Məhkəmə qərarları › İş №2-2(103)-1091/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1091/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1091/2021 20.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi Əsədzadə Aytəkin Aqil oğlunun katibliyi, iddiaçı “Hacı Camalxan” X3 nümayəndəsi İsgəndərov Vəkil Yasin oğlunun, iddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə pul tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)- 63/2021 nömrəli iş üzrə 22 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehin apellyasiyasına əsasən kommersiya mübahisəsinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, cavabdehdən 30.600 manat pul məbləğinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 22.06.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehdən 30.600 manat məbləğdə pul vəsaitinin iddiaçının xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 180 manatın cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Qətnamə ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, AR Mülki Məcəlləsinin 582.1-ci maddəsinə əsasən, “Satıcının alıcıya verməli olduğu əşya alıcıya verildiyi məqamda bu Məcəllənin 581-ci maddəsində nəzərdə tutulan tələblərə uyğun gəlməlidir, bu şərtlə ki, alğı-satqı müqaviləsində əşyanın həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmasın. Verilən əşya bu cür əşyaların adətən istifadə edildiyi məqsədlər üçün ağlabatan müddət ərzində yararlı olmalıdır.” Tərəflər arasında imzalanmış 13.03.2019-cu il tarixli 07/19 nömrəli müqavilənin 3.3-cü bəndində malların həmin tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamı nəzərdə tutulmuşdur. Həmin bəndə əsasən “...Sağlam və keyfiyyətli malın zədələnməsi, korlanması, itməsi və ya təsadüfən məhv olunması riskləri tamamən Alıcıya keçir və Alıcı malları təhvil aldıqdan sonra onun keyfiyyət və ya kəmiyyətinə görə Satıcıya hər hansı tələb, pretenziya və ya irad təqdim edə bilməz”. İddiaçı iddia ərizəsində - lazımi qaydada aqrotexniki qulluq göstərilməsinə baxmayaraq toxumların məhsuldar olmamasından narahat olaraq araşdırma apardıqlarını, 2016-cı ilin istehsalı olan, Türkiyədən idxal edilərək iddiaçıya satılmış toxumların, məhsuldar bitməsinin (cücərməsinin) mümkünsüz olduğunu və toxumların satışının dayandırıldığını bildirmişdir. Lakin iddiaçı bu iddiaları sübut edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əgər iddiaçının istinad etdiyi hal mövcud olsa idi, o zaman toxumlar gömrük nəzarətindən keçirilə bilməz və onlara müvafiq dövlət orqanları tərəfindən uyğunluq sertifikatı verilməzdi. Belə ki, “Toxumçuluq haqqında” Qanunun 27-ci maddəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmiş sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatı və fitosanitar sertifikatı olan toxumlar Azərbaycan Respublikasına idxal oluna bilər. Mülki Məcəllənin 586.3-cü maddəsinə əsasən, əgər qanunvericilikdə, dövlət standartlarının məcburi tələblərində və ya alğı-satqı müqaviləsində satıcının alıcıya verilən əşyanın keyfiyyətini yoxlamaq vəzifəsi (sınama, analiz, müayinə və i.a.) nəzərdə tutulmuşdursa, satıcı əşyanın keyfiyyətinin yoxlanıldığına dair alıcıya sübutlar təqdim etməlidir. Sözügedən toxumların keyfiyyət göstəricilərini təsdiq edən uyğunluq sertifikatları tərəfimizdən həm cavabdehə, həm də məhkəməyə təqdim edilmişdir. Həmçinin, tərəflər arasında imzalanmış 13.03.2019-cu il tarixli 07/19 nömrəli Müqavilənin 3.3-cü bəndinə əsasən “Mal Alıcıya təhvil verildiyi anda malların keyfiyyəti yoxlanıldıqdan sonra, zay olunmuş mallar aşkar olunarsa aktlaşdırılır və zay olmuş mallar öhdəliyi hesab edilmir”. Lakin iddiaçı bununla bağlı heç bir akt tərtib etməmiş, zərər miqdarının nə qədər olduğunu müəyyən edə bilməmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində (3-cü abzas) etiraf edir ki: “Müqavilə ilə satılması nəzərdə tutulmuş, dəyəri tərəfimizdən ödənilmiş hibrid qarğıdalı toxumları Satıcı tərəfindən bizə təhvil verilmiş, qarğıdalı toxumları təyinatı üzrə əkilmiş, lakin əkilmiş toxumlar yalnız 45-50% bitiş vermişdir ki, bu da analoji toxumun məhsuldarlığa yararsız olması deməkdir”. Göründüyü kimi, cavabdeh 45-50% məhsuldarlıq olduğunu bildirsə də, ona satılmış bütün toxumların dəyərini zərər kimi tələb etmiş, məhkəmə isə bu zərəri təsdiq edən heç bir sübut olmamasına baxmayaraq, iddianı tam təmin etmişdir. Mülki Məcəllənin 436-cı maddəsinə əsasən əgər icranın keyfiyyəti müqavilədə müfəssəl müəyyənləşdirilməyibsə, borclu ən azı orta keyfiyyətli iş görməli və orta keyfiyyətli əşya verməlidir. İş materiallarında olan ekspert rəylərindən də görünür ki, toxumların cavabdehə təqdim edilməsindən 2 il müddət keçməsinə baxmayaraq onlar hələ də öz keyfiyyətini qismən də olsa qoruyub saxlamış və toxumların cücərmə enerjisi 2 il müddət keçməsinə baxmayaraq 45-49% müəyyən edilmişdir. Bu isə orta keyfiyyətə yaxın bir göstəricidir. Təbii ki, satılan toxumların keyfiyyətinin sonradan aşağı düşmə səbəblərindən biri də 2 il müddətin keçməsidir. Bundan əlavə, iddiaçı toxumların satıldığı məqamda onların keyfiyyətsiz olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. İşə apellyasiya qaydasında baxılarkən cavabdehin nümayəndəsi şikayəti müdafiə edib, oma uyğun izahat vermiş, iddiaçının vəkili və nümayəndəsi şikayəti qəbul etməyib, rədd olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 372-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, dəlillər əsassızdır. İşdən müəyyən edilir ki, satıcı (cavabdeh) ilə alıcı (iddiaçı) arasında bağlanmış 13.03.2019-cu il tarixli 07/19 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı alıcıya əlavədə göstərilən məhsulları satmağı, alıcı isə satın aldığı məhsulları qiymətlərin razılaşdırılması protokoluna əsasən ödəməyi öz öhdəsinə götürür. Bu müqavilə üzrə alıcıya satılacaq hər bir mal partiyası üzrə malların adı, qiyməti və miqdarı bu müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan qiymətlərin razılaşdırılması protokolu ilə müəyyən edilir. 12.03.2019-cu il tarixli qiymətlərin razılaşdırılması protokoluna görə DKC6630SEED və DKC6724SEED çeşidində mallar hər iki çeşid üçün 153 manat qiymət olmaqla, ümumilikdə 30.600 manat ödəniş tərəflər arasında razılaşdırılmışdır. EAAV 865135 nömrəli 15.06.2019-cu il tarixli elektron qaiməyə əsasən ümumilikdə 30.600 manat məbləğdə məhsul iddiaçıya təhvil verilmişdir. 12.03.2019-cu il tarixli 54 nömrəli və 28.03.2019-cu il tarixli 72 nömrəli ödəniş tapşırıqlarına əsasən hər birində 15.300 manat olmaqla, cəmi 30.600 manat məbləğdə ödəniş cavabdehin hesabına köçürülmüşdür. İddiaçının cavabdehə ünvanladığı 26.07.2019-cu il tarixli 13 nömrəli məktubunda qeyd olunur ki, 13.03.2019-cu il tarixli müqaviləyə və bu müqaviləyə 1 nömrəli əlavəyə əsasən iddiaçıya ümumi dəyəri 30.600 manat məbləğdə olan qarğıdalı toxumu (DKC 6630 SEED, DKC 6724 SEED) satılmışdır. Sözügedən müqaviləyə əsasən iddiaçıya satılmış qarğıdalı toxumları zəruri keyfiyyətlərə malik olmadığından, eləcə də yararlıq müddəti keçdiyindən toxumların bitməsi demək olar ki, olmamışdır. Bu səbəbdən müəssisəyə ciddi maddi ziyan dəymişdir. 13.03.2019-cu il tarixli müqavilənin 4.1-ci bəndinin tələblərini rəhbər tutaraq müəssisəyə dəymiş zərərin faktiki məbləğinin müəyyənləşdirilməsində iştirak etmək üçün səlahiyyətli nümayəndənin təyin edilməsini və dəymiş ziyanın müəyyənləşdiriləcək məbləğinin ödənilməsini təmin olunması xahiş edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 02.08.2019-cu il tarixli 26 nömrəli cavab məktubuna görə, bağlanmış 13.03.2019-cu il tarixli 07/19 nömrəli müqaviləyə əsasən satılmış bütün hibrid qarğıdalı çeşidləri məhsulun keyfiyyətini təsdiq edən bütün zəruri sənədlərə əsasən idxal edilmiş və idxal prosesi zamanında da Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və X1 tərəfindən lazımi arayışlar və idxal icazələri alınmışdır. Alınan toxumların cücərməsi və çıxışı ilə bağlı iyul ayının ikinci on günlüyündə edilən şikayətə əsasən 16.07.2019-cu il tarixdə cavabdehin əməkdaşları əkin yerlərini ziyarət etmişdir və problemlə tanış olmuşdur. Əldə edilən məlumata görə toxumlar 05.05.2019-cu il tarixində əkilmişdir və toxum cücərməsi ilə bağlı problemləri dünya təcrübəsində də olduğu kimi toxum əkildikdən 15 gün ərzində müşahidə edərək onlara məlumat yerilməsi daha doğru olardı, bu halda problemin əsl səbəbini aşkarlamaq mümkün olacaqdı. Satılan toxumlardan nümunələr almış və bu toxumların öz əkin sahələrində, cücərmə testini həyata keçirmiş və nümunələrin cücərməsində və çıxışında heç bir problem olmadığını aşkarlanmışdır. Satılan toxumların neytral bir ərazidə keyfiyyət göstəricilərinin təkrar yoxlanması üçün hər iki tərəfin iştirakı ilə nümunə əkin həyata keçirilməsini təklif edilmişdir. Əgər nümunə əkin prosesində toxum cücərməsində və çıxışında toxumların keyfiyyət sənədlərində bəyan edilən nəticələrdən kənarlaşmalar aşkar edilərsə, o halda digər məsələlərin müzakirəsinə hazır olduqlarını bildirmişlər. Həmçinin qeyd edilmişdir ki, “Dekalb” şirkətinin qarğıdalı hibridləri eyni dövrdə bir çox digər müştərilərə də satılmış və əkinləri həyata keçirilmişdir, heç bir şikayət daxil olmamışdır. Tələb olduğu təqdirdə, digər müştərilərin əkin sahələrində də bu əkinləri nümayiş etdirməyə hazırdırlar. İddiaçının cavabdehə ünvanlanan 05.09.2019-cu il tarixli 19 nömrəli məktubuna görə, cəmiyyətə 13.03.2019-cu il tarixli müqaviləyə əsasən satılmış toxumların 2016-cı il istehsallı olması işin mübahisəsiz halıdır və bu xüsusat alınmış toxumların kisələri üzərində göstərilmişdir. Toxumların yararlılıq müddətinin keçməsinin onun məhsuldarlığının aşağı düşməsinə səbəbdir. Belə olan təqdirdə nümunə yoxlama əkininin keçirilməsini əhəmiyyətli və mübahisənin həllində faydalı həlli hesab etmirlər. Odur ki, müəssisəyə dəymiş ziyanın ödənilməsinin təmin olunması üçün aidiyyəti şəxslərə müvafiq tapşırıqları verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X4 Elmi-Tədqiqat İnstitutu tərəfindən iddiaçının 21.09.2020-ci il tarixli 22 nömrəli məktubuna verilən 06.10.2020-ci il tarixli 280 nömrəli cavaba əsasən, 24.09.2020-ci il tarixdə iddiaçının anbarlarından götürülən orta qarğıdalı sort nümunələrinin “İlkin toxumçuluq və toxumun keyfiyyəti” laboratoriyasında səpin keyfiyyətinin təyini ilə bağlı qeyd olunur ki, qarğıdalı bitki növünün “DKC 6630 SEED” hibrid F-1 sortunun cücərmə enerjisi 11%, cücərmə qabiliyyəti 12%, qarğıdalı bitki növünün “DKC 6724 SEED” hibrid F1 sortunun cücərmə enerjisi 8%, cücərmə qabiliyyəti 9.5% olaraq qeyd olunmuşdur. Eyni İnstitut tərəfindən iddiaçının vəkilinin 15.02.2021-ci il tarixli İH-VS-02/21 nömrəli vəkil sorğusuna verilən 19.02.2021-ci il tarixli 47 nömrəli mütəxəssis rəyinə görə, X2 Toxumlarının sort və səpin keyfiyyətlərinə dair Azərbaycan Respublikası Dövlət Standartına (AZS 037-99) uyğun olaraq hibrid qarğıdalı toxumunun qrupları üzrə səpin keyfiyyəti aşağıdakı kimi təsbit edilmişdir: Hibridlər - hibridlərin valideyn formaları - F1 - toxumun təmizliyi minimum 98%, cücərməsi minimum 92%, nəmliyi maksimum 14%-dir. Ərzaq üçün hibridlər. F1 toxumun təmizliyi minimum 98; cücərməsi minimum 92%; nəmliyi maksimum 14% Sort və hibrid populyasiyası - Orijinal toxumun (OT) təmizliyi minimum 99%, cücərməsi minimum 92%; nəmliyi maksimum 14% təşkil edir. Onu da qeyd etmək lazımdır ki, standart və təlimatlarda cücərmə enerjisinin minimum və maksimum həddinin neçə faiz təşkil etdiyi qeyd edilmir. Qarğıdalı toxumunun cücərmə enerjisinin faizlə göstəricisi cücərmə kamerasında 20-30°C temperaturda 4 gün, cücərmə qabiliyyəti isə 7 gün müddətində təyin edilir. Cücərmə enerjisinin faizlə miqdarı cücərmə qabiliyyətinin faizlə miqdarına nə qədər yaxın olarsa toxumun səpin keyfiyyəti daha yüksək olar. 09.02.2021-ci il tarixli 7/795 nömrəli ekspert rəyinə əsasən, tədqiqata təqdim olunmuş üzərində DKC6630SEED“sözləri yazılmış kisədə qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabilliyəti 49,5%, üzərində DDKC6724SEED“sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 43%, cücərmə qabiliyyəti 45% olması müəyyən edilmişdir. 07.06.2021-ci il tarixli 7/339 nömrəli ekspert rəyinə görə, tədqiqata təqdim olunmuş üzərində DDKC6630SEED sözləri yazılmış kisədəki qarğıdalı toxumlarının cücərmə enerjisi 49%, cücərmə qabiliyyəti 49,5% olması müəyyən edildi. Tədqiqata “DDKC6724SEED” toxumlar təqdim edilmədiyindən həmin toxumlar üzrə tədqiqat işləri aparılmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır;

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür; 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur; 581.4. Satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur. Tərəflər arasında razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər; 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin.

İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, alqı-satqı müqaviləsinə əsasən iddiaçıya qüsursuz əşya verməli olduğu halda keyfiyyətə aid tələblər əhəmiyyətli dərəcədə pozulan əşya verərək, öhdəliyini icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh iddiaçının alternativ tələbi üzrə sonuncunun əşya üçün ödədiyi pul məbləğini qaytarmalıdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması ilə müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, müqavilə üzrə təhvil alınmış malın dəyəri ödənilmiş, malın keyfiyyəti alıcı tərəfindən mübahisələndirilmiş, satılmış mal keyfiyyətsiz olduğundan ödənilmiş vəsaitin geri qaytarılması tələb olunmuş, mütəxəssis və ekspert rəylərində təqdim edilmiş qarğıdalı toxumlarının cücərmə qabiliyyəti və enerjisinin normadan çox aşağı olması müəyyən edilmişdir. Satılmış toxumların 2016-cı il istehsallı olması və satılan tarixdə yararlılıq müddətinin keçməsi, bu xüsusatların toxumların kisələri üzərində göstərilməsi işin mübahisəsiz halıdır. Bu mənada məhkəmə kollegiyası apellyasiya şikayəti ilə razılaşmır. Əvvəlcə, şikayətin 13.03.2019-cu il tarixli müqavilənin 3.3-cü bəndində malların tələblərə uyğunluğunu müəyyənləşdirməyin ayrı məqamının nəzərdə tutulması barədə dəlili əsassızdır. Belə ki, həmin bənddə məhz sağlam və keyfiyyətli malın korlanmasından bəhs olunur, iddiaçı isə hazırkı iddia ilə ona sağlam və keyfiyyətli toxumların verilmədiyini mübahisələndirir. Apellyasiya şikayətinin iddiaçının zərərin miqdarının müəyyən edə bilməməsinə dair dəlili də əsaslı deyil. Belə ki, iddiaçı hazırkı iddia ilə ona vurulmuş zərəri tələb etmir. Şikayətin iddiaçı 45-50% məhsuldarlıq olduğunu bildirsə də, məhkəmənin iddianı tam təmin etməsi barədə dəlili də əsassızdır. Belə ki, iddiaçı ərizəsində 45-50% məhsuldarlıq olduğunu deyil, 45-50% bitiş olduğunu bildirmişdir. Toxumların cücərmə enerjisinin orta keyfiyyətə yaxın bir göstərici olması haqqında dəlil də əsaslı sayıla bilməz. Belə ki, bu fakt iş üzrə mütəxəssis və ekspert rəyləri ilə tam təkzib olunur. Beləliklə də, şikayətin dəlilləri bütövlükdə formal olmaqla, keyfiyyətsiz mala görə ödənilmiş pulun qaytarılmamasına haqq qazandırmağa və bundan yayınmağa yönəlmiş mülahizələrdir. MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı kommersiya mübahisəsinə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qətnamənin ləğvinə əsas vermir. Bununla bağlı olaraq, qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir (MPM-in 384.0.1-ci maddəsi). Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-63/2021 nömrəli iş üzrə 22 iyun 2021ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Cavabdeh MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətdə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

HAKİMLƏR Vidadi Məmmədov Xəyal Sarıyev Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar