlli olduğu kimi novasiya eyni şəxslər arasında mümkündür, yəni öhdəlikdə iştirak edən borclu və kreditor dəyişmir, sadəcə öhdəliyin predmeti (məsələn, pul əvəzinə mal vermək) və ya icra üsulu (məsələn, nağd pul əvəzinə köçürmə yolu ilə ödəmə) dəyişir. Həmin maddənin tələblərinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Cavabdehlə bağlanmış 24 oktyabr 2020-ci il tarixli müqavilə ilə tərəflər 2017-2019-cu illər ərzində verilmiş mallara dair alqı-satqı müqaviləsi bağlayıblar. Mülki qanunvericilikdə bu müqavilənin şərtlərini qadağan edən hər hansı bir müddəa yoxdur. Onlar da bu hüquqdan istifadə edərək müqaviləni bağlayıblar. İddia müddətinin keçməməsini, malların verilməsini, borcun cavabdeh tərəfindən təsdiq edilməsini kifayət qədər aydın göstərən sübutlar təqdim etmişik. Amma hakim nədənsə bu təqdim etdiyimiz sənədləri araşdırmaq istəməmiş və görməzdən gəlmişdir. Birinci instansiya məhkəməsinin hakimi iddia müddətinin başlanması anını nədənsə 2017 və ya 2019-cu illərdən götürür. Amma təqdim etdiyimiz aktların və müqavilənin 24 oktyabr 2020-ci il tarixdə imzalanmasını, 01 dekabr 2021-ci il tarixədək borcun ödənilməsi barədə tərəflərin razılaşmasını, məhz 01 dekabr 2021-ci ildən iddiaçının iddia qaldırmaq hüququnun yaranmasını, mediasiya təklifinin 19 yanvar 2023-cü il tarixdə göndərildiyini, 27 fevral 2023-cü il tarixdə tərəflər arasında mediaiya prosesinin keçirilməsini araşdırmaq və görmək belə istəmir. AR Mülki Məcəlləsinin 373.2-ci maddəsində də qeyd edilir ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Yəni 01 dekabr 2021-ci il tarixdən 3 il müddəti hesablamaq elə də çətin bir iş deyil. Amma hakimin 03 sentyabr 2024-cü il tarixi əsas götürməsi anlaşılmaz olaraq qalır. Ümumiyyətlə hazrki işə iddia müddəti tətbiq edilə bilməz, çünki iddia müddəti keçməyib. Birinci instansiya məhkəməsinin hakimi iddianın rədd edilməsini onunla əsaslandırır ki, iddiaçı tərəfindən 2017- 2019-cu illəri əhatə edən satış qaimələri imzasız və möhürsüzdür. İmzasız və möhürsüz satış qaimələri təqdim edilə bilməz. Amma bu birbaşa hakimin sübutlara qərəzli yanaşması, imzalı və möhürlü aktları, müqaviləni yox, məhz bu satış qaimələrini əsas götürməsi adamda təəssüf hissi yaradır. İlk öncə bildiririk ki, cavabdehə qarşı mediasiya prosesinə dəvət üçün təklif 19 yanvar 2023-cü il tarixdə göndərilib. 27 fevral 2023-cü il tarixdə mediasiya prosesi keçirilib və 01 iyun 2023-cü il tarixdə Şirvan Kommersiya Məhkəməsinə müraciət edilib. Şirvan Kommersiya Məhkəməsi prosessual pozuntuları əsas gətirərək 3 dəfə iddiamızı geri qaytarıb. İki dəfə Şirvan Kommersiya Məhkəməsinin hazırki iş üzrə qərardadından apelyasiya şikayəti vermişik. İddia verərərkən heç vaxt imzasız və möhürsüz satış qaimələrin təqdim etməmişik. Həmin sənədlərin təqdim edilməsinə əsas məhkəmə prosesi zamanı hansı növ mallar verilib və hansı maldan nə qədər verilib sualına hakimə təqdim etmək məqsədi ilə edilib. Məhz sonradan təqdim edilmiş satış qaimələri imzasızdır deyə iddianın rədd edilməsi anlaşılmazdır. Bu qaimələri təqdim etməyə də bilərdik. Çünki tərəflər 24 oktyabr 2020-ci il tarixdə aralarında olan borcu müəyyən etmək məqsədi ilə müqavilə, malların verilməsini təsdiq edən AKT imzalayıblar və cavabdehin nə qədər borcu olmasını təsdiq edən hər iki tərəfin imzası, möhürü ilə təsdiq edilmiş Üzləşmə AKT-na Əlavə var. Bu üç sənəd malların verilməsini də, cavabdeh tərəfindən nə qədər borcun ödənilməli olmasını da sübut edir. Hesab edirik ki, məhkəmə təqdim etdiyimiz və hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmiş müqavilə və aktları qəbul etməyib, sadəcə hansı gübrədən nə qədər verilməsini göstərmək üçün təqdim etdiyimiz satış qaimələrini əsas tutaraq səhv nəticəyə gəlib. Birinci instansiya məhkəməsinin gəldiyi səhv nəticələrdən biri də ondan ibarətdir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.1-ci bəndinə əsaslanıb. Belə ki, həmin müqavilənin 8-ci bəndinə görə bu müqavilə imzalandıqdan və təsdiq edildikdən sonra tərəflər arasında bağlanan əvvəlki müqavilə öz hüquqi qüvvəsini itirir. Məhkəmənin mövqeyinə görə əvvəllər alqı-satqı müqaviləsi olmuş olsaydı belə, yenə əvvəlki müqavilələr öz hüquqi qüvvəsini itirmiş olacaqdı. Bir daha bildiririk ki, tərəflər arasında şifahi olaraq alqı-satqı müqavilələri bağlanıb, mallar verilib və tərəflər aralarında olan haqq-hesabı edərkən ümumi borcun bağlanması barədə razılığa gəliblər və həmin maddə ilə də aydın olur ki, bundan sonra əvvəl, yəni ayrı-ayrılıqda olan, 2017-2019-cu illər ərzində bağlanan müqavilələrə görə pul tələb olunmayacaq. Birdəfəlik 24 oktyabr 2020-ci il tarixdə bağlanmış müqvilələrə görə pul tələb ediləcək. Həmin maddə birbaşa olaraq göstərir ki, əvvələr yaranmış alqı-satqını qəbul edir, yaranmış borcu cavabdeh qəbul edir və bu müqavilə ilə əvvəl yaranan borcları yeni bir müqavilə ilə əvəzləyilər. Və ən maraqlısı da odur ki, qətnamədə hakim həmin şərti Mülki Məcəllənin 399.2-ci bəndi ilə əsaslandırmaqla iddianın rədd edilməsi üçün hüquqi əsas kimi istifadə edib. Həmin maddədə qeyd edilir ki, tərəflər müəyyənləşdirə bilərlər ki, bağladıqları müqavilənin şərtləri onların müqavilə bağlanana qədər yaranmış münasibətlərinə də tətbiq edilir. Tərəflər də bu şərtin tələbini yerinə yetirərək xx.xx.2020-ci ilə qədər yaranmış münasibətlərə müqavilənin şərtlərini tərtib ediblər. Qətnamənin 56-cı bəndində qeyd edilir ki, daha doğrusu məhkəmə səhv nəticəyə gələrək bildirir ki, birincisi, 2017- 2019-cü illər ərzində cavabdehə hərhansı malın təhvil verilməsi/satılması iş materialları ilə müəyyən edilmədiyi, möhtəbər və təqzibolunmaz sübutlar ilə təsdiq edilmədiyi üçün, ikincisi, sonradan tərəflər arasında imzalanmış 2020-ci il tarixli müqavilədə həmin müqavilənin tərəflər arasında (ehtimal olunan) əvvəllər mövcüd olan 267 069 ABŞ dollarlıq alqı-satqı münasibətlərinə də tətbiq edilməsi şərti müəyyən edilmədiyi üçün iddia tələbi təmin edilə bilməz. Hətta qarşı tərəfin möhürü və imzası ilə təsdiq edilmiş sübutlarla malların verilməsi sübut edilsə də, imzalı və möhürlü sübutları, aktları, müqavilələri nəzərə almır hakim. 2017-2019-cu illərdə verdiyimiz mallar 24 oktyabr 2020-ci il tarixli akt ilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilib”.

