Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1086/2024 26.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı kommersiya mübahisəsi üzrə (Açar sözlər: daxili lizinq müqaviləsi, lizinq mükafatı, lizinq borcu) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), X1 və Şirinov Ziya Allahverdi oğlundan ibarət tərkibdə, Dadaşova Ülkər Nazim qızının katibliyi, iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 09 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. "xxxx" MMC (lizinq verən) və Cavabdeh2 (lizinq alan) arasında İF/06114 nömrəli xx.xx.2023-cü il tarixli X5i müqaviləsi bağlanılmış, müqavilənin 2.1-ci bəndinə əsasən, lizinq verən lizinq alan tərəfindən seçilmiş və onun istəyinə əsasən alınmış əmlakın dəyərini ödəyib öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti (buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan KİA RİO minik markalı avtomobil) qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, 2.2-ci bəndinə görə isə, lizinq alan müqavilədə müəyyən edilmiş şərtlərlə lizinq obyektini lizinqə qəbul etməyi və müqavilənin ayrılmaz hissəsi olan Əlavə № 1-ə ("Lizinq ödənişləri cədvəli”) müvafiq olaraq lizinq ödənişlərini lizinq verənə mütəmadi olaraq ödəməyi öhdələrinə götürmüşlər.
2. Müqavilənin 3.1-ci və 3.2-ci bəndlərində nəzərdə tutulmuşdur ki, müqavilə imzalandığı və lizinq obyekti lizinq alana təhvil-aktına əsasən təhvil verildiyi gündən qüvvəyə minir, lizinq obyekti 36 ay müddətinə lizinqə verilir, tərəflər öz öhdəliklərini tam yerinə yetirənə qədər müqavilə qüvvədə olur.
3. Müqavilənin 5.1-ci bəndinə görə, lizinq obyekti alqı-satqı müqaviləsi əsasında lizinq verən tərəfindən lizinq alanın müəyyən etdiyi lizinq obyektinin satıcısından alınır; 5.2-ci bəndinə görə lizinq obyektinin qiyməti 10 000 manat; 5.3-cü bəndinə görə avans məbləğ 0 manat, 5.4-cü bəndinə görə lizinq məbləği 10 000 manat; 6.1-ci bəndinə görə lizinq müqaviləsi üzrə mükafat məbləğinin illik 36 (otuz altı) faiz dərəcisi ilə hesablanacağı razılaşdırılmışdır.
4. Müqavilənin 7.2.5-ci bəndinə əsasən lizinq ödənişlərini vaxtında həyata keçirmək lizinq alanın vəzifəsidir; 7.3.3-cü bəndinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı, müqavilənin ayrılmaz hissəsi olan 1 saylı əlavədə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödəmədikdə lizinq verən lizinq obyektini mübahisəsiz geri almaq hüququna malikdir; 10.2-ci bəndinə əsasən lizinq haqqı vaxtında ödənilməzsə o halda lizinq alan gecikdirilən hər gün üçün gecikdirilən məbləğin 1 faizi həcmində cərimə (dəbbə) ödəməlidir.
5. Həmin müqavilə lizinq verənin və lizinq alanın tərəflərin imzaları, habelə lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
6. "xxxx" MMC (lizinq verən) ilə Cavabdeh1 (zamin) arasında xx.xx.2023-cü il tarixdə zaminlik müqaviləsi bağlanmış, müqavilənin 1.1-ci bəndinə əsasən zamin, 1.2-ci bənddə göstərilən müqavilə üzrə lizinq alannın lizinq verən qarşısında götürdüyü öhdəliyini (əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin ödənilməsi) icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin tamamilə icra edilməsini öhdəsinə götürmüşdür.
7. Müqavilənin 1.2-ci bəndində göstərilmişdir ki, bu müqavilə üzrə zaminliklə təmin edilən öhdəlik Azərbaycan Respublikasının vətəndaşı Cavabdeh2 (şəxsiyyət vəsiqəsi: seriya AZEAA******* . verilib: Səyyar Asan xidmət xx.xx.2018 tarixdə), bundan sonra lizinq alan adlanacaq, ilə lizinq verən arasında bağlanmış 06114 nömrəli 21,07,2023 il tarixli “X5 müqaviləsi”ndən ona edilmiş əlavələrdən irəli gələn bütün pul tələbləridir.
8. Zaminlik müqaviləsinin 2.4-cü bəndinə əsasən, lizinq alan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə lizinq verənin ilk tələbi ilə zaminliklə təmin edilmiş öhdəliyin 10 (on) gün ərzində tamamilə icra edilməsini, lizinq verənin tələbini ödəyənədək bu barədə lizinq alını xəbərdar etməyi, özünə qarşı iddia irəli sürüldükdə isə lizinq alanınişdə iştirak etməyə cəlb edilməsini, müqavilənin 1.2-ci bəndində göstərilən X5 müqaviləsi üzrə əsas borc, faizlər, dəbbə pulu, borc tutulması üzrə məhkəmə xərcləri və lizinq alanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində lizinq verənə dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla lizinq verən qarşısında lizinq alan ilə eyni həcmdə məsuliyyət daşımağı öz öhdəsinə götürür; 3.1-ci bəndinə əsasən bu müqavilə lizin alanın 1.2-ci bəndində göstərilən müqavilə üzrə lizinq verən qarşısında öz öhdəliklərini tam həcmdə icra edənədək qüvvədədir.
9. Zaminlik müqaviləsi lizinq verən və zaminin imzası və lizinq verənin möhürü ilə təsdiq edilmişdir.
10. İF/06039 nömrəli xx.xx.2023-cü il tarixli nömrəli daxili lizinq müqaviləsinə 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən, lizinq alan Cavabdeh2 müqavilə bağlandığı vaxtdan 36 ay ərzində (ödənişin başlama tarixi xx.xx.2023-ci ildir) xx.xx.2023- cü ildən başlayaraq xx.xx.2026-cı ilədək (daxil olmaqla) hər ay 458,04 manat olmaqla cəmi 16.489,37 manat (o cümlədən 6489,37 manat mükafat, 10000 manat əsas) lizinq ödənişlərini "Bank Olmayan Kredit Təşkilatı İDK” MMC-yə ödəməlidir.
11. Ödəniş cədvəli llizinq verənin imzası və möhürü ilə, lizinq alanın imzası ilə təsdiq edilmişdir.
12. 21 iyul 2023-cü il tarixli təhvil-təslim aktında göstərilmişdir ki, İF/06114 nömrəli xx.xx.2023-cü il tarixli daxili lizinq müqaviləsində göstərilən lizinq predmeti olan 1 ədəd buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan “KİA RİO” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil lizinq alana təhvil verilmişdir, lizinq obyektində nasazlıq yoxdur və istismara tam yararlıdır.
13. Akt lizinq alan və lizinq verən tərəfindən imzalanmaqla lizinq verənin möhürü ilə də təsdiq edilmişdir.
14. xx.xx.2024-cü il tarixli 033/24 nömrəli “Avtomobilin qalıq hissəsinin qiymətləndirmə aktı”na əsasən, qeyd edilən tarixə buraxılış ili 2008-ci il, ban nömrəsi KNADE**********92 olan “KİA RİO” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin ehtiyyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 1945 manat, həmin avtomobilin real dəyəri 10 500 manat təşkil etmişdir.
15. 02.10.2023-xx.xx.2023-cü il tarixli hesabdan çıxarışa görə, Cavabdeh2 xx.xx.2023-cü ildə 150 manat ödəniş etmişdir.
16. 24 oktyabr 2023-cü il tarixli maliyyə arayışında göstərilmişdir ki, X5 müqaviləsi üzrə Cavabdeh2 əsas borcu 10 000 manat, faiz borcu 770 manat, cərimə borcu 57,12 manat olmaqla, ümumi borcu 10 827,12 manat təşkil edir.
17. 09.02.2024-cü il tarixli xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktına əsasən, “KİA RİO” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobilin müstəqil ekspert tərəfindən (xx.xx.2024-cü il tarixli qüsur aktı) qiymətləndirilməsinin xidmət haqqı 50 manat təşkil etmişdir.
18. Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsində göstərilmişdir ki, “KİA RİO” minik markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil Cavabdeh2 tərəfindən xx.xx.2023cü il tarixdə "xxxx" MMC-yə təhvil verilmişdir.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
19. "xxxx" MMC (iddiaçı) Cavabdeh2 və Cavabdeh1 (cavabdehlər) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06043 nömrəli X5 müqaviləsi üzrə 2322,12 manat borcun və dövlət rüsumu kimi ödədikləri 44 manatın xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
20. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə arasında xx.xx.2023-cü il tarixli İF/06114 saylı 36 ay müddətli X5 müqaviləsi bağlanılmış, müqaviləyə əsasən “Kia Rio MİNİK” markalı ** AF *** dövlət nömrə nişanlı avtomobil lizinq alan kimi onun istifadəsinə verilmişdir. Lizinq müqaviləsi ilə yanaşı 08.08..2023-cü il tarixində Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Bir ay ödəniş olunduqdan sonra, cavabdeh tərəfindən heç bir ödəniş edilməmiş, cavabdeh müqavilə müddəti ərzində 150 manat ödəniş etmişdir. Cavabdehlərin xx.xx.2023-cü il tarixinə olan əsas borcu 10 000 manat, faiz borcu 770.00 manat, cərimə borcu 57,12 manat, cəmi borcu 10 827,12 manat təşkil edir. Lizinq obyekti iddiaçı tərəfindən götürüldükdən sonra müstəqil ekspertin iştirakı ilə avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən 8555 manat dəyərində qiymətləndirilmişdir. Avtomobilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə 50 manat xidmət haqqı ödənilmişdir. Lizinq obyektinin qiyməti ümumi borcdan çıxıldıqdan sonra cavabdehlərin 2272,12 manat qalıq borcu vardır.
21. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə vermiş, cavabdehlərdən xx.xx.2022-ci il tarixli İF/06043 saylı X5 müqaviləsi üzrə 3169,12 manat borc və avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat olmaqla cəmi 3319,12 manatın, habelə dövlət rüsumu kimi ödədikləri 44,00 manat pul vəsaitinin iddiaçının xeyirinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
22. Ərizə onunla əsaslandırılmışdır ki, yeni tələbləri lizinq obyekti geri alındığı zaman cavabdehin ödəniş cədvəli üzrə yaranmış aylıq ödənişlərinin cəmi və lizinq obyektinə vurulmuş ziyanın məbləği və digər xərclərdən ibarətdir. Mülki işə əlavə olunmuş ödəniş cədvəlindən də göründüyü kimi cavabdeh 21 avqust 2023-cü il tarixindən başlayaraq 25 oktyabr 2023-cü il tarixinə qədər hər ay 458,04 manat olmaqla, 1374,12 manat ödəniş etməli olduğu halda cəmi 150 manat ödəniş etmişdir. Cavabdehin qalıq borcu 1224,12 manatdır. Avtomobilin qalıq dəyərinin qiymətləndirilməsi aktına əsasən lizinq obyektinin təmir və ehtiyat hissələrinin ümumi məbləği 1945,00 manat və avtomabilin qalıq dəyərinin qiymətlədirilməsi zamanı müstəqil ekspertə ödənilən 50 manat xidmət haqqı təşkil edir.
23. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci, 442 və 748-7-ci maddələrinə istinad etmişdir
24. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmiş, Cavabdeh2 nəqliyyat vasitəsində nasazlıq olması ilə əlaqədar, ona saz vəziyyətdə olan avtomobil verilməsi məqsədilə avtomobili lizinq şirkətinə geri qaytardığını, Nadim adlı şəxsə ilk ay 3500 manat, sonradan 500 manat məbləğində ödənişlər etdiyini bildirmiş, digər cavabdeh məhkəməyə gəlməmişdir.
25. Birinci instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada lizinq müqaviləsi üzrə 1224,12 manat məbləğində borcun və dövlət rüsumunun əvəzi olaraq 20 manatın tutularaq "xxxx" MMC-yə ödənilməsi, qalan hissədə iddianın rədd edilməsi, dövlət rüsumunun kəsiri olaraq 13,19 manatın iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur.
26. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır;
26.1. xx.xx.2023-cü il tarixdə lizinq obyekti lizinq verənə qaytarılmaqla lizinq müqaviləsinə xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir. Ödəniş qrafikindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan 3 aylıq müddət üçün lizinq alan tərəfindən hər ay 458,04 manat olmaqla cəmi 1374,12 manat məbləğində ödəniş edilməli idi. Həmin məbləğdən yalnız 150 manat məbləğində ödəniş edilmiş, borcun 1224,12 manat hissəsi isə ödənilməmiş qalmışdır. 26.2. Lizinq müqaviləsi üzrə 3500 və 500 manat məbləğində pulu Nadim adlı şəxsə ödəməsi barədə Cavabdeh2 dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh nə lizinq müqaviləsi üzrə Nadim adlı şəxsə ödəniş etməsini, nə də Nadim adlı şəxsin iddiaçının adından icranı qəbul etmək səlahiyyətinin olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etmişdir. Odur ki, məhkəmə sözügedən dəlilləri əsassız sayır. 26.3. Beləliklə, lizinq müqaviləsinə xitam verildiyi tarixə lizinq alan Cavabdeh2 lizinq verən "BOKT İDK” MMC-yə lizinq ödənişləri üzrə 1224,12 manat məbləğində borcu olduğundan "BOKT İDK” MMC Mülki Məcəllənin 747.1-ci maddəsinə əsasən həmin borcun lizinq alan Cavabdeh2, eləcə də Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən lizinq alanın öhdəliklərinə zamin durmuş Cavabdeh1 tələb etməkdə haqlıdır. 26.4. Tələbin lizinq obyekti olan avtomobilin Cavabdeh2 sahibliyində olduğu dövrdə həmin avtomobilə dəymiş zərərin, eləcə də avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, həmin hissədə iddia tələbinin qanuni əsaslarını Mülki Məcəllənin 21.1 və 443.1-ci maddələri təşkil edir. Həmin tələblə bağlı qeyd edilməlidir ki, işin hallarından da göründüyü kimi avtomobil xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarıldığı halda avtomobilə dəymiş zərərin qiymətləndirilməsi 3 ay sonra xx.xx.2024-cü il tarixdə aparılmışdır. Odur ki, sözügedən qiymətləndirmə rəyi avtomobilə məhz Cavabdeh2 sahibliyində olduğu dövrdə zərər vurulması faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyildir.
27. Məhkəmə xərclərinə münasibətdə məhkəmə vurğulamışdır ki, iddiaçı tərəfindən 44 manat məbləğində dövlət rüsumu ödənilmişdir, dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 53,19 manat təşkil edir. İddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 20 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya, dövlət rüsumunun kəsiri olaraq 13,19 manat məbləğində pul vəsaiti iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir.
28. Qənaətinin hüquqi əsaslandırması zamanı məhkəmə, Mülki Məcəllənin 21.1-ci, 21.2-ci, 385.1-ci, 386-cı, 442-ci, 448.1-ci, 443.1-ci, 443.2-ci, 462.1-ci, 467-ci, 470.1-ci, 472.1-ci, 472.2-ci, 747.1-ci, 748-1.12-ci, 748-1.12.4-cü, 750-ci maddələrinə istinad etmişdir.
29. Həmin qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun iddianın təmin olunmaması ilə bağlı hissədə ləğv edilməsini və iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmadığını, əldən çıxmış ziyan məbləğini nəzərə almadığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
30. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, izahat
31. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə etmiş, cavabdehlər isə məhkəməyə gəlməmişlər.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
32. Maddə 14.2.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
33. Maddə 385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
34. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
35. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.
36. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
37. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.
38. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
39. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
40. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
41. Maddə 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
42. Maddə 748-1.12.4. Lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədikdə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır.
43. Maddə 748-10.2. Lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir.
44. Madə 748-1.8. Lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır.
45. Maddə 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir.
46. Maddə 750. Lizinq alanın təqsiri üzündən müqaviləyə vaxtından əvvəl xitam verildikdə lizinq verən icra ilə bağlı öz mənafelərinə aid olmayan tələbləri irəli sürə bilməz. Tələblər müəyyənləşdirilərkən lizinq əmlakının qalıq dəyəri, lizinq muzdu üzrə faizlərin qalığı və qənaət edilmiş digər xərclər nəzərə alınır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi.
52. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
53. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
54. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
55. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
56. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının həddini qətnamənin iddia tələbinin qismən təmin edilməməsi ilə bağlı hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki qətnaməni cavabdeh mübahisələndirməmiş, iddiaçı bank isə yalnız qeyd edilən hissə ilə bağlı apellyasiya şikayəti vermişdir.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
57. Kollegiya, birinci instansiya məhkəməsinin gəldiyi nəticə, habelə hüquqi əsaslandırma ilə razılaşır və dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olan apellyasiya şikayətinin dəlilləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət görmür.
58. Birinci instansiya məhkəməsinin də vurğuladığı kimi, xx.xx.2023-cü il tarixdə lizinq obyekti lizinq verənə qaytarılmaqla lizinq müqaviləsinə xitam verildiyindən iddiaçı yalnız həmin tarixədək olan müddət üçün lizinq ödənişlərinin ödənilməsini tələb etmək hüququna malikdir.
59. Tələbin “avtomobilə dəymiş zərərin, eləcə də avtomobilə dəymiş zərərin qiymətləndirilməsinə çəkilmiş xərclərin əvəzinin cavabdehlərdən tutulması” hissəsinə münasibətdə də birinci instansiya məhkəməsinin qənaəti düzgündür; belə ki, avtomobil xx.xx.2023-cü ildə Cavabdeh2 tərəfindən iddiaçıya qaytarıldığı halda avtomobilə dəymiş zərərin qiymətləndirilməsi 3 ay sonra aparılmışdır və müvafiq rəyi avtomobilə məhz Cavabdeh2 sahibliyində olduğu dövrdə zərər vurulmasını sübuta yetirəcək mötəbər sübut kimi qiymətləndirilə bilməz.
60. Beləliklə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir.
61. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3249/2024 saylı kommersiya mübahisəsi üzrə qəbul etdiyi 09 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Təranə Mahmudova Ziya Şirinov