Məhkəmə qərarları › İş №2-2(103)-1088/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1088/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1088/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə Cavabdeh MMC-yə qarşı borcun ödənilməsi, müqaviləyə xitam verilməsi və əmlakın qaytarılması tələblərinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-2198/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, aralarında bağlanmış KTA- KTT-19/0068 nömrəli 08.08.2019-cu il tarixli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə əsasən 13.376,52 manat əsas borcun, 99,12 manat GPS xidmətinə görə borcun, 1.461,4 manat cərimə borcunun, 150 manat vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin və 30 manat məbləğdə ödənilmiş dövlət rüsumunun, cəmi 15.117,04 manatın cavabdehdən tutularaq ona ödənilməsi, KTA-KTT- 19/0068 nömrəli 08.08.2019-cu il tarixli müqaviləyə xitam verilməsi və lizinq obyekti olan 1 ədəd Massey Ferguson MF6713 markalı traktorun, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli malanın və 1 ədəd Axion 820 Stage 2 markalı traktorun saz və işlək vəziyyətdə cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 14.07.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, KTAKTT19/0068 nömrəli 08.08.2019-cu il tarixli müqavilə ləğv edilmiş, cavabdehdən 13.376,52 manat əsas, 1.000 manat cərimə, 99,12 manat GPS xidmətinə görə borc, cəmi 14.475,64 manat məbləğdə pulun tutularaq iddiaçıya ödənilməsi, 1 ədəd Massey Ferguson MF6713 markalı traktor, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli mala və 1 ədəd Axion 820 Stage 2 markalı traktorun cavabdehdən alınaraq saz və işlək vəziyyətdə iddiaçıya verilməsi, hüquqi yardımın göstərilməsinə görə cəkilmiş xərcin əvəzi olaraq 150 manat məbləğdə və dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qismən ləğv edilib, hüquqi xidmət haqqı qismində ödənilən 150 manat məbləğə dair hissədə rədd, əsas borca dair hissədə borc məbləğinin 11.349,92 manat olaraq müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, həmin hissədə məhkəmənin gəlmiş olduğu qənaətin hüquqi əsası yoxdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. İlk olaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20.05.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” - “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” - “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir. ... Buna görə də, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Məhkəmə kollegiyası hesab edir ki, mübahisənin predmeti bölünən olduğu, apellyasiya şikayəti ilə qətnamənin əsas borc və vəkil pulu hissədə qismən ləğv edilməsi xahiş edildiyi üçün birinci instansiya məhkəməsinin qətnaməsinə qalan hissədə hüquqi müdaxilə dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilə bilər. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığına onun düzünə mübahisələndirilən hissədə (apellyasiya şikayəti həddində) hüquqi qiymət verilməli, qalan hissə tərəflər arasında mübahisəsiz olduğu, həmçinin, qətnamə bütövlükdə prosessual hüquq normalarına riayət olunmaqla qəbul edildiyi üçün, qətnamənin mübahisələndirilməyən hissəsinə toxunulmamalı, qətnamə yalnız əsas borc və vəkil pulu hissədə apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmalıdır. Bu kontekstdə araşdırma aparılan işdən müəyyən edilir ki, iddiaçı ilə cavabdeh (keçmiş "xxxx" MMC) arasında bağlanmış 08.08.2019-cu il tarixli KTA-KTT-19/0068 nömrəli “Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi”nə görə, lizinq verən lizinq alan tərəfindən seçilmiş kənd təsərrüfatı texnikasını (1 ədəd Massey Ferguson MF6713 markalı traktor, 1 ədəd Lemken Rubin 12/400(A) markalı diskli mala və 1 ədəd Axion 820 Stage 2 markalı traktor) öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini ilkin müqavilənin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürmüşdür. İddiaçının 24.05.2021-ci il tarixli maliyyə arayışına əsasən, 08.08.2019-cu il tarixli KTA-KTT-19/0068 nömrəli Aqrar Kredit və İnkişaf Agentliyi xətti ilə verilən subsidiya tətbiq edilən X1 Müqaviləsi üzrə cavabdehin həmin tarixə 13.376,52 manat əsas, 1.461,40 manat cərimə, 99,12 manat GPS xidmətinə görə olmaqla, ümumilikdə 14.937,04 manat borcu vardır. Cavabdeh birinci instansiya instansiya məhkəməsində iddia ilə qismən, 11,349.93 manat əsas borcun tələb edilməsi hissədə razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. MPM-in: 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, lizinq müqaviləsinə əsasən dövri muzdun ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan qaydada lazımınca icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə iddiaçıya olan bütün borclarını, o cümlədən əsas borcunu ödəməlidir. İşdə olan, 08.08.2019-cu il tarixli müqaviləyə Əlavə 2-də əks olunan ödəniş cədvəlindən məlum olur ki, birinci və 61-ci ödənişlər istisna olmaqla, qalan bütün aylıq ödənişlərin hər biri 2.026,59 manat təşkil edir. İşdən, həmçinin, görünür ki, ilk dəfə iddia 11,349.93 manat məbləğdə əsas borc tələbi ilə qaldırılsa da, sonradan iddiaçı 24.05.2021-ci il tarixli ərizə ilə əsas borc tələbinin həcmini artıraraq, 13.376,52 manat etmişdir, iki məbləğin fərqi 2.026,59 manat təşkil edir və bu da cavabdehin həmin tarixə ödəməli olduğu növbəti ödənişin iddiaya əlavə edilməsidir. Odur ki, şikayətin əsas borc məbləğinin 11.349,92 manat olaraq müəyyən edilməsi barədə dəlili əsassızdır. Şikayətin hüquqi xidmət haqqı qismində ödənilən 150 manat məbləğə dair dəlili də əsaslı deyil. Belə ki, işdə olan 06.04.2021-ci il tarixli BD3 nömrəli ödəniş tapşırığı ilə iddiaçı tərəfindən ona hüquqi yardım göstərilməsi üçün 05.04.2021-ci il tarixli 500 nömrəli müqavilə üzrə 6 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğdə pul köçürüldüyü təsdiqini tapır. Odur ki, birinci instansiya məhkəməsinin iddianı həmin hissədə və məbləğdə təmin etməsi MPM-in 121.1-ci maddəsinin tələblərinə uyğun qaydada ağlabatan olmuşdur. İddiaçının məhkəmə kollegiyasına təqdim etdiyi 06.09.2021-ci il tarixli 10.785 manat, 21.10.2021-ci il tarixli 1.490 manat məbləğlərdə ödənişlərə gəldikdə isə, həmin ödənişlər birinci instansiya məhkəməsinin qətnaməsi qəbul edildikdən sonra həyata keçirilmişdir, əgər belə bir zərurət olarsa, qətnamənin icrası mərhələsində hər bir halda nəzərə alınmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin yoxlanılan hissədə iddianın qismən təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 384, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2198/2021 nömrəli iş üzrə 14 iyul 2021-ci il tarixli qətnaməsi yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Xəyal Sarıyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar