Məhkəmə qərarları › İş №2-2(103)-1083/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1083/2022

03.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1083/2022 03.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2899/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətini nəzərdən keçirib, m ü ə y y ə n e t d i: Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-2899/2022 nömrəli qətnaməsi İddiaçı Cavabdehnə qarşı əsassız olaraq əlavə ödənilmiş vəsaitin əvəzləşdirilməsi və qaz sərfiyyatının tarif cədvəlinin “sənaye və kənd təsərrüfatı sahələri” bəndi üzrə hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməmişdir. İddiaçı MMC həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, həmin şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 361.2-ci maddəsinin tələblərinə görə apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir. Həmin Məcəllənin 74.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə aktından şikayət verilməsi ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. İş materiallarından isə müəyyən olunur ki, apellyasiya şikayətini elektron qaydada iddiaçının nümayəndəsi kimi göstərilmiş X2 imzalamış və şikayətə 05 may 2022-ci il tarixli etibarnamə əlavə edilmişdir. Lakin həmin etibarnamə yalnız daxil olan və göndərilən (xarici) sənədlərin imzalanması üçün verilmiş, etibarnamədə məhkəmə aktından şikayət verilməsi səlahiyyəti xüsusi göstərilməmiş, etibarnamə ümumiyyətlə məhkəmədə təmsil olunmaq üçün verilməmişdir. Bundan əlavə kollegiya hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin digər (skan olunmuş) variantının İddiaçı MMC-nin idarə heyətinin sədri R.H.Həsənov tərəfindən fiziki imzalanması halı apellyasiya şikayətinin səlahiyyətli şəxs tərəfindən imzalanması anlamına gəlmir. Çünki Mülki Prosessual Məcəllənin 10-1.3-cü maddəsinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Bu baxımdan kollegiya qeyd edir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatında ərizə, şikayət və digərin sənədin imzalanması dedikdə, yalnız elektron qaydada imzalanma qəbul edilir. Qeyd olunanları və Mülki Prosessual Məcəllənin 363.1, 363.1.1, 366.1 və 366.2-ci maddələrinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, hazırkı işə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilməli və iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 366 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2899/2022 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. İş materialları birinci instansiya məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən on gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar