Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-2(103)-1089/2021 26.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, Kərimli İlham Əziz oğlu, Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh2 qarşı müqavilənin ləğvi və müqavilə üzrə alınmış əmlakın geri qaytarılması tələbinə dair iddiası üzrə Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 2439/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsindən (hakim Aytən Əliyeva) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Cavabdeh2 arasında bağlanılmış, Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, Don döngəsi, 4 ünvanında yerləşən, sahəsi 255,5 kv.m olan qeyri-yaşayış sahəsi və 474.8 kv.m torpaq sahəsinin alqı-satqısına dair 12.07.2017-cı il tarixli, 3496 nömrəli müqavilənin ləğv edilməsi, həmin qeyri-yaşayış və torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, müqavilə üzrə cavabdeh tərəfindən ödənilmiş 231 855 (iki yüz otuz bir min səkkiz yüz əlli beş) manat məbləğində vəsaitin satıcıya vurulmuş zərərin əvəzi kimi qəbul edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2439/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. İddiaçı həmin qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İşə apelyasiya qaydasında baxılması sonuncu dəfə 26.11.2021-ci il tarixə təyin edilmiş, cavabdeh məhkəmə iclasının vaxtı barədə lazımı qaydada xəbərdar edilsə də, iclasda hər hansı üzürlü səbəb olmadan iştirak etməmiş, məhkəmə MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında apelyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdeh 27.10.2021-ci il tarixli məhkəmə iclasında mübahisənin məhkəmədən kənar həll edilməsi üçün vaxt verilməsini xahiş etsə də növbəti iclasa gəlməmişdir. Məhkəmə izahatları dinləyərək, apelyasiya şikayətini işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2439/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Hazırki iş üzrə iddiaçının tələblərindən biri tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə tələbdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə görə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İddia ərizəsi məhkəməyə təqdim edilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.7-ci maddəsinə əsasən iddia ərizəsinə müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilməlidir. Eyni zamanda MPM-in 4.3-cü maddəsində qeyd edilmişdir ki, məhkəməyə müraciət hüququnun realizə edilməsi üçün pretenziya qaydasına riayət olunması iki halda məcburidir: 1) müəyyən kateqoriya işlər üçün qanunla nəzərdə tutulduqda; 2) tərəflər arasındakı müqavilə ilə nəzərdə tutulduqda. Pretenziya qaydasına riayət olunması mübahisələrin məhkəməyə çıxarılmadan tərəflər arasında qarşılıqlı razılıq əsasında həll olunmasına imkan yaradır. İşə apelyasiya qaydasında baxılarkən məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia qaldırılanadək Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsində nəzərdə tutulmuş tələbə-pretenziya qaydasına riayət edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə ərizə baxılmamış saxlanılır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən iddia qaldırlanadək pretenziya qaydasına riayət edilmədiyindən iddiaya mahiyyəti üzrə baxılması prosessual normaların tələblərinə uyğun olmadığı üçün apellyasiya şikayəti qismən təmin edilməli, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2439/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilməli, iddia baxılmamış saxlanılmalıdır. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150, 259, 263-264, 384.0.5, 400 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2439/2021 saylı, 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İddia baxılmamış saxlanılsın. Qərardad dərhal qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(103)-1089/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(103)-1089/2021
26.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver