Məhkəmə qərarları › İş №2-2(103)-1087/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1087/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1087/2025 10.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 məruzəsi ilə, Ziya Allahverdi oğlu Şirinov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “yük daşınması müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 12097,06 ABŞ dolları əsas borc, əsas borc illik 5 faizlə hesablanmaqla 302,43 ABŞ dolları, 5409,81 ABŞ dolları cərimə olmaqla ümumilikdə 17809,3 ABŞ dolları məbləğində pulun (ödəniş günü Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi qüvvədə olan məzənnə ilə manatla) və ödənilmiş 185 manat dövlət rüsumunun, 1200 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 02 mart 2023-cü il tarixli nəqliyyat ekspedisiyası müqaviləsi üzrə 12097,06 ABŞ dolları əsas borc, 360 manat ABŞ dolları cərimə olmaqla ümumilikdə 12457,06 ABŞ dolları (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla Azərbaycan manatı ekvivalenti ilə) Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 127 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 1000 manatın Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi qət edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə elektron qaydada Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli e-2-2(113)-3702/2025 saylı qətnaməsindən apellyasiya şikayəti və şikayət verilməsi üçün buraxılmış müddətin bərpasına dair ərizə təqdim edərək müddətin bərpa edilməsi və şikayətin baxılması üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)- 3702/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi rədd edilərək, Bakı Kommersiya Məhkəməsinin 17 iyun 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılması qərara alınmışdır. Cavabdeh 23 sentyabr 2025-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 nömrəli qərardadından şikayət verərək, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qərardadının tam şəkildə ləğv edilməsi, Cavabdeh müddətin bərpası barədə ərizəsini təmin edərək, apellyasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsi heç də Cavabdeh MMCnin səhlənkarlığından və ya prosessual hüquqlarından könüllü imtinasından irəli gəlməmiş, sırf obyektiv və tərəfin iradəsindən asılı olmayan hallarla bağlı olmuşdur. Belə ki, qanunvericilikdə apellyasiya şikayətinin yalnız elektron formada təqdim olunması tələb edildiyindən, alternativ (kağız daşıyıcıda) təqdimetmə imkanı mövcud deyildir. Lakin apellyasiya şikayətinin elektron formada təqdim edilməsinə cəhd göstərildiyi zaman “Asan İmza” vasitəsilə autentifikasiyada dəfələrlə texniki kəsintilər, elektron kabinetdən sistemin kənarlaşdırması və digər texniki nasazlıqlar baş vermişdir. Bundan başqa, cavabdeh cəmiyyətin bank hesablarının bloklanması səbəbindən hüquqi yardım almaq və peşəkar vəkillə müqavilə bağlayaraq xidmət haqqını ödəmək imkanı da faktiki olaraq məhdudlaşmışdır. Bu hallar birlikdə apellyasiya şikayətinin vaxtında təqdim edilməsini mümkünsüz etmişdir. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən həmin müddəti bərpa edir. Buradakı “üzrlü səbəblər” anlayışına məhz tərəfin iradəsindən asılı olmayan və obyektiv surətdə aradan qaldırılması mümkün olmayan hallar daxildir. Əgər formal müddətin ötürülməsi bu hüququ tamamilə sıradan çıxarırsa, bu, artıq hüququn mahiyyətinə zidd nəticələr doğurmuş olur. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin: 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 129.1-ci maddəsinə əsasən illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. 133.2-ci maddəsinə əsasən buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. 133.3-cü maddəsinə əsasən müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). 133.5-ci maddəsinə əsasən müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Faktiki hallar və hüquqi dəyərləndirmə: -EMİS-dən çıxarışa əsasən müəyyən edilir ki, 17 iyun 2025-ci il tarixli, e-2- 2(113)- 3702/2025 saylı nömrəli qətnamə xx.xx.2025-ci il tarixdə Cavabdeh MMC-nin qanuni təmsilçisi Qanuni nümayəndə2 eyni zamanda nümayəndəsi və vəkili olan Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetlərinə yerləşdirilməklə və sonunculara həmin sistem vasitəsilə bu barədə məlumat ayrı-ayrılıqda “mailto:atabaxtiyar@mail.ruElektron ünvan 1” və “Elektron ünvan 2” elektron poçtlarına göndərilməklə rəsmi qaydada verildiyi halda cavabdeh tərəfindən həmin qətnamədən apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə verilmiş, bununla da sözügedən qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş 1 aylıq prosessual müddət buraxılmışdır (1 aylıq prosessual müddət xx.xx.2025-ci il tarixdə başlamış və xx.xx.2025-ci il tarixdə başa çatmışdır). Şikayətin arqumentləri: -Kollegiya həmçinin qeyd etməyi zəruri sayır ki, müddətin bərpası barədə ərizədə və apellyasiya şikayətində istinad olunan hallar prosessual müddətin buraxılmasının üzürlü səbəbləri kimi qiymətləndirilə bilməz. Belə ki, prosessual qanunvericilik üzürlü halların dairəsini dəqiq müəyyən etməsə də, ərizəçidən obyektiv və sübuta yetirilə bilən hallara istinad edilməsi tələb olunur. Hazırkı halda isə, prosessual müddətin bir aydan artıq buraxılmasının üzürlü səbəb kimi ümumi şəkildə "Asan İmza" ilə bağlı texniki nasazlığa istinad edilməsi ağlabatan hesab edilmir, digər tərəfdən həmin hal hər hansı sübutla təsdiqlənmir. Qeyd edilir ki, cavabdeh ən azı prosessual müddətin bitməsinə qədər elektron imzada nasazlığın mövcudluğu barədə məhkəməyə yazılı şəkildə məlumat verə bilərdi. Odur ki, öz hüquqlarının müdafiəsində passiv mövqe nümayiş etdirmiş cavabdehin ərizəsində istinad etdiyi hallar formal mülahizə xarakteri daşıyır və məhkəmə tərəfindən qəbul edilmir. Belə olan halda apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasından imtina edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402-ci maddəsindən müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin 19 sentyabr 2025-ci il tarixli, e-2-2(113)-3702/2025 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz. Hakimlər: Leyla Əliyeva Təranə Mahmudova Ziya Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar