Məhkəmə qərarları › İş №2-2(103)-1093/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(103)-1093/2022

21.12.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1093/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair Açar söz: ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması Bakı Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası hakimlər Baxışova Vüsalə Ələkbər qızının sədrliyi və məruzəsi ilə, hakimlər Qurbanov Raqib Əliddin oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimli Nigar Vahid qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə, ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin maraqlı şəxs hüquqi şəxslərin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5032/2022 saylı qətnaməsindən ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxdı. Birinci instansiya məhkəməsində icraat

1. Ərizəçi “AZƏRBAYCAN QAPİLARİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri olan Maraqlı şəxs həmin hüquqi şəxsin dövlət büdcəsinə olan vergilər üzrə 15073,17 manat, İşsizlikdən sığorta fonduna olan 10,92 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2022-ci il tarixə “AZƏRBAYCAN QAPİLARİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 15073,17 manat məbləğində (o cümlədən, vergilər üzrə 13984,59 manat, faizlər üzrə 1088,58 manat), İşsizlikdən sığorta fonduna 10,9 manat olmaqla, ümumilikdə 15084,09 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən - il tarixli, - il tarixli, xx.xx.2021-ci il tarixli ******************.07.2022-ci il tarixli ******************.08.2022-ci il tarixli **********418100, xx.xx.2021-ci il tarixli **********321800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər.

3. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5032/2022 saylı qətnaməsi ilə (hakim Zaur Pirverdiyev) ərizə təmin edilmişdir.

4. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, vergi ödəyicisi vergi öhdəliklərini yerinə yetirərək yaranmış vergi borcunun ödənilməsini təmin etmiş, nəticədə maraqlı şəxsin vergi orqanına cəmi 117.04 manat borcu qalmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, 117,04 manat borca görə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına zərurət yoxdur.

Apellyasiya instansiyasi məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

5. Ərizəçi qətnamədən apellyasiya şikayəti verərək Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(113)-5032/2022 nömrəli qətnaməsini ləğv edərək ərizənin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi "xxxx" MMC-nin də şəxsi hesab vərəqəsindən də görünür ki, vergi ödəyicisi tərəfindən dəqiqləşdirilmiş bəyannamə təqdim edilməklə, hesablanmış vergi məbləğləri azaldılmışdır. Lakin bu məbləğlər vergi orqanı tərəfindən təsdiqlənməmişdir. Belə ki, şəxsi hesab vərəqəsinin nəticə hissəsində “Kameral yoxlanılmalı məbləğ” sətrində 15558,83 manat məbləğində təsdiqlənməmiş azalma mövcuddur. Göründüyü kimi, vergi ödəyicisi tərəfindən bəyannamə əsasında verilmiş azalma onun vergi öhdəliyinin olmadığını deməyə əsas vermir. Bu baxımdan, məhkəmənin gəldiyi nəticə əsassızdır.

b) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Maraqlı şəxs məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinə etiraz etmiş və qətnamənin qüvvədə saxlanılmasını xahiş etmişdir.

8. Ərizəçiyə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında iştirak etməmişdir.

9. Tətbiq edilən hüquq “Avropa İnsan hüquqları Konvensiyası” 4 saylı Protokolunun 2-ci maddəsi- hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətlərin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Birinci bənddə təsbit edilmiş hüquqlar müəyyən ərazilərdə qanuna müvafiq olaraq tətbiq edilən və demokratik cəmiyyətdə ictimai maraqlara əsaslandırılan məhdudiyyətlərə məruz qala bilər.

Azərbaycan Respublikası Konstitusiyası: 73-cü maddəsinin İ bəndi- qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. 28-ci maddəsinin İİİ hissəsi- qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər; 71-ci maddəsinin İİ hissəsi- hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsi: 23.1.15-3-cü maddə- vergi orqanlarının vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək hüquqları vardır; 24.0.2-1-ci maddə- vergi orqanları vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 355-5.1-ci maddə-vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. 77.1-ci maddə-hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Əsaslandırıcı hissə

Apellyasiya baxışının hədləri 10.Qətnamə ərizəçi tərəfindən tam mübahisələndirildiyindən tam yoxlanılır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi

11. Məhkəmə maraqlı şəxsin izahatını, apelyasiya şikayətinin dəlillərini və işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5032/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

12. İşə apellyasiya qaydasında baxılarkən Maraqlı şəxs təqdim etdiyi sənədlərə əsasən müəyyən edilmişdir ki, qanuni təmsilçisi olduğu “AZƏRBAYCAN QAPİLARİ" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixə vergilər üzrə cəmi 5,90 manat borcu vardır.

13. Vergi orqanı apellyasiya şikayətində qeyd edir ki, hüquqi şəxs tərəfindən vergi borcları üzrə ödəniş edilməmiş, dəqiqləşmiş bəyannamə təqdim edildiyindən borc azaldılmışdır. “Kameral yoxlanılmalı məbləğ” sətrində göstərilən 15558,83 manat borcun təsdiqlənməsi mümkün deyil.

15. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 37.2-1-ci maddəsinə əsasən kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. 37.2-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən bu Məcəllənin 72-ci maddəsində nəzərdə tutulmuş vergi bəyannaməsinin, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışın təqdim edildiyi tarixdən mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə 60 iş günü müddətində, digər bəyannamələrə, habelə cari vergi ödəmələrinin hesablanması haqqında arayışlara münasibətdə isə 30 iş günü müddətində keçirilir. Xaricdən əldə olunan gəlirlər üzrə xarici dövlətlərin səlahiyyətli orqanlarından müvafiq məlumatlar daxil olduğu halda kameral vergi yoxlaması bu Məcəllənin 85.4-cü maddəsində göstərilən dövr üzrə məlumatlar daxil olduğu tarixdən 30 iş günü müddətində keçirilir. Bu müddət başa çatdıqdan sonra bu maddənin birinci və ikinci cümləsində nəzərdə tutulmuş bəyannamə, cari vergi ödəmələrinin hesablanması haqqında arayış və ya xaricdən əldə olunan məlumatlar, habelə bu Məcəllənin 37.2-1-ci maddəsində göstərilən bildiriş üzrə verilmiş dəqiqləşdirilmiş bəyannamə üzrə yenidən kameral vergi yoxlaması keçirilə bilməz.

16. Qeyd edilən normalardan göründüyü kimi, vergi qanunvericiliyində vergi ödəyicisinin kameral vergi yoxlaması başa çatdıqdan sonra dəqiqləşdirilmiş hesabat və ya bəyannamə təqdim etmək hüququ vardır. Vergi orqanı təqdim edilmiş bəyannamədəki məlumatları mötəbər hesab etmədikdə hesablanmış verləri yenidən şəxsi vərəqəyə bərpa etmək hüququ olduğu halda hazırda “AZƏRBAYCAN QAPİLARİ" Məhdud Məsuliyyətli Cəmiyyətinə xx.xx.2022-ci il tarixdə kameral hesablanmış və vergi ödəyicisi tərəfindən dəqiqləşmiş bəyannamə ilə azalma verilmiş 11194 manat vergi borcunun yenidən hesablanması və şəxsi vərəqəyə bərpa edilməsi barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş şəxsi vərəqədən görünür ki, xx.xx.2022-ci il tarixə vergi ödəyicinin vergilər üzrə 20129,76 manat artıq ödəməsi mövcuddur

17. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, hazırda mövcud olmayan və gələcəkdə yaranıb-yaranmayacağı bəlli olmayan borcla bağlı (dəqiqləşmiş bəyannamənin vergi orqanı tərəfindən qəbul edilmə ehtimalı olduğu nəzərə alınaraq) hüquqi şəxsin qanuni təmsilçisinin ölkədən getmək hüququnun məhdudlaşdırılması Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinin tələblərinə və məqsədlərinə zidd olduğundan apellyasiya şikayəti əsassızdır.

18. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)- 5032/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

19. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382-385, 392, 393, 402-406-cı maddələrinin tələblərini rəhbər tutaraq, QƏT ETDİ:

Ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2-2(113)-5032/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 2 (iki) ay müddətində elektron kabinet vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasısına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar