Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2-2(103)-1094/2024 05.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlunun sədrliyi və məruzəsi ilə, Elnur Məmmədsaat oğlu Həsənovdan və X1 ibarət tərkibdə, Aytac Rafael qızı Eyvazlının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdehnə qarşı alqı-satqı müqaviləsi üzrə pulun tutulması tələbinə dair kommersiya işi üzrə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-316/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya mübahisəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı MMC Cavabdeh “X2rşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh “X3, 208.429,58 manat ödənilməmiş pulun və ilkin mediasiya sessiyasinda iştirak üçün ödənilmiş 400 manat, 99 manat dövlət rüsumunun, ümumilikdə 208 928,58 manat pul vəsaitinin cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsini təmin edən qətnamə çıxarılmasını xahiş etmişdir.
2. 05.12.2023-cü il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, sadəcə Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqlarının cavabdeh tərəfindən qərəzli olaraq geri verilməməsi səbəbi ilə, Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN120 (Laminar kabin avadanlığı) avadanlıqlarının iddiaçıya geri qaytarılması, habelə 208.429,58 manat məbləğində ödənilməmiş pulun, 99 manat dövlət rüsumunun və 400 manat mediasiya üçün çəkilmiş xərcin, ümumilikdə 208928,58 manat pulun cavabdehdən tutularaq iddiaçıya qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Daha sonra iddiaçının nümayəndəsi və vəkili ərizə ilə müraciət edərək, Cavabdeh “X5”nı əsl Cavabdeh ilə əvəz edilməsini xahiş etdi. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə, Cavabdeh “X5”nın əsl Cavabdeh ilə əvəz edilməsi qərara alınmışdır.
4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-316/2024 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən ƏDV xaric 15.693,62 manat məbləğində borc və dövlət rüsumunun əvəzi olaraq 40 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi, Cavabdehndən Cobas 6000 (c501/e601) avadanlığın alınaraq İddiaçı MMC-yə qaytarılması, qalan hissədə iddianın rədd edilməsi qət edilmişdir.
5. İddiaçı MMC apellyasiya şikayəti verərək, həmin qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, mal və xidmətlərin təhvil verilməsinə münasibətdə birinci instansiya məhkəməsinin (bundan sonra “Məhkəmə”) mövqeyi düzgün deyil. Belə ki, məhkəmə iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş eqaimələrin mal və xidmətlərin təhvil-təslimi üçün yetərli hesab etməmiş və beləliklə iddia tələbi qismən təmin edilmişdir. Əvvəla, onun xüsusi olaraq qeyd etmək lazımdır ki, hazırki işdə mübahisə predmeti olan müqavilələr üzrə göstərilən xidmət və malların təhvil verilməsini tənzim edən və ya belə təhvil verilmənin xüsusi formasını tənzim edən xüsusi bir norma yoxdur. Başqa sözlə, təhvil verilmə hər hal üçün fərdi qaydada araşdırılmalı və sübut edilməlidir. Təcrübədə malların və işlərin təhvil verilməsi əsasən təhvil-təslim aktları ilə rəsmiləşdirilir. Lakin təhvil - təslim aktının imzalanması da heç də hər bir halda malın təhvil verilməsi anlamına gəlmir. Məhkəmə təcrübəsi göstərir ki, bəzən müqavilə münasibətinin olmasını göstərmək məqsədilə bəzən formal təhviltəslim aktları imzlana bilir. Eynilə, tam əksinə təhvil-təslim aktının olmaması da heç də hər bir halda malın və yaxud xidmətin verilməməsi anlamına gəlmir. Beləliklə, hər mübahisəyə münasibətdə məhkəmə bu faktı fərdi qaydada araşdırıb qiymət verməlidir. Bu baxımdan MM-in 404.2-ci maddəsinin tələbi çox önəmlidir. Hər nə qədər həmin maddə “müqavilənin təfsiri” adlansa da hesab edir ki, bu sadəcə müqavilə mətninin təfsiri ilə məhdud qalmayaraq müqavilə tərəflərinin arasındakı münasibətlərin müəyyən edilməsini yəni işin faktiki hallarının araşdırılmasını da özündə ehtiva edir. Müvafiq maddənin tələbindən görünür ki, məhkəmə tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanı nəzərə almalıdır. Məhkəmə kollegiyasının xüsusilə diqqətinə çatdırmaq istərdi ki, müqavilə münasibəti dövründə İddiaçı Cavabdehə ümumilikdə 37 ədəd e-hesab faktura / e-qaimə faktura göndərib. Onlardan 30 ədədi üzrə ödəniş edilib, 1-i üzrə natamam ödəniş edilib,6-sı üzrə ümumiyyətlə ödəniş edilməyib. Məhkəmə təhvil-təslimin sübuta yetirilməməsi əsası ilə ödənilməmiş 6 e-qaimə üzrə xidmət və malın verilməsini qəbul etməmiş və müvafiq e-qaimələr üzrə mal və xidmət haqqı nisbətində iddianı rədd etmişdir. Məhkəmənin təmin etdiyi iddia məbləği isə yalnız natamam ödənilmiş e-qaimə (xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 224406saylı e-qaimə) üzrə göstərilmiş məbləğdir. Həmin e-qaimə üzrə natamam ödənişin olmasını məhkəmə həqiqətən malın təhvil verilməsi kimi qəbul etmiş və həmin hissədə iddianı təmin etmişdir. Məhkəmənin bu mövqeyi ilə aşağıdakıları əsas gətirərək razı deyil. Məhkəmə mübahisəni araşdırarkən tərəflər arasında malın təhviltəslimi ilə bağlı yaranmış praktikanı nəzərə almamışdır. Belə ki, bütün əvvəlki eqaimələr üzrə ödəniş və təhvil-təslim hansı qaydada həyata keçirilmşdirsə eynilə, 6 ödənilməyən e-qaimə ilə bağlı da təhvil təslim eyni qaydada həyata keçirilib. Yəni, xüsusi olaraq iki müəssisə arasında xüsusi təhvil-təslim sənədi olmayıb. Bunu Cavabdeh də öz hərəkətləri ilə təsdiq edib. Belə ki, Cavabdeh məhkəməyə ödənilmiş e-qaimələr üzrə xüsusi təhvil təslim sənədi təqdim etməyib. Hansı ki, belə bir sənəd mövcud olduğu və məhkəməyə təqdim edildiyi təqdirdə İddiaçının iddiası tamamilə puç olmuş olar və Cavabdehin mövqeyini daha gücləndirərdi. Çox maraqlıdır ki, məhkəmə tərəfindən təmin edilən və natamam ödənilmiş e-qaimə üzrə də xüsusi təhvil-təslim sənədi məhkəməyə təqdim edilməyib. Məhkəmə sadəcə e-qaimənin bir hissəsinin Cavabdeh tərəfindən ödənildiyi üçün bir növ həmin e-qaimə üzrə göstərilən malın təqdim edilməsi qənaətinə gəlmiş və xüsusi təhvil-təslim sənədinin olmasına ehtiyac görməmişdir. Nəzərə alsaq ki, cavabdehin nümayəndəsi xüsusilə həmin eqaimə üzrə xidmət aldığını da etiraf etməyib bu o deməkdir ki, e-qaimənin natamam da olsa ödənilməsi məhkəmə üçün xidmətin/malın təqdim edilməsinin yeganə dəlili kimi çıxış edib. Nəzərə almaq lazımdır ki, həmin e-qaimə üzrə xidmət yarımçıq təqdim edilə bilərdi və buna görə Cavabdeh də ödənişi yarımçıq ödəyə bilərdi, yəni natamam ödənişin səbəbi xidmətin natamam göstərilməsi də ola bilərdi. Amma məhkəmə sadəcə bu e-qaiməyə münasibətdə xüsusi təhvil-təslim sənədinin olmaması halında onu təmin edir, digər 6 e-qaiməyə münasibətdə isə xüsusi təhvil-təslim sənədinin olmaması iddianın rədd olunmasına səbəb olur. Belə çıxır ki, məhkəmə mübahisəni prosessual tədqiqat prinispinin tələbinə uyğun, məhkəməyə təqdim edilmiş sübutlar əsasında yox, öz daxili inamı əsasında mübahisəni həll edir. Hansı ki, mülki mühakimə icraatında məhkəmə qərarı üçün hakimin daxili inamı heç bir rol oynamır. Məhkəmə Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarını da mübahisəyə yanlış tətbiq edib. Belə ki, əvvəla, həmin qərarda Konstitusiya Məhkəməsi elektron vergi hesab fakturalarına münasibətdə yanaşmasını orataya qoyur. Çünki həmin işdə araşdırılan mübahisənin yarandığı dövrdə e-qaimə barədə qanunvericlik ümumiyyətlə qüvvəyə minməmişdi və elektron hesablaşmalarda e-qaimələrdən istifadə olunmurdu. Eqaimələrin tətbiqi və istifadəsi barədə qaununvericilik fərqlidir. Digər tərəfdən, Konstitusiya Məhkəməsi də malların təqdim olunması faktının qiymətləndirilməsi baxımından tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktikanın nəzərə alınmasını mütləq hesab edir. Hansı ki, cari mübahisənin araşdırılması zamanı məhkəmə bunu nəzər almamışdır. Məhkəmə işin faktiki hallarını araşdırarkən nəzərə almamışdır ki, cavabdeh iddiaçı tərəfindən göndərilən e-qaimələri geri qaytarmamış, onların əsassız göndərilməsi ilə bağlı iddiaçıya heç bir rəsmi etiraz bildiməmişdir. Bu da dolayı yolla cavabdehin həmin e-qaimələr üzrə həqiqətən borclu olduğunu təsdiq edir. Maraqlı digər məqamlardan biri də odur ki, məhkəməyə təqdim edilmiş e-qaimə siyahısına diqqət etsək görünər ki, xx.xx.2022-ci il tarixdə İddiaçı tərəfindən iki ayrı eqaimə göndərilir. Cavabdeh onlardan birini ödəyir, digərini isə ödəmir. Lakin ödəməməklə yanaşı e-qaiməni geri də qaytarmır. Eyni hal xx.xx.2023-cü il tarixdə göndərilmiş iki ayrı e-qaimə ilə bağlı da baş verir. Cavabdeh onlardan birini ödəyir digərini isə ödəmir. Ödəmədiyi e-qaiməni yenə də geri qaytarmır. Məgər bütün bu faktlar Cavabdehin ödənilməyən e-qaimələr üzrə həqiqəqən İddiaçıya borclu olduğunun və həqiqətən müvafiq xidməti/malı aldığının dəlili deyilmi? Təəssüf ki, bütün bu faktlar məhkəmə tərəfindən düzgün qiymətləndirilməmiş həm Mülki Məcəllənin 404.2-ci maddəsinin tələbləri, həmçinin Konstitusiya Məhkəməsinin xx.xx.2022-ciil tarixli qərarındakı göstərişləri güzgün yerinə yetirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən yazılı etiraz daxil olmuşdur.
8. Etiraz belə əsaslandırılmışdır ki, İddiaçı MMC-nin apellyasiya şikayəti tam əsassızdır və odur ki, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-316/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində məhkəmənin mövqeyinə əsasən, İddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli dövrdə - 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında cavabdehə iddia olunan məbləğdə malların verilməsi və xidmətlərin göstərilməsi faktlarını sübuta yetirmək üçün yalnız elektron sistem vasitəsilə cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, lazımi qaydada tərtib olunaraq 'göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturalara əsasən malların təqdim edilməsini və xidmətlərin göstərilməsini təsdiq edən sübutlar (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim edilmədiyindən, mübahisəli elektron qaimə-fakturalar həmin fakturalarda göstərilən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, mübahisəli elektron qaimələrdən ƏDV xaric 21.693,62 manat (ƏDV daxil 25.598,47 manat) dəyərində xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaimə üzrə cavabdeh tərəfindən qismən - 6000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə sözügedən qaimə-faktura üzrə ödəniş edilməsini qaimə-fakturada göstərilən malların təqdim edilməsi faktının cavabdeh tərəfindən təsdiq edilməsi kimi qiymətləndirir və hesab edir ki, sözügedən qaimə-faktura üzrə ödənilməyən ƏDV xaric 15.693,62 (21.693,62-6000) manat məbləğində borcun tutulması hissəsində iddia təmin edilməlidir. Qeyd olunanlara əlavə olaraq bildirmək istəyir ki, iş materiallarında olan sübutlardan, o cümlədən şahid ifadələri və Cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi 2022-ci ilin oktyabr-noyabr aylarından başlayaraq laboratoriyanın bir ay ərzində göstərdiyi xidmətlərin sayında kəskin azalma müşahidə olunmuşdur. Klinikanın verdiyi arayışa əsasən laboratoriyanın 2023-cü ildə maliyyə dövriyyəsi 282.129 manat təşkil etmişdir. Belə olan halda isə 2022- ci ilin oktyabr - 2023-cü ilin iyun ayları arasındakı dövrdə iddiaçı tərəfindən laboratoriyanın fəaliyyəti üçün 208.429,58 manat dəyərində reaktiv təqdim etməsi və xidmət göstərməsi ağlabatan görünmür.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək, yazılı etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə alğı-satqı müqaviləsinə görə isə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
12. Həmin Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
13. Həmin Məcəllənin 587.1-ci maddəsinə görə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 587.1.1. alış qiymətinin mütənasib azaldılması; 587.1.2. əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 587.1.3. əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi.
14. Həmin Məcəllənin 587.2-ci maddəsinə əsasən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir.Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; - 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. - 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. - 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. - 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10- cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaiməfakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. - 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. - 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır.
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.
17. Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
18. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslılığı iddianın təmin edilməyən hissəsində yoxlanılır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
19. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
20. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh X6 arasında xx.xx.2023-cü il tarixli 01 iyul 2018-ci il tarixli laborator xidmətlərin göstərilməsi ilə bağlı birgə əməkdaşlıq müqaviləsindən və 01 may 2021-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqavilələr əsasında 2018-2021-ci illərdə İddiaçı MMC klinikanın kliniki-diaqnostik laboratoriyasında laborator xidmətlərini göstərmiş, 2021-ci ilin may ayından başlayaraq klinikanın istifadəsinə verilmiş cihazları lazım olan reaktivlərlə təmin etmiş və cihazlara texniki servis xidməti göstərmişdir. Hazırda İddiaçı MMC 2022-ci ilin oktyabr 2023-cü ilin iyun aylarında təqdim edilmiş reaktivlərə və göstərilmiş xidmətlərə görə Cavabdeh onlara 20.429,58 manat məbləğində borcunu yarandığını, eləcə müqavilələrə əsasən klinikanın istifadəsinə verilmiş Cobas 6000 (c501/e601) (distillə su cihazı və 5kva-lıq Ups cihazı ilə birlikdə) və Nuve LN120 (Laminar kabin avadanlığı) avadanlıqlarının onlara qaytarılmadığını əsas göstərərək cavabdehdən borcun tutulması və avadanlıqların qaytarılmasını tələb edir. Cavabdeh isə 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında klinikanın laboratoriyasının fəaliyyətinin azalmasını, həmin dövrdə iddiaçının iddia etdiyi məbləğdə malların alınmamasını və xidmətlərin göstərilməməsini, mübahisəli dövrdə təqdim edilmiş reaktivlərə görə az məbləğdə borclarının olmasını bildirir və avadanlıqlardan yalnız iddiaçıya məxsus Cobas 6000 (c501/e601) avadanlığının hal-hazırda laboratoriyada olması faktını etiraf edir.
21. İddiaçı MMC həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli dövrdə - 2022-ci ilin oktyabr-2023-cü ilin iyun aylarında cavabdehə iddia olunan məbləğdə malların verilməsi və xidmətlərin göstərilməsi faktlarını sübuta yetirmək üçün yalnız elektron sistem vasitəsilə cavabdehə göndərilmiş və sistem tərəfindən təsdiqlənmiş elektron qaimə-fakturaları məhkəməyə təqdim etmişdir.
22. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron qaimə fakturaları özözlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir. Odur ki, hazırkı halda mübahisəli elektron qaimə-fakturalara əsasən malların təqdim edilməsini və xidmətlərin göstərilməsini təsdiq edən sübutlar (təhvil-təslim aktları və s.) məhkəməyə təqdim edilmədiyindən, mübahisəli elektron qaimə-fakturalar həmin fakturalarda göstərilən malların təqdim edilməsi və xidmətlərin göstərilməsi faktlarının məhkəmə tərəfindən müəyyən edilməsi üçün kifayət etmir. Bununla yanaşı iş materiallarında olan sübutlardan, o cümlədən şahid ifadələri və Cavabdeh tərəfindən təqdim edilmiş arayışlardan da göründüyü kimi 2022-ci ilin oktyabr-noyabr aylarından başlayaraq laboratoriyanın bir ay ərzində göstərdiyi xidmətlərin sayında kəskin azalma müşahidə olunmuşdur. Klinikanın verdiyi arayışa əsasən laboratoriyanın 2023-cü ildə maliyyə dövriyyəsi 282.129 manat təşkil etmişdir. Belə olan halda isə 2022-ci ilin oktyabr – 2023-cü ilin iyun ayları arasındakı dövrdə iddiaçı tərəfindən laboratoriyanın fəaliyyəti üçün 208.429,58 manat dəyərində reaktiv təqdim etməsi və xidmət göstərməsi ağlabatan görünmür.
23. Eyni zamanda məhkəmə qeyd etmişdir ki, mübahisəli elektron qaimələrdən ƏDV xaric 21.693,62 manat (ƏDV daxil 25.598,47 manat) dəyərində xx.xx.2022-ci il tarixli, EBCİ seriyalı, 225406 saylı elektron qaimə üzrə cavabdeh tərəfindən qismən – 6000 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə sözügedən qaimə-faktura üzrə ödəniş edilməsini qaimə-fakturada göstərilən malların təqdim edilməsi faktının cavabdeh tərəfindən təsdiq edilməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, sözügedən qaimə-faktura üzrə ödənilməyən ƏDV xaric 15.693,62 (21.693,62-6000) manat məbləğində borcun tutulması hissəsində iddia təmin edilməlidir.
24. İddianın avadanlıqların geri qaytarılması hissəsi ilə bağlı işin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisəli müqavilələr əsasən iddiaçı tərəfindən cavabdehə laboratoriyanın işləməsi üçün bir sıra avadanlıqlar təqdim edilmiş və həmin avadanlıqların bir hissəsi geri qaytarılmışdır. Hazırda İddiaçı MMC cavabdehin istifadəsinə verdiyi avadanlıqların arasında Cobas 6000 və Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlıqların da olduğunu, lakin həmin avadanlıqların cavabdeh tərəfindən onlara qaytarılmadığını iddia edir.
25. Cobas 6000 avadanlığı ilə bağlı məhkəmə qeyd etmişdir ki, həmin avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, eləcə də avadanlığın hal-hazırda cavabdehin sahibliyində olması faktları cavabdeh tərəfindən etiraf edilmişdir. Odur ki, MPM-in 106.3-cü maddəsinə əsasən iddiaçı tərəfindən həmin halları sübuta yetirmək vəzifəsindən azad edilir. Belə olan halda məhkəmə Cobas 6000 avadanlığının iddiaçı tərəfindən cavabdehin əvəzsiz istifadəsinə verilməsi, hazırda həmin avadanlığın cavabdehin sahibliyində olması işin mübahisəsiz halları olduğundan, eləcə də cavabdehin həmin avadanlıqdan istifadə etməsi üçün əsas olmuş tərəflər arasında bağlanmış xidmət və alqısatqı müqavilələri üzrə münasibətlərə faktiki olaraq 2023-cü ilin iyun ayından xitam verildiyindən, yəni iddiaçının həmin avadanlıqdan istifadə etməsi üçün mövcud olmuş müqavilə əsası aradan qalxdığından iddiaçı Mülki Məcəlləni 736.1-ci maddəsinə əsasən həmin avadanlığın geri qaytarılmasını tələb etməkdə haqlıdır.
26. Nuve LN-120 (Laminar kabin avadanlığı) avadanlığına gəldikdə məhkəmə qeyd etmişdir ki, iddiaçı sözügedən adda avadanlığın cavabdehə təqdim edilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, eləcə də məhkəmə araşdırması gedişində cavabdehin faktiki sahibliyində həmin avadanlığın olması müəyyən edilməmişdir. Odur ki, həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.
27. Bununla bağlı Nuve LN-120 İddiaçı MMC tərəfindən cavabdehin laboratoriyasının istifadəsinə verilməsi barədə şahid ifadələrinə münasibətdə məhkəmə qeyd etmişdir ki, həmin ifadələr sözügedən adda avadanlığın iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli hesab edilmir.
28. Apellyasiya şikayətinin elektron qaimələrlə bağlı mövqeyi ilə məhkəmə kollegiyası razılaşmır.
29. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın: - 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: - 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. - 2.5.3-ci bəndinə görə elektron qaiməfaktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur.
30. Qeyd edilən normalardan aydın olur ki, elektron qaimələr təhvil-təslim aktları və digər sənədlər əsasında formalaşır. Odur ki, həmin e-qaimələr onlarda göstərilən məbləğdə xidmətlərin iddiaçı tərəfindən cavabdehə göstərilməsi faktının sübuta yetirilməsi üçün kifayət etmir. Bunun üçün digər sübutlar da olmalıdır. E-qaimələr üzrə cavabdeh tərəfindən ödəniş edilməsi artıq iddiaçını mal təqdim etməsini və ya işlər görməsini sübutetmə vəzifəsindən azad edir. Odur ki, məhkəmənin cavabdehin inkar etdiyi halda yalnız elektron qaimələr əsasında iddianı təmin etməməsi barədə gəldiyi qənaət əsaslı və qanunidir. Elektron qaiməyə cavabdeh tərəfindən etiraz edilməməsi də müqavilə üzrə iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini təsdiq edə bilməz. Məhkəmənin avadanlığın geri qaytarılması barədə tələbi təmin etməməsi nəticəsi işin hallarına uyğun olmuşdur.
31. Məhkəmənin istinad etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarından sonra qəbul edildiyindən apellyasiya şikayətinin müvafiq dəlili əsassız hesab edilməlidir. Belə ki, şikayətdə plenum qərarının çıxarıldığı tarixdə elektron qaimələrə dair qərarın qüvvədə olmaması iddia olunmuşdur.
32. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə yuxarıda göstərilənlərə görə tam əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz.
33. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(113)-316/2024 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.