Apellyasiya şikayətinə qarşı etiraz

31. Cavabdehin nümayəndəsi (vəkili) tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilmiş, iddia ərizəsinə qarşı verilən etirazla bənzər məzmunda olan həmin etirazda apellyasiya şikayətinin əsassız olduğu irəli sürülmüşdür. Apellyasiya baxışı, izahatlar

32. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) apellyasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdehin nümayəndəsi (vəkili) isə apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verməklə şikayətin əsassız olduğunu bildirmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

34. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

35. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.

36. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

37. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir.

38. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

39. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

40. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

41. Maddə 339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər.

42. Maddə 339.2. Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin.

43. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir.

44. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

45. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

46. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

47. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

48. Maddə 390.2. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.

49. Maddə 398.1. Müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir.

50. Maddə 398.2. Müqavilə bağlandıqdan sonra qiymətin dəyişdirilməsinə müqavilədə və ya bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yol verilir.

51. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

52. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

53. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.

54. Maddə 404.3. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır.

55. Maddə 404.4. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir.

56. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

57. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

58. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

59. Maddə 448.3. Borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşıyır.

60. Maddə 456. Borclunun öhdəliyini icra etmək üçün onun işçilərinin yerinə yetirdikləri hərəkətlər borclunun hərəkətləri sayılır. Əgər həmin hərəkətlər öhdəliyin icra edilməməsinə və lazımınca icra edilməməsinə səbəb olmuşsa, borclu bu hərəkətlər üçün məsuliyyət daşıyır.

61. Maddə 531.1. Öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi haqqında tərəflərin razılaşması ilə xitam verilir.

62. Maddə 531.3. Əgər ayrı qayda nəzərdə tutulmayıbsa, novasiya ilkin öhdəliklə bağlı olan əlavə öhdəliklərə xitam verir.

63. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

64. Maddə 598.1. Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

65. Maddə 600.1. Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

66. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

67. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

68. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

69. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

71. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.

72. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya baxışının həddi

73. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).

74. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi

75. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

76. Beləliklə, mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

77. Bu zaman həm də nəzərə alınmalıdır ki, mülki mühakimə icraatında hakimin işinə yarayan, yəni yekun qərarın çıxarılmasını asanlaşdıran bir qayda var – iddiaçının dediklərinə əsasən iddia təmin olunan deyilsə, qarşı tərəfin etirazları ilə bağlı araşdırma aparmadan mübahisəni bitirmək olar.

78. Qeyd olunmalıdır ki, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir və məhkəmənin vəzifəsi iddiaçının bildirdiyi faktiki halların iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Başqa sözlə, mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” (“məhkəmə hüququ bilir”) prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşısa da, o, iddiaçının bildirdiyi (iddiasını əsaslandırdığı) faktlarla bağlıdır və qərarını iddianın faktiki tərkibi adlanan faktların məcmusuna istinadən qəbul edir.

79. Tərəflər hüquq və öhdəliklərini mülki qanunvericiliyə müvafiq olaraq müqavilə ilə razılaşdırdıqları halda məhkəmələr yaranmış mübahisəni həmin müqavilə şərtləri çərçivəsində həll etməli, tərəflərin müqavilə üzrə öhdəliklərini icra edib-etməmələrini hərtərəfli araşdırmalı, eləcə də hansı tərəfin öhdəliyin icra edilməməsi üçün məsuliyyət daşımalı olduğunu dəqiqliklə müəyyən etməlidir (Konstitusiya Məhkəməsinin Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyun 2018-ci il tarixli Qərarı).

80. Bununla yanaşı nəzərə alınmalıdır ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir” (Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarı).

81. Mülki Məcəllədə əqdə verilmiş anlayışdan (§ 35) görünür ki, əqdin əmələ gəlməsi/bağlanmasının 2 əsas qurucu ünsürü vardır: iradə ifadəsi və iradənin yönəldiyi hüquqi nəticə (mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı). Əqdin qurucu ünsürlərinin tamam olmaması halında, həmin əqdin varlıq qazanması və hüquq münasibətinin qurulması qeyri-mümkündür; ortada hər hansı əqd mövcud deyildir. Mövcud olmama əqdin (müqavilənin) bağlanması ilə bağlı bir anlayışdır. Qurucu ünsürləri ehtiva etməyən bir müqavilə bağlana, meydana gələ bilməz. Bu mənada, əgər bir əqdin qurucu ünsürlərində əksiklik varsa, əqd mövcud deyil/bağlanmayıb; əgər qurucu ünsürlər tam olsa da, əqdin etibarlı hüquqi nəticə doğurması üçün tələb olunan şərtlər və ya ünsürlərdə əksiklik varsa, onda əqd etibarsızdır.

82. Hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir.

83. Mülki Məcəllənin əqdlərin etibarsızlığı anlayışı və onun nəticələrini müəyyən edən 337ci maddəsində (§ 36-39) əqdlərin etibarsızlığı hallarının iki növü göstərilmişdir: bunlar mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlərdir.

84. İddiaçının bilavasitə özünün bildirdiklərinə əsasən kollegiya hesab edir ki, ilk növbədə onun istinad etdiyi xx.xx.2020-ci il tarixli müqavilənin başqa əqdi pərdələmək (yalan əqd) üçün bağlanıb-bağlanmadığı müzakirə olunmalıdır; belə ki, iddiaçının nümayəndəsinin izahatına görə, tələb olunan pul məbləği 2017, 2018, 2019-cu illərdə cavabdehə verilən mallara görə yaranmış borc məbləğidir və yığılan borclardan sonra sənədləşmənin olması üçün tərəflər arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi və üzləşmə aktı hazırlanmış, müqavilə bağlandıqdan sonra cavabdehə hər-hansı mal satılmamışdır.

85. Hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) olabiləcəyi kimi, istəmədən də ola bilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir (§ 43, 44). Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin ümumiyyətlə hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönündə sövdələşirlər.

86. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

87. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

88. Tərəflərin nümayəndələrinin izahatlarından aydın olur ki, iddiaçı ilə cavabdeh arasında bağlandığı bildirilən xx.xx.2020-ci il tarixli müqavilə alqı-satqı münasibətini rəsmiləşdirmək üçün bağlanmamışdır.

89. Belə ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır; xx.xx.2020-ci il tarixli müqavilə üzrə isə cavabdehə hər hansı mal satılmayaraq, 2017, 2018, 2019-cu illərdə cavabdehə verilən mallara görə yarandığı irəli sürülən borcun mövcudluğunun etirafı rəsmiləşdirilmişdir.

90. Başqa sözlə, müqaviləni imzalayan şəxslər, əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən başqa bir hüquqi prosedur həyata keçirmiş, mövcud borcun etirafı ilə bağlı razılaşmalarını alqı-satqı müqaviləsi ilə pərdələmişlər.

91. Buna görə də kollegiya hesab edir ki, xx.xx.2020-ci il tarixli müqaviləni etibarlı alqı-satqı müqaviləsi kimi qəbul etmək mümkün deyildir.

92. Nəzərə alınmalıdır ki, əqdin etibarlı olması (arzu olunan hüquqi nəticəni yaratması) üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: əqdin subyekt tərkibinə, əqdin məzmununa, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə və əqdin formasına dair şərtlər. Hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun T. Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarı).

93. Kollegiya bir daha vurğulayır ki, alqı-satqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edib qiymətini satıcıya ödəyəcəyi haqqında əqddir; hər hansı başqa əqdi, yaxud münasibəti pərdələmək məqsədilə bağlandıqda isə belə müqaviləni etibarlı hesab etmək qanunvericinin iradəsinə uyğun hesab oluna bilməz.

94. Digər tərəfdən qeyd olunmalıdır ki, xx.xx.2020-ci il tarixli müqaviləni Cavabdeh MMCnin adından həmin MMC ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş olan X3 imzalamış, onun belə səlahiyyətə sahib olduğu isə müəyyən edilməmişdir.

95. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının iddia tələbinə xx.xx.2020-ci il tarixli müqavilə ilə pərdələnmiş xx.xx.2020-ci il tarixli üzləşmə aktı və həmin üzləşmə aktına 1 saylı Əlavə kontekstində qiymət verilməlidir; belə ki, sözügedən üzləşmə aktına cavabdehin 2017, 2018, 2019-cu illərdə yaranmış borcunu etiraf etməsinin rəsmiləşdirildiyi sənəd kimi baxılması mümkündür.

96. “Xəyal” kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 01 fevral 2005-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi göstərmişdir ki, “... tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir”.

97. Bununla belə kollegiya, iddiaçının iddia tələbinin müvafiq üzləşmə aktına istinadla təmin olunmasını da mümkün saymır; çünkü üzləşmə aktını da Cavabdeh MMC-nin adından həmin MMC ilə əmək müqaviləsinə xx.xx.2019-cu il tarixdə xitam verilmiş olan X3 imzalamışdır.

98. Hüquqi şəxsin möhürü ilə təsdiq olunmuş sənəddəki imzanın həmin hüquqi şəxsin qanuni və ya müvafiq səlahiyyət verilmiş təmsilçisi tərəfindən icra edilməməsi belə sənədlərin etibarlılığını birmənalı şübhə altına almasa da, kollegiyanın qənaətinə görə işin halları, Cavabdeh MMC-nin möhürü ilə təsdiqlənmiş sözügedən üzləşmə aktının həmin MMC üçün öhdəlik yaradan etibarlı sənəd kimi qiymətləndirilməsinə imkan vermir.

99. Belə ki, bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətini həyata keçirən şəxs olur - X3 isə Cavabdeh MMC-də işlədiyi dövrdə belə, bu statusa sahib şəxs olmamışdır.

100. Digər tərəfdən, həmin üzləşmə aktında əks olunan məlumatlar Cavabdeh MMC tərəfindən bəyənilməyərək 2017, 2018, 2019-cu illərdə alınmış mallara görə yaranmış borcun tam ödənildiyi irəli sürülmüş, üzləşmə aktındakı məlumatların düzgünlüyü başqa heç bir sübutla öz təsdiqini tapmamışdır.

101. Kollegiyanın qənaətinə görə, artıq Cavabdeh MMC ilə əlaqəsi qalmayan keçmiş işçinin imzaladığı, lakin MMC-nin möhürü ilə təsdiqlənmiş sənəd o halda həmin MMC üçün öhdəlik yaradan “şübhədən kənar” mötəbər sübut kimi qiymətləndirilə bilərdi ki, onda əks olunan məlumatlar digər yanaşı sübutlarla öz təsdiqini tapmış olardı.

102. Qeyd olunmalıdır ki, kommersiya hüquqi şəxsi olaraq iddiaçı, lazımi sənədləşdirmə aparmaq öhdəliyi və bunu aparmamağa görə risk daşıyır. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Başqa sözlə, sahibkarlıq fəaliyyətinin üç xüsusiyyəti var: müstəqillik, mənfəət götürmək məqsədi və fəaliyyətin iqtisadi xarakterli olması. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 133.1-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 20 sentyabr 2004-cü il Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə sahibkarlıq fəaliyyəti mahiyyət etibarı ilə əmlakdan istifadə olunması, malların satılması, işlərin görülməsi və ya xidmətlər göstərilməsi ilə gəlir əldə olunmasına yönəlmiş, qanunla qadağan edilməyən növlər üzrə sahibkarın riski ilə həyata keçirilən, məhz müstəqil bir fəaliyyətdir.

103. Bu baxımdan iddiaçı, kommersiya subyekti kimi öz fəaliyyətini qanuni təşkil etməklə bağladığı əqdlərlə bağlı rəsmi sənədləşməni həyata keçirməli idi.

104. Məhkəmə pozulmuş hüququn bərpası institutudur və kommersiya subyekti olan iddiaçının nöqsanlarını düzəltmək vəzifəsi yoxdur. Konstitusiyada "azad sahibkarlığa təminat" məhz təminatdır və sahibkarların daşımalı olduğu risklərin onlarla birgə bölüşdürülməsi kimi şərh edilə bilməz. Başqa sözlə, iddiaçı özünün daşımalı olduğu riskin məhkəmə vasitəsilə aradan qaldırılmasına, yaxud azaldılmasına nail olmamalıdır.

105. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin olunmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıldır.

106. Kollegiya onu da qeyd edir ki, yuxarıda şərh olunan qənaət, birinci instansiya məhkəməsinin iddia müddəti ilə bağlı yanaşmasına haqq qazandırır; belə ki, əgər tərəflər arasında xx.xx.2020-ci il tarixdə etibarlı alqı-satqı və ya borcun etirafı müqaviləsi bağlanmamışdırsa, cavabdehə 2019-cu ildə satılmış mala görə ödənişin tələb edilməsinin iddia müddəti ən geci 2022ci ilin dekabr ayında bitmişdir.

107. Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.

108. Apellyasiya şikayəti üçün ödənilən dövlət rüsumunun məbləği apellyatorun özünə aid olunmalıdır. Nəzərə alınmalıdır ki, məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi prosessual qanunvericiliklə tənzimləndiyindən, bununla bağlı qərar qəbul edərkən məhkəmə, müvafiq tələbin olub-olmamasına bağlı deyildir.

109. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2545/2025 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 23 iyul 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim Elnur Həsənov

Hakimlər Səməd Cəfərov Tural Qocayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